Məhkəmə qərarları › İş №e-2(008)-4462/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4462/2025

04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4462/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı "nikah müddətində əldə edilmiş "Porsche Cayenne minik" markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 11000 manat pul vəsaitindən 5500 manat məbləğinin tutularaq ona verilməsi, ½ hissədə pay hüququnun tanındığı "BMW 320" minik markalı 90LM046 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin dəyəri 12500 manat olmaqla açıq hərracda satılması, satış pulunun paylara mütənasib surətdə bölüşdürülərək, ona ödənilməsini, 100 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin cavabdehdən tutulması" tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "birgə nikah dövründə əldə edilmiş "BMW 320" minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı və "Chevrolet Aveo" minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərində Cavabdeh1 ½ hissədə, X2 ½ hissədə pay hüququ müəyyən edilmiş daşınar əmlakın üzərinə həbs qoyulması, istifadə hüququnun məhdudlaşdırılması, qiymətləndirilməsi, açıq hərracdan satılmasını və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, Cavabdeh2 "Chevrolet Aveo" minik markalı ** BU *** avtomobilin alınması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci ildə keçirilmiş hazırlıq iclasında iddiaçı Cavabdeh2 qarşı iddia tələbindən imtina etdiyini bildirdiyindən, məhkəmə tərəfindən hazırkı qətnamə iddiaçının Cavabdeh1 qarşı tələbi üzrə çıxarılmışdır. Tələbi onunla əsaslandırmışdır ki, Baki Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur və birgə nikah dövründə əldə edilmiş “BMW 320” minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı və “Chevrolet Aveo” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərində Cavabdeh1 ½ hissədə, BayramovaElnarə Sabir qızının ½ hissədə pay hüququ müəyyən edilmişdir. Lakin pay müəyyən olunsa da, natura şəklində bölünməsi mümkün deyildir. Hazırda pay hüququndan istifadə edə bilmir. Nəqliyyat vasitəsitələrinin hazırkı bazar dəyərinin məhkəmə baxışı zamanı qiymətləndirilmə ekspertizası təyin edilməklə dəqiqləşdirilə bilinər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən, mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər- arvadın birgə mülkiyyətisayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il: Mülki Məcəllənin 220.6-cı maddəsinin “bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər” müddəasının və həmin Məcəllənin 221-ci maddəsinin “əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır” müddəasının Konstitusiyanın 13 və 29-cu maddələri, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsiMülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. İddiaçının nümayəndəsi xx.xx.2025-ci ildə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbini "nikah müddətində əldə edilmiş "Porsche Cayenne minik" markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısından əldə edilmiş 11000 manat pul vəsaitinin yarısı 5500 manat tutularaq ona verilməsi, ½ hissədə pay hüququnun tanındığı "BMW 320" minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin dəyəri 12500 manat müəyyən edilərək açıq hərracda satılması, satış pulunun payına mütənasib surətdə ona ödənilməsini, 100 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin Cavabdeh1 tutulub ona verilməsi" kimi ifadə etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin qanunvericiliyin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mümkün hesab edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 3290/2023 nömrəli qətnaməsindən görünür ki, birgə nikah dövründə əldə edilmiş "BMW 320” minik markalı, ** LM *** dövlət qeydiyyat nişanlı və "Chevrolet Aveo" minik markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərində Cavabdeh1 ½ hissədə, X2 ½ hissədə pay hüququ müəyyən edilmişdir. - "xxxx" MMC-nin LP-077/2025 nömrəli xx.xx.2025-ci il tarixli qiymətləndiricinin hesabatından görünür ki, "BMW 320 minik" markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 12500 manat təşkil edir. - "xxxx" MMC-nin LP-076/2025 nömrəli xx.xx.2025-ci il tarixli qiymətləndiricinin hesabatından görünür ki, "Chevrolet Aveo" markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 6800 manat təşkil edir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən görünür ki, "Porsche Cayenne minik" markalı ** ZF *** dövlət qeydiyyat nişanlı, "Chevrolet Azeo" markalı ** BU *** dövlət qeydiyyat nişanlı və "BMW 320" markalı 90LM046 dövlət qeydiyyat nişanlı avtomobillər Cavabdeh1 adına qeydiyyatdadırlar. - xx.xx.2023-cü il tarixli "Nəqliyyat vasitənin alqı-satqı müqaviləsi"ndən görünür ki, satıcı Cavabdeh1 "Porsche Cayenne minik" markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobili alıcı X3 11000 manata satmışdır. İş üzrə müəyyən edilmiş hallar ondan ibarətdir ki, tərəflər xx.xx.2002-ci ildə ailə qurmuşlar, Bakı Şəhəri Yasamal Rayon Məhəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə "Porsche Cayenne minik" markalı 90ZF919 dövlət qeydiyyat nişanlı, "Chevrolet Azeo" markalı ** BU *** dövlət qeydiyyat nişanlı və "BMW 320" markalı 90LM046 dövlət qeydiyyat nişanlı avtomobillər əldə edilərək cavabdehin adına qeydiyyatına alınmış, lakin həmin nəqliyyat vasitələrdən "Porsche Cayenne minik" markalı 90ZF919 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü ildə cavabdeh tərəfindən başqa şəxsə satılmışdır. Digər avtomobillərə münasibətdə tərəflərin ½ hissədə Bakı Şəhəri Yasamal Rayon Məhəməsinin 2(004)-3290/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə payları müəyyən edilmişdir. Hazırda İddiaçı "Porsche Cayenne minik" markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 11000 manat pul vəsaitinin yarısı, yəni 5500 manat məbləğinin tutularaq ona verilməsini, "BMW 320" minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin dəyəri 12500 manat olaraq açıq hərracda satılmasını və satışdan əldə ediləcək pul vəsaitinin paylara uyğun bölüşdürülməsini tələb edir. Məhkəmə ilk növbədə "nikah müddətində əldə edilmiş "Porsche Cayenne minik" markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 11000 manat pul vəsaitindən 5500 manat məbləğinin tutularaq verilməsi" tələbinə münasibətdə aşağıdakıları bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə görə, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" xx.xx.2024-cü il tarixli 1/2024 nömrəli Qərarın: 7.4-cü bəndinə əsasən, reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür; 7.18-ci bəndinə görə, mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ər- arvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olur ki, daşınmaz əşyalar və reyestrdə qeydə alınmalı olan daşınar əşyalar barəsində ər (arvad) digər tərəfin razılığı olmadan sərəncam verdikdə, əşyanın satışından əldə edilmiş vəsaitdən razılığı alınmayanın payına uyğun olan hissəsinin tutulması əsaslıdır. Hazırkı işdə müəyyən edilir ki, Cavabdeh1 iddiaçının məlumatı olmadan "Porsche Cayenne minik" markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü ildə X1. Məhkəməyə təqdim edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhəməsinin 2(004)-3290/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər xx.xx.2023-cü ildən faktiki olaraq bir yerdə yaşamırlar. Cavabdeh isə "Porsche Cayenne minik" markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023cü ildə, yəni tərəflərin faktiki ailə münasibətlərində olmadığı vaxt satmışdır. Bu səbəbdən iddiaçının avtomobilin alqı-satqısından məlumatlı olmaması məhkəmə üçün iş üzrə müəyyən edilmiş hal kimi qəbul edilir. Ona görə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, "Porsche Cayenne minik" markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 5500 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Tələbin "BMW 320" minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin dəyəri 12500 manat olmaqla açıq hərracda satılması, satış pulunun paylara mütənasib surətdə ödənilməsi hissəsinə münasibətdə məhkəmə bildirir ki, tərəflərin "BMW 320" minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə payları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı hazırda həmin əşyanın hərracdan satılmasını və əldə edilən vəsaitdən payına düşən məbləğin alınmasını tələb edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 215.6-cı maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 218.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər; 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya açıq hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçısının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gələməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 220.6-cı və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Sadalanan normalarının birgə təhlilindən müəyyən edilir ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Müəyyən edilir ki, tərəflərin ümumi paylı mülkiyyətində olan "BMW 320" minik markalı 90LM046 dövlət qeydiyyat nişanlı avtomobilə payın naturada ayrılması mümkün deyil. Buna görə də, paylı mülkiyyətdə olan payın ayrılması prosesində ikinci, yəni açıq hərracdan satış mərhələsi tətbiq olunmalıdır. Beləliklə, iddiaçının "BMW 320" minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılaraq, əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsinə dair tələbi əsaslıdır. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin LP-077/2025 nömrəli xx.xx.2025-ci il tarixli qiymətləndirici hesabatından görünür ki, "BMW 320 minik" markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 12500 manat təşkil edir. Beləlikə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, "BMW 320" minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil 12500 manata açıq hərraca çıxarılaraq satılmalı, satışdan əldə edilən pul məbləğinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşdən görünür ki, iddiaçı 100 manat məbləğində dövlət rüsumu, 50 manat mediasiya xərci ödəmişdir. İddia tələbi təmin edildiyi üçün məhkəmə hesab edir ki, cavabdehdən həmin məbləğlər alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "Porsche Cayenne minik" markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 11000 manat pul vəsaitindən 5500 manat məbləğinin Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. "BMW 320" minik markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil 12500 manata açıq hərraca çıxarılaraq satılsın. Satışdan əldə edilən pul məbləğinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh1 ödənilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan electron cabinet vasitəsilə həyata keçirilməlidir. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar