Məhkəmə qərarları › İş №e-2(008)-2072/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2072/2025

18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2072/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 340.000 manat borc, 17.000 manat əlavə 5% hesablanmaqla faiz məbləği, 50.000 manat əldən çıxmış fayda, 10.000 manat mənəvi zərər və iddia ərizəsinin verilməsinə görə 707 manat dövlət rüsumu olmaqla, cəmi 417.707 manat pul məbləğinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə xx.xx.2019cu ildə yazılı formada borc müqaviləsi bağlayaraq 3 il müddətinə (xx.xx.2022-ci il tarixədək) tikintini tam təmirli vəziyyətdə təhvil verilməsi öhdəliyini üzərinə götürdüyü üçün ona 340 000 manat pul vermişdir. Müqavilədə göstərilən vaxtdan 5 il 6 ay keçməsinə baxmayaraq, cavabdeh nə tikintini təhvil vermiş, nə də ona verdiyi 340.000 manat pulu qaytarmışdır. Onun cavabdehə pulu verdiyi gündən aralarında olan razılaşmadakı 3 il müddətə heç bir tikinti aprılmamışdır. Cavabdehlə bu barədə çoxlu sayda söhbətləri olsa da, heç bir nəticə verməmişdir. Hər dəfə də bildirmişdir ki, layihənin olmasına baxmayaraq o, hələ də icra hakimiyyətindən icazə ala bilməmişdir. 3 il müddət bitmişdir və onun cavabdehdən öhdəliyi yerinə yetirmədiyinə görə nağd pulunu almaq müddətinin ötürülməsinə çox az vaxt qalmışdır. Ona görə də, pulu cavabdehdən məhkəmə yolu ilə almaq məcburiyyətində qalmışdır. Bu barədə cavabdehə pretenziya məktubu da göndərmişdir. Cavabdehin növbəti yalanlarına məruz qalmaq istəmir. Hesab edir ki, Cavabdeh 340.000 manat borca görə əlavə 5% hesablanmaqla, 17.000 manat məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Cavabdeh onu aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə pulunu qaytarmır. İddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından, həmin pulu da cavabdeh ödəməlidir. Dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamış, hər dəfə onun yalanlarını dinləmişdir. Bundan əlavə, cavabdehin qanunazidd hərəkətləri əsəblərinə toxunmuş, əsəb, sarsıntı və iztirab keçirmişdir. Bu səbəbdən, hesab edir ki, ona 10.000 manat mənəvi zərər dəymişdir və cavabdeh bu zərəri qarşılamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, cavabdeh iddiaçıdan tikinti işləri görmək məqsədilə 340 000 manat pul almışdır. Bu barədə yazılı formada müqavilə də bağlamışlar. Lakin cavabdeh həmin məbləği iddiaçıya qaytarmışdır. Tərəflər arasında inam, etibar olduğu üçün pulun qaytarılmasını təsdiq edən rəsmi sənəd yoxdur, lakin həmin məbləğ cavabdeh tərəfindən 2021-ci ilin may ayında qaytarılmışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş liseynziyadan görünür ki, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsinin həyata keçirilməsinə "xxxx" MMC-yə icazə verilmişdir. - X1, X4 və X2 iştirakı ilə İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı borc müqaviləsini yuxarda adları şahid kimi qeyd olunanların iştirakı ilə tərtib edərək, Cavabdeh 340.000 manat pul məbləğini ona təqdim etdiyi layihəyə əsasən, Abşeron rayonu, X6 ərazisində yerləşən sahəsi 0.03 ha olan torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikintisinə xərcləməsi üçün xx.xx.2019-cu il tarixdə borc verir. Tikintinin təhvil verilmə tarixi pulu verdiyi gündən etibarən (xx.xx.2019-cu ildən) 3 il müddətində xx.xx.2022-ci il tarixədək tam təmirli vəziyyətdə təhvil verilməlidir. Tikinti qeyd olunan vaxtda təhvil verilmədikdə borc alana heç bir xəbərdarlıq (pretenziya) edilmədən borcun real pul şəklində qaytarılması şərti ilə məhkəməyə müraciət olunacaqdır. İstənilən halda borclu öhdəliyi tam yerinə yetirərək, müqaviləni nəzərdə tutulmuş vaxtdan tez dayandıra bilər. Cavabdeh 340.000 (üç yüz qırx min) manat pul məbləğini xx.xx.2019-cu il tarixdə İddiaçı, təqdim etdiyi layihəyə əsasən qeyri-yaşayış sahəsinin tikilməsi üçün borc olaraq qəbul edir. Pulu aldığı gündən etibarən (xx.xx.2019-cu ildən) 3 il müddətində xx.xx.2022-ci il tarixədək tikintini tam təmirli vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. - İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı aralarında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və İddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh müqaviləyə görə iddiaçıya təqdim etdiyi layihəyə əsasən, Abşeron rayonu, X6 ərazisində yerləşən sahəsi 0.03 ha olan torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikintisinə xərcləməsi üçün xx.xx.2019-cu il tarixdə iddiaçıdan 340.000 manat pul məbləğində borc götürmüşdür. Lakin müqavilənin şərtlərinə pozaraq xx.xx.2022-ci il tarixədək qeyri-yaşayış sahəsinin tikintisini tam təmirli vəziyyətdə təhvil verməmiş, həmçinin borc götürdüyü 340.000 manat pul məbləğini qaytarmamışdır. Cavabdeh yuxarıda göstərilən öhdəliyini vaxtında və lazımınca yerinə yetirməyərək, iddiaçıdan aldığı borcu qaytarmamışdır. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür. Cavabdeh iddiaçıya 340.000 manatın qaytarıldığını bildirməklə, həmin məbləği qəbul etdiyini etiraf etmiş olur və bununla da iddiaçını həmin məbləğdə pulu cavabdehə borc verməsini sübut etmək yükündən azad edir. İşin məhkəmə iclasında araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh nümayəndəsi və vəkili, cavabdehin İddiaçı 340.000 manat pulu borca götürdüyünü məhkəmə iclasında verdiyi izahatı ilə etiraf edir. Cavabdeh tərəfin məhkəmə iclasında iddiaçıya həmin məbləğin qaytarılmasını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə təqdim edilmiş sübutları, o cümlədən cavabdeh tərəfin iddianı etiraf etməsi barədə izahatını nəzərə alıb belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh 340.000 manat məbləğində borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, tələbin 340.000 manat borcun iddiaçıya qaytarılmadığı üçün əlavə 5% hesablanmaqla 17.000 manat pulun və 50.000 manat əldən çıxmış faydanın tutulması hissəsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qarşı tərəfin pul öhdəliyinin vaxtında icra edilməməsi nəticəsində ona nə kimi zərər dəydiyini, eləcə də, qarşı tərəfin bundan hansı formada faydalandığını göstərməmiş və buna dair hər hansı təsdiqedici sübutları məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin iddia tələbindən görünür ki, iddiaçı mənəvi zərərlə bağlı tələbinin əsası kimi cavabdehin qanunazidd hərəkətlərinin onda narahatlıq yaratması nəticəsində əsəb, sarsıntı və iztirab keçirməsi ilə əsaslandırmış, bunun nəticəsi olaraq cavabdehdən 10.000 manat mənəvi zərərin tutularaq ona ödənilməsini tələb etmişdir. Lakin iddiaçı məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi mənəvi zərər hissəsində də öz təsdiqini tapmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ... mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir...Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar)...Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 340.000 (üç yüz qırx min) manat məbləğində borc və 630 (altı yüz otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilməli, sübuta yetirilmədiyindən iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə Cavabdeh qarşı iddia tələbinin 340.000 manat borcun tutulması hissəsində təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun uyğun olaraq 630 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 340.000 (üç yüz qırx min) manat məbləğində borc və 630 (altı yüz otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsmumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar