Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3104/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə və "xxxx" MMC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 17 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ-7554 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla “X6 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ona illik 32 (otuz iki) faiz hesablanmaqla 48 (qırx səkkiz) ay müddətinə 25000 (iyirmi beş min manat) manat kredit verilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli 4326/2023 nömrəli kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllə ev 2 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 77.60 kv.m ümumi, 59.9 yaşayış sahəsindən ibarət 4 otaqlı, 1A saylı mənzilin "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli 4326/2023-İP nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Lakin sonradan "xxxx" MMC ödənilməyən borca görə ipoteka predmeti olan Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllə ev 2 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 77.60 kv.m ümumi, 59.9 yaşayış sahəsindən ibarət 4 otaqlı, 1A saylı mənzilə tutma yönəldilməsini tələb etmişdir. Bakı şəhər 17 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ-7554 reyestr nömrəli icra qeydinə əsasən ipoteka predmeti olan Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllə ev 2 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 77.60 kv.m ümumi, 59.9 yaşayış sahəsindən ibarət 4 otaqlı, 1A saylı mənzilə tutma yönəldilmişdir. Onun mülkiyyətində olan Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllə ev 2 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 77.60 kv.m ümumi, 59.9 yaşayış sahəsindən ibarət 4 otaqlı, 1A saylı mənzilin qiyməti və kredit borcunun məbləği ilə bağlı mübahisələr mövcuddur. Belə ki, mənzilin qiymətinin və ümumi kredit borcunun məbləğinin icra qeydi ilə müəyyənləşməsi mümkün deyil. Ona görə də, icra qeydinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, ölkə ərazisində daşınmaz əmlakın dəyəri və qiyməti sürətlə artdığı üçün ipoteka predmeti olan Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllə ev 2 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 77.60 kv.m ümumi, 59.9 yaşayış sahəsindən ibarət 4 otaqlı, 1A saylımənzilin dəyəri və qiyməti də hal-hazırda artmışdır. Mənzilin qiyməti və kredit borcunun dəqiq məbləği isə ancaq məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizası tərəfindən müəyyən edilə bilər. Bu səbəblə, Bakı şəhəri 17 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ-7554 reyestr nömrəli icra qeydi məhkəmə qaydasında mübahisələndirilir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, "xxxx" MMC-nin cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək, "xxxx" MMC iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş materiallarında icra qeydinin verilməsinə dair bildirişin iddiaçıya çatdırılmasına dair qəbz notariusa təqdim edilməmişdir. Bununla bağlı icra işində hər hansı sübut mövcud deyil. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iddianı etiraf etmədi və izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında 4326/2023 nömrəli kredit müqaviləsi bağlanmış, eyni tarixdə 4326/2023-İP nömrəli ipoteka müqaviləsi imzalanaraq notarial qaydada rəsmiləşdirilmişdir. Kreditin təminatı kimi ünvan 1 ünvanındakı yaşayış sahəsi girov qoyulmuşdur. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulmuş, əsas borc və faizlərin ödənişi üzrə ciddi gecikmələr yaranmışdır. Mövcud borcun könüllü qaydada ödənilməməsi nəticəsində "xxxx" MMC qanunla nəzərdə tutulan şəkildə notariat qaydasında icra qeydi çıxarılması üçün müraciət etmişdir. Notariat orqanı tərəfindən borcun əsaslandırılmış sənədlərlə sübut olunmasından sonra xx.xx.2024-cü il tarixli 8İ-7554 nömrəli icra qeydi qanuni şəkildə verilmişdir. Hazırda sözügedən icra qeydi Pirallahı rayon İcra şöbəsinin icraatındadır və icraat aktiv şəkildə davam edir. xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən əmlakın dəyərinin müəyyən edilməsi üçün qiymətləndirici dəvət edilməsi haqqında qərar qəbul edilmişdir. Bu qərar əsasında müvafiq lisenziyaya malik qiymətləndirici təşkilat tərəfindən ipoteka predmetinin – mənzilin likvid bazar dəyəri müəyyən edilmişdir. Beləliklə, iddiaçının “əmlakın dəyəri dəqiqləşdirilməyib” arqumenti real hüquqi və faktiki vəziyyəti əks etdirmir və hal-hazırda əmlakın dəyəri tam olaraq qiymətləndirilib. xx.xx.2024-cü il tarixli icra məmurunun qərarına əsasən "xxxx" MMC-nin ekspertləri tərəfindən tələb olunan suallarla bağlı müvafiq araşdırmalar və qiymətləndirmə işi həyata keçirilmişdir. Hesabata əsasən daşınmaz əmlakın qiyməti 83.000 (səksən üç min) manat müəyyən edilmişdir. İddiaçı əmlakın hazırkı bazar qiymətinin artdığını əsas götürərək icra qeydinin ləğvini tələb edir. Lakin qeyd etmək vacibdir ki, əmlakın qiymətindəki artım faktı borcun mövcudluğunu və ödənilməməsini aradan qaldırmır. Əmlakın qiyməti artıq qiymətləndirmə təşkilatı tərəfindən obyektiv şəkildə müəyyən edilib. İddiaçının iddia ərizəsində qeyd etdiyi “mənzilin qiymətinin və kredit borcunun məbləğinin icra qeydi ilə müəyyənləşməsi mümkün deyil” fikri hüquqi cəhətdən əsassızdır. Belə ki, icra qeydi borcun mövcudluğuna əsasən verilir, əmlakın qiymətləndirilməsi üçün deyil. İcra qeydi borcun qanuni sənədlərlə (kredit və ipoteka müqaviləsi) təsdiqlənmiş olmasına əsasən notarius tərəfindən verilir. Bu sənəd vasitəsilə kreditin ödənilmədiyi hallarda borcun məcburi icrasına başlanılır. Bu zaman əmlakın qiyməti deyil, borcun icra edilməsi əsas götürülür. Nəzərə alınmalıdır ki, icra qeydində əmlakın hansı qiymətə satılması ilə bağlı hər hansı bir qeyd yoxdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi “mənzilin qiyməti və kredit borcunun dəqiq məbləği isə ancaq məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizası tərəfindən müəyyən edilə bilər” fikri Pirallahı rayon İcra şöbəsi tərəfindən qiymətləndirici dəvət edilməklə iddiaçının iddia etdiyi kimi əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Hesab edirlər ki, əmlakın qiymətləndirilməsi iddiası hissəsində mübahisə aradan qalxmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi iddiası hissəsi ilə bağlı o da qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Görünür ki, iddiaçı qanunveciliyin ona yaratdığı imkanlardan vaxtında istifadə etməmişdir. Borclunun əsaslandırılmamış iddiası icra prosesini süni şəkildə uzatmaq məqsədi daşıyır. Əmlakın qiyməti və borcun məbləği üzrə qeyd edilən “mübahisələr” yalnız icra prosesini gecikdirmək məqsədi güdür və borclunun real öhdəliklərini yerinə yetirməməsi faktını dəyişmir. İddiaçı təqdim etdiyi arqumentlər borcun mövcudluğunu şübhə altına almır, müqavilələrin hüquqi qüvvəsini inkar etmir, sadəcə “qiymət artıb” arqumentini əsas gətirərək icra qeydinin icrasına maneə yaratmaq istəyir. Bu isə "xxxx" MMC-nin qanuni hüquqlarının əsassız olaraq ləngidilməsi və pozulması deməkdir. Halbuki borc mövcuddur, ödənilməyib və bu borcun ödənilməsi üçün ipoteka predmeti əmlak qanuni yolla icraya yönəldilib. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş və reyestrdə 8İ- 7554 nömrə ilə qeyd edilmiş icra qeydindən görünür ki, ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən 3M-4840 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 23.559,91 AZN əsas borc, 4787.58 AZN faiz borcu, 5325 AZN dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 33.672,49 AZN təşkil edir). - ƏMDX DƏDKR PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir. - "xxxx" MMC tərəfindən borcalan və ipoteka qoyan İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli 3729 saylı bildirişin surətindən görünür ki, borcluya xx.xx.2023-cü il tarixli 4326/2023 nömrəli kredit müqaviləsi üzrə öhdəlikləri 21 gün ərzində tam icra etmədiyi halda, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. - xəbərnamənin surətindən görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən göndərilmiş ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönləndirilməsinə dair xx.xx.2024-cü il tarixli 3729 saylı bildirişi xx.xx.2024-cü il tarixdə xəbərnaməni şəxsən imzalamaqla qəbul etmişdir. - "xxxx" MMC tərəfindən ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3780 nömrəli bildirişin surətindən görünür ki, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. - ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ipotreka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. - ƏMDX DƏDKR PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4326/2023 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, MMC şəxsi məqsədlər üçün 48 ay müddətinə illik 32 faiz olmaqla 25.000 manat məbləğində pulu borcalan İddiaçı verməyi, borcalan isə müəyyən edilmiş müddətdə əsas borcu faizilə birgə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0.1 faizi qədər dəbbə pulu ödəyir. - xx.xx.2023-cü il tarixli 4236/2023-İP nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 4326/2023 nömrəli kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyətində olan ünvan 2 "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 73.000 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli 4056 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli 4326/2023 nömrəli kredit müqaviləsi üzrə 23.559,91 manat əsas, 4787.58 manat faiz, 5325 manat cərimə olmaqla, "xxxx" MMC-nə cəmi 33.672,49 manat məbləğində borcu vardır. - elektron sistemdən çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən elektron kabinet vasitəsi ilə Bakı şəhəri 17 saylı notariat ofisinə notariat icra qeydi haqqında ərizə göndərilmiş, ərizəyə bildiriş, bildirişin qeydiyyat ərizəsi, bildirişin qeydiyyatı məktubu, çıxarış, icra qeydi ərizəsi, ipoteka müqaviləsi, kredit müqaviləsi, maliyyə arayışı, poçt qəbzi, şəxsiyyət vəsiqəsi, yüklülük çıxarışı əlavə edilmişdir. - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borlu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1. maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 36.1. maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. 37.1. maddəsinə əsasən poteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. maddəsinə əsasən poteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. 38.1. maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 38.2. maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin qiymətləndiricilər (və ya qiymətləndiricilərin fəaliyyət göstərdikləri qiymətləndirici təşkilatlar) qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda qiymətləndirməyə görə xidmət haqqı ipoteka saxlayan tərəfindən ödənilir və bu haqq ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun:
76. maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
79. maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın:
162. bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. 169-1. bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borcverən "xxxx" MMC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4326/2023 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı şəxsi məqsədlər üçün 48 ay müddətinə illik 32 faiz olmaqla 25.000 manat məbləğində pulu borcalan İddiaçı verməyi, borcalan isə müəyyən edilmiş müddətdə əsas borcu faizi ilə birgə qaytarmağı öhdəsinə götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 2 "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 4236/2023-İP nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli 8İ-7554 reyestr nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, icra qeydinin ləğv edilməsini xahiş edir İddiaçı tələbini belə əsaslandırmışdır ki, mənzilin qiymətinin və ümumi kredit borcunun məbləğinin icra qeydi ilə müəyyənləşməsi mümkün deyildir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Qanunvericiliyin tələbindən göründüyü kimi tələbkarın tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmək öhdəliyi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi "xxxx" MMC tərəfindən bu tələbə əməl edilmiş, borcalan və ipotekaqoyan İddiaçı xx.xx.2024-cü il tarixli 3729 nömrəli bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli 4326/2023 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər 21 gün ərzində tam icra edilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəkdir. Bildiriş xx.xx.2024-cü il tarixdə sifarişli poçt vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsində qeyd edilir ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra heç bir etiraz bildirmədiyi, icra qeydinin aparılmasına səbəb olan tələbi mübahisələndirmədiyi halda, xx.xx.2024-cü il tarixdə icra qeydinin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Notariat haqqında qanunvericiliyə görə tələbkarın üzərinə icra qeydinin aparılacağı barədə bildiriş göndərmək vəzifəsi qoyulmuşdur. İpoteka haqqında qanunvericiliyə görə isə ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılacağı barədə bildirişi göndərmək vəzifəsini tələbkarın üzərinə qoymuşdur. Məhkəmə icra qeydinin verilməsinə qədər qanunvericilikdə göstərilən qaydada icra qeydinin aparılacağı barədə bildirişin göndərilməsi və bildirişin alınmasını yoxlayır. Borclu borcun məbləğini icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra mübahisələndirmək imkanına malik olur. Əgər borclunun icra qeydinin aparılacağı barədə bildirişi alması sübut olunmursa o zaman icra qeydinin ləğvi tələbinə məhkəmədə baxılır. Çünki borclu icra qeydinin aparılacağı barədə bildirişi almadığı halda icra qeydi verilirsə, o zaman borclunun hüquqi müdafiə imkanı tükənmiş olur. Bu halda məhkəmə icra qeydinin ləğvi tələbinə baxır. Hazırkı işdə isə iddiaçıya icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş və iddiaçının bildirişi alması sübut olunur. Bildirişi aldıqdan sonra iddiaçı tələbi mübahisələndirə bilərdi. Lakin iddiaçı bildirişi almış və tələbi mübahisələndirməmişdir. Nəticədə notarius tərəfindən icra qeydi verilmişdir. İcra qeydi verildikdən sonra iddiaçı tələbi mübahisələndirir. Belə olan halda məhkəmə hesab edir ki, icra qeydinin ləğvi əsassızdır. Bundan başqa, ipoteka müqaviləsinin 9.2. bəndində ipoteka predmetinin açıq bazarda və ya hərracda satılması üsulu nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.2. maddəsinin tələbinə görə ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. Hazırda iddiaçının ipoteka predmetinin qiymətinin və ümumi kredit borcunun məbləğinin icra qeydi ilə müəyyənləşməsinin mümkün olmaması əsası ilə icra qeydinin ləğv edilməsini tələb etməsi əsassızdır. Belə ki, qanunverici icra qeydinin aparılacağı barədə bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına və ya bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsindən məhkəməyə şikayət verməyə şərait yaradır. Kredit təşkilatı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilərək, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş iddiaçıya göndərilmiş, sonuncu qanunvericilik tərəfindən ona verilmiş imkandan istifadə etməyərək, bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməmiş, icra qeydi icraya yönəldikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə icra qeydi qanunvericiliyin tələblərinə tam riayət olunmaqla verilmişdir, iddiaçının tələbində göstərdiyi arqumentlər formal xarakter daşımaqla, icra qeydinin ləğv edilməsi üçün əsas olmadığından, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə və "xxxx" MMC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə və "xxxx" MMC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova