Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4891/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 45, mənzil 49-dan çıxarılmaları və həmin mənzilin boşaldırılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 50 saylı notariat ofisində 18.05. 2022-ci il tarixdə 4Ə-746 nömrə ilə qeydə alınmış Daşınmaz Əmlakın Alqı satqı müqaviləsinə əsasən İddiaçı X4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi ev 45, mənzil 49-u satın almışdır. Həmin mənzilə dair iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat tarixli çıxarış verilmişdir. Mənzili satan keçmiş mülkiyyətçisi X6 mənzili təhvil versə də, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qanunsuz və əsassız olaraq mənzildə yaşamaqda davam edirlər və mənzildən çıxmırlar. Bununla da iddiaçının mənzilə dair mülkiyyət hüququnu pozurlar. Cavabdehlər mənzildən çıxmadığı üçün iddiaçı xüsusi mülkiyyətində olan mənzilə dair sərbəst şəkildə, sərəncam və sahiblik etmə hüquqlarını həyata keçirə bilmir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də onlar məhkəməyə gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. 50 saylı notariat ofisində 18.05. 2022-ci il tarixdə 4Ə-746 nömrə ilə qeydə alınmış Daşınmaz Əmlakın Alqı satqı müqaviləsinə əsasən İddiaçı X4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi ev 45, mənzil 49-u satın almışdır. İddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat tarixli çıxarış verilmişdir. Həmin mənzili X6 AN-İ ******* №-li alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 almışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh3 xx.xx.2022-ci il tarixədək qeydiyyatdan çıxmaq öhdəliyi götürmüşdür. 147 saylı Mənzil-Kommunal istismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 529 №-li arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xx.xx.2010-cu il tarixdən həmin məhzildə qeydiyyatdadılar. Hazırda iddiaçı cavabdehlərin həmin mənzildən çıxarılmalarını və mənzilin ona təhvil verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, mülkiyyətçi öz evindən istədiyi kimi istifadə edə bilmir. Cavabdehlər xx.xx.2022-ci il tarixədək qeydiyyatdan çıxmaq öhdəliyi götürsələr də, bu günədək bunu etməmişdilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 45, mənzil 49-dan çıxarılsınlar və mənzili boşaldaraq iddiaçıya təhvil versinlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-4891/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4891/2022
19.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver