Məhkəmə qərarları › İş №e-2(008)-4568/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4568/2024

12.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4568/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Mirzəliyev Amil Rəfayıl oğlunun, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətini cəlb etməklə qarşı “daşınmaz əmlakın təhvil verilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətini cəlb etməklə qarşı “daşınmaz əmlakın təhvil verilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən daşınmaz əmlakın cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi və istifadə olunmuş müddət ərzində dəymiş ziyana görə 19300 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 147,90 manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən İddiaçı istifadəsinə verilmişdir. Həmin tarixdən 2005-ci ilə qədər həmin obyekti iddiaçı və övladları istifadə etmiş, 2005-ci ildə obyekti adını xatırlamadığı Tovuz rayon sakini olan bir vətəndaşa icarəyə vermişdir. Həmin vaxt cavabdehlərdən Cavabdeh1 orada saç ustası kimi işləmiş, daha sonra Eldəniz iddiaçıya obyekti özü işlədərək icarə haqqını ödəməsini bildirmişdir. Bundan sonra iddiaçı ilə Eldəniz şifahi şəkildə razılaşaraq, obyekt Eldənizə icarəyə vermişdir. 2013-cü ildə Eldəniz dövlət qulluğuna qəbul olunduğunu bildirərək obyekti artıq işlətməyəcəyini, buna görə qardaşı Cavabdeh3 faktiki işlədəcəyini bildirmişdir. Eldəniz obyekti işlətməyəcəyini bildirsə də, görüşlərdə şəxsən iştirak etmişdir. Cavabdehlər 2013-cü ilədək həmin daşınmaz əmlaka görə müəyyən edilmiş icarə haqqını tam şəkildə ödəmişlər. Daha sonra iddiaçı maddi vəziyyəti ilə əlaqədar 2013-cü ildə həmin daşınmaz əmlakı dövlət reyestrində öz şəxsi mülkiyyəti kimi qeydiyyata saldıraraq satmaq qərarına gəlmişdir. Bunu eşidən cavabdehlər iddiaçıya bildirmişlər ki, həmin obyekti satmasın və Cavabdeh3 etibarnamə versin. Həmin etibarnamə əsasında Cavabdeh3 həmin daşınmaz əmlaka dair sənədləşdirmə işlərini aparmaqda iddiaçıya köməklik etsin və bu müddət ərzində iddiaçıya yenə də icarə haqqı ödəsinlər. Həqiqətən də 2020-ci ilə qədər iddiaçıya icarə haqqı ödənilmişdir. Lakin 2020-ci ildən etibarən iddiaçı cavabdehlərdən heç bir icarə haqqı ala bilmımiş, cavabdehlər həmin obyekti aldıqlarını iddia etmişlər. Bu barədə tərəflər arasında dəfələrlə danışıqlar aparılmış, lakin heç bir nəticəyə gəlinə bilməmişlər. 2024-cü ildə iddiaçıya məlum olmuşdur ki, onun 2013-cü ildə Cavabdeh3 verdiyi etibarnamə əsasında Asif iddiaçını etibarından sui-istifadə edərək 2020-ci ildə öz səlahiyyətlərini etibarnamə əsasında atası Cavabdeh2 ötürmüşdür. İcarə haqqı kimi ödənilmiş son məbləğdən sonra cavabdehlər həmin obyektdən tam qanunsuz istifadə etməyə və bununla da iddiaçıya maddi cəhətdən ziyan vurmağa davam edirlər. Nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək, sübutları məhkəməyə təqdim etdiklərini, tərəflər arasındaki münasibətin əsas korlanma səbəbi cavabdehlərin artıq icarə haqqı verməklə obyekti satın aldıqlarının düşünmələri olduğunu bildirmişdir. Qüvvədə olan icra başçısının sərəncamının mövcud olduğunu, cavabdehlərin sonuncu ödənişi 2013-cü ildə etdiklərini bildirmiş və iddia tələbinin təmin olunmasını məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Vəkil2 izahatında iddia tələbinin əssassız olduğunu, əsas sənəd iddiaçının özündə olmadığını, bu illər ərzində cavabdehlər tərəfindən kifayət qədər yaxşılaşdırma işləri aparıldığını, iddiaçının əsas məqsədi əssasız varlanma olduğunu, uzun illər ərzində cavabdehin səyləri nəticəsində obyektin dəyərləndiyini bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində bildirmişdir ki, obyetk Ənvər müəlliminiydi, Cavabdeh3 obyekti icarəyə götürmüşdür. İddiaçı obyekti satmaq isteyirdi, Cavabdeh3 də hissə-hissə ödəmək şərtilə onlara satmasını istəmiş, Ənvər müəllimində 4500 manata ehtiyacı olduğundan razılaşmışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən təmir etmək şərti ilə məişət avadanlıqları təmiri emalatxanası kimi istifadə edilməsi İddiaçı icazə verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən istifadə etməyi, müvafiq sənədlər topladıqdan sonra tikinti işləri aparmağı, həmin tikilini özəlləşdirmək üçün bütün dövlət orqanlarında, kooperativ və ictimai təşkilatlarda nümayəndəsi olmağı, sənədləri toplamağı, özəlləşdirməyi, adından imza etməyi, sənədləri aidiyyatı üzrə dövlət orqanlarına verməyi, ona çatası reyestrdan çıxarışı və digər sənədləri almağı, aldığına dair imza etməyi, alqı-satqı üçün lazım olan sənədləri topladıqdan sonra üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, lazım olarsa həmin tikili ilə əlaqədar olaraq bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, ona aid olan mülki işləri aparmağı, iddia ərizəsini verməyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan olan bütün hərəkətləri etməyi Cavabdeh3 xx.xx.2023-cü il tarixədək etibar etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən istifadə etməyi, müvafiq sənədlər topladıqdan sonra tikinti işləri aparmağı, həmin tikilini özəlləşdirmək üçün bütün dövlət orqanlarında, kooperativ və ictimai təşkilatlarda nümayəndəsi olmağı, sənədləri toplamağı, özəlləşdirməyi, adından imza etməyi, sənədləri aidiyyatı üzrə dövlət orqanlarına verməyi, ona çatası reyestrdan çıxarışı və digər sənədləri almağı, aldığına dair imza etməyi, alqı-satqı üçün lazım olan sənədləri topladıqdan sonra üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, lazım olarsa həmin tikili ilə əlaqədar olaraq bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, ona aid olan mülki işləri aparmağı, iddia ərizəsini verməyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan olan bütün hərəkətləri etməyi etibar etdiyi Cavabdeh3 Cavabdeh2 xx.xx.2023-cü il tarixədək etibar etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində ümumi sahəsi 25 kv.m olan qeyri-yaşayış sahəsinin 2021-2024-cü illər üzrə icarə haqqı cəmi 19300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 685.2-ci maddəsinə müvafiq olaraq, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Mülki Məcəllənin 686-cı maddəsinə görə, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Mülki Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. xx.xx.2013-cü il tarixli etibarnaməyə əsasən qeyri-yaşayış sahəsindəki tikili istifadə üçün iddiaçı tərəfindən Cavabdeh3 xx.xx.2023-cü il tarixədək etibar edilmişdir. xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh3 etibar edilmiş əmlakı Cavabdeh2 xx.xx.2023-cü il tarixədək etibar etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh qeyd olunan sahəni almasını iddia etsə də bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdehlərin öz istinad etdiyi hallaı sübut etmək üçün gətirdiyi yeganə əsas İddiaçı Sirac oğlu tərəfindən onlara verilmiş 2013-cü il tarixli etibarnamədir ki, etibarnamə alqı-satqı müqaviləsi demək deyil. Həmçinin etibarnamənin məzmunundan da göründüyü kimi, iddiaçı Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən istifadə etməyi, həmin sahə ilə bağlı sənədləşdirmə işləri aparmağı və adından imza etməsi ilə bağlı bütün səlahiyyətləri etibar etsə də, cavabdehlər bu barədə hərəkətsizlik edərək, hüquqlarının rəsmləşdirilməsi barədə 10 il ərzində heç bir hərəkət etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə müvafiq olaraq, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa məhkəməsinin 18 dekabr 1996-cı il tarixi “LOİZİDU” (Lazidou) Türkiyəyə qarşı işində qeyd etmişdir ki, mülkiyyət hüququna müdaxilə şikayəti mülkiyyətə daxil olmaq hüququndan məhrum edilmə ilə məhdudlaşmayaraq, yaranmış situasiyanı daha geniş konteksdə əhatə edir. Məsələ bundan ibarətdir ki, xanım Loizidu öz mülkiyyətinə daxil olmaq hüququnu davamlı olaraq həyata keçirə bilmədiyinə görə, faktiki olaraq onun üzərində hər cür nəzarəti, o cümlədən ondan istifadə etmək, onu satmaq, miras qoymaq, öz torpağını yaxşılaşdırmaq və sadəcə onun üzərində sevinc hissi ilə yaşamaq hüququnu itirib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. - 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. - 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. -364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. -364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. -365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; 365.1.2. etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 365.1.4. etibarnamə verilmiş şəxsin imtinası; 365.1.5. adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.6. adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 365.1.8. etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. - 366.1. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. - 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir - 366.3. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. - 366.4. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Qeyd olunan normanın məzmunundan da görünür ki, etibarnaməyə əsasaən cavabdehlərin istər torpaq sahəsi, istərsə də orada inşa edilmiş tikili üzərində hər hansı bir hüququ yaranmamışdır və istənilən halda bu hüquqlar iddiaçıya məxsusdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə müvafiq olaraq, zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir: real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla təsdiq olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunur ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər”. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Əldən çıxmış fayda hadisələrin normal axışına, ümumi qəbul görən həyat təcrübələrinə görə əmlak vəziyyətində meydana gələ biləcək artışların zərər verən hərəkət səbəbindən qismən və ya tamamilə qarşısının alınması nəticəsində meydana gələn azalmanı (zərər) ifadə edir. Burada zərər şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi izah edir. Əldən çıxmış faydanın həcmini müəyyənləşdirərkən əgər borclu tərəfindən öhdəlik lazımınca icra edilməmişdirsə, ancaq dəqiq əsaslar, dəlillər pul miqdarının və ya digər əmlakın real əldə edilməsinin mübahisəsiz sübut edən məlumatlar nəzərə alınmalıdır. Buna görə də Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bundan başqa, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən öhdəliyin borclu tərəfindən lazımi qaydada icra olunduğu təqdirdə kreditorun pul məbləğini və ya digər əmlakı əldə etmək imkanını mübahisəsiz təsdiq edən dəqiq məlumatlar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə bitdikdən sonra etibar edilmiş sahə cavabdehlər tərəfindən mülkiyyətçiyə təhvil verilməmişdir. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən daşınmaz əmlak cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının hal-hazırda irəli sürdüyü ödənilməmiş 19300 manat icarə haqqı tələbi əsassızdır. Belə ki, iddiaçı tərəf məhkəməyə cavabdehlə icarə müqaviləsi bağlanılması, müqavilənin müddəti və məbləği barədə heç bir sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1998-ci il tarixli, 719 nömrəli sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən daşınmaz əmlak cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. 100 (yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar