Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2544/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqları X3 və X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən cavabdehlərə məxsus bələdiyyə torpağında özbaşına evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2009-cu il tarixində ailə quraraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən cavabdehlərə məxsus mənzilə gəlin köçmüşdür. Nikahları xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmişdir. xx.xx.2011-ci il təvəllüdlü Norzalova Məryəm və xx.xx.2012-ci il təvəllüdlü Norzalov Canpolad adlı uşaqları var. Təxminən 2012-ci ildə həmin mənzili sataraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 32 №-li qərarı ilə Anaşkin küçəsində yerləşən Marina Oruc qızına satılmış 400 kv metr torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından xx.xx.2013-cü il tarixli etirbarnamə əsasında Cavabdeh2 adına almışdılar. Tərəflərindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və onlar həmin evə köçmüşdülər. Hal-hazırda da bütün cehiz əşyaları da həmin evdədir. Evə köçdükdən sonra telefon, işıq, qaz Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Uşaqları həmin ərazi üzrə 12 saylı poliklinikada qeydiyyatdadılar, 148 №-li məktəbdə təhsil alırlar. Cavabdeh nikahın pozulması barədə, iddiaçı isə aliment tələbinə dair mediasiyaya təklif göndərmişlər. Bu səbəbdən münasibətlər pozulmuş və iddiaçının həmin evdə yaşamağına çətinliklər yaranmışdır. Ona görə də hesab edir ki, uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəmədə iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq iclasın təxirə salınmasını və onun iştirakının təmin edilməsini xahiş etmiş, lakin gəlməməyinin səbəbəi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək qeyd etdi ki, həmin torpaq sahəsi və ev onun qohumu Marina Oruc qızına məxsusdur, onlar sadəcə etibarnamə əsasında həmin evdə müvəqqəti yaşayırlar. Onlara məxsus olmayan evə kimsəni köçürdə bilməz. Xahiş edir iddia rədd edilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı və Cavabdeh1 xx.xx.2011-ci il tarixdə nikahlarını bağlamışdılar (AZ-İ seriyalı 715317 №-li nikah haqqında şəhadətnamə). Onların iki uşaqları var - xx.xx.2011-ci il tarixdə doğulmuş Norzalova Məryəm və xx.xx.2012-ci il tarixdə doğulmuş Norzalov Canpolad (AZ-İİ seriyalı 633121 ıə 997663 №-li doğum haqqında şəhadətnamələr). Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ana-oğuldular. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 32 №-li qərarı ilə Anaşkin küçəsində yerləşən 400 kv metr torpaq sahəsi Marina Oruc qızının mülkiyyətinə ayrılmışdır. Marina Oruc qızı xx.xx.2013-cü il tarixli etirbarnamə əsasında həmin torpaq üzərində tikinti işləri aparmatı, kadastr planı almağı, sənədəlşədirməni aparmağı və digər səlahiyyətləri Cavabdeh2 etibar etmişdir. Marina Oruc qızının əri X7 həmin torpaq sahəsinin onun adına özəlləşdirilməsinə və dƏDRX-dən Çıxarışın verilməsinə etiraz etməməsi barədə xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiq edilmiş imzayla ərizə vermişdir. Həmin torpaq sahəsində ev inşa edilmiş və tikintinin sahibi Marina Oruc qızının adına hesabat cədvəli tərtib edilmişdir. Telefon, işıq, qaz Cavabdeh2 adına rəsmiləşdirilmişdir. 2020-ci ildən artıq qaz Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçının uşaqları 12 saylı poliklinikada tibbi qeydiyyatdadılar, 148 №-li məktəbin 4cü və 5-ci sinifində təhsil alırlar. Marina Oruc qızı məhkəməyə ərizəyə göndərərək, torpaq sahəsinin və evin ona məxsus olmasını, iddiaçının həmin köçürüldüyü təqdirdə gələcəkdə evə dair Çıxarış alınan zaman müəyyən maneələrin törədəcəyini bildirmişdir. Hazırda iddiaçı uşaqları ilə birlikdə həmin evə köçürülməyini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evə olan hüququnu, eyni zamanda həmin evin cavabdehlərə məxsus olmasını təsdiq edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud olmamışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-2544/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2544/2022
21.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver