Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4675/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Ümumtəhsil Məktəbi MMC-nə qarşı “müəyyən hərəkətləri etməyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Ümumtəhsil Məktəbi MMC-nə qarşı “müəyyən hərəkətləri etməyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun iştirakı ilə qızından üzr istəməsi; cavabdehin qızı Məryəmin liseydə təhsil aldığı müddət ərzində tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı X3 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2019-cu ilin tədris ilindən başlayaraq X6 Liseyi ÜTM MMCnin Ağ şəhər filialında ibtidai təhsil alır. Hazırda 4B sinif şagirdidir. İntizamlı şagirddir və dərslərini yaxşı oxuyur. 01 iyun 2023-cü il tarixində, uşaqların beynəlxalq müdafiəsi günündə liseydə müəyyən tədbirlər keçirilmiş və dərslər boş keçmişdir və bu zaman uşaqlar sinifdə öz aralarında müxtəlif oyunlar oynamışlar. Oyun zamanı qızı Məryəm şara vurduğu zaman həmin an sinif yoldaşı Mehin qəfil zərbənin önünə keçmiş və zərbə təsadüfən Mehinə dəymişdir. Bundan sonra Mehinin həmin liseydə 9-cu sinifdə oxuyan bacısı sinifə gələrək qızına qarşı psixi və fiziki zor tətbiq edərək bacısından üzr istəməyə məcbur etmişdir. Belə ki, Məryəmin qollarından tutub sıxaraq “Mehinin üzünə bax, və adam kimi üzr istə” demişdir. Həmin gün Məryəm evə gələn kimi ağlayaraq başına gələn hadisəni anasına bildirmişdir. Bu hadisədən qızı qorxmuş, cavabdehin öz öhdəliklərini lazımınca yerinə yetiməməsi nəticəsində ciddi sarsıntı keçirmiş, cəmiyyətə və liseyə etibarı itmişdir və hal-hazırda həmin liseydə oxumaq istəmir. Hadisədən 1 gün sonra məsələ ilə bağlı liseyə gedərək filialın direktoru Məmmədova Rəqsanə ilə görüşmüş və öz narazılıqlarını bildirmişlər. Görüş zamanı filialın direktorundan xahiş etmişlər ki, baş vermiş hadisə nəticəsində hüquqlarının pozulması nəticəsində Məryəmdə yaranmış stressin, liseyə və cəmiyyətə qarşı yaranmış etibarsızlığının aradan qaldırılması üçün müvafiq tədbir görsünlər. Həmin vaxt Məryəmə zorakılıq etmiş şagirdin, yaxud valideynlərinin və ya məktəb rəhbərliyinin ondan üzr istəməsini xahiş etmişlər. Məmmədova Rəqsanə məsələni araşdırıb məlumat verəcəyini dedikdən sonra liseydən ayrılmışlar. Axşam Məryəm liseydən evə gələndə onlara bildirmişdir ki, “bu gün sinif rəhbərimiz Nərgiz Qurbanova dərs zamanı məni və Mehini ayağa qaldırıb deyib ki, sən dünən Mehini ehtiyatsızlıqdan vurubsan, buna görə nə edərlər? Mən də dedim ki, üzr istəyərlər. Müəllim də dedi ki, onda sən də Mehindən üzr istə. Mən susdum, müəllim də dedi ki, əgər sözlə deyə bilmirsənsə, qucaqlaşın. Mən də Mehini qucaqladım”. Əslində Məryəm özündən beş yaş böyük şagird tərəfindən qəsdən məruz qaldığı zorakılığa görə ondan üzr istəniləcəyini gözlədiyi halda tam əksinə yenidən bu dəfə sinif rəhbəri tərəfindən Mehindən üzr istənilməsi tələb olunmuşdur. Bundan sonra sarsıntısı bir az da artan Məryəm liseyə getmək istəməyərək başqa məktəbə keçirilməsini anasından istəmişdir. İyunun 3-də 4-nə keçən gecə saat 02.30-da Məryəmin halı pisləşmiş, kəskin qarın ağrısı şikayəti ilə onu Mediclub tibb müəssisəsinə aparmışlar. Klinikada Məryəm müayinə edilmiş və ciddi bir fizioloji problem aşkar olunmamışdır. Artıq bir neçə gündür ki, Məryəm dərsə getmir. Heç bir tədbir görülmədikdən sonra 07 iyun 2023-cü il tarixdə liseyə pretenziya məktubu göndərərək liseydən aşağıdakıları tələb etmişdir: 1. Bu pretenziya məktubunu aldıqdan sonra 1 gün ərzində, qızına qarşı fiziki və psixi zor tətbiq etmiş şagirdin qızından üzr istəməsini təmin etmək. Bu mümkün olmadıqda isə qızının təhlükəsizliyindən cavabdeh olan filial direktoru X1 onun iştirakı ilə qızından üzr istəməsini təmin etmək; 2. Uşaqların təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilmədiklərinə görə, bundan sonra qızı Məryəmin liseydə təhsil aldığı müddət ərzində tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə icazə vermək. Bu arada sinif rəhbəri Nərgiz Qurbanova WhatsApp sosial şəbəkəsi vasitəsilə bildirmişdir ki, filialın direktoru yuxarı siniflər üzrə direktor müavininə göstəriş verib, o da Məryəmə qarşı zorakılıq etmiş 9-cu sinif şagirdi ilə danışmış, bir də belə hadisə baş verərsə, ona dərslərdən müvəqqəti kənarlaşdırma cəzası veriləcək. İndiyədək pretenziya məktubuna cavab verilməmiş və tələbləri təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının baş verdiyini iddia etdiyi hadisədə hər hansı qanun pozuntusu aşkar olunmamışdır. 9-cu sinif şagirdinin X2 yaxınlaşıb ona zorakılıq göstərməsi, kobud ifadələr işlətməsi hər hansı faktla öz təsdiqini tapmamışdır. Ümumiyyətlə, iddiaçının irəli sürdüyü faktlar sadəcə fərziyyələrdən ibarətdir və əsası yoxdur. Bununla belə mübahisə edən tərəflər arasında baş vermiş hadisə ictimai-təhlükəli hadisə hesab olunmur və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, şagirdlər mülki hüquq pozuntusu qabiliyyətli hesab olunmur və əməlləri hüquqi nəticə doğurmur. X3 və sinif yoldaşı Mehin arasında təsadüfi hadisə baş vermiş, kiçik anlaşılmazlıq yaranmışdır və məktəbin müdaxiləsi ilə məsələ həll olmuşdur. Bununla da, məktəb öz vəzifəsini yerinə yetirmişdir. Sinif rəhbəri tərəfləri barışdırmışdır. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən yönələn tələblər absurd və əsassızdır. Çünki ümumiyyətlə, bu münaqişədə qanun pozuntusu, ictimai-təhlükəli əməl mövcud deyil. İddiaçının övladının şəxsi mühafizəçisinin məktəbdə onu müşayiət etməsinə şərait yaradılması tələbi tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmadığına görə təmin olunmamalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli 2190095-22 saylı təhsil xidməti göstərilməsi haqqında müqavilənin 2.4.3-cü bəndinə uyğun olaraq, valideyn məktəbin tədris prosesinə müdaxilə etməməlidir. xx.xx.2022-ci il tarixli 2190095-22 saylı təhsil xidməti göstərilməsi haqqında müqavilənin 2.1.2-ci bəndinə uyğun olaraq, valideyn və şagird tərəfindən qanunla müəyyən olunmuş normalara, o cümlədən məktəbin daxili qaydalarına və proqramlarına əməl edilməsini tələb etmək məktəbin hüququdur. xx.xx.2022-ci il tarixli 2190095-22 saylı təhsil xidməti göstərilməsi haqqında müqavilənin 2.4.1-ci bəndinə uyğun olaraq, məktəbin daxili qaydalarına və tələblərinə, o cümlədən ümumi ictimai davranış qaydalarına əməl etmək, məktəbdə olarkən və həmçinin müəllim və digər şəxslərlə hörmət və etik qaydalar çərçivəsində ünsiyyət qurmaq şagirdin (valideynin) vəzifəsidir. Həmçinin, mübahisə edən tərəflər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, delikt qabiliyyətli hesab olunmur və əməlləri hüquqi nəticə doğurmur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh Ümumtəhsil Məktəbi MMC-nin nizam-intizam şurasının xx.xx.2023-cü il tarixli iclasının 109/23-k nömrəli protokolunun surətindən görünür ki, Cavabdeh Ümumtəhsil Məktəbi MMC-nin V sinif şagirdləri ilə adaptasiya və tərbiyəvi mövzuda söhbət gündəliyə çıxarılmış və aşağı sinif şagirdlərinin yuxarı sinif şagirdləri ilə tez-tez müəllimlərin nəzarəti altında görüşlərin keçirilməsini təmin etmək, sinif saatlarında psixoloqu və hər dəfə fərqli müəllimləri dəvət etmək qərara alınmışdır. -Cavabdeh Ümumtəhsil Məktəbi MMC şagird haqqında məlumatdan görünür ki, X3 liseyin Ağ şəhər filialında 4B sinfində təhsil alır. Şagird 2022-2023-cü tədris ilinin İİ yarımilində dərslərinə məsuliyyətlə yanaşaraq, tədris olunan materialları tam mənimsəyib. Dərslərdə və sosial fəaliyyətlərdə fəal iştirak etməyə, nizam-intizam qaydalarına əməl etməyə çalışıb. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. 1103.2-ci maddəsinə əsasən əgər qəyyumluğa möhtac azyaşlı müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun qəyyumu olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə azyaşlının vurduğu zərərin əvəzini, əgər zərərin müəssisənin təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, ödəməyə borcludur. 1103.3-cü maddəsinə əsasən əgər azyaşlı sosial xidmət müəssisələri və ya ona nəzarət etməyə borclu olan digər müəssisənin və ya müqavilə əsasında nəzarət edən şəxsin nəzarəti altında olduğu dövrdə zərər vurmuşdursa, həmin müəssisə və ya şəxs, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərər üçün məsuliyyət daşıyır. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 23.0.4-cü maddəsinə əsasən sosial-pedaqoji xidmətlər - yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına, onlarda müsbət maraqların yaranmasına, o cümlədən asudə vaxtlarının təşkilinə və ailədə tərbiyəsinə dəstəyə yönəlmişdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin vəzifələri aşağıdakılardır: 15.2.1. sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsini həyata keçirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi planı tərtib etmək; 15.2.2. çətin həyat şəraitində olan şəxsin (ailənin) problemlərinin həllinə və aradan qaldırılmasına yardım etmək; 15.2.3. sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası normalarına əməl etmək; 15.2.4. sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların tələblərinə uyğun olmasını təmin etmək; 15.2.5. xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 15.2.6. sosial xidmət göstərdikləri şəxslərə münasibətdə ayrı-seçkiliyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verməmək; 15.2.7. sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və digər təminatlar, qanunda təsbit olunmuş sosial müdafiə tədbirləri və çətin həyat şəraitində olan şəxsin (ailənin) rifahının yaxşılaşdırması üçün mövcud olan imkanlar haqqında məlumatlandırmaq; 15.2.8. öz vəzifələrini yerinə yetirərkən əldə etdikləri məlumatların konfidensiallığını təmin etmək; 15.2.9. qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusunun (delikt) yaranması üçün törədilmiş hərəkətin hüquq pozuntusu olub-olmaması müəyyən edilməli, müəyyən edildiyi halda, pozuntunu törətmiş şəxsin hərəkəti və ya hərəkətsizliyi ilə nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırkı işdə iddiaçı övladına qarşı psixi zor tətbiq edildiyini iddia edərək, baş vermiş hadisədə liseyin məsuliyyət daşıdığını iddia etsə də, məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlar tədqiq olunarkən (videoçəkilişə baxış keçirilmişdir) 01 iyun 2023-cü il tarixində Kaspi Liseyi ÜTM MMC-nin Ağ şəhər filialında uşaqların beynəlxalq müdafiəsi günündə keçirilmiş tədbir zamanı iddiaçının övladı Məryəm Hüseynovaya qarşı sonuncunun sinif yoldaşı Mehinin bacısı və ya başqa şəxslər tərəfindən hər hansı psixi və ya fiziki zor tətbiq edilmədiyi, baş vermiş təsadüfi hadisədən sonra da Məryəmlə sinif yoldaşı Mehinin birlikdə əyləndikləri müəyyən olunmuşdur. Göründüyü kimi, baş vermiş hadisədə hər hansı mülki hüquq pozuntusu müəyyən edilməmişdir. Bundan başqa, hər hansı hüquq pozuntusu törədilmiş olsa idi belə, mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən Cavabdeh Ümumtəhsil Məktəbi MMC həmin pozuntunun subyekti hesab edilə bilməz. Bu səbəbdən iddia tələbi “cavabdehin onun iştirakı ilə qızından üzr istəməsi” hissəsində iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə, “cavabdehin qızı Məryəmin liseydə təhsil aldığı müddət ərzində tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratması” hissəsində də iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış təhsil xidməti göstərilməsi haqqında müqaviləyə əsasən cavabdeh iddiaçının qızı Məryəmin liseydə təhsil aldığı müddət ərzində onun tərəfindən təyin olunacaq şəxsi mühafizəçisinin məktəb ərazisində qızını müşayiət etməsinə şərait yaratması kimi öhdəlik götürməmiş, başqa sözlə, qeyd olunan öhdəlik müqavilə şərtlərinə daxil edilməmişdir. Belə olan halda, iddiaçının müqavilədə göstərilməyən bir öhdəliyin cavabdeh tərəfindən icra edilməsini tələb etməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Ümumtəhsil Məktəbi MMC-nə qarşı “müəyyən hərəkətləri etməyi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh Ümumtəhsil Məktəbi MMC-nə qarşı “müəyyən hərəkətləri etməyi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-4675/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4675/2023
16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver