Məhkəmə qərarları › İş №e-2(008)-4573/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4573/2023

04.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4573/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “KİA RİO” markalı, 77 EA153 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 7488 (yeddi min səkkiz yüz səkkiz) manat məbləğində pulun, xx.xx.2022-ci il tarixdən başlayaraq məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək hər gün 25 manat məbləğində pulun və ödənilmiş 94.88 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, ona məxsus “KİA RİO” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə günü 25 manat olmaqla Cavabdeh kirayə vermişdir. Cavabdeh 2 ay pulu ödədikdən sonra avtomobillə birlikdə yoxa çıxmışdır. İddiaçı 31-ci Polis Bölməsinə şikayət edərək avtomobilin tapılmasını və iddiaçıya qaytarılmasını xahiş etdi. Bölmənin işçilərinin köməyi ilə avtomobil atılmış vəziyyətdə tapılmışdır. Cavabdeh qəza törədərək avtomobilə ciddi ziyan vurmuşdur. “KİA MOTORS” servis mərkəzində avtomobilə baxış keçirilmiş və qüsur aktı tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli təmir kartına və qüsur aktına əsasən “KİA RİO” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 7488 manat məbləğində maddi zərər vurulmuşdur. Eyni zamanda günlük ödənişlərə görə Cavabdeh xx.xx.2022-ci il tarixə 1425 manat məbləğində borcu vardır. Cavabdeh qanunsuz hərəkətləri ilə əlaqədar Suraxanı RPİ 31-ci PB-nin təhqiqatçısı Elnur Mənsimov tərəfindən araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, vətəndaş İddiaçı müraciətində göstərdiyi xüsusatlarda tərəflər arasında münasibətlərin mülki xarakterli olduğuna dəlalət edirlər, cinayət təqibini istisna edirlər və məhkəmə yolu ilə həll olunmalıdır. 23 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh 19 dekabr 20221-ci il tarixdə öz xətti ilə yazaraq bildirmişdir ki, avtomobilə dəymiş ziyanı nağd şəkildə 29 dekabr 2022-ci il tarixədək ödəyəcəkdir. Lakin bu günə kimi Cavabdeh tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Avtomobil hal-hazırda xarab vəziyyətdə 31-ci Polis Bölməsinin həyətində saxlanılır. Dəymiş zərərin könüllü şəkildə ödənilməsi ilə əlaqədar Cavabdeh müraciət edilmiş, lakin Cavabdeh pulun ödənilməsindən imtina etmişdir. Sonra İddiaçı iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək, iddiaçıya məxsus “KİARİO” markalı, 77 EH153 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 7488 (yeddi min səkkiz yüz səkkiz) manat məbləğində pulun, xx.xx.2022-ci il tarixədən 19.xx.xx.2022-ci il tarixədək yaranmış 1425 manat məbləğində pulun, habelə xx.xx.2022ci il tarixədən başlayaraq məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək hər gün 25 manat məbləğində pulun və ödənilmiş 94.88 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan BA283742 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA RİO” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. -xx.xx.2023-cü il tarixli qüsur aktın surətindən görünür ki, “KİA RİO” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan cəmi 7488 manat müəyyən edilmişdir. -Cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh avtomobilə dəymiş ziyanı nağd şəkildə 29 dekabr 2022-ci il tarixədək ödəyəcəyini öz öhdəsinə götürmüşdür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “KİA RİO” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsus olmuşdur. Cavabdeh “KİA RİO” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, qəza törətmiş, 7488 manat avtomobilə ziyan dəymişdir. Həmçinin iddiaçı xx.xx.2022-ci il tarixdən avtomobildən istifadə edən cavabdehin günlük ödəniş etməli olduğuna istinad edərək lizinq ödənişi kimi günə 25 manat ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən imzalanmış əlyazmada o, cəmi 1425 manat ödəməli olduğunu özü etiraf etmişdir. Məhkəmə hesab edir ki, 7488 manat ziyanın ödənilməsi hissədə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən iddiaçının cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmuş və onun həmin tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən, tərtib olunmuş qüsur aktı əsas götürülməklə 7488 manat cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixdən başlayaraq məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək hər gün 25 manat məbləğində pulun tutulması hissəsini araşdıraraq müəyyən etmişdir ki, iddiaçı həmin pulu lizinq ödənişi kimi tələb edir. Belə ki, o, aralarında lizinq müqaviləsinə əsasən avtomobilin istifadəsinə görə hər günə görə 25 manat ödənilməsini cavabdehlə razılaşdırmışdır. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Yuxarıda qeyd olunan maddələrə nəzər salaraq məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan pul məbləğini tələb edərkən lizinq müqaviləsinə istinad etsə də, aralarında elə bir müqavilənin dediyi şərtlərlə bağlanmasına dair bir sübut vermir. Halbuki, elə müqavilənin bağlanmış sayılmasının əsas şərti də mühüm şərtlər barədə razılığa gəlmək hesab olunur. Belə olan halda bu münasibətləri məhkəmə lizinq münasibətləri kimi qəbul etmir. Lakin, digər tərəfdən də, Bağırov Həmid tərəfindən imzalanan və özünün mübahisələndirmədiyi bir əlyazma var və o, 1425 manat iddiaçıya ödəməli olduğunu etiraf edir. Məhkəmə bu müqaviləni Mülki Məcəlləyə əsasən mövcud borcun etirafı haqqında mücərrəd müqavilə kimi qəbul edir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Yəni, mücərrəd müqavilə üzrə Cavabdeh 1425 manat borcu olduğunu qəbul etdiyinə görə məhkəmə hesab edir ki, həmin borc ondan tutulmalı, məhkəmə qətnaməsinin qanuni qüvvəyə minənədək hər gün 25 manat ödənilməsi hissəsi isə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehdən avtomobilə dəymiş zərərə görə 7488 manat, əlavə borc 1425 manat və dövlət rüsumu kimi 94,88 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “KİA RİO” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 7488 (yeddi min dörd yüz səksən səkkiz) manat, 1425 (min dörd yüz iyirmi beş) manat borc pul və 94,88 (doxsan dörd manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar