Məhkəmə qərarları › İş №e-2(008)-4693/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4693/2023

15.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4693/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7700 (yeddi min yeddi yüz) manat əsas borcun, 580 manat illik 5 faizin, 90 manat dövlət rusumunun, cəmi 8370 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən, 8-ci kilometr bazarı adlanan ərazidə 20 ildir ki, elektrik mallarının satışı ilə bağlı icarə əsasında mağazanı işlədir. Cavabdeh Türkiyə Cümhuriyyəti vətəndaşı, ünvan 2 ünvanında yaşayan və qeydiyyatda olan Cavabdeh 23 oktyabr 2021-ci il tarixdə ondan 19.000 manatlıq elektrik malları almışdır. Cavabdeh ondan aldığı malların 11.300 manatını ödəmiş, qalan 7700 (yeddi min yeddi yüz) manat pulu isə bu günədək ödəməmişdir. O, dəfələrlə cavabdehlə əlaqə saxlayıb pulu ödəməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmışdır. O, cavabdehin iştifadəsində olan ***-***-**- ** və ***-***-**-** mobil telefonuna dəfələrlə zəng edib 7700 (yeddi min yeddi yüz) manatı ödəməsi ilə əlaqədar cavabdeh iradlarını bildirmişdir. Lakin onun bu iradları heç bir nəticə verməmişdir. Cavabdeh hazırda onun zənglərinə də cavab vermir. Göstərilənlərə əsasən ona dəyən ziyanın ödənilməsi üçün tədbirlər görülməsi ilə əlaqədar müxtəlif dövlət qurumlarına müraciətlər etmişdir. Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhdiqatçısı, polis mayoru X2 17 mart 2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərarından görünür ki, Türkiyə Cümhuriyyəti vətəndaşı, ünvan 2-də qeydiyyatda olan Orhan Taşdemir adlı şəxsin pasport nömrəsi U********-dür. Bu məlumat Polis Şöbəsi tərəfindən Dövlət Miqrasiya Xidmətinə verilmiş sorğu əsasında müəyyən edilmişdir. 17 mart 2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərarla ona mübahisənin mülki xarakterli olduğu və ümumi məhkəməyə müraciət edilməsi izah edilmişdir. 11 may may 2023-cü il tarixdə pretenziya ilə cavabdehə müraciət edərək ona vurduğu ziyanı ödəməsini xahiş etmişdir. Pretenziyanı vatsap vasitəsilə cavabdehin 055 *** ** ** mobil nömrəsinə də göndərmişdir. Lakin cavabdeh həmin müraciətinə də cavab verməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, Orxan ona da 7000 manat borcludur, Cavabdeh istixanada işləyirdi, ora elektrik və su xəttinin çəkilməsi ona tapşırılmışdı, o, isə həmin parnikdə işlərə nəzarət edirdi. Orxanı onunla İlkin tanış etmişdi. Onlara elektrik avadanlıqları lazım idi, həmin malları almaq üçün ona 32000 manat pul vermişdi, Orxan 25000 manat dəyərində avadanlıq gətirdi, 7000 manat dəyərində avadanlığı gətirib çıxarmadı. Sonradan Rövşən onu soraqlaşıb tapmış və bildirmişdir ki, Orxan həmin malları ondan alırmış, ondan da 8000 manata yaxın mal alıb amma pulunu verməmişdir. Sonradan Orxan da ona demişdir ki, həmin malları Rövşəndən götürmüşdür. Whatsapp yazışmaları bunu təsdiq edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 90 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 15 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2021-xx.xx.2023-cü il tarixlərinə mal və pul dövriyyəsinə dair cədvəldən görünür ki, Orxan adlı şəxs xx.xx.2021-ci il tarixdə 21 adda 16.926,10 manat dəyərində avadanlıq almışdır. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 23 oktyabr 2021-ci il tarixdə iddiaçıdan 19.000 manat dəyərində elektrik malları almış, aldığı malların dəyərindən 11.300 manatını ödəmiş, qalan 7700 manatı isə bu günədək ödəməmişdir. Qeyd olunan hallar tərəflər arasında “Whatsapp” sosial şəbəkəsindəki yazışmalarla, şahid ifadəsi ilə təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia 7700 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır və həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, borcun illik 5 faizi kimi hesablanmış 580 manat məbləğində pulun tutulması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı həmin məbləğin hansı əsaslarla, hansı tarixdən hesablanmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7700 (yeddi min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun 97 manat hissəsi Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7700 (yeddi min yeddi yüz) manat məbləğində pul vəsaiti və 97 (doxsan yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar