Məhkəmə qərarları › İş №e-2(008)-3580/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3580/2023

20.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3580/2023 20.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 525,37 manat pulun, illik 5%-lə hesablanmış 67,86 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 17.8.2020 tarixində “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmişdir. Nəticədə Cavabdeh banka cəmi 525,37 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, onun istifadəsində olan karta 500 manat pulun köçürüldüyü və həmin pulu xərclədiyini bildirmişdir. Sözügedən məbləğin qaytarılmasına razıdır, lakin əldən çıxmış fayda məbləğinin tələb olunması ilə razılaşmır və iddianın həmin hissədə rədd olunmasını xahiş etdi. Məhkəmə, iddia ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh ödəniş kartı üzrə xx.xx.2023-cü il tarixli, xx.xx.2020-xx.xx.2023-cü il dövrü əhatə edən çıxarışından görünür ki, onun tərəfindən 525,37 manat məbləğində pul vəsaiti xərclənmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kart hesabından istifadə etdiyi 525,37 manat məbləğində pulun qaytarılması barədə rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh istifadəsində olan ******************** nömrəli plastik kart hesabından 525,37 manat məbləğində istifadə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə də məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdeh tərəfindən istifadə olunmuş 525,37 manat məbləğində pul vəsaitinin tələb edilməsi hissəsində təmin olunmalı, Cavabdeh 525,37 manat məbləğində borc məbləği tutularaq, iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməlidir. İddia tələbinin 67,86 manat əldən çıxmış faydanın ödənilməsi hissəsində məhkəmə aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri il ə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Lakin hazırkı iddia tələbinin yaranma əsası cavabdeh tərəfindən qanun, yaxud müqavilə üzrə əsas olmadan 525,37 manat pulun əldə edilməklə əsassız olaraq varlanması olmuşdur. Belə olan halda, həmin pul məbləği kredit öhdəliyindən irəli gəlmədiyindən, məhkəmə hesab edir ki, həmin pulun üzərinə iddiaçı faiz hesablamaqla haqlı olmamışdır. Odur ki, iddia tələbi göstərilən hissədə rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi cavabdehə, qalanı isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 525,37 (beş yüz iyirmi beş manat, otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar