Məhkəmə qərarları › İş №e-2(008)-2731/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2731/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2731/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 565 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus ** AJ *** dövlət qeydiyyat nişanlı, “ZİL 433362” markalı avtonəqliyyat vasitəsi 08.11.2018-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 27.09.2019-cu il tarixdə Cavabdeh1 idarə etdiyi ** AJ *** dövlət qeydiyyat nişanlı, “ZİL 433362” markalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində, ** TO *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 220” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş 14.10.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, ** TO *** dövbt qeydiyyat nişanlı, “Mercedes Benz 220” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 565 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 21.10.2019-cu il tarixli sığorta aktına əsasən, ** TO *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 220” markalı nəqliyyat vasitəsinin təmir olunması üçün 565 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatın təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə sığortaçı "xxxx" ASC ilə sığortalı Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi arasında 16.10.2018-ci il tarixdə bağlanmış, 08.11.2019-cu il tarixədək qüvvədə olmuşdur. Həmin müqaviləyə əsasən, "xxxx" ASC tərəfindən Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus ** AJ *** dövlət qeydiyyat nişanlı, “ZİL 433362” markalı avtonəqliyyat vasitəsi əmlaka vurulan zərərə görə 5000 manat məbləğində sığorta olunmuşdur. İş materiallarında olan 27.19.2016-cı il tarixli, ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, 27.09.2019-cu il tarixdə, saat 12:30-da ** AJ *** dövlət qeydiyyat nişanlı, “ZİL 433362” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xəta nəticəsində, X1 maddi zərər yetirilmişdir. Cavabdeh1 imza etməklə, inzibati xəta haqqında protokolun surətini almışdır. İş materiallarında olan TP ******* saylı, 27.09.2019-cu il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat miqdarında cərimə edilmişdir. Cavabdeh1 həmin qərarla razı olduğunu, cəriməni ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh1 03.10.2019-cu il tarixli izahatından görünür ki, o, 27.09.2019-cu il tarixdə, saat 12:30 radələrində yol vərəqəsi əsasında idarə etdiyi ** AJ *** dövlət qeydiyyat nişanlı, “ZİL 433362” markalı sudaşıyan yük avtomaşını ilə B.Nuriyev küçəsində “Təmiz həyət” adlı istirahət parkındakı ağaclara və güllərə su verdikdən sonra geriyə hərəkət edərkən arxa-sol tərəfdə dayanmış ** TO *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 220” markalı avtomaşını görməmiş, nəticədə idarə etdiyi avtomaşının qabaq bamperinin sol tini həmin avtomaşının sol-yan tərəfinə dəymişdir. O, dərhal həmin avtomaşının sürücüsünü axtarmış, lakin tapa bilməmiş və hadisə yerini tərk etmişdir. İş materiallarında olan AB seriyalı, 843979 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** AJ *** dövlət qeydiyyat nişanlı, “ZİL 433362” markalı avtonəqliyyat vasitəsi Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsusdur. İş materiallarında olan AA seriyalı, 949515 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** TO *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 220” markalı avtonəqliyyat vasitəsi X1 məxsusdur. İş materiallarında olan "xxxx" ASC-nin “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” 14.09.2019-cu il tarixli hesabatın surətindən görünür ki, baş vermiş hadisə nəticəsində, ** TO *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 220” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 565 manat təşkil edir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, 27.09.2019-cu il tarixdə Cavabdeh1 idarə etdiyi ** AJ *** dövlət qeydiyyat nişanlı, “ZİL 433362” markalı nəqliyyat vasitəsi ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, ** TO *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 220” markalı avtonəqliyyat vasitəsinin arxa sol qanad, sol qabaq və arxa qapılarına zərər vurulmuşdur. İş materiallarında olan 21.10.2019-cu il tarixli sığorta aktının təsdiq olunmuş surətindən müəyyən edlir ki, Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus ** AJ *** dövlət qeydiyyat nişanlı, “ZİL 433362” markalı avtonəqliyyat vasitəsi 08.11.2018-ci il tarixdə "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 27.09.2019-cu il tarixdə Cavabdeh1 idarə etdiyi ** AJ *** dövlət qeydiyyat nişanlı, “ZİL 433362” markalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində, ** TO *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 220” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən 565 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 21.10.2019-cu il tarixli Plastik kartların təhviltəslim aktının surətindən görünür ki, 27.09.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində, zərərə məruz qalmış ** TO *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 220” markalı avtonəqliyyat vasitəsi üçün "xxxx" ASC tərəfindən 565 manat sığorta ödənişinin alınması üçün plastik kart faydalanan şəxs X1 təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh1 və Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış 15.11.2019-cu il tarixli məktubda "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin 15 gün ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməməsi halında, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Qeyd olunan Qanunun 63.1-ci maddəsinə əsasən, həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus ** AJ *** dövlət qeydiyyat nişanlı, “ZİL 433362” avtonəqliyyat vasitəsi 08.11.2018-ci il tarixdə "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 27.09.2019-cu il tarixdə Cavabdeh1 idarə etdiyi ** AJ *** dövlət qeydiyyat nişanlı, “ZİL 433362” markalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində, ** TO *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 220” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuş və hadisə yerindən yayınmışdır. Bu səbəbdən, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən zərər vurulmuş avtomobilin mülkiyyətçisinə 565 manat sığorta ödənişi həyata keçirilmiş, nəticədə "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya qaydasında pul tələbi hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 qarşı hissədə əsaslıdır və təmin edilməlidir. Lakin Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı hissədə məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 hadisə baş verən zaman ** AJ *** dövlət qeydiyyat nişanlı, “ZİL 433362” markalı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında, yəni qanuni əsasla idarə etmişdir. Ona görə də, zərərin əvəzini ödəmək vəzifəsi yalnız həmin şəxsin öhdəsinə qoyulmalıdır. Bu baxımdan da, hazırki iş üzrə cavabdeh Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin məsuliyyəti istisna edilir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 565 manat məbləğində sığorta ödənişi tutularaq, "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 sığorta ödənişi olaraq, 565 (beş yüz altmış beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar