Məhkəmə qərarları › İş №e-2(008)-2869/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2869/2025

02.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2869/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.670 AZN (iyirmi beş min altı yüz yetmiş) AZN, işdə iştirak edən vəkil üçün ödənilmiş 520 (beş yüz iyirmi) AZN və iddia ərizəsi verilərkən ödənilmiş 170 (yüz yetimiş) AZN məbləğində dövlət rüsumu olmaqla, ümumi olaraq Cavabdeh 26.360 AZN pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2011-ci ildən “Aztexnika” şirkətində mexanik kimi çalışır. O, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayıb onlardan Alexandr firmasına məxsus olan Lazer aparatı almışdır. Onu öz yerində işlətməyə başlasa da daha sonra müəyyən problemlər oldu və həmin aparatı satmaq haqqında düşünsə də daha sonra həmin aparatı kirayə vermək qərarına gəldi. Bundan sonra həmin aparat iki ay orada işləsə də ona sərf etmədi. Buna görə də o, həmin aparatı satmaq qərarına gəldi. Həmin aparatı saytların birinə qoydu və Pəri ləqəbli, adı isə Pərvanə olan xanım ona zəng etdi ki, o, aparatı sata bilər. Daha sonra Pərvanə adlı qadın onu Miri adlı bir şəxsə yönəltdi və Miri adlı şəxs onunla əlaqə saxladı. Bundan sonra Miri adlı şəxs ona bildirdi ki, həmin aparatı Nərgiz adlı şəxsə (cavabdeh) satacaq və onun salonu 28 May m/stansiyasının yaxınlığında yereləşir. Daha sonra o, telefon vasitəsi ilə Nərgiz adlı şəxs ilə danışdı və ona Miri adlı şəxs ilə danışdığını qeyd etdi. Onlar həmin aparat üçün 48.000 AZN pula razılaşdılar və Cavabdeh ona ilkin ödəniş üçün 10.000 AZN pul verəcəkdi. Hətta onun gözəllik salonunda da oldu. Kifayət qədər böyük salon idi və orada hər cür aparatlar var idi. O da buna inanıb onunla razılığa gəldi. Həmin aparat "xxxx" MMC-nə məxsus idi deyə onu tam olaraq sata bilmirdi və şirkət ilə əlaqə saxladı. Onlar isə ona aylıq ödənişi ondan alacaqlarını bildirdilər. O da bu barədə Cavabdeh bildirdi və o da onunla razılaşdı ki, hər ay 1600 AZN o ödəyəcəkdir. Qalan pulu isə o. Cavabdeh ilkin olaraq 9.000 AZN, daha sonra 1.000 AZN ilkin ödəniş kimi ona verdi. Bundan sonra xx.xx.2023-cü il tarixdə 1500 AZN, 2023-cü ilin iyul ayında 1700 AZN, 2023-cü ilin avqust ayında 1800 AZN, 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında 1600, 1600 və 1600 AZN ödədi. Lakin 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar və fevral aylarında ödəniş etmədi. Amma 2024-cü ilin mart ayında isə 930 AZN, 2024-cü ilin aprel ayında isə 1600 AZN ödəniş etdi. Bundan sonra heç bir ödəniş etmədi. Onu da qeyd edir ki, həmin aparat üçün 1600 AZN Cavabdeh ödəyirdi. Qalan pulu isə o qoyub şirkətə 2400 AZN pul ödəyirdi. Bundan başqa “Alexander” lazer aparatına həm də 4.000 AZN məbləğində soyutma aparatı, uzanmaq üçün çarpayı və işıq da ona daxil idi. Bunların hamısı komplekt sayılır. Cavabdeh pulu ödəməyəndən sonra onun istifadəsində olan mobil nömrəsinin “Whatsapp” yazışma proqramı vasitəsi ilə xeyli sayda mesajlar yazmışdır. Həmin mesajları da “Screenshot” edib iddia ərizəsinə əlavə edir. Həmin mesajları məhkəmə tədqiq edən zaman görəcəkdir ki, Cavabdeh ona qalan borc pulunu səmimi olaraq etiraf edir. Amma verməkdən imtina edir. O, bununla bağlı xeyli sayda ona mesajlar yazsa da o, yenə də ona qalan 25.670 AZN (iyirmi beş min altı yüz yetimiş) AZN borcunu qaytarmaqdan imtina edir. Bundan başqa həmin “Alexandr” lazer aparatının "xxxx" MMC-dən alınması ilə bağlı müqaviləni də iddia ərizəsinə əlavə edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 İddiaçı izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh videokonfrans əlaqə sistemi vasitəsi ilə məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, onun 28 May metro stansiyasının yaxınlığında qadın salonu olmuşdur. İddiaçı ilə Miri adlı şəxs vasitəsi ilə tanış olmuşdur. İddiaçı lazer aparatının olduğunu və onu satmaq istədiyini bildirmişdir. Aparatı 10.000 manat ilkin ödəniş etməklə, sonra isə 12 ay hər ay 1600 manat ödəməklə, ümumilikdə 29.200 manata satmağı ona təklif etmiş, o da iddiaçının təklifi ilə razılaşaraq lazer aparatını almışdır. O, iddiaçıya 10.000 manat ilkin ödəniş etmiş, sonradan isə aylıq 1600 manat ödəniş etməyə başlamışdır. 10.000 manat ilkin ödənişi iddiaçıya vermiş, bu zaman Miri də orada olmuş, telefonuna zəng gəldiyi üçün pulu verdiyi otaqdan çıxmış, otağa qayıdan zaman iddiaçı pulun 9000 manat olduğunu bildirmişdir. O, da söz-söhbət olmasın deyə əlavə olaraq 1000 manat vermişdir. İlkin ödənişdən sonra o, 8 ay müddətində iddiaçıya cəmi 22.330 manat məbləğində pul ödəmişdir. Hətta lazer aparatı xarab olmuş, 2-3 dəfə təmir etdirmiş, təmirə 2700 manat xərci çıxmışdır. Beləliklə, lazer aparatının dəyəri kimi iddiaçı ilə razılaşdıqları 29.200 manatdan 22.330 manat ödəmişdir, qalan borcu da ödəməyə etiraz etmir. Hazırda isə iddiaçının lazer aparatını ona 48.000 manata satması ilə bağlı dedikləri əsassızdır. Həmçinin, dəfələrlə aparatın alqı-satqısına dair iddiaçıdan müqavilə tələb etsə də, o, müxtəlif bənahələr gətirərək, ona müqavilə təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsinə, yəni lazer aparatının satış qiyməti kimi razılaşdıqları 29.200 manatdan ödədiyi 22.330 manat pul çıxılaraq qalan məbləğin ondan tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh izahatındakı xüsusatları təsdiq edərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, o, salonda dırnaq ustası işləyirdi. Cavanşiri bir dəfə salonda görmüşdür. Bilirdi ki, Nərgiz xanıma 10000 manat ödəniş etməklə, bir il 1600 manat ödəməklə aparat təklif etmişdir. Aparatı gətirən zaman Nərgiz xanımın əsəbi olduğunu görmüş, o zaman demişdir ki, pulu otaqda qoymuş və ona zəng gəldiyi üçün otaqdan çıxmış və geri qayıdan zaman 1000 manat puldan əskik olduğunu bildirmişdir. Bir müddət sonra aparat xarab oldu, bu zaman təmir üçün Miri və Cavanşirə zəng vurulmuş, lakin heç bir zəngə cavab verilməmişdir. Nərgiz xanım deyirdi ki, müqavilənin gətirilməsini tələb etsə də, ancaq onlar bunu etməmişlər. Aparat gətirələn zaman Cavanşir və Miri gəlmiş, otaqda söhbət olanda qapı açıq olduğundan onlar arsında olan razılaşmanı eşitmişdir. Aparat iki dəfə təmirə getmiş, dəqiq deyə bilmir, 5000 manata yaxın xərci olmuşdur. O, yay aylarına kimi orada işlədiyindən 8 ay aparatın ödənişinin edilməsindən məlumatı olmuşdur. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, o, Cavanşiri tanımır, onu görməmişdir. Nərgiz rəfiqəsi olub, özü qaş ustasıdır, iş olanda arabir gəlib salonda işləyirdi. Nərgiz bir dəfə ona demişdir ki, lazer aparatı almaq istəyir, o vaxt Miri adlı şəxsi tanıyırdı. Onu köhnə salonu işlədəndə mal gətirəndə tanımışdır. Dedi ki, Miriyə desin onun üçün aparat tapsın. Ona diqqətli olmasını söylədi, çünki Miri əvvəlcə ona massaj aparatı gətirmişdi. Lakin aparat xarab idi, Miri ilə də əlaqə saxlaya bilmirdi ki, aparatı dəyişsin və ya təmir etdirsin. Bu baxımdan ehtiyatlı olmasını demişdir. O, analıq məzuniyyətində olduğundan arabir salona gəlirdi, bir gün işə gələndə artıq Nərgizin aparatı aldığını görmüşdür. Nərgiz ona dedi ki, aparatı alan zaman 10000 manat ilkin ödəniş etməli idi, evdən 10000 manat gətirmiş, lakin həmin gün onlar, yəni Miri və Cavanşir otaqda olan zaman Nərgiz otaqdan çıxmış, Pərvanə xanım onu aparata baxmağa çağırmış, geri qayıdıb pulu sayıb verən zaman pulun əskik olduğunu görmüşdür. 10000 manat deyil, 9000 manat pul qalmışdır. Kameranı açıb baxmış və pulu götürdüklərini görmüş, lakin onlar bunu danmışdı, çünki görüntü bulanıq idi, aydın düşməmişdir. Nərgiz təzədən 1000 manat pulu özü vermişdir. Həmişə ödənişləri maraqlananda deyirdi ki, narahat olma vaxtlıvaxtında ödəyir. Yanlız bir ödənişin pulunu ona göndərdi ki, o versin. Həmin vaxt da o, əməliyyat olmuşdu, pul lazım idi, Nərgizə dedi və pulu o götürdü, lakin sonradan geri qaytarmışdır. Massaj aparatı xarab idi, lazer aparatı da alınandan bir ay sonra xarab oldu. Mirini dəfərlərlə çağırdı ki, gəlsin bu problemi həll etsin, lakin Miri gəlmədi. Lazer aparatı iki dəfə xarab oldu. Hər dəfə də Nərgiz özü təmir etdirmişdir, ümumi olaraq 2000 manat da təmirə vermişdir. Aparat alınan zaman orada olmamışdır, bildiyi qədəri ilə tərəflər arasında müqavilə bağlanmayıb, yanlız şifahi şəkildə razılaşma olub ki, 10000 manat ilkin ödəniş etməklə, bir il ayda 1600 manat olmaqla aylıq ödəniş ediləcəkdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, Nərgiz xanımı müdiriyyət kimi tanımış, salonda saç ustası işləmişdir. Cavanşiri isə aparat satan şəxs kimi tanımış və onu bir dəfə görmüşdür. Lazer aparatını salona Nərgiz xanım gətirmişdir. Nərgiz xanım salonda deyirdi ki, aparatı 10000 ilkin ödəniş etməklə və bir il də 1600 manat ödəmək şərtilə satırlar. Evdə məsləhətləşəcək, razı olsalar alacaq. Lazeroloq da aparat alınsa yaxşı olar deyirdi. O, Nərgiz xanımdan bu sözləri eşitmişdir. Ödənişlər edəndə də məlumatı olurdu, çünki Nərgiz xanımdan sonra salonda müdiriyyət kimi ikinci şəxs Günel xanım idi, o, hər ay ödəniş edəndə deyirdi ki, bu ay da ödənildi. Salonda aparatı Naciyə adlı xanım işlədirdi. Hazırda salon fəaliyyət göstərmir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də mexanik vəzifəsində işləyir və aylıq əmək haqqı 2110 manat təşkil edir. - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 170 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - hüquqi yardımın göstərilməsi haqqında EM-2546VK-10853/25 nömrəli xx.xx.2025ci il tarixli müqavilədən və xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində pul tələbi ilə bağlı hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ilə müqavilə bağlamış və hüquqi yardıma görə 520 manat məbləğində pul ödəmişdir. - damalı dəftər vərəqindəki əlyazmada aşağıdakılar yazılmışdır: Aparatın pulu İlkin ödəniş – 9000 m + 1000 m 09.06.23 – 1500 m + 09.07.23 – 1700 m + 08.08.23 – 1792 m 09.09.23 – 1600 m 10.10.23 – 1600 m 15.11.23 – 1600 m 8.12.23 – verilməyib 8.01.24 – verilməyib 08.02.24 – verilməyib 10.03.24 – 930 m 15.04.24 – 1600 m + 1.05.24 – verilməyib 08.06.24 – verilməyib 8.07.24 – verilməyib 08.08.24 – verilməyib 08.09.24 – verilməyib 8.10.24 – (07.05.23) may ayında aparat verildi. İyun ayından ödəniş oldu. Ümumi məbləğ 48000 AZN Verib 22.330 21.823 AZN Qalan 26177 AZN 25.670 - Sifarişçi İddiaçı ilə İcraçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1575 nömrəli nisyə alqı-satqı haqqında müqavilədən görünür ki, Sifarişçi satış obyektini sifariş verib İcraçıya razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, İcraçı isə Sifarişçiyə ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı öhdəsinə götürür. Göstərilməli xidmət üzrə satış obyekti və onun satış qiyməti, bu Müqaviləyə əlavə edilən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Müqavilə Əlavəsi ilə müəyyənləşdirilir. - Sifarişçi İddiaçı ilə İcraçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1575 nömrəli müqavilə əlavəsindən görünür ki, satış qiymətinin ödəniş mərhələləri və tarixi aşağıda qeyd edilən 20 mərhələdən ibarət olmaqla toplan satış qiyməti 62940 AZN olan satış obyekti cihaz (yeni (işlənməmiş) Alexandrite Pro) Sifarişçiyə təhvil verildiyi tarixdən etibarən toplam satış qiyməti 18 ay müddətində Sifarişçi tərəfindən tam şəkildə ödənilməlidir. 1-ci mərhələdə müqavilə imzalandığı gün – xx.xx.2022-ci il tarixdə ilkin ödəniş 17000 AZN, 2-ci mərhələdə təhvil zamanı 3000 AZN, 3-cü-19-cu mərhələlərdə hər mərhələdə 2386 AZN, 20-ci mərhələdə 2378 AZN ödənilməlidir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1575 nömrəli müqavilə üzrə 62940 manat dəyərində olan cihaza görə 62940 manat pul ödənilmişdir və müqavilə üzrə qalıq borc məbləği 0 manatdır. - tərəflər arasında Whatsapp sosial şəbəkəsində aparılmış yazışmalardan görünür ki, Nərgiz 28 May Salon adlı şəxs xx.xx.2024-cü il tarixdə iddiaçıya “...avqust ayı ilə nə qədər qalıb...” məzmunlu mesaj yazmış, sonuncu damalı dəftər vərəqindəki əlyazmanın şəklini göndərmişdir. Həmin əlyazmadan görünür ki: 9000 m + 1000 m ilkin ödəniş 09.06.23 – 1500 m 09.07.23 – 1700 m 08.08.23 – 1792 m 09.09.23 – 1600 m 10.10.23 – 1600 m 15.11.23 – 1600 m 8.12.23 – ödəniş olmayıb 8.01.24 – ödəniş olmayıb 8.02.24 – ödəniş olmayıb 10.03.24 – 930 m 15.04.24 – 1600 m 08.05.24 – ödəniş olmayıb 08.06.24 – ödəniş olmayıb 08.07.24 – ödəniş olmayıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər lazer aparatının alınıbsatılması barədə razılığa gəlmişlər. Əşyanın alqı-satqısına dair yazılı müqavilə olmasa da, tərəflər arasındakı şifahi razılaşma alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olmuş və tərəflər bu halı mübahisələndirməmişlər. İddiaçı iddia edir ki, mülkiyyətində olan lazer aparatını 10.000 manat ilkin ödəniş etməklə, qalan məbləği isə ayda 1600 manat ödəmək şərti ilə 48.000 manata cavabdehə satmış, sonuncu lazer aparatını faktiki sahibliyinə qəbul etmiş, razılaşdıqları məbləğdən 8 ay müddətində 22.330 manat ödəmiş, qalan 25.670 manat pulu isə hazırkı vaxtadək ona qaytarmamışdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair cavabdehlə aralarında Whatsapp sosial şəbəkəsindəki yazışmaları və əlyazmanı məhkəməyə təqdim etmişdir. Cavabdeh isə iddianı qismən etiraf edərək izahatında bildirmişdir ki, lazer aparatının 10.000 manat ilkin ödəniş və 12 ay müddətində aylıq 1600 manat ödəməklə, cəmi 29.200 manata alqı-satqısına dair iddiaçı ilə razılığa gəlmiş, o, iddiaçıya 10.000 manat ilkin ödəniş və 8 ay müddətində cəmi 22.330 manat məbləğində pul ödəmişdir. Hazırda iddiaçıya 6870 (29.200-22.330) manat borcu vardır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinin predmeti olan lazer aparatına görə cavabdeh tərəfindən iddiaçıya 10.000 manat ilkin ödənişin, 8 ay müddətində isə cəmi 22.330 manat məbləğində pulun ödənilməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı lazer aparatının satış qiyməti ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə lazer aparatının 48.000 manata satılması ilə bağlı cavabdehlə razılıq əldə edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi damalı dəftər vərəqindəki əlyazmada 10.000 manat ilkin ödəniş və 8 ay ərzində verilmiş pullarla cavabdeh tərəfindən ona cəmi 22.330 manat pul ödənildiyi, ümumi məbləğin 48.000 manat, qalıq borcun 25.670 manat təşkil etdiyi qeyd edilsə də, tərəflər arasında Whatsapp sosial şəbəkəsində aparılmış yazışmalarda xx.xx.2024-cü il tarixdə cavabdehin iddiaçıdan “nə qədər borcunun qalmasını soruşması” məzmunlu mesajına cavab olaraq iddiaçı damalı dəftər vərəqindəki əlyazmanın şəklini cavabdehə göndərmişdir. Həmin əlyazmada yalnız “9000 m + 1000 m ilkin ödəniş, 09.06.23 – 1500 m, 09.07.23 – 1700 m, 08.08.23 – 1792 m, 09.09.23 – 1600 m, 10.10.23 – 1600 m, 15.11.23 – 1600 m, 8.12.23 – ödəniş olmayıb, 8.01.24 – ödəniş olmayıb, 8.02.24 – ödəniş olmayıb, 10.03.24 – 930 m, 15.04.24 – 1600 m, 08.05.24 – ödəniş olmayıb, 08.06.24 – ödəniş olmayıb, 08.07.24 – ödəniş olmayıb” qeydləri aparılmışdır. Əlyazmada ödənilmiş pulların cəmi 22.330 manat təşkil edir. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə göndərilmiş həmin əlyazmada ümumi məbləğ 48.000 manat, qalan 25.670 manat kimi qeydlər öz əksini tapmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə “ümumi məbləğ 48.000 manat, qalan 25.670 manat” qeydlərini iddiaçı sonradan əlyazmaya əlavə edərək, lazer aparatının satış qiymətinin 48.000 manat olmasını sübut etməyə çalışmışdır. Ona görə də məhkəmə, iddiaçının məhkəməyə təqdim etdiyi əlyazmaya istinad edərək, lazer aparatının satış qiymətinin 48.000 manat olması ilə dəlilini əsassız hesab edir. Eyni zamanda, tərəflər arasında Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmalarda lazer aparatının qiymətinin 48.000 manat olması ilə hər hansı danışığın olması müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə lazer aparatının satış qiymətinin 29.200 manata razılaşdırılması ilə bağlı cavabdehin dəlillərini əsaslı və inandırıcı hesab edir və belə qənaətə gəlir ki, aparata görə ödənilmiş 22.330 manat (bu məbləğin iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır) 29.200 manatdan çıxılmalı və cavabdehdən 6870 manat (29.200- 22.330) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6870 (altı min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 170 manat məbləğində dövlət rüsumunun 88.70 manatı, hüquqi yardıma görə ödənilmiş 520 manat pulun 139.15 manatı Cavabdeh alınıb İddiaçı ödənilməli, artıq ödənilmiş 2.99 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6870 (altı min səkkiz yüz yetmiş) manat məbləğində borc, 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu və 139.15 (bir yüz otuz doqquz manat on beş qəpik) manat məbləğində hüquqi xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Artıq ödənilmiş 2.99 (iki manat doxsan doqquz qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar