Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2619/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 olmaqla “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 olmaqla “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 431 nömrəli sərəncamının etibarsız hesab edilməsi və qanunsuz sərəncamı qəbul etmiş şəxslər barəsində xüsusi qərardadın çıxarılaraq Bakı şəhəri Sabunçu Rayon Prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X3 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. Ailədə baş vermiş anlaşılmazlıq səbəbindən, həyat yoldaşı 2019-cu ildə həyatına qəsd etmiş və bununla əlaqədar iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-24/2021 saylı hökmü ilə o, həmin maddə ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həbs olunduqdan sonra mərhumun bibisi X14 mərhum ilə birgə nikahdan olan övladlarını görmək məqsədi ilə, ailə üzvlərindən alaraq özü ilə aparmış və nə iddiaçıya, nə də onun ailə üzvlərinə bildirmədən hər iki uşağın üzərində Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 431 nömrəli qəyyumluq sərəncamına əsasən qəyyum təyin edilmişdir. Hesab edilir ki, sərəncam qanunsuzdur və etibarsız hesab olunmalıdır. Belə ki, həmin sərəncam ölüm hadisəsindən sonra barəsində ibtidai istintaq müddətində qəbul edilmişdir. Məhkəmənin ittihamedici hökmü qanuni qüvvəyə minməmiş Adil Vəliyev uşaqlarına qəyyum təyin etmişdir. Hadisədən sonra uşaqları iddiaçının valideynlərinin yanında və himayəsində qalmışlar. Əsli Əliyeva mərhum arvadının bibisi olmuş, sağlığında da ciddi münasibətləri olmamışdır. İcra hakimiyyətinin əməkdaşları heç bir araşdırma aparmadan, qanunsuz sərəncam vermişlər. İddiaçı atalıq hüququndan məhrum edilməmişdir. Atalıq hüququ məhdudlaşdırılmadan uşaqların kiminsə himayəsinə verilməsi qanunsuzdur. Sərəncam verilərkən iddiaçı həbsxanada olmuş, sərəncamın verilməsindən məlumatı olmamışdır. Sərəncamı imzalayan Adil Vəliyev sərəncamını belə əsaslandırmışdır ki, uşaqlar Əsli Əliyeva ilə birlikdə yaşayır, Əsli Əliyeva uşaqlara qayğı göstərir və özü də tam sağlamdır. Buna görə, komissiya hesab etmişdir ki, qəyyumluq verilməlidir. Əsli Əliyeva uşaqların doğum haqqında şəhadətnamələrini evdən oğurlayaraq, qəyyumluq şöbəsinə təqdim etmişdir. Qəyyumluq şöbəsi onun uşaqlarını istənilən şəxsə, hətta vətəndaşlığı olmayan şəxsə belə verə bilərdi. Qəyyumluq şöbəsi iki uşağın taleyini həll etsə də, sərəncamını əsaslandıra bilməmişdir ki, uşaqların atası olduğu halda, hansı əsasa görə qeyri-şəxs uşaqlara qəyyum təyin edilmişdir. Sərəncamda onun həbsdə olmağı qeyd edilsə də, onun razılığı olmadan və uşaqlarının tanımadıqları bir şəxsə hansı səbəbə və əsasa görə qəyyumluğa verilməsi qeyd edilməmişdir. Sərəncamın etibarsızlığına səbəb hakimiyyətdən sui-istifadə olumuş, sərəncamın verilməsində pis niyyət olmuşdur. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, uşaqlar üzərində qəyyum təyin olunarkən atanın razılığı mütləq alınmalı idi. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil1 iddiaya qarşı yazılı qaydada etiraz vermiş və etirazını bununla əsaslandırmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iddiaçının məhrum arvadının bibisi deyil, doğmaca nənəsidir. Bunu iddiaçı özü də bilir, çünki cinayət işi üzrə o, zərərçəkmiş şəxsin hüquqi varisi olmuş, istintaq zamanı ifadəsi alınmış, hətta Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən apellyasiya şikayəti də vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(105)-452/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı etiraza əlavə edilmişdir. Həmin qərarda uşaqların gözü qarşısında X7 mərhum qızına işgəncələr verilməsi, iddiaçının spirtli içki aludəçisi olması, evin maddi təminatının X14 və yaxınları tərəfindən ödənilməsi şahid ifadələri ilə təsdiq olunmuşdur. Uşaqlar atasından qorxur, istintaqın ilk günlərində uşaqlar nənələrinin himayəsinə keçməklə tərbiyə olunmuşlar. Uşaqların yaşayışı, tərbiyəsi, təhsili atanın himayəsinə verildiyi təqdirdə sual altında qalacaqdır. İddiaçı yığılmış aliment borcunun ödəməsindən yayınması və nənəsinin uşaqların adına keçirdiyi mənzilə sahiblənmək üçün bu yola əl atmaqla sərəncamın etibarsızlığına can atır. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı xx.xx.2019-cu il tarixli, 431 nömrəli sərəncamın etibarsız edilməsi tələbində sərəncamın mövcudluğunu yalnız həbsdə olduğu zaman bilmiş, sərəncamın etibarsızlığına əsas kimi ata olaraq valideynlik hüququndan məhrum edilməməsi, uşaqları mərhumun bibisi tərəfindən onun valideynlərindən oğurlanmaqla himayəsinə götürməsi ilə əsaslandırmışdır. Uşaqlar istintaqın ilk günü polis əməkdaşları tərəfindən nənələrinin himayəsinə verilmiş, Abşeron rayon Prokurorluğunun Abşeron rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli, ********* nömrəli məktubunda onun zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınması və uşaqların ana nənəsi, yəni X7 himayəsində olması öz təsdiqini tapmış, qəyyum təyin olunması məsələsinə baxılması xahiş olunmuşdur. Bundan başqa, iddiaçı həbsdə olduğu zaman uşaqlarla ünsiyyət saxlaması üçün məhkəməyə 2023-cü ilin oktyabr ayında ünvanladığı iddia ərizəsindən, o cümlədən Sabunçu Rayon Məhkəməsinin e-2(008)-717/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X11 qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia qaldırmaqla sonuncunun uşaqların nənəsi olmasından xəbəri olmuşdur. Bundan başqa, iddiaçı sərəncamın etibarsız hesab edilməsi barədə iddia ərizəsi verərkən iddia müddətini ötürmüş və iddia müddətini ötürməsi səbəbindən iddiçının iddia tələbi rədd olunmalıdır. Yəni iddiaçı iddia tələblərində həmişə X12 uşaqların nənəsi və qəyyumu kimi təqdim edərək onu uşaqların qəyyumu olması, hətta aralarında olan aliment mübahisələrində onun iddiaçıdan uşaqların saxlanması üçün aliment tələb etməsi, artıq onu uşaqların qəyyumu olmasını bir daha sübut edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun tələbindən aydın olur ki, İddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini buraxmışdır, yəni 3 il keçmişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-717/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində İddiaçı iddiasını aşağdakı məzmunda əsaslandırmışdır: “Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 2019-cu ilin oktyabr ayından həbsdədir və cəzaçəkmə müddəti xx.xx.2024-cü ildə bitəcəkdir. Həbs olunduqdan sonra qayınanası X14 mərhum ilə birgə nikahdan olan övladlarını özü ilə aparmışdır. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli sərəncamına əsasən Əsli Əliyeva hər iki uşağın üzərində qəyyum təyin edilmişdir. Bu günə qədər uşaqlarının nə onunla, nə də onun ailəsi ilə ünsiyyət saxlamasına şərait yaratmır. Anası 1964-cü il təvəllüdlü X5 hər dəfə uşaqları görmək üçün getdikdə isə aqressiv münasibətlə qarşılaşır. Dəfələrlə uşaqlar üçün yemək və paltar ləvazimatları versə də, kobud şəkildə zibil qutusuna atılmışdır. Bu hal uşaqların gələcək psixoloji durumuna mənfi təsir edir. Buna baxmayaraq, cavabdeh (qayınanası) tərəfindən ona qarşı “aliment tutulması” tələbilə məhkəmədə iddia qaldırılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan hər iki uşaq üçün ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı iş üzrə cavabdeh Əsli Əliyeva uşaqlarla ünsiyyətini təmin etmək əvəzinə, alimentin artırılması tələbilə yenidən məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aliment artırılmış və ümumilikdə 440 manat olmuşdur. Ata olaraq məsuliyyətini dərk edir və həbsxana şəraitində olmağına baxmayaraq, uşaqların maddi imkanlarının yaxşılaşdırılmasını borcu hesab edir.” Nümayəndə və vəkil yuxarda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəllənin 373.1, 373.2, 375.2-ci maddələrinin, “Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarının tələblərini rəhbər tutaraq, iddia müddəti buraxıldığından, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək, məzmununa uyğun izahat verib, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunduğu kimi, o, uşaqların mərhum anası X1 bibisi deyil, doğma anası olmuşdur. Uşaqların biri 12, digəri 10 yaşın içindədirlər. Analarının ölümü uşaqların gözünün qabağında olduğu üçün uşaqlarda xəstəlik yaranmışdır. Onları müntəzəm olaraq həkimə, psixoloqa aparır. Demək olar ki, bütün günləri həkimlərdə keçir. Heç bir köməyi yoxdur, xadimə işləyib uşaqlara baxır. Uşaqlar atalarını görmək istəmir. İddiaçı həm aliment borcu yığıldığına görə, həm də evi sahiblənmək üçün bu iddianı qaldırmışdır və qəsdən iddia ərizəsində onu uşaqların bibisi kimi yazdırıb ki, sərəncam ləğv olunsun. İddiaçı ilə qızının evi satılırdı, o da həmin evi uşağın adına keçirmişdir. O, həmin evin alınmasına 34.000 manat pul, iddiaçı isə 3000 manat ödəmişdir. Evi o, özü təmir etdirmiş, əşyalarını almışdır. İddiaçı sərəncamın ləğvinə nail olmaqla, həmin evi ələ keçirmək istəyir. O, qeyd olunanlara əsasən, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz edərək, etirazın məzmununa uyğun izahat verib, iddia müddəti buraxıldığından, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Cavabdeh sərəncamı əqd deyildir və onun ləğvi ilə bağlı iddia inzibati icraat qaydasında inzibati məhkəməyə verilmə idi. Əgər əqd kimi qəbul edilsə belə, o zaman da iddia müddəti ötürülmüşdür. Çünki İddiaçı 2023-cü ildə cavabdeh X11 qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir, yəni həmin dövrdən uşaqların X7 qəyyumluğunda olması ona məlum idi. Həmin halın ona məlum olduğu vaxtdan 1 il ərzində iddianı qaldırmalı idi. Uşaq üzərində qəyyum təyin olunan zaman valideyn barəsində həbs qətimkan tədbiri seçilibsə, ona məlumat verilməli deyildir. Göstərilənlərə əsasən, nümayəndə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Masallı rayon Təzə Alvadı kənd ərazi nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixdə tarixdə 67 saylı akt qeydi aparılmaqla İddiaçı ilə X3 arasında rəsmi nikah bağlanmışdır. - Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışlardan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşlar. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə ölmüşdür. - Zəngilan Rayon İcra Hakimiyyəti Şəfəq uşaq bağçasının 13 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X6 “Şəfəq” körpələr evi-uşaq bağçasına gedir. - Zəngilan rayon 33 nömrəli tam orta məktəbin 978 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X10 həmin məktəbin birinci sinfində oxuyur. - X7 Bakı şəhəri Cavabdeh başçısı Adil Vəliyevə ünvanladığı xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. - Bakı şəhəri Cavabdeh başçısının 431 nömrəli, xx.xx.2019-cu il tarixli X10 və X4 üzərində qəyyum təyin edilməsi barədə sərəncamından görünür ki, X14 xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. - Masallı rayon İcra və Probasiya şöbəsinin 1970/2024-62-1 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4140/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə İddiaçı barəsində axtarış qərarı qəbul edilmişdir. - Masallı rayon İcra və Probasiya şöbəsinin 1970/2024-62-1 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4140/2023 nömrəli, xx.xx.2023-cü ıl tarixli icra sənədi üzrə borclu İddiaçı tələbkar X11 7480 manat məbləğində aliment borcu yaranmışdır. - Abşeron Rayon Prokurorluğunun Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı ********* saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Abşeron Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə istintaq olunan cinayət işinin materiallarından görünür ki, İddiaçı (xx.xx.1984-cü il tarixdə Masallı rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi qaydada musiqi ilə məşğul olan, orta təhsilli, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan) ondan maddi asılı vəziyyətdə olan arvadı X2 qarşı amansız rəftar edərək mütəmadi olaraq onu qəsdən döymüş, Aynurə Abdullayevə əri İddiaçı ona qarşı amansız rəftarı nəticəsində xx.xx.2019-cu il tarixdə, saat 03 radələrində özünü öldürmək qərarına gələrək yaşadığı evin mətbəx kimi istifadə olunan eyvanından özünü ataraq intihar etmişdir. Ona görə də, İddiaçı barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu ildə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı və Aynurə Abdullayevanın birgə nikahından dünyaya gəlmiş 3 yaşlı Yağmur və 6 yaşlı Yusif adında iki azyaşlı övladları valideynlərindən məhrum olduqlarından, hazırda iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış ana nənələri X7 himayəsindədirlər. Qeyd olunan səbəblərdən, X10 və X4 üzərində qəyyum təyin edilməsi xahiş edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5368/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-717/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X11 qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddiası rədd edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(105)-452/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin 1(012)-24/2021 saylı 22 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxsin müdafiəçisi Anar Qasımlının və zərərçəkmiş şəxsin hüquqi varisi Əsli Əliyevanın apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı Mülki Məcəllənin 339-cu maddəsinə istinadən (hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) övladları X10 və X4 üzərində qəyyum təyin edilməsi barədə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 431 nömrəli sərəncamının etibarsız hesab edilməsini xahiş etməklə, həmin sərəncama əqd kimi yanaşmış və bununla yanlışlığa yol vermişdir. Çünki sözügedən sərəncam icra hakimiyyəti başçısı tərəfindən verilməklə, mülki-hüquqi əqd deyil, inzibati xarakterli aktdır. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olduğu qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə əsasən isə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi, mübahisələndirilən sərəncamın verilməsi ilə hər hansı mülki hüquq münasibəti yaranmamış, dəyişdirilməmiş və ya xitam edilməmişdir. Əksinə olaraq, həmin sərəncamda inzibati akta məxsus olan əsas xarakterik xüsusiyyətlər mövcuddur. Beləliklə, məhkəmə işin faktiki halları ilə bağlı hüquqi dəyərləndirmə aparmağa ehtiyac görməyərək, bu qənaətə gəlir ki, qanuni və əsaslı olmadığından, iddia rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 431 nömrəli sərəncamını inzibati icraat qaydasında mübahisələndirmək hüququ vardır. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğu və mötəbər sübutlarla təsdiqini tapdığı halda, məhkəmə cavabdeh tərəfin ərizəsi əsasında iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verə bilərdi. Lakin baxılan işdə iddia müddətinin tətbiqi barədə ərizə cavabdeh tərəfindən deyil, mübahisə tərəfi olmayan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmişdir, eyni zamanda digər əsasla iddia artıq rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 olmaqla sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-2619/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2619/2025
04.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver