Məhkəmə qərarları › İş №e-2(008)-4135/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4135/2024

13.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4135/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Vəkil Bürosuna qarşı “vəkillik fəaliyyətinə suni maneələrin yaradılmasının qarşısının alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Vəkil Bürosuna qarşı “vəkillik fəaliyyətinə suni maneələrin yaradılmasının qarşısının alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müştərilərinin təmsil edilməsini təmin etmək üçün ona vəkil orderlərinin verilməsi və dövlət rüsumunun cavabdeh tərəfindən ona qaytarılması barədə qətnamə qəbul edilməsinı xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Məhkəmə iddia icraatı qaydasında pozulmuş hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia ərizəsində müştərilərinin təmsil edilməsini təmin etmək üçün ona vəkil orderlərinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, vəkil orderləri Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən verilir. Hazırkı tələb üzrə iddiaçı məhkəməyə deyil, Vəkillər Kollegiyasının Rəyasət Heyətinə və ya Vəkillər Kollegiyasına müraciət etməlidir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun:

1. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır.

9. Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyası hüquqi şəxsdir. Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) və Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkillər Kollegiyasının orqanlarıdır. Vəkillər Kollegiyası aşağıdakı vəzifələri həyata keçirir: bu Qanunun tələblərinə uyğun olaraq Kollegiya üzvlüyünə qəbul olunma məsələsini həll edir; bu Qanunun tələblərinə uyğun olaraq intizam nəzarətini həyata keçirir; hüquq mühafizə orqanlarının və məhkəmələrin tələbi əsasında vəkillik fəaliyyəti ilə bağlı məsələlərə rəy verir; vəkillərə münasibətdə öz səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı nəzarət orqanının funksiyalarını həyata keçirir; bu Qanunun tələblərinə uyğun olaraq başqa məsələləri həll edir. 1 1 . Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını tərtib edir və müvəqqəti saxlama yerlərinə təqdim edir; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayır; vəkillər haqqında intizam icraatı başlayır; vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir; Rəyasət Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əmək haqqını təsdiq edir və bu Qanunda nəzərdə tutulmuş digər məsələləri həll edir. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin: 1.5. Vəkil orderi (bundan sonra – order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. 3.1. Order markaları mərkəzləşdirilmiş qaydada vəkil qurumları və fərdi vəkillər tərəfindən Rəyasət Heyətindən verdikləri sifariş əsasında əldə olunur. Order xərci bu barədə müvəkkil məlumatlandırılmaqla vəkil qurumunun rəhbəri, vəkil qurumunun hüquqi yardım göstərəcək vəkili və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən hüquqi yardım göstərilməsi haqqında müqavilə məbləğinə əlavə edilir. 3.2. Order markasının vəkil qurumuna (fərdi qaydada fəaliyyət göstərən vəkilə) təhvil verilməsi məsul şəxs tərəfindən həyata keçirilir. Order markası vəkil qurumunun rəhbərinə, o hər hansı səbəbdən işdə olmadığı dövrdə qanunla müəyyən olunmuş qaydada (etibarnamə və ya əmr əsasında) onun vəzifələrini icra edən vəkilə və fərdi qaydada fəaliyyət göstərən vəkilə şəxsən Vəkillər Kollegiyasının inzibati binasında təqdim edilməklə həyata keçirilir. 3.3. Order markasının əldə edilməsi vəkil qurumu (fərdi qaydada fəaliyyət göstərən vəkil) tərəfindən order markasının sayına uyğun olaraq Vəkillər Kollegiyasının müvafiq bank hesabına ödənilmiş məbləği təsdiq edən ödəniş sənədi məsul şəxsə təqdim edildikdən və bu barədə uçot jurnalında qeydlər aparılaraq imzalandıqdan sonra həyata keçirilir. 3.5. Vəkillər Kollegiyasının Rəyasət heyətinin sədri order markasının vəkil qurumlarına (fərdi qaydada fəaliyyət göstərən vəkilə) təhvil verilməsinin xüsusi prosedurunu və hesabatlılığını müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1.-cu maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 13.4.-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5.-cü maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur, 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Vəkil Bürosuna qarşı “vəkillik fəaliyyətinə suni maneələrin yaradılmasının qarşısının alınması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırkı tələblə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə və ya Vəkillər Kollegiyasına müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 100 manat (qəbzin nömrəsi **********) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər.

Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar