Məhkəmə qərarları › İş №e-2(008)-4162/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4162/2023

14.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4162/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ ilə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ ilə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2300 (iki min üç yüz) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 43 (qırx üç) manat, müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat, ümumilikdə 2353 (iki min üç yüz əlli üç) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Opel Astra” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Zabrat-Kürdəxanı yolu ərazisində Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Lexus İS 250” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Lexus İS 250” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2300 (iki min üç yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarda müəyyən edilmişdir ki, “Opel Astra” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən 07 mart 2023-ci il tarixli 0246/23 nömrəli məktubla Cavabdeh2 qarşı 2300 (iki min üç yüz) manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli sığorta aktının və ödəniş tapşırığının "xxxx" ASC tərəfindən təsdiqlənmiş surətindən görünür ki, zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 2300 manat məbləğində sığorta ödənişi X3 hesabına köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, subroqasiya hüququna əsasən 2300 manat məbləğində vəsaitin 7 iş günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi Cavabdeh2 tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə “Opel Astra” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - xx.xx.2022-ci il tarixli qüsur aktından və elektron qaimədən görünür ki, "xxxx" ASCnin sifarişi əsasında icraçı X5 tərəfindən “Lexus İS 250” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği (təmir və usta xərci) 2300 manat müəyyən edilmişdir. - X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Lexus İS 250” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği (təmir və usta xərci) 2300 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Lexus İS 250” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği (təmir və usta xərci) 2300 manat təşkil edir. - 286336 saylı etibarnamənin surətindən görünür ki, “Opel Astra” minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə Cavabdeh1 tərəfindən Cavabdeh2 idarə etmək səlahiyyəti verilmiş və həmin etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. - Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, “Opel Astra” minik markalı **-HY-*** və “Opel Astra H” minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri Cavabdeh1 mülkiyyətindədir. - İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Opel Astra” markalı **- GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də 5000 manat məbləğində sığorta edilmişdir. - iddia ərizəsindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 43 manat dövlət rüsumu ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Opel Astra” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Lexus İS 250” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlikləri əsasında avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. X7 tərəfindən tərəfindən tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli hesabata əsasən “Lexus İS 250” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği (təmir və usta xərci) 2300 manat müəyyən edilmişdir. xx.xx.2022ci il tarixli sığorta aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 2300 manat məbləğində sığorta ödənişi X3 hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən ödənilmiş məbləğ cavabdehdən tələb edilsə də, sonuncu tələb olunan məbləği ödəməkdən yayınmışdır. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2300 manat sığorta ödənişinin məbləğini cavabdehlərdən tələb etmək hüququna malikdir. Məhkəmə, istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduqlarından, sığorta ödənişinin əvəzini ödəməlidirlər. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu və müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada subroqasiya qaydasında dəymiş ziyana görə 2300 (iki min üç yüz) manat sığorta ödənişi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada subroqasiya qaydasında dəymiş ziyana görə 2300 (iki min üç yüz) manat sığorta ödənişi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar