Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4691/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyətçinin istifadə hüququna yaradılan məneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyətçinin istifadə hüququna yaradılan məneələrin aradan qaldırılması, cavabdeh və üçüncü şəxslər tərəfindən maneənin yaradılmasının qadağan edilməsi, fərdi yaşayış evinin 1 otağının boşaldılması, 2 il müddətində əmlakdan istifadəyə yaradılan maneələrə görə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-də yerləşən fərdi yaşayış evində olan ona paylı mülkiyyət hüququ ilə məxsus olan əmlakdan istifadə hüququna yaradılan məneələrin aradan qaldırılması; cavabdeh və üçüncü şəxslər tərəfindən maneənin yaradılmasının qadağan edilməsi; fərdi yaşayış evinin 1 otağının boşaldılaraq ona təhvil verilməsi; 2 il müddətində əmlakdan istifadə edə bilməməsi ilə bağlı ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci ildə Bakı şəhəri Balaxanı qəsəbəsində doğulmuşdur. O, doğulduğu gündən bu günədək vərəsəlik üzrə paylı mülkiyyət əsasında ona məxsus olan ünvan 2-də yaşamışdır. Bu fərdi yaşayış evində onunla bərabər iş üzrə cavabdehlər, əmlakın digər paylı mülkiyyətçiləri olan anası Cavabdeh2 və böyük qardaşı Cavabdeh1 yaşayır. Artıq 10 ildir ki, nikahı pozulmuş və onun 2 yetkinlik yaşına çatmayan övladı var. O və onun uşaqları bu evdə yaşadıqları müddət ərzində özlərini xoşagəlməz qonaq kimi hiss edirdilər. Onun və cavabdehlərin arasında mütəmadi olaraq mübahisələr baş verir, cavabdehlər onun bu evin paylı mülkiyyətçisi kimi qəbul etmirlər. Aralarında olan mübahisələr uşaqların gözü önündə baş verir ki, bu da onların psixologiyasına təsirsiz ötüşməyə bilməz. Onlar arasında olan mübahisələrdən qonşular da xəbərdar olmuşlar. Bu da onun və cavabdeh arasında olan mübahisələrin nə dərəcədə böyük olmasının sübutudur. Hazırda mübahisə predmeti olan bu əmlakda 4 mülkiyyətçidən yalnız 2 nəfər, yəni hər iki cavabdeh yaşayırlar. 2 il əvvəl onun və cavabdehlərin arasında əmlakdan istifadə ilə əlaqədar münaqişə yaranmışdır, bu münaqişə o qədər böyük olub ki, polislərin müdaxiləsi ilə sakitləşib. O, 2 ildir ki, paylı mülkiyyətçisi olduğu əmlakdan istifadə edə bilmədiyindən uşaqları ilə birlikdə kirayədə qalır və ayda 300 manat kirayə pulu ödəyir. Hal-hazırda cavabdehlər qapının açarını da dəyişib, ona görə də o, mülkiyyətində olan əmlakından istifadə edə bilmir. Evdə əvvəllər onun nənəsinin yaşadığı bir otaq olub ki, hal-hazırda onun qardaşı həmin otaqdan qaraj kimi istifadə edir, həmin otaqda özünə aid avadanlıqları saxlayır. Həmçinin, bu otaqda onun cehizi olan əşyalar var. Evin qapısının açarı dəyişdirildiyinə görə o, cehizi olan əşyalardan da istifadə edə bilmir. Onun vəkili tərəfindən 3 dəfə Daxili İşlər Nazirliyinə rəsmi müraciət edilsə də, bu heç bir nəticə verməyib. Beləliklə, onun mülkiyyətində olan əmlakdan istifadə hüquqlarına maneə törədilir. O, 2 ildir ki, əmlakından istifadə edə bilmədiyindən kirayədə yaşayır. Bu isə ona maddi və mənəvi ziyan vurur. Çünki o, babadan qalma evdə yaşaya bilmədiyi üçün kirayədə qalmaq məcburiyyətində qalır. Buna görə də, hazırda mövcud 3 otaqdan biri boşaldılmalı və o, ora köçürülməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4691/2023 nömrəli xx.xx.2023cü il tarixli qərardadına əsasən iddia tələbinin “cavabdeh və üçüncü şəxslər tərəfindən maneənin yaradılmasının qadağan edilməsi, fərdi yaşayış evinin 1 otağının boşaldılaraq iddiaçıya təhvil verilməsi, 2 il müddətində əmlakdan istifadəyə yaradılan maneələrə görə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” hissələrdə baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı və Cavabdeh2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı və Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə ərazi aidiyyəti üzrə əməkdaşa tapşırıq verilməsi qərara alınmışdır. -xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı və X2 şikayət ərizəsi əsasında toplanmış təhqiqat materialının rədd edilməsi, İddiaçı və X2 barələrində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirləri görülməsindən ötrü toplanmış materialın 12-ci PŞ-nə təqdim edilməsi qərara alınmışdır. -yaşayış sahəsinin kirayəsi haqqında 135 nömrəli xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, X6 ünvan 1 ünvanında yerləşən 157 nömrəli mənzili aylıq kirayə haqqı 350 manat olmaqla İddiaçı kirayə vermişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/5 hissəsi X3, 1/5 hissəsi X4, 1/20 hissəsi Cavabdeh2, 1/20 hissəsi Cavabdeh1, 1/20 hissəsi X1, 1/5 hissəsi X5, 1/20 hissəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada İddiaçı paylı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququndan tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə Cavabdeh2 və Cavabdeh1 onun evdə yaşamasına imkan verməmələri maneçilik törədir. Məhkəmə hesab edir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində davamlı şəkildə maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması kimi baxılmalıdır. İnsan hüquqları üzrə Avrpa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, «mülkiyyətə müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümlünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v. Turkey, xx.xx.1996, § ЫЫ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-4691/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4691/2023
12.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver