Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2444/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı ödənilməsi gecikdirilmiş məbləğə illik 5% dərəcəsi tətbiq edilməklə pul tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməsi gecikdirilmiş məbləğə illik 5% dərəcəsi tətbiq edilməklə pul tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməsi gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 32.830 ABŞ dollarının icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və dövlət rüsumunun əvəzi kimi 258 manatın tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən ödənilməsi gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 31.162,5 ABŞ dollarının icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və dövlət rüsumunun əvəzi kimi 258 manatın tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 2665/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh 140,700 ABŞ dolları pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, xx.xx.2020-ci il tarixli icra vərəqəsi verilmişdir. Dövlət adından çıxarılan qətnaməni qəsdən icra etmədiyi üçün Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin bundan sonra cavabdeh müxtəlif bəhanələrlə, müxtəlif yollardan istifadə edərək borcu ödəməkdən boyun qaçırmışdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Borcun qaytarılmalı olduğu tarixdən indiki vaxta qədər faiz dərəcəsi ilə hesablanmış məbləğ borcun ödənilməli olduğu tarixdən (aprel 2020-ci il) indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 32.830 ABŞ dolları (140700 : 100 x 5 = 7035 ABŞ dolları) (gecikdirilmiş müddət – 4 il 8 aya uyğun – 7035 ABŞ dolları x 4 il 8 ay = 32.830 ABŞ dolları) təşkil edir. Belə olan halda, aydın olur ki, 4 il 8 ay müddətinə gecikdirilmiş vaxt üçün ödənilməmiş 140.700 ABŞ dolları məbləğində borca görə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan illik beş faiz hesabı ilə 32.830 ABŞ dolları məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Beləliklə, iş üzrə təqdim edilmiş sübutlardan və qanunvericiliyin yuxarıda sadalanan normalarından belə aydın olur ki, 4 il 8 ay müddətinə gecikdirilmiş vaxt üçün ödənilməmiş 140.700 ABŞ dolları məbləğində borca görə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan illik beş faiz hesabı ilə 32.830 ABŞ dolları məbləğində faiz borcu cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında ididaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini azaldılmış həcmdə müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirdi ki, Cavabdeh tərəfindən borcdan 20.000 manat, yəni 11.760 ABŞ dolları məbləğində vəsait ödənildiyinə görə, faiz borcu 2020-ci ilin aprel ayından xx.xx.2021-ci il tarixə qədər 140.700 ABŞ dollarına uyğun, xx.xx.2021-ci il tarixindən sonra isə 128.940 ABŞ dollarına uyğun olaraq hesablanmalıdır. 2020-ci ilin aprel ayından xx.xx.2021-ci il tarixə qədər faiz borcu gecikdirilmiş məbləğə uyğun olaraq 6449 ABŞ dolları (140.700 : 100 x 5 = 7035 ABŞ dolları - illik) (gecikdirilmiş müddət – 11 aya uyğun – 7035 ABŞ dolları x 11 ay = 6449 ABŞ dolları) təşkil edir. xx.xx.2021-ci il tarixdən iddia ərizəsinin verildiyi vaxta qədər faiz dərəcəsi ilə hesablanmış məbləğ 24.713,5 ABŞ dolları (128.940 : 100 x 5 = 6447 ABŞ dolları - illik) (gecikdirilmiş müddət – 3 il 10 aya uyğun – 6447 ABŞ dolları x 3 il 10 ay = 24.713,5 ABŞ dolları) təşkil edir. O, qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh 140.700 ABŞ dolları pulun tutularaq İddiaçı ödənilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 2665/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə dair verilmiş icra sənədi üzrə borcun qaytarılmalı olduğu tarixdən indiki vaxta qədər cavabdehdən faiz dərəcəsi ilə hesablanmış 32.830 ABŞ dollarının tutulması qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. İddiaçı belə ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, eyni icra sənədinə görə, borcludan iki dəfə “faiz” tutulması yolverilməzdir. Ona görə də, iddia təmin edilməməlidir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-1023/2019 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, Cavabdeh 200.700 (iki yüz min yeddi yüz) ABŞ dolları pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının alınaraq İddiaçı verilməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)- 2665/2019 saylı qətnaməsi ilə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-1023/2019 saylı qətnaməsi dəyişdirilmiş, Həmin qətnamə ilə Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş borcun miqdarı 140.700 (bir yüz qırx min yeddi yüz) ABŞ dolları məbləğində müəyyən edilmiş, Cavabdeh 140.700 (bir yüz qırx min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə alınıb İddiaçı ödənilməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-2665/2019 saylı icra sənədindən görünür ki, həmin qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. - Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(046)-44/2024 saylı qərardadından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)- 2665/2019 saylı icra sənədi üzrə tutulmalı pul məbləğinin indeksasiyası tələbinə dair tələbkar İddiaçı ərizəsi üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin “məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2, 439.7-ci maddələri, Mülki Məcəllənin 445.7-ci maddəsi, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 6-cı maddələri, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 3, 4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsi, müraciət üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək iş üzrə icraat dayandırılması qərara alınmışdır. - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin “məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2, 439.7-ci maddələri, Mülki Məcəllənin 445.7-ci maddəsi, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 6-cı maddələri, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 3, 4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Göyçay Rayon Məhkəməsinin müraciətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi, müraciətə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclasında baxılması qərara alınmışdır. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və 129-cu maddəsinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və 129-cu maddəsinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə uyğun olaraq müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir. Xarici valyuta ilə irəli sürülən pul tələbi ilə iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2665/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh 140,700 ABŞ dolları pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin cavabdeh borcundan cəmi 20.000 manat (11.760 ABŞ dolları) ödəniş etmiş, qalan məbləği qaytarmamışdır. Bu səbəbdən, iddiaçı Mülki Məcəllənin 445.7ci maddəsinə əsaslanaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi barədə” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Sadalanan maddi hüquq normalarının tələbinə əsasən, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə iddiası əsaslı sayılmalıdır. Tutulmalı məbləğin hesablanması qaydası barədə məhkəmə qeyd edir ki, hesablanma borcun ödənilməli olduğu 2020-ci ilin aprel ayından borcdan 11.760 ABŞ dollarının qaytarıldığı xx.xx.2021-ci il tarixə qədər 140.700 ABŞ dollarına uyğun, xx.xx.2021-ci il tarixindən sonra isə ödənilməmiş qalan 128.940 ABŞ dollarına uyğun olaraq aparılmalıdır. Belə olan halda, 2020-ci ilin aprel ayından xx.xx.2021-ci il tarixə qədər faiz borcu gecikdirilmiş məbləğə uyğun olaraq 6448,75 ABŞ dolları (140.700:100x5=7035 ABŞ dolları, 7035:12=586,25 ABŞ dolları, 585,25x11 ay= 6448,75 ABŞ dolları), xx.xx.2021-ci il tarixdən iddia ərizəsinin verildiyi xx.xx.2025-ci il tarixə qədər 24.713,5 ABŞ dolları (128.940:100x5=6447 ABŞ dolları, 6447:12=537,25 ABŞ dolları, 537,25x46 ay= 24.713,5 ABŞ dolları), ümumilikdə isə, 31.162,25 ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh İddiaçı xeyrinə ödənilməsi gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 31.162,25 ABŞ dolları (icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə) pul tutulmalıdır. Məhkəmə, iddia tələbinin 31.162,25 ABŞ dolları hissəsində təmin edildiyini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilərək, 258 manat deyil, təmin edilmiş məbləğə mütənasib olaraq, 248,93 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə ödənilməsi gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 31.162,25 (otuz bir min yüz altmış iki ABŞ dolları 25 sent) ABŞ dolları məbləğində pul (icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə) və 248,93 (iki yüz qırx səkkiz manat, doxsan üç qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Həqiqət Mahmudova