Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4504/2025 05.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 1694.94 (bir min altı yüz doxsan dörd manat 94 qəpik) manat maddi zərər məbləğinin, 36.95 (otuz altı manat 95 qəpik) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 1732,29 (bir min yeddi yüz otuz iki manat, 29 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması və ödənilməsi barədə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində **-PC-*** DQN-lı “TOYOTA CAMRY MİNİK” markalı avtomobilin sürücüsü cavabdeh Hacıyev X4 rayonu F.Salmanov küçəsi ilə hərəkətdə olarkən işıqforun qadağan işığında keçmək istəyərkən yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkət edən İddiaçı MMC-yə məxsus **- JB-*** DQN-lı “BMC PROCİTY AVTOBUS” markalı avtobusla toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. YNH-si barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Yasamal rayon DYPŞ-nin baş inspektoru polis kapitanı X2 tərəfindən araşdırılmış, tərəflərin izahatları alınmış və inspektorun araşdırması nəticəsində Cavabdeh əməlində İXM-nin 327.2-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2025-ci il tarixli İXP6946636 nömrəli İXP-lu tərtib edilmiş və TP7090397 saylı İnzibati tənbeh vermə haqqında Qərar verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 15 (on beş) gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 2437 saylı zərər aktına əsasən **-JB-*** DQN-lı avtobusa 6694,94 (altı min altı yüz doxsan dörd manat 94 qəpik) manat maddi zərər dəymişdir. Qeyd etmək istəyir ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində **-PC-*** DQN-lı “TOYOTA CAMRY MİNİK” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 6694,94 (altı min altı yüz doxsan dörd manat 94 qəpik) manat zərərdən 5000 (beş min) manat "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilmişdir, lakin qalan 1694,94 (bir min altı yüz doxsan dörd manat 94 qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən təşəbbüs göstərilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 izahatında bildirmişdir ki, cavabdehin izahatı da var, məlumatı da var, barəsində protokol da tərtib olunub. “Bakubus" MMC-yə məxsus avtobus "xxxx" şirkəti tərəfindən sığortalandığından, dəymiş ziyanın 5000 manatı sığorta şirkəti tərəfindən qarşılanmış, lakin qalan 1694,94 manat maddi zərərin ödənilməsi üçün cavabdeh tərəfindən təşəbbüs göstərilməmişdir. Zərər aktı da var. İddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 36.95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - TP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:30-da, Yasamal rayonu, F.Salmanov küçəsində “Toyota Camry” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bus Tech MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli zəzər aktından görünür ki, “BMC Procity” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusun təmir bərpa xərcləri 6694.94 manat təşkil edir. - 4844 nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə aid bank hesabına 5000 manat məbləğində ödəniş edilmişdir. - Cavabdeh xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 23:30-da etibarnamə ilə idarə etdiyi Toyoto Camry markalı avomobillə işıqforun qırmızı işığında bilməyərək hərəkət etmiş və BMC markalı **-JB-*** markalı avtobusla toqquşmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2025-cü il tarixdə saat 23:30-da “Toyota Camry” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh işıqforun qadağanedici qırmızı işığında hərəkət etməklə inzibati xəta törətmişdir. Nəticədə İddiaçı MMC-yə məxsus “BMC Ppocity Avtobus” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusa maddi ziyan dəymişdir. Qeyd olunan inzibati xəta hadisəsi nəticəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 100 manat məbləğində inzibati cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin idarə etdiyi “Toyota Camry” minik markalı, **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçıya məxsus avtobusun əzilməsi nəticəsində avtobusa zərər yetirildiyi, Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurulmuş maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən “BMC Procity” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusa 6694.94 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Avtobusa vurulmuş 6694.94 manat zərərin 5000 manat məbləği sığorta ödənişi olaraq "xxxx" ASC tərəfindən qarşılanmışdır. Odur ki, iddia təmin edilməli, cavabdehdən “BMC Procity” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpası üçün tələb olunan 1694.94 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində “BMC Procity” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş zərərə görə 1694.94 manat məbləğində pul vəsaiti, 36.95 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində “BMC Procity” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş zərərə görə 1694.94 manat, ödənilmiş 36.95 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, ümumilikdə 1732,29 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-4504/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4504/2025
05.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver