Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-409/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9000 manat məbləğində pulun, ödənilmiş 110 manat dövlət rüsumunu və hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 9000 manat məbləğində borc pul vermişdir. Həmin pulları ona iki dəfəyə vermişdir. İlkin olaraq 6000 manat özünə məxsus olan kart vasitəsilə onun göndərdiyi karta göndərmiş, 3000 manat isə cavabdehə nağd şəkildə Novxanıda vermişdir. Hazırda cavabdeh borcunu ödəmir. Bu barədə aralarında "WhatsApp" yazışmaları var. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə o, müxtəlif bahanələr gətirərək borcunu ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, borc məsələsi yazışmalarda da sübut olunur, aralarında borc mübahisəsi olub və cavabdehdə öz smsləri ilə bunu təsdiq edib. Tərəflər arasında dostluq münasibəti olmuşdur, o, gül satışı ilə məşğuldur, uzun müddət dost olmuşlar. Dəfələrlə iddiaçı ona borc vermişdir, cavabdeh isə həmişə də borcunu qaytarmışdır. İddiaçı öz kartından cavabdehin onun "WhatsApp"-da göndərdiyi karta 6000 manat pul köçürmüşdür. 9000 manat borcu barədə İG mesajlarında söhbətlər gedib, "WhatsApp"-da isə olmayıb. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə görə, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, "Kapital Bank"ın xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı tərəfindən 6000 manat məbləğində məxaric etmişdir. İş materiallarına bundan başqa iddiaçı ilə cavabdeh arasında olan "WhatsApp" yazışmalarından görünür ki, cavabdeh iddiaçıdan götürdüyü 9000 manat pulu qaytaracağını bildirmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı aralarında hər hansı müqavilə olmadan 9000 manat pul Cavabdeh vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə hesab edir ki, iddiaçı 9000 manat pulun cavabdehə verilməsini sübuta yetirə bilmişdir. Ona görə də, hüquqi əsas olmadan iddiaçının hesabına əldə etdiyi pul vəsaiti cavabdeh ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2024-ci ildə ********** nömrəli mədaxil qəbzlə 110 manat dövlət rüsumu, xx.xx.2024-ci ildə 121500 nömrəli qəbzlə 300 manat Sumqayıt Regional Vəkil Bürosuna ödənilmişdir. Həmin məbləğlər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9000 manat pul, ödənilmiş 110 manat dövlət rüsumu və 300 manat hüquqi yardıma görə xidmət haqqı, cəmi 9410 (doqquz min dörd yüz on) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Həmin müddət bitdikdən sonra tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-409/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(008)-409/2025
11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver