Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3656/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1-dən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2006-cı ildə verilmiş ********* qeydiyyat nömrəsi olan çıxarışa əsaəsn ünvan 1 onun xüsusi mülkiyyətindədir. Sözügedən mənzildə Cavabdeh pasport qeydiyyatındadır. Qeyd edilən şəxs onun oğlu olsa da, xeyli vaxtdır ki, 3 ildən artıqdır ki, həmin ünvanda yaşamır, qeydiyyatı formal xarakter daşıyır. Bu fakt Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti başçısının Aparatı Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 148 nömrəli Mənzil Kommunal İstismar sahəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş 113 nömrəli arayışla da öz təsdiqini tapır. Onun həmin ünvanda formal olaraq qeydiyyatda qalması onu bir mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olmuşdur. Ümumiyyətlə, onun iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmağı iddiaçını narahat edir, onun mənzilinə formal qeydiyyatına son vermək üçün Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etsə də, Bakı Şəhəri Sabunçu Rayonu Polis İdarəsi müraciətinə şifahi qaydada imtina etmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə etdiyini bildirərək, şahid ifadələrindən və arayışlardan görünür ki, cavabdeh orada uzun müddətdir ki, yaşamır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini bildirmiş, 28 ildir o evdə yaşadığını, qarşı tərəfin istəmədiyi insanla ailə həyatı qurduğuna görə bu ilin fevral ayından evdən çıxıb etdiyini, bütün əşyalarının və sənədlərinin o evdə qaldığını qeyd etmiş, bununla bağlı şahidlərinin olduğunu da əlavə etmişdir. O, bildirmişdir ki, anası yeni evləndiyi qadını qəbul etmədiyinə görə onu evdən çıxmağa məcbur etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 edənin suallarına cavab olaraq bildirdi ki, iddiaçının qonşusudur, cavabdeh iddiaçının oğludur, doğulandan həmin evdə yaşayıb, 3 ildir ki, yaşamır. Heç bir qovulma, dava-dalaş olmayıb və könüllü gedib. Məhkəmə iclasında şahid qismində dindirilən X2 edənin suallarına cavab olaraq bildirdi ki, iddiaçının qonşusudur, cavabdeh iddiaçının oğludur, onun uşaqlıq dostudur, doğulandan orda yaşayıb, o, gəmidə işləyir evə qayıdanda görüb ki, artıq cavabdeh o evdə yaşamır, Sevdaya o qulluq edib, anası ilə aralarında münasibətləri pis idi, 2020-ci ildən görmür onu. İş materiallarında olan xx.xx.2006-cı il tarixli MH seriyalı 005418 nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov Muxtadır küçəsində istifadədə olan 0,061707 ha torpaq sahəsində yerləşən 4 nömrəli 2 mərtəbəli binada 51,02 kv.m ümumi, 24 kv.m yaşayış sahəsindən ibarət 28 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 235 nömrəli reyestr kitabının 23428 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı Şəhəri İcra Hakimiyyəti başçısının Aparatı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 148 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 113 nömrəli arayışından görünür ki, Cavabdeh anasının adına olan Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 4 mənzil 28 ünvanında qeydiyyatdadır, lakin hal-hazırda yaşamır. - X6 və X4 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Cavabdeh 2020-ci ildən həmin ünvanda yaşamır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Aydınbəyov küçəsində yerləşən 4 nömrəli evdə olan 28 nömrəli mənzil 2006-cı ildən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh iddiaçının oğludur. Cavabdehin 2006-cı ildən orada yaşaması da işin mübahisəsiz halıdır. İşin mübahisəli halı cavabdehin həmin mənzildə istifadə hüququnun olub-olmaması, varsa istifadə hüququna xitam verilməsinin əsasının olub-olmamasıdır. Bu zaman bu zaman mübahisənin hansı illəri əhatə edən qanunvericiliyə əsasən həll olunması və cavabdehin həqiqədən də orada yaşamadığını müəyyən etmək zəruridir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş üzrə iddiaçının mübahisəli evə mülkiyyət hüquqularının 2006-cı ildə qeydə alındığı, tərəflərin həmin zaman oraya köçdükləri müəyyən olduğundan tərəflər arasında hüquq münasibətləri həmin zaman yaranmış və cavabdehin mübahisəli evə istifadə hüququnun olubolmaması həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının MM-nın 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının MM-nın 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Qərarda həmçinin qeyd olunur ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Beləliklə məhhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının oğlu olduğuna görə həmin mənzilə köçürüldükdə və onunla birgə yaşamağa başladıqda həmin evə istifadə hüququ əldə etmişdir. Hazırda onun qeyd olunan mənzilə istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi üçün onun öz razılığı ilə oradan getməsi, həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması ilə şərtləndirilmişdir. Qeyd olunan hallarla bağlı iddiaçı tərəfindən sübut olaraq sahid ifadələri və 148 saylı MKİS-in arayışı təqdim olunaraq cavabdehin orada yaşamadığı sübut olunmağa çalışsa da, cavabehin həmin mənzildən getməsinə səbəb onun həmin yaşayış sahəsindən ehtiyacının aradan qalxması sübut olunmamışdır. Çünki, cavabdehin izahatı, şahid ifadələri və ümumi məhkəmə araşdırması ilə müəyyən olunan hal ondan ibarət olmuşdur ki, tərəflərin münasibətləri korlanıb və aralarında yaranan münaqişləri zəminində cavabdeh öz yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. İş materialları ilə cavabdehin başqa yaşayış yerinin olması sübuta yetirilmədi. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi yalnız onun həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxdıqda halda mümkün ola bilər. Əks təqdirdə isə Mülki Məcəllənin 228.2ci maddəsinə əsasən bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-3656/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3656/2024
23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver