Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-457/2024 22.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti cəlb edilməklə “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti cəlb edilməklə “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 25.0 kv.m. mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 nömrəli binasının 4-cü mərtəbəsində Cavabdeh mülkiyyətinə 25.0 kv.m və onun 20% hissəsi olan 5 kv.m əlavə edilməklə 15 nömrəli mənzillə (36 kv.m) təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınmışdır. Nizamnaməsinə əsasən, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyam) aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL- 744/2022 nömrəli 04 noyabr 2022-ci il tarixli Lisenziyaya əsasən, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini” aparmaq icazəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müddətsiz verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 161 nömrəli Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülkiyyət münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sonradan bu Sərəncam əsasında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsinin Yer quruluşu Planı tərtib edilmiş və təsdiq edilmişdir. Həmçinin, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşiq Alı va Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəyinə əsasən, vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, biolojı zədələnmələr müşahidə olunması təsdiq edilmişdir. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmış, pilləkən va balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcudluğu halı, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtüklərinin yararsız vəziyyətdə olması göstərilmişdir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin oda davamlılığı yetərli deyildir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yuxarıda göstərilən sərəncama əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küç, ev 14 A ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi işləmləri başladığından, artıq mülkiyyətçilərlə razılaşdırılıb müqavilə imzalamaqla onların oradan köçürülməsi prosesinə start verilmişdir. Lakin, hazırkı iddianın mahiyyəti olan məsələ, həmin sakinlərdən biri olan və iş üzrə Cavabdeh şirkətin irəli sürdüyü təkliflə razı olmadığı üçün məhkəmə müstəvisində qaldırılmışdır. Belə ki, iş üzrə cavabdeh ünvan 2 ünvanının mülkiyyətçisidir. Onun mülkiyyətində olan əmlak xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 25.0 kv.m təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il tarixli 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №-li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu sərəncamı nəzərə alaraq, cavabdehin mülkiyyətində olan əmlakın kv.m. uyğun olaraq onun 20% əlavəsi verilməklə təklif olunmuş, cavabdeh ofisin fəaliyyət göstərdiyi yerə rəsmi olaraq 25 avqust 2023-cü il tarixdə 35/2023 nömrəli məktubla dəvət edilmiş və o məktubu rəsmi olaraq qəbul etmişdir. Cavabdeh tərəfindən qeyri-qanuni yolla tikilmiş özbaşına tikiliyə də (mülkiyyətinə artırma) yeni tikiləcək binadan verilməsi planlaşdırılan mənzilin sahəsinə artırmaya daxil olan bütün kvadrat metr sahənin əlavə edilməsi təkid edilsə də, şirkətimiz tərəfindən bu təkid rədd edilmiş və buna görə də mülkiyyətçi ilə razılaşma əldə oluna bilməmişdir. Hazırda da, cavabdeh həmin mülkiyyətdən çıxmaq istəmir və onun istəyi nəzərə alındığı təqdirdə çıxacağına israrlıdır. Tərəflər arasında razılaşma olmadığından, hesab edir ki, bu məsələ məhkəmə müstəvisində həll olunmalı və qanunvericiliyin tələbləri hansı istiqamətdə tövsif edilirsə, o qaydada məhkəmə qərarı çıxarılmalıdır. İddiaçı sakinləri onlara məxsus olduğu əmlaka uyğun olaraq əmlakla yeni tikiləcək binada təmin etməli və bina tikilənədək onlara müvafiq kirayə haqları ödəməlidir və iddiaçı da bütün digər sakinlərlə artıq razılıq əldə edib, müqavilə imzalayıb və onların hər birinin mənzillərinə müvafiq olaraq aylıq kirayə haqqı ödəməyə başlayıb. İddiaçı tərəfindən sərəncamda müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərəncamına uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. Söküləcək bina qəzalı vəziyyətdədir və oradan köçürüləcək bütün sakinlər vaxtında köçürülməlidir ki, vaxtında da binanın inşasına başlanılmalı və müəyyən edilmiş vaxt ərzində şirkət sakinləri yeni tikiləcək bina ilə təmin etməlidir. Lakin, cavabdehin bu cür qanunsuz hərəkətləri və əsassız varlanmaq istəyi, digər sakinlərin hüquqularına xələl gətirir, sərəncamın icrasını gecikdirir və binanın sakinlərinin yaşayışla təmin olunmaq aqibətini sual altına qoyur. Onlar üçün də qəbuledilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və sayğısız, pozucu yanaşması respublikası rəhbərliyinə və yerli icra hakimiyyəti strukturlarına qarşı olan təxribatçı, qanunazidd əməlləri ümumi ictimai mənafeyinə xələl gətirir. Onlar hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmədən istəyi odur ki, cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, onun və onunla birgə yaşayan şəxslərin həmin mənzildən çıxarılması və onun əvəzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 nömrəli binasının 4-cü mərtəbəsində Cavabdeh mülkiyyətinə 25.0 kv.m və onun 20% hissəsi olan 5 kv.m əlavə edilməklə mənzillə təmin olunması və həmçinin iddiaçı tərəfindən ona aylıq olaraq müəyyən miqdarda kirayə haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 25.0 kv.m. mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B2 nömrəli binasının 2-ci mərtəbəsində Cavabdeh mülkiyyətinə 33.2 kv.m və onun 20% hissəsi olan 6.64 kv.m əlavə edilməklə 4 nömrəli mənzillə (39.84 kv.m) təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə qanunvericiliyin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mümükn hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. - İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2012-ci il tarixli, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 istifadədə olan 25 kv.m ümumi, 16 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat İdarəsinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdən qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 10858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompeksinin tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. - EL-744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini "xxxx" MMC-yə həyata keçirməyə icazə vermişdir. - EL-744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Lisenziyanın əlavəsinin surətindən görünür ki, "xxxx" MMC-yə bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısına xüsusi torpaq işləri, ankerlərin torpağa bərkidilməsi, enmə quyularının və kessonların qurulması, Beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması, ağac konstruksiyaların quraşdırılması, fasad işləri, svay işləri, mühəndis-kommunikasiya və şəbəkələrinin qurulma işləri, hidrotexnik işləri, sualtı texniki işlər, dambaların tikintisi, limanların tikintisi, pirslərin tikintisi, sahilbərkitmə işləri, su anbarları, xüsusi qurğuların tikintisi və quraşdırılması, rezervuarlar və qazholderlər, elektrik ötürücü xəttlər, sənaye və mülki obyektlərin tikintisi: aşırımı 24 metrədək, aşırımı 24 metr və daha çox, hündürlüyü 65 metrədək, hündürlüyü 65 metr və daha çox, tutumu 5000 nəfərədək, tutumu 5000 nəfər və daha çox işlər daxil edilmişdir. - Azərbaycan Respublikası FHN Tikintidə X4 Agentliyi Azərdövlət Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun 15187 nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə rəydən görünür ki, Muxtar Fətəliyev küçəsində yerləşən 45 nömrəli yaşayış binası 1959-cu ildə inşa olunmuşdur. 2 mərtəbəli, 2 girişli, 12 mənzilli, zirzəmisizdir. Planda düzbucaqlı formadadır, uzunluğu 37,0 metr, eni 9,0 metrdir. Mərtəbə hündürlüyü 3,2 metr, kürsü hündürlüyü 1,0 metrdir. Binanın yükdaşıyan divarları mişarlanmış əhəngdaşından 40 sm qalınlığında yerinə yetirilmişdir. Örtüklər ağac tirlərdən quraşdırılmışdır. Pilləkən konstruksiyası metal kosourlar üzərində yığma dəmir-beton pillələrdən yerinə yetirilmişdir. Balkonlar dəmir-betondan quraşdırılmışdır. Dam çardaq tiplidir, ağac elementlərdən quraşdırılmış və şiferlə örtülmüşdür. Fasadlar suvaqsızdır. Vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olunduğu, ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yarandığı, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyayalar mövcudluğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qaldığı, dam örtükləri yararsız vəziyyətdəolduğu, şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yarandığı, atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunduğu, sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edildiyi, tikililər əsasən balkonların üstündə yerləşdiyindən binalar əlavə yüklənmələr olduğu, yaşayış binalarının balkon və dəhlizlərin əksər sahələri müxtəlif təyinatlı otaqlara uyğunlaşdırıldığı, bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli olmadığı, mühəndis-kommunikasiya təminatı sistemi (elektrik xətləri, su və kanalizasiya xətləri) fərdi qaydada quraşdırılmadığı, texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilmədiyi, xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Yaşayış binalarının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadığı, binaların istismar keyfiyyəti aşağı səviyyədə olması, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərməsi, tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Qeyd olunan ərazidə qeyriyaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparıldığını, tikililər əsaslandırılmamış şəkildə inşa edildiyi, divar və örtük elementləri müxtəlfcinsli materiallardan yerinə yetirildiyi, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilmədiyi müəyyən edilmişdir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törətməsi, yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu göstərilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 3 nömrəli Xüsusi Təyinatı Mənzil Kommunal Təsərüffatı Birliyinin 147 nömrəli Mənzil Kamunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 735 nömrəli arayışından görünür ki, Memarlıq Şəhərciyi 2021 MMC-nin sorğusuna əsasən bildirilir ki, Muxtar Fətəliyev 45-Aşıq Alı küçəsi ev 14 A-dır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastrı və Yerquruluşu Layihə-X1 X3 və Geodeziya Şöbəsinin xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, çoxmənzilli yaşayış komleksinin tikintisi məqəsədi ilə "xxxx" MMC-yə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı təqdim edilmişdir. - MŞ İnşaat MMC-nin 35/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ərazidə qəzalı vəziyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar "xxxx" MMC-nin Hüseyn Ərəblinski küçəsi 12 ünvanında yerləşən ofisinə dəvət edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 nömrəli Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 3-52-13- 15/2-135/24 nömrəli xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Birliyin əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Araşdırılma zamanı Sabunçu rayonu, ünvan 4 ünvanda olan 4 nömrəli mənzilə bitişik əlavə tikililər qanunsuz olduğu müəyyən edildi. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunan tikililərə dair Birlikdə və aidiyyəti MKİS-də heç bir hüquqi sənəd mövcud deyil. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/9623 nömrəli 04 mart 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azərdövlətlayihə” Azərbaycan Dövlət Baş Layihə İnstitutunin mütəxəssis rəyinə əsasən, ünvan 5 ünvanında yerləşən yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyətinin texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində inşa edilmiş, 14A nömrəli evin, 4 nömrəli mənzilin faktiki ümumi sahəsi 55,83 kv.m təşkil etdiyi müəyyən edilir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 14a ünvanında yerləşən 4 nömrəli mənzilin RX0108983 nömrəli Çıxarışa əsasən ümumi sahəsi 25,0 kv.m., faktiki sahəsi isə 55,83 kv.m təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin faktiki sahəsinin çıxarışda qeyd olunmuş ümumi sahəyə uyğun olmadığı müəyyən edilir. - Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 47 nömrəli xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, qeyd olunan mənzil sənəd üzrə 1 otaqlıdır, faktiki isə 3 otaqlıdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, 14 a nömrəli evin 4 nömrəli mənzil ilə eyni şəraiti ərazidə yerləşən mənzilin real kirayə haqqı: 400 (dörd yüz) manat təşkil edir. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı sərəncamla olna ayrılmış torpaq sahəsini 11 aydan artıq müddətə icarəyə götürsə də, icarə hüquqlarını dövlət reyestrində qeydiyyatta alınmamışdır və bu səbəbdən də hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. Belə ki, Ali məhkəmənin 2(l02)-497/2023 nömrəli qərarında qeyd edilmişdir ki: "müllkiyyət hüquq vardır. 51.Kollegiya qeyd etmişdir ki, cavabdehlərin yaşadığı ünvan 5 ünvanında yerləşən evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olsa da, həmin evə cavabdehlərin gözlənilən mülkiyyət hüququ mövcud olduğundan, hazırki iş üzrə iddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir. 52.Kollegiya onu da qeyd etmişdir ki, cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar". Bundan başqa hesab edir ki, cavabdehə onun mövcud sahəsindən az sahə təqdim edilməsi əmlak əvəzləşdirilməsində ədalətlik mütanəsibliyini pozur. Belə ki, cavabdeh əvəzləşmə nəticəsində daha da yaxşı şraitə ümüd etməyə haqqı olduğu təqdirdə əksinə bunun nəticəsində əlverişsiz vəziyyətə düşür. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçının təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edirlər, haqsız tələblər irəli sürürlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdehin hüquqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Belə ki, iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir; Həmin Məcəllənin 152.1-ci ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir; 4.2 və 4.2.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılmasından ibarətdir. Maddə 7.0. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliyin təmin edilməsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və-ya 85ci maddəsinin müddəaları tətbiq edilir; 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti, bu Qərarın 1 -ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər. Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki. Cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf mənzili boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillkərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəni yerinə yetirməkdən imtina etmir, əksinə iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iddia ərizəsində də cavabdehə əlverişli təkliflər etmişdir. Həmçinin xüsusi qeyd edilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də, sərəncamı icra edən MMC tərəfindən cavabdeh tərəfin özbaşına tikili ilə bağlı istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təklif edilir, yəni həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədir. Bu isə cavabdehin yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər; Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır; Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir; Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları: "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərar: "Mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71 -ci maddəsinin İİ hissəsi, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 29 oktyabr 2010-cu il tarixli Qərarında hüquqların təminatının mütənasibliyi ilə əlaqədar qeyd etmişdir ki, Əsas Qanun hüquq və azadlıqlarla yanaşı onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan "ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, §93). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərar: " yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli Qərar: "O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin "gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları: “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərar: Müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar (§64). Həmin Qərarda, həmçinin, müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb-yaratmadığını müəyyən etmək qalır (§65). “Müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. Heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (Volçkova və Mironov işi, §125, 126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (§36), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Məhkəmə iddia tələbinə hüququi qiymət verərək ilk növbədə qeyd edir ki, iddiaçının nümayəndəsinin və vəkilinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, iddiaçı cavabdehə onun sənəd üzrə 25,0 kv metr təşkil edən 4 nömrəli mənzilinin sökülərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B2 nömrəli binasının 2-ci mərtəbəsində 39,84 kv.m olan mənzil verməklə, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 400 manat kirayə haqqı ödənilməklə, cavabdehin 4 nömrəli mənzilindən çıxarılmasını tələb etməklə cavabdehi mülkiyyətdən məhrum etmir, bu reallıqda cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasıdır. İddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, ev 14A nömrəli yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki mənzilin sahəsindən də artıq sahəsi olan mənzil vermək niyyətindədir. Cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A nömrəli yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A nömrəli evin, 4 nömrəli mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 25.0 kv.m. mənzilə dair mülkiyyət hüquqlarına xitam verməklə, onunla birlikdə yaşayan şəxslərin mənzildən çıxarılaraq mənzil boşaldılmalı, Cavabdeh mülkiyyət hüquq əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B2 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 39,84 kv.m 4 nömrəli mənzil Cavabdeh mülkiyyətinə verilməli, Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 25.0 kv.m. mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 400 (dört yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia tələbi təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 25.0 kv.m. mənzilə dair mülkiyyət hüquqlarına xitam verməklə, onunla birlikdə yaşayan şəxslərin mənzildən çıxarılaraq mənzil boşaldılsın. Cavabdeh mülkiyyət hüquq əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B2 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 39,84 kv.m 4 nömrəli mənzil Cavabdeh mülkiyyətinə verilsin. Cavabdeh mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 25.0 kv.m. mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 400 (dört yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. Ekspertiza xərci olaraq 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ekspertiza Mərkəzi (X2, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qiymətləndirmə ilə bağlı 200 manat cavabdehdən tutularaq Tərəqqi MMC-nin (icraçının VÖENi: **********, icraçının hesablaşma hesabı: H/H: AZ61AİİB**********3905384109, Kod 200093, Bankın VÖENİ: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzəliyev