Məhkəmə qərarları › İş №e-2(008)-315/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-315/2024

18.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-315/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, X9 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı sənədlərin səhmdara təqdim edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Cavabdeh ASC) qarşı sənədlərin səhmdara təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 2014-2022-ci illər üzrə X2 iclas protokollarının, balans və maliyyə hesabatlarının, yerli və ya xarici audit rəyinin təsdiq edilmiş surətlərini, aidiyyəti şəxslərlə bağlanılmış xüsusi əhəmiyyətli əqdlər, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən istənilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi, ictimai layihələr, həmçinin dövlət ehtiyacları üçün Cəmiyyətə məxsus daşınmaz əmlakların satın alınmasına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Cəmiyyətə ödənilmiş kompensasiya məbləği barədə ətraflı arayışı həmin cəmiyyətin səhmdarı İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ASC-nin (VÖEN: **********) uzun illərdir ki, səhmdarıdır. Bu müddət ərzində cəmiyyətin fəaliyyəti barədə səhmdar olaraq məlumatı olmamış, qanunvericiliyin tələbinə əsasən, ildə 1 (bir) dəfə keçirilən X2 bildirişləri də lazımi qaydada ona təqdim edilməmişdir. Lakin müxtəlif instansiyalara müraciət və sorğuları əsasında aşkar olunmuşdur ki, Cəmiyyətin mülkiyyətində olan və bütün səhm mülkiyyətçiləri qarşısında ciddi hesabatlılığın tələb olunduğu daşınmaz əmlaklar dövlət ehtiyacları üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təhvil verilmiş və əvəzində xüsusilə külli miqdarda pul vəsaiti əldə edilmişdir. Cəmiyyətin nizamnaməsinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində inzibati idarəetmə funksiyalarını tam şəkildə icra edən İdarə Heyətinin fəaliyyəti nəticəsində iddiaçı (səhm mülkiyyətçisi) olaraq ona və digər səhm mülkiyyətçilərinə külli miqdarda maddi zərər vurulmuşdur. İddianın əsası və məhkəmədən xahiş edilən tələb Cəmiyyətin 2014-2022-ci illər üzrə cari faəliyyəti ilə bağlı zəruri sənədlərin ədalət mühakiməsinə və səhm mülkiyyətçisinə təqdim edilməsi olsa da, əldə etdiyi zəruri faktları da müvafiq sənədlərlə birgə qeyd etməyi və ərizəyə əlavə etməyi zəruri hesab etmişdir. Cavabdeh ASC-yə məxsus “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən torpaq sahələri 2015-ci ildə abadlaşıdırma məqsədilə dövlət ehtiyacları üçün alınmışdır. Sözügedən fakta, cəmiyyətin idarə heyəti sədrinin xx.xx.2017-ci il tarixli məktubu ilə ətraflı münasibət bildirilmiş və cavabdehə məxsus Nərimanov rayonu, Böyük Şor, 4-cü uzununa, 29 ünvanında yerləşən əmlakın dövlət ehtiyacları üçün söküldüyünə görə, cəmiyyətə 2014-cü ildə kompensasiya ödənişi daxil olmuşdur. Lakin cavabdeh həmin kompensasiyadan ona düşən hissəni ödəməkdən imtina etməklə səhmdar olaraq, ona bu günə qədər külli miqdarda ziyan vurmaqda davam edir. X3 Dövlət Reyestrindən çıxarışa əsasən, Cavabdeh ASC xx.xx.1997-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin qanuni təmsilçisi, X4r. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2017-ci il tarixli depo hesabından çıxarışa əsasən, Cavabdeh ASC-nin nizamnamə kapitalı 1.444.108 (bir milyon dörd yüz qırx dörd min bir yüz səkkiz manat sıfır qəpik) manat təşkil edir. Həmçinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən cəmiyyətin emissiya olunmuş 722.054 ədəd (yeddi yüz iyirmi iki min əlli dörd) adi adlı səhmlərinin dövlət qeydiyyat nömrəsi AZ********** olub, qiymətli kağızların buraxılış tarixi xx.xx.1998-ci il tarixə aiddir. Cəmiyyətə məxsus hər bir səhmin nominal dəyəri 2 (iki) qəpik təşkil edir. İddiaçı məxsus səhmlərin sayı 1856 (bir min səkkiz yüz əlli altı) ədəd olub, qiymətli kağız sahibi kimi Milli Depozit Mərkəzinin reyestrində DP00180066 hesab nömrəsi ilə qeydiyyata alınmış və səhmlər heç bir öhdəliklə yüklü edilməmişdir. Müvafiq sorğulara əsasən, ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Cavabdeh ASC-nin adına ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası (xx.xx.2013-cü il tarixdə); ünvan 3 ünvanında yerləşən əmlak kompleksi (xx.xx.2014-cü il tarixdə) və Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yerləşən 1598,3 kv.m olan qeyri-yaşayış binası qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”nin üzvü olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 5 ünvanında yerləşən 1.2055 ha torpaq sahəsində tikilmiş, ümumi sahəsi 19758.5 kv.m torpaq daşınmaz əmlakın qiymətləndirilməsi aparılmış və əmlakın real bazar dəyəri 33.400.000 manat (otuz üç milyon dörd yüz manat), likvid dəyəri isə 30.060.000 manat (otuz milyon altmış manat) müəyyən edilmişdir. Müvafiq qiymətləndirmə zamanı aparılan hesablamalarda daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, obyektə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Cavabdeh Cəmiyyət ona münasibətdə mülki qanunvericilik və nizamnamə üzrə səhmdar cəmiyyətlərlə bağlı qeyd olunan müddəaların tələblərinə riayət etməməklə, konstitusion hüquqlarını da pozmuşdur. Mövcud qanunvericiliyin məntiqinə görə, səhmdar cəmiyyət tək istehsal və məhsulun satış dövriyyəsinə görə deyil, həmçinin daşınmaz əmlakın satışından və icarəsindən də hər hansısa bir mənfəət əldə edə bilər. Daha sonra, büdcə qarşısında olan öhdəliklər ödənildikdən sonra qalan məbləğ mütənasiblik gözlənilməklə, dividend olaraq səhmdarlara ödənilməlidir. Bundan başqa, öz fəaliyyətini qüvvədə olan qanunvericilik və nizamnaməsi ilə tənzimləməli olan səhmdar cəmiyyətin idarəetmə orqanları öz səhmdarları qarşısında bütün gəlir və xərc əməliyyatlarına görə birbaşa məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Vəkil, iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 99.2, 106-1.1, 106-1.3, 106-1.4, 106-1.5, 106-3.1, Vergi Məcəlləsinin 13.2.15-ci maddələrinə istinad etmiş, Mülki Məcəllənin 99.2-ci maddəsinə əsasən dərc olunmalı olan məlumatlar barədə arayış istəmiş, həmçinin Məcəllənin 106-1.1, 106-1.3, 106-1.4, 106- 1.5, 106-3.1-ci maddələrində təsbit olunmuş səhmdarın hüquqlarının reallaşdırılmasını tələb etmişdir. İddiaçı qeyd olunan məsələlərlə bağlı cavabdehə müraciət etməmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən də görünür ki, iddiaçı bu barədə cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, ərizəyə əlavə olunmuş pretenziya, həmin pretenziyamn cavabdeh tərəfindən alınmasını təsdiq etmir. Bu səbəbdən, əslində iddia ərizəsi geri qaytarılmalı idi. Bundan başqa, iddia ərizəsinin əsas hissəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təhvil verilmiş əmlak müqabilində cavabdeh tərəfindən külli miqdarda pul vəsaiti əldə edilməsidir. Bu məsələ ilə bağlı Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-394/2020 qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-nə qarşı “kompensasiyanın ödənilməsi barədə” iddia tələbi təmin edilmiş, iddiaçıya mnəxsus 1856 səhmə (ümumi səhmlərdə faiz nisbəti 0,257 %) görə, cavabdehin mülkiyyətində olan və real bazar qiyməti 33.400.000 (otuz üç milyon dörd yüz min) manat dəyərində olan, ünvan 6 ünvanda 1,2055 ha topaq sahəsində tikilmiş ümumi sahəsi 19758,5 kv.m təşkil edən daşınmaz əmlakına nisbətini nəzərə alaraq, 85.838 manat məbləğində kompensasiya qismində dividend pulunun və daşınmaz əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 500 manat xidmət haqqının, cəmi 86.338 manat məbləğində pulun Cavabdeh ASC-dən tutulub İddiaçı xeyrinə tutulması tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-924/2021 saylı qətnaməsi ilə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(008)-394/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-4003/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 924/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə məhkəmədə baxılmalı olmaması səbəbi ilə iş üzrə icraat xitam verilmişdir. Beləliklə, iddiaçının söküntü ilə əlaqədar dividend tələbi məsələsinə məhkəmə tərəfindən qiymət verilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən, nümayəndə və vəkil MPM-nin 261.0.1-ci maddəsinə əsasən hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə (surətinə) əsasən, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 19758.5 m2 olan torpaq daşınmaz əmlakın (tikililərin) və ümumi sahəsi 1.2055 ha olan torpaq sahəsinin xx.xx.2019-cu il tarixinə olan bazar dəyəri 33.400.000 manat, likvid dəyəri isə 30.060.000 manat müəyyən edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Cavabdeh ASC-nin adına ünvan 7 ünvanında yerləşən qeyri- yaşayış binası və ünvan 8 29 saylı sahədə yerləşən 1.2055 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. "xxxx" ASC-nin adına Hacıqabul rayonu, Navahi qəsəbəsində yerləşən ümumi sahəsi 1598.3 kv.m olan qeyri-yaşayış binası qeydiyyata alınmışdır. Cavabdeh ASC-nin adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2017-ci il tarixli depo hesabından çıxarışa əsasən, Cavabdeh ASC-nin nizamnamə kapitalı 1.444.108 manat təşkil edir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən cəmiyyətin emissiya olunmuş 722.054 ədəd adi adlı səhmlərinin dövlət qeydiyyat nömrəsi AZ********** olub, qiymətli kağızların buraxılış tarixi xx.xx.1998-ci il tarixə aiddir. Cəmiyyətə məxsus hər bir səhmin nominal dəyəri 2 qəpik təşkil edir. İddiaçı məxsus səhmlərin sayı 1856 ədəd olub, qiymətli kağız sahibi kimi Milli Depozit Mərkəzinin reyestrində DP00180571 hesab nömrəsi ilə qeydiyyata alınmış və səhmlər heç bir öhdəliklə yüklü edilməmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2790/2019 saylı qərardadına əsasən, iddiaçı Cavabdeh ASC-nin cavabdeh Azərbaycan X1rşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və İddiaçı üçüncü şəxs qismində cəlb edilməklə, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarında qeyd edilmişdir ki, “Böyük Şorda inşa olunan olimpiya stadionunun ətrafında yeni yolların, tunellərin və piyada keçidlərinin tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən, ünvan 9 ünvanında yerləşmiş Cavabdeh ASC-yə məxsus tikililərin bir hissəsinin tikinti altına düşməsilə əlaqədar dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 775.320 manat kompensasiya hesablanmış və həmin kompensasiya məbləği "xxxx" ASC-nin X6 Qasımova ödənilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 2014-2023-cü illər üzrə kameral münasibət bildirilmiş sadələşdirilmiş vergi və mənfəət vergisi bəynannamələri təqdim edilməklə, əlavə olaraq bildirilmişdir ki, Cavabdeh ASC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olab hesabat dövrləri üçün vergi orqanına sadələşdirilmiş vergi və mənfəət vergisi bəyannamələri təqdim edilmədiyindən, həmin dövlər üzrə bəyannamə surətlərinin təqdim edilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, yerli və xarici audit rəyinin uçot-baza məlumatlarında müəyyən edilmədiyini nəzərə alaraq, audit rəyinin təqdim edilməsi mümkün olmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu, 332B ünvanında olan əmlak kompleksi kimi müəssisəsi və onun yerləşdiyi 4.05949 ha torpaq sahəsi Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 9 saylı notariat kontorunun 4Ə-1289 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli, 25D olan "xxxx" MMC-nin adına qeydiyyata salınmışdır. - Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 3357 saylı sorğuya cavab məktubu ilə Cavabdeh ASC və "xxxx" MMC arasında rəsmiləşən 26.10.202-ci il tarixli, 4Ə/1289 reyestr saylı (53 vərəqdə) alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. - Həmin notariat işində olan xx.xx.2021-ci il tarixli, AN-İ №0998826 seriya nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Cavabdeh ASC-nin adına qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolu, 332B ünvanında olan əmlak kompleksi kimi müəssisənin tam mülkiyyət üzrə ona məxsus 4036,40 kv.m hissəsini 200.000 manata, 4,05494 ha torpaq sahəsini 800.000 manata "xxxx" MMC-yə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 103.1-ci maddəsinə görə, səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Səhmdar cəmiyyətinin nizamnamə kapitalına qoyuluşların formaları, müvafiq olaraq, bu Məcəllə, sahəvi qanunlar və təsisçilər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Səhmdar cəmiyyətinin nizamnaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. Səhmdar cəmiyyətinin yaradılması zamanı pul olmayan əmlakın dəyəri təsis yığıncağının qərarı ilə, səhmdar cəmiyyəti yaradıldıqdan sonra isə - səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə müəyyən edilir. Həmin Məcəlləsinin 99.2-ci maddəsinə görə, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını, habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: hesabat dövrü üzrə maliyyə göstəriciləri, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi, ictimai layihələr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.1-ci maddəsinə görə, səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin mülki məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 106-1.3-ci maddəsinə görə, səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək, qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49- 1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək, cəmiyyətin xalis mənfəətindən dividend almaq, cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq, icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək, cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək, bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq, bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. Həmin Məcəllənin 106-3.1-ci maddəsinə görə, səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 106-3.2-ci maddəsinə görə, səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1077.1-ci maddəsinə əsasən, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarına və mülki iş materiallarına əsasən müəyyən edildi ki, İddiaçı Cavabdeh ASC-nin səhmdarı olmasına baxmayaraq, 2014-2022-ci illər ərzində onun cəmiyyətin fəaliyyəti barədə səhmdar olaraq məlumatı olmamış, Mülki Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan hüquqları təmin edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh ASC-nin 2014-2022-ci illər üzrə X2 iclas protokollarının surətlərinin İddiaçı təqdim edilməsi və maliyyə hesabatları ilə İddiaçı tanış edilməsi öhdəliyi Cavabdeh ASCnin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 99.2-ci maddəsinə görə, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını, hesabat dövrü üzrə maliyyə göstəriciləri, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi, ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Məhkəmə qeyd edir ki, müvafiq normanın tələbindən göründüyü kimi, açıq səhmdar cəmiyyəti sözügedən məlumatları hamının tanış olması üçün hər il dərc etmək vəzifəsi daşıyır. Onun həmin məlumatları səhmdara təqdim etmək öhdəliyi qanunvericilikdə təsbit edilmədiyindən, həmin hissələrdə iddia tələbinin qanuni əsası mövcud deyil. Məhkəmə sorğusu əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Cavabdeh ASC-yə ödənilmiş kompensasiya məbləği barədə ətraflı arayış məhkəməyə təqdim edilmiş və iddia tərəfi arayışda qeyd olunan kompensasiya məbləği ilə tanış olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbinin qeyd olunan hissəsinə məhkəmə tərəfindən baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, hazırkı iddia ərizəsi ilə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq, hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən yuxarıda göstərilənlər ümumiləşdirilərək məhkəmə iclasında tədqiq edilən sübutlar hərtərəfli qiymətləndirilmiş və məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəldi ki, hazırkı iddia tələbi yuxarıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən qəmin edilsin. Cavabdeh ASC-nin 2014-2022-ci illər üzrə X2 iclas protokollarının surətlərinin İddiaçı təqdim edilməsi və maliyyə hesabatları ilə İddiaçı tanış edilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar