Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2774/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 2-ya dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək tələbini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 həyat yoldaşı olan iddiaçının xüsusi mülkiyyətidir. Sözügedən evdə iddiaçının qardaşı Cavabdeh pasport qeydiyyatındadır. Qeyd edilən şəxs onun qohumu olsa da, uzun müddətdir ki, (35 ildən artıqdır ki), həmin ünvanda yaşamır, qeydiyyatı formal xarakter daşıyır, bu faktı qonşular da təsdiq edə bilər. Cavabdehin həmin ünvanda qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına, əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olur. Ümumiyyətlə cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalmağı onu narahat edir, onun fərdi yaşayış evinə formal qeydiyyatına son vermək üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etsə də, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi müraciətdən imtina etmiş və məhkəməyə müraciət etməyini izah etmişdir. O da ilk öncə “öhdəliyin icrası tələbi” ilə qardaşı Cavabdeh mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı İnzibati Məhkəməsi aidiyyəti rayon məhkəməsinə müraciət etməyi tövsiyə etmişdir. Nəticədə, Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənərə əsasən, nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edib, iddiaçının nümayəndəsinin izahatında göstərilənləri təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, o, 1967-ci ildə ünvan 1 ünvanda anadan olmuşdur. Həmin ev onun valideyinlərinə məxsus olmuşdur. Uzun müddət həmin evdə yaşasa da, qardaşının ailəsi onunla yola getmədiyi üçün 15 il əvvəl həmin evi tərk etməyə məcbur olmuşdur. Onun həmin evdə istifadə hüquqları vardır. Hal-hazırda o, ailəsi ilə birlikdə kirayələrdə qalır. Başqa yaşayış yeri yoxdur. O, qardaşı İddiaçı evi hansı yolla onun razılığı olmadan, hansı yolla adına keçirməsindən xəbəri olmamışdır. Evin onun adına keçirildiyini məhkəməyə çağırlanda bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə qonşudur. O, qonşuluğa gəlin köçmüşdür, 30 il olar ki, cavabdehin ora gəldiyini görməmişdir. Həmin ünvanda yalnız İddiaçı, arvadı X4 və oğlunun yaşadığı görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə 35 ildən çoxdur ki, qapı qonşudurlar. 35 ildir cavabdeh orada yaşamamışdır, həmin ünvanda ancaq İddiaçı ailə üzvləri ilə yaşamışdır. Cavabdeh evlənəndən sonra ümumiyyətlə orada yaşamışdır, 35 ildir onu həmin ünvanda görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə qonşudur. Həmin ünvanda iddiaçı özü, bacıları, qardaşı yaşayırdı. Cavabdeh 30-35 il olar ki, həmin ünvanda görməmişdir. Anaları vəfat edərkən də cavabdeh gəlməmişdir, gəlsə məlumatı olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşudur. O, yaşadığı ünvana 26 il olar köçmüşdür, həmin vaxtdan heç vaxt Cavabdeh görməmişdir. İddiaçı ilə gediş-gəlişli olmuş, iddiaçının anası vəfat edəndə də cavabdehin gəldiyini görməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və cavabdehin ərizəsini iş materialları ilə əlaqəli qaydada araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - X1 və İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli müqavilədən görünür ki, ünvan 2-da yerləşən ümumi sahəsi 84,6 kv/m, yaşayış sahəsi 25,40 kv/m olan 1 otaqdan ibarət şəxsi evini X1 oğlu-İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 017184 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2-da yerləşən ümumi sahəsi 84,6 kv/m yaşayış sahəsinin 25,40 kv/m olan 1 otaqdan ibarət fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, cavabdehin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış rvi xüsusi mülkiyyət növü olaraq İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2005-ci ildən ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olsa da, yaşayıbyaşamaması barədə məlumat yoxdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanı xx.xx.2023-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh onun qardaşıdır. Cavabdeh xx.xx.2015-ci ildən sözügedən fərdi yaşayış evinə qeydiyyata düşmüşdür. Lakin iddiaçının izahatına və şahidlərin ifadələrinə görə, o, 30 ildən çoxdur ki, qeyd olunan evdə yaşamamışdır, harada yaşaması da müəyyən deyildir. Cavabdeh özü də 15 ildir ki, sözügedən fərdi yaşayış evində yaşamadığını etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı 20 mart 1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işin mübahisəsiz müəyyən edilmiş hallarına əsasən, cavabdeh xx.xx.2015-ci ildən mübahisə predmeti olan fərdi yaşayış evinə qeydiyyata düşmüş, lakin 15 ildən artıqdır orada yaşamır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan fərdi yaşayış evindən uzun müddət davamlı olaraq istifadə etməməsinin səbəbi onun məhz həmin yaşayış sahəsinə ehtiyacı olmamasından irəli gəlir. Çünki məhkəmə tədqiqi zamanı cavabdehin həmin evdən həqiqətən istifadə etmək ehtiyacının olduğuna, lakin iddiaçı yaxud hər hansı digər şəxslər tərəfindən buna maneçilik yaradılmasına dair hər hansı bir hallar aşkar edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh ünvan 2-ya dair istifadə hüququ aradan qalxdığından, onun həmin fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın təmin edildiyini nəzərə alaraq, hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən 6 saylı fərdi yaşayış evinə dair istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-2774/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2774/2024
22.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver