Məhkəmə qərarları › İş №e-2(008)-4064/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4064/2023

07.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4064/2023 07.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3856,06 (üç min səkkiz yüz əlli altı manat altı qəpik) manat məbləğində borcun silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri ünvan 1 ünvanda quraşdırılan sayğac X6un adınadır. Abonent kodu **********10000-dır. Ünvana quraşdırılan sayğac mexaniki sayğacdır və hər ay çek verilməklə ödəniş edilir. X6 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Aprel ayında iddiaçıya təqdim edilən qəbzdə 3856,06 manat borcunun olduğu məlum olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmiş, müraciətin əsasında məlum olmuşdur ki, mərhum atası barəsində 2020-2021-ci illər ərzində təbii qazdan istifadə qaydalarının pozulması haqqında çoxsaylı aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2667 manat, xx.xx.2021-cı il tarixli ******* №-li akt əsasında 396 manat, xx.xx.2021-cı il tarixli ******* №-li akt əsasında 396 manat, xx.xx.2021-cı il tarixli ******* №-li akt əsasında 396 manat borc yazılmışdır. Cavabdeh təşkilat əgər 2020-2021-ci illər ərzində təbii qaz xəttinin talanmağını aşkar etmişdirsə, bəs nəyə görə bu qanunsuzluğun qarşısını almaq üçün ünvanına təbii qazın verilməsini dayandırmırdı. Çünki, “Qazdan istifadə Qaydalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında çıxarılmış aktlarda 1991-ci ildə vəfat etmiş atasının imtina etməsi göstərilmişdir. Həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi həmin aktlar formal olmaqla bərabər ölmüş şəxsin adına çıxarıldığı üçün həmdə qanunsuz və etibarsızdır. Sözügedən bu aktlar sayğaca müdaxilə edilməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız cavabdeh təşkilatın maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 Ns-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması- hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Bundan başqa, sözgedən aktlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada tərtib olunmuşdur. Halbuki, qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tərtib edilmiş əsassız aktlar ucbatından 3856,06 manat borc yazılmışdır. 2023-cü ilin aprel ayına kimi iddiçıya təqdim edilmiş qəbzlərdə borcunun olmadığın öz əksini tapır, lakin aprel ayında verilmiş qəbzdə birdən birə 3856,05 manat borc yaranır, üstəlik bu borc, 2020-2021-ci illərdə yazılıb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X3 iddianı qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını təhqiq edib, hesab edir ki, iddia qismən edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). ünvan 2 ünvanında abonent kimi **********10000 abonent kodu ilə Cavabdeh İB tərəfindən qeydiyyata Salahov Sahib alınmışdır. xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı həmin abonent Salahov SahibTalıb oğlunun oğludur (AZ seriyalı 614327 №-li doğum haqqında şəhadətnamə) və həmin ünvanda yaşayır. Salahov SahibTalıb oğlu xx.xx.1991-ci il tarixdə ölmüşdür (İV-JQ seriyalı 341609 №li ölüm haqqında şəhadətnamə). Cavabdeh əməkdaşları tərəfindən xx.xx.1991-ci il tarixdə ölmüş Salahov SahibTalıb oğlu barəsində aşakıdakı aktlar tərtib edilmişdir: xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 2656,80 manat, xx.xx.2021-cı il tarixli ******* №-li akt əsasında 396 manat, xx.xx.2021-cı il tarixli ******* №-li akt əsasında 396 manat, xx.xx.2021-cı il tarixli ******* №-li akt əsasında 396 manat borc. Dörd akt üzrə ölmüş abonentə 3844,8 manat itirlmiş sərfiyyata görə ödəniş hesablanmışdır. Aktlar tərtib edilərkən evdəki cihazların orta günlük iş rejimi 24 saat, birinci akt üzrə hesabat müddəti 270 gün, digər üç akt üzrə 30 gün götürülməklə hesabatlar aparılmış, aktların abonent tərəfindən imzamalaqdan imtina edilməsi barədə qeyd verilmiş, aktlarla aşkar edilən qüsurun sübutuna dair fotoşəkillər əlavə edilmişdir. Aktlar üzrə hesablanmış məbləğlər abonentin saldosunda əksini tapsa da, 2023-cü ilin aprel ayına kimi iddiçıya təqdim edilmiş qəbzlərdə borcun olduğu əksini tapmamış, ancaq 2023-cü ilin aprel ayında verilmiş qəbzdə 3856,05 manat borcun olduğu qeyd edilmişdir. Hazırda iddiaçı 3856,05 manat borcun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 325.3-cü maddəsinə əsasən əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. Məhkəmə cavabdeh tərəifndən tərtib aktları birtərəfli əqd kimi qiymətləndirərək hesab edir ki, həmin aktlar 30 il əvvə ölmüş şəxs barəsində tərtib edildiyində etibarlı hesab edilə bilməzlər. Həmin aktların «abonent almaqdan imtina etdi» qeydi ilə tərtib edilməsi aktların formal olaraq tərtib edilməsinə dəlalət edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 №-li qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1-ci maddəsinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, cavabheh tərəfindən 2020-2021-ci illərdə yazılmış aktlar üzrə hesablanmış borc 2023-cü ilin aprel ayına iddiaçıdan istənilməmiş, iddiaçı təqdim edilmiş qəbzlər üzrə mütəmadi olaraq borcunu ödəmiş və ancaq 2023-cü ilin aprel ayında ölmüş insan tərfindən yol verilmiş səhvə görə birdən-birə həmin məbləğ istənilmiş, halbuki Qaydalara görə bunu tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi istəyir ki, aktlar üzrə 3844,8 manat hesablanmış olsa da, iddiaçı 3856,05 manat borcun silinməsini istəyir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, 3844,8 manat silinməli, iddia qalan hissədə rədd edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3844,8 manat məbləğində borc **********10000 №-li abonent kodundan silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar