Məhkəmə qərarları › İş №e-2(008)-3298/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3298/2023

14.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3298/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakda payların naturada ayrılması, mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakda payların naturada ayrılması və paylara uyğun bölgü sxeminin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh2 mülkiyyətində olan 1 otaq 14.0 kv.metr hissəsi və İddiaçı mülkiyyətində olan 2 otaq 42.6 kv.metr hissəsinə dair payları naturada ayrılmaqla, paylara uyğun bölgü sxemi tərtib edilməklə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1 otaq 14.0 kv.metr hissəsi Cavabdeh2 və 2 otaq 42.6 kv.metr hissəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1 otaq 14.0 kv.metr hissəsi Cavabdeh2 adına qeydiyyatdan keçirildiyindən, müstəqil surətdə mülkiyyətində olan evə dair müstəqil sərəncam verə bilmir. Cavabdeh2 isə atasının keçmiş arvadı olduğundan, münasibətləri normal deyildir. Hal-hazırda isə öz ailə üzvlərini mülkiyyətində olan mənzilə qeydiyyata alınmasını istəsə də, evin digər payçısı Cavabdeh2 hər hansı səbəb göstərmədən, mülkiyyətində olan əmlaka dair müstəqil sərəncam vermək hüququnu məhdudlaşdırır. Bu səbəbdən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaq 42.6 kv.metr hissəsinə dair yeni ünvan göstərilməklə, yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Lakin onun öz mülkiyyətində olan hissəyə dair yeni ünvan göstərilməklə çıxarış ala bilməməsi səbəbindən, onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Lakin o, xüsusi mülkiyyətində olan evə dair çıxarışda göstərilən ünvan 1 ünvanın dəyişdirilərək, yeni ünvan göstərilməklə yeni çıxarışın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən imtina məktubu ilə müraciəti təmin edilməmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 2 otaq 42.6 kv.metr hissəsinə dair yeni ünvan göstərilməklə, yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini təmin edilməsini, yeni ünvan verilməklə, yeni çıxarışın verilməsi mümkün olmadıqda isə, imtinanın səbəbləri barədə yazılı məlumat verilməsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********20 saylı məktubu ilə bildirilmişdir ki, müraciətdə qeyd edilən məsələ ilə bağlı İddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim ediləcəyi təqdirdə müraciətə qanuna müvafiq qaydada baxılacaqdır. Bundan sonra, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yeni ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın yenisi ilə əvəzedilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 2 otaq 42.6 kv.metr hissəsinə dair yeni ünvan göstərilməklə, yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1898/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddianın mümkün sayılmamasının əsası isə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında paylı mülkiyyətdə olan daşınmaz əmlakın fiziki olaraq bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından, iddiaçının hazırkı iddia vasitəsilə nail olmaq istədiyi məqsədə çatması, yəni Sabunçu rayonu ünvan 4 ünvanında yerləşən mənzilə dair payının ayrılmaqla, ayrı ünvan və çıxarış verilməsi mümkünsüzdür. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1 otaq 14.0 kv.metr hissəsi Cavabdeh2 və 2 otaq 42.6 kv.metr hissəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1 otaq 14.0 kv.metr hissəsi Cavabdeh2 adına qeydiyyatdan keçirildiyindən, İddiaçı müstəqil surətdə mülkiyyətində olan evə dair müstəqil sərəncam verə bilmir. Cavabdeh2 atasının keçmiş arvadı olduğundan, münasibətləri normal deyildir. Bu səbəbdən, notarial qaydada bölgü sxemini təqdim etmək onun imkanları xaricindədir. Cavabdeh2 ona mülkiyyət hüquqlarını həyata keçirməsinə maneçilik törədir. O, çıxarışda göstərilən ünvanın dəyişdirilməsi ilə bağlı müraciətinin təmin edilməməsi səbəbindən mülkiyyət hüquqlarından istədiyi kimi istifadə edə bilmir. Həmin ünvanda yerləşən evinə dair sərəncam verə bilmir. Bu isə onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində mülkiyyətçilərin payı naturada ayrılmış, 1 otaq 14.0 kv.metr hissəsi Cavabdeh2 və 2 otaq 42.6 kv.metr hissəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin mükiyyətçilər birgə paylı mülkiyyətdə olan əmlaka dair birgə sərəncam verə bilmədiyindən, iddiaçı xüsusi mülkiyyətində olan evə yeni ünvan verilməklə, yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün bölgü sxeminin alınması zəruridir. Cavabdeh isə könüllü olaraq bölgü sxemini tərtib etməyə razı olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən, məhkəmədən paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh2 mülkiyyətində olan 1 otaq 14.0 kv.metr hissəsi və İddiaçı mülkiyyətində olan 2 otaq 42.6 kv.metr hissəsinə dair payları naturada ayrılmaqla, paylara uyğun daşınmaz əmlakın dövlət reyestridən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun 1/3 hissəsinin Cavabdeh2, 2/3 hissəsinin isə İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşdirilmiş həcmdə müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh2 1 otaq 14.0 kv.metr və İddiaçı 2 otaq 42.6 kv.metr olmaqla 2 hissəyə bölünməsi texniki cəhətdən mümkün deyildir. Bundan sonra İddiaçı bildirişlə Cavabdeh2 müraciət edərək, payı satın almaqda üstünlük hüququ olduğundan, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin 2 otaq 42.6 kv.metr hissəsinə dair payının 60.000 manata satılmasını təklif etmiş, lakin cavabdeh həmin təklifə cavab verməmiş, payı satın almaqdan imtina etmişdir. Hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyətçiləri Cavabdeh2 və İddiaçı birgə mülkiyyətdə olan əmlakdan birgə istifadə edilməsinə dair aralarında razılıq əldə olunmadığından, cavabdeh iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə hər cür vasitələrlə maneə yaratdığından, paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq satışından əldə olunmuş məbləğin paylara uyğun bölüşdürülməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı payının satılmasını təklif etsə də, payı satın almaqdan imtina etmişdir. Paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq satışından əldə olunmuş məbləğin paylara uyğun bölüşdürülməsinə etiraz edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 14 saylı mənzilin 1 otağı (14.0 kv.m) xx.xx.2011-ci il tarixdə Cavabdeh2, 2 otağı (42.6 kv.m) xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Cavabdeh2 adına verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi ev 3 ünvanında yerləşən 14 saylı mənzilin 1 otağı (14.0 kv.m) xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2383/2011 nömrəli xx.xx.2011ci il tarixli qərarından görünür ki, Seyfullayev Babacan Dədəcan oğlunun kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4048 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi ev 3 ünvanında yerləşən 14 nömrəli mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında paylara uyğun ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci bəndinə və metodik əsasların Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun qaydada naturada paylara uyğun Cavabdeh2 1 otaq 14.0 kv.metr və İddiaçı 2 otaq 42.6 kv.metr olmaqla 2 hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. - paylı mülkiyyətdə olan payın satılması barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi ev 3 ünvanında yerləşən 14 saylı mənzilin paylı mülkiyyətində olan 2 otağının (42.6 kv.metr) 60.000 manata Cavabdeh2 tərəfindən alınmasını sonuncuya təklif etmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 43 nömrəli xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3 saylı evin 14 saylı mənzilinin bazar dəyəri 100.000 manat, likvid dəyəri 90.000 manat təşkil edir. 21-1 nömrəli xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, hesabatın verilməsi üçün xidmət haqqı 100 manat təşkil edir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi üç hissədən ibarətdir: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3 saylı evin 14 saylı mənzilin naturada bölünməsi; Bu mümkün olmadıqda cavabdehdən onun xeyrinə 60.000 manat məbləğində pulun kompensasiya kimi tutulması; Bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin cavabdehlə aralarında paylarına mütənasib 1/3 və 2/3 nisbətdə bölünməsi. İddia tələbinin Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3 saylı evin 14 saylı mənzilin naturada bölünməsi hissəsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4048 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi ev 3 ünvanında yerləşən 14 nömrəli mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında paylara uyğun ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci bəndinə və metodik əsasların Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun qaydada naturada paylara uyğun Cavabdeh2 1 otaq 14.0 kv.metr və İddiaçı 2 otaq 42.6 kv.metr olmaqla 2 hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bundan sonra İddiaçı mənzildəki payını satmaq istəmiş, ilkin olaraq payı almağı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218-ci maddəsinə müvafiq olaraq cavabdehə təklif etmiş və bununla bağlı ona xx.xx.2023-cü il tarixdə bildiriş göndərmişdir. Lakin cavabdeh həmin bildirişə cavab verməmişdir. Prosessual qənaət prinsipi və tərəflər arasında yaranmış mübahisə üzrə əsassız məhkəmə çəkişmələrinin qarşısının alınması üçün məhkəmə tərəfindən Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından mübahisəli mənzildə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən iddiaçıya ödənilməsi məqsədi ilə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilərək rəy alınması "xxxx" MMC-yə həvalə edilmiş, təqdim olunmuş xx.xx.2023-cü il tarixli hesabata əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3 saylı evin 14 saylı mənzilin bazar dəyəri 100.000 manat, likvid dəyəri isə 90.000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə araşdırması zaman cavabdeh ümumiyyətlə, iddiaçıya məxsus mənzilin 2/3 hissəsinin satın alınması müqabilində kompensasiyanın ödənilməsinə, yaxud mənzilin satılmasına qətiyyətlə razı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qərarda həmçinin göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3 saylı evin 14 saylı mənzildə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən iddiaçıya ödənilməsi təklifi müsbət həll olunmadığı üçün iddia tələbinin mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin tərəflər arasında 1/3 və 2/3 nisbətdə bölünməsi hissəsinə hüquqi qiymət verilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən paylı mülkiyyətdə olan payın açıq hərracda satılmasına qədər olan prosessual qaydalara iddiaçı tərəfindən riayət edilmiş, heç bir nəticəsi olmadığından əmlakın açıq hərracdan satışa çıxarılması hazırkı halda qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3 saylı evin 14 saylı mənzili açıq hərracda satılmalı və satışdan əldə olunacaq pul vəsaitinin paylarına mütənasib 1/3 hissəsi Cavabdeh2, 2/3 hissəsi isə İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə tikintitexniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mənzilin qiymətləndirilməsinə dair aparılmış hesabatın dəyəri olan 100 manat məbləğində pulun 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh2 tutulmalı və "xxxx" MMC-nin (icraçının VÖEN-i: **********, H/H: AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov filialı, M/H: AZ37NABZ********************, kod: 200093, bankın VÖEN-i: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti 3 saylı evin 14 saylı mənzili açıq hərracda satılsın və satışdan əldə olunacaq pul vəsaitinin paylara mütənasib 1/3 hissəsi Cavabdeh2, 2/3 hissəsi isə İddiaçı ödənilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mənzilin qiymətləndirilməsinə dair aparılmış hesabatın dəyəri olan 100 manat məbləğində pulun 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh2 tutulsun və "xxxx" MMCnin icraçının VÖEN-i: **********, H/H: AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov filialı, M/H: AZ37NABZ********************, kod: 200093, bankın VÖEN-i: **********, SWİFT: AİİBAZ2X hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar