Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5044/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Cavabdeh2 icarəsində olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu ərazisində yerləşən 0,2465 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsinin icarə hüquqlarının alqı satqısı barədə xx.xx.2024-cü il tarixdə bağlanmış 3M-1780 reyestr nömrəli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi, həmin torpaq sahəsinə görə ödədiyi 11.450 manat pulun - maddi ziyana görə 10.000 manatın Cavabdeh2, 1450 manatın maddi ziyana görə, 2235 manat pulun əldən çıxmış faydaya görə, 125 manat pulun vəkil xidmətinə görə, 135 manat məhkəməyə ödənilən dövlət rüsumuna görə, 1055 manat mənəvi ziyana görə, cəmi 5000 manat pulun Cavabdeh1, ümumilikdə 15.000 manat pulun müştərək qaydada cavabdehlərdən alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, 2024-cü ilin əvvələrində iki qızına bir-birinin yanında fərdi yaşayış evi tikdirməkdən ötrü üç sot torpaq sahəsi almaq məqsədlə Sabunçu rayonunun Ramana Südçülük sovxozunda 1 №-li ev alqı-satqısı ofisi olan Seymur adlı maklerin ofisinə gəlmiş, söhbət zamanı Seymur adlı həmin makler Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində ev tikintisi üçün nəzərdə tutulan üç sot boş torpaq sahəsi olduğunu, istədiyi vaxt həmin torpaq sahəsini ona göstərə biləcəyini demiş və həmin torpaq sahəsinin qiymətini 11.450 manata razılaşmışlar. Həmin vaxt Cavabdeh1 ona təklif etdiyi torpaq sahəsinə baxmaq üçün əraziyə aparmış və boş torpaq sahəsindəki bir ərazini ona göstərərək məhz bu torpaq sahəsinin 3 sot ərazi sahəsini razılaşdıqları qiymətə satacağını demişdir. Cavabdeh1 11.450 manat pulu 2024-cü ilin fevral-mart aylarında 3-4 dəfəyə vermişdir. Həmin pulları ona verdiyini video görüntü ilə qeydə almışdır. Pulu verəndən 3 gün sonra həmin torpaq sahəsində ev tikintisi işlərinə başlaya biləcəyini bildirməsinə baxmayaraq, orada hər hansı bir tikinti işi aparmağa, ev tikintisi işlərinə başlamağına icazə və imkan verilməmişdir. Təxminən 10 aya yaxın müddətdir ki, Cavabdeh1 aldadaraq notariusda ev tikdirmək üçün nəzərdə tutulmuş torpaq sahəsi adı ilə imza etdirdikləri torpağın alqı-satqı müqaviləsinin ləğv edilməsi, aldadaraq torpağa görə ödədiyi 11.450 manat pulu qaytarmasını tələb edir. Lakin cavabdehlər onu aldatmış, süründürərək verdiyi 11.450 manat pulu müxtəlif üsul və vasitələrdən istifadə edərək qaytarmaqdan imtina edirlər. Onu da qeyd edir ki, Cavabdeh1 sözügedən torpaq sahəsini ona fərdi yaşayış evi tikdirmək üçün nəzərdə tutulmuş torpaq sahəsi adı ilə satmış, sonra isə onu aldadaraq notariusa aparıb tanımadığı bir şəxslə hansısa bir sənədə imza etdirmişdir. Savadsız olduğundan hüquqi yardım üçün vəkilə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, cavabdehlər xx.xx.2024-cü il tarixdə Abşeron rayonunun 2 saylı notariat ofisində sözügedən 0,03 ha torpaq sahəsinin icarə hüquqlarının alqı-satqı müqaviləsinə imza etdirmişlər. Həmin müqavilədə qeyd olunur ki, satıcı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli **********57 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,2465 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsinin icarə hüquqlarını alıcıya 10.000 manata satır. Sözügedən torpaq sahəsini cavabdehlər ev tikintisi aparmaqdan ötrü onun savadsızlığından və yaşının çox olmasından istifadə edərək aldadaraq satmışlar, halbuki həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Məhz həmin torpaq sahəsinin təyinatının kənd təsərrüfatı olmasını cavabdehlər gizlətmişlər və beləcə onu aldatmışlar. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, Ramana qəsəbəsində daşınmaz əmlak alqı-satqısında vasitəçilik, yəni makler fəaliyyəti ilə məşğuldur. Ofisdə olarkən sonradan tanıdığı İddiaçı ofisə gələrək ona Seymuru axtardığını, torpaq almaq istədiyini bildirmişdir. O, iddiaçıya axtardığı Seymurun özü olduğunu, satışda kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğunu demişdir. Həmçinin ev tikintisinə icazə verilmədiyini, dekabr ayında icazə veriləcəyini bildirmişdir. Lakin iddiaçı etiraz etməmişdir. Həmin yeri iddiaçıya göstərmiş, iddiaçı bəyəndikdən sonra notariat ofisinə getmişlər. Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsi iddiaçıya 10.000 manata qanuni şəkildə satılmışdır. Alqı-satqı zamanı torpağın mülkiyyətçisi olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətindən müvafiq icazə də alınmışdır. İddiaçı torpağa görə ona ümumilikdə 10.800 manat pul vermiş, həmin puldan 10.000 manat torpağın sahibi olan Cavabdeh2 çatdırılmış, 800 manat isə sənədləşmə işlərinə ödənilmişdir. Alqı-satqı qanuni formada aparılmış, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Cavabdeh qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçını və digər Cavabdeh1 tanımır, onları ilk dəfədir ki, məhkəmə iclasında görür. İddiaçıya satılmış torpaq sahəsi onun icarəsində olmuşdur. Həmin torpaq sahəsinin satılması üçün etibarnaməni əmisi nəvəsi Seymur adlı şəxsə vermiş, qalan məsələlərlə maraqlanmamışdır. Əvəzindən alqı-satqı müqaviləsi bağlamış X3 adlı şəxsi tanımır. Torpağın satışı nəticəsində əldə edilmiş pulun hamısı razılığı əsasında qardaşına çatdırılmışdır. İddiaçının ödədəyi 10.000 manat puldan ona heçnə çatmamışdır. Torpağının satılması məqsədilə iddiaçını aldatmamış, onu heç vaxt tanımamışdır. Ona görə də iddianın ona münasibətdə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük Sovxozu ərazisində yerləşən 0,2465 ha torpaq sahəsi xx.xx.2005-ci ildən 99 illik müddətə Cavabdeh2 adına icarə hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 1155 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin X1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-18/2-h-240-091/2024 saylı məktubundan görünür kı, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük Sovxozu ərazisində yerləşən 0,2465 ha torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə etiraz edilmir. - xx.xx.2024-cü il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində bağlanmış 3M- 1780 reyestr nömrəsi ilə təsdiq edilmiş torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 (etibarnamə üzrə nümayəndəsi X3) icarəsində olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu ərazisində yerləşən 0,2465 ha torpaq sahəsindən 0,03 torpaq sahəsinin icarə hüquqlarını alıcı İddiaçı 10.000 manata satmışdır. - Sabunçu RPİ-nin 14-cü PŞ-nin xx.xx.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş və şikayət vermiş İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin həmin qərardan görünür ki, Cavabdeh1 İddiaçı ümumilikdə 10.700 manat pul alıdğını etiraf etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, İddiaçı fərdi yaşayış evi tikdirmək üçün torpaq sahəsi almaq qərarına gəlmiş, bu məqsədlə Ramana qəsəbəsində daşınmaz əmlak alqı-satqısında vasitəçilik fəaliyyəti ilə məşğul olan Cavabdeh1 ofisinə gəlmişdir. Həmin şəxs Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində ev tikintisi üçün nəzərdə tutulan üç sot boş torpaq sahəsi təklif etmiş, iddiaçı razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 adından etibarnamə üzrə nümayəndəsi X3 Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu ərazisində yerləşən 0,2465 ha torpaq sahəsindən 0,03 torpaq sahəsinin icarə hüquqlarını alıcı İddiaçı 10.000 manata satmışdır. Cavabdeh1 İddiaçı 10.000 manatı qəbul etdiyini etiraf edir, lakin həmin pulu digər Cavabdeh2 çatdırdığını bildirir. İddiaçı Cavabdeh1 10.000 manatdan əlavə 1450 manat da ödədiyini bildirsə də, cavabdeh iddiaçı tərəfindən ona yalnız 800 manat verildiyini etiraf edir. Cavabdeh2 həmin torpaq sahəsinin satılması üçün etibarnaməni əmisi nəvəsi Seymur adlı şəxsə vermiş, İddiaçı, digər Cavabdeh1, eləcə də, əvəzindən alqı-satqı müqaviləsi bağlamış Tahir Hüseynovu tanımamışdır. İşin məhkəmə iclasında araşdırılmış hallarına əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı əqd bağlanması məqsədilə aldadılmışdır. Cavabdeh1 iddiaçıya satılmış torpaq sahəsinin təyinatının kənd təsərrüfatı olmasını iddiaçıdan gizlətməklə onu aldatmışdır. Belə ki, iddiaçının niyyəti fərdi yaşayış evi inşa etmək üçün torpaq sahəsi almaq olmuş və bu məqsədlə daşınmaz əmlak alqı-satqısında vasitəçilik fəaliyyəti ilə məşğul olan Cavabdeh1 müraciət etmişdir. Lakin Cavabdeh1 onu aldadaraq, yaşayış məqsədilə istifadə edilməsi qadağan edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satışında vasitəçilik etmiş, torpağın alınması üçün 10.000 manat pul da iddiaçı tərəfindən həmin şəxsə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Cavabdeh2 icarəsində olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük Sovxozu ərazisində yerləşən 0,2465 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı barədə xx.xx.2024-cü il tarixdə bağlanmış 3M-1780 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı cavabdeh Seymur Şükürovun ondan 10.000 manatdan əlavə, 1450 manat aldığını və həmin pulun da ondan tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, cavabdehin etirafına əsasən həmin hissədə iddia qismən - 800 manatın tutulması hissəsində əsassız varlanma normalarına uyğun olaraq əsaslı saymalı, sübuta yetirilməməsi əsası ilə qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Eyni zamanda, məhkəmə, sübuta yetirilməməsi əsası ilə əldən çıxmış 2235 manat faydanın tutulması hissəsində də iddianın rədd edilməli olması qənaətinə gəlir. Mənəvi zərərin tutulması hissəsinə münasibətdə məhkəmə iddianı qismən əsaslı sayaraq hesab edir ki, iddiaçının ahıl yaşda olması, tənha qadın olması, sağlamlığı, maddi vəziyyətinin aşağı olması halları nəzərə alınarsa, ona ev tikmək üçün torpaq əvəzinə, ev tikilməsinə icazə verilməyən kənd təsərrüfatı təyinatlı torpağın satılması iddiaçıda həyəcan, gərginlik, stress kimi neqativ emosiyalar yaratmaqla mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, iddiaçının mənəvi sarsıntı keçirməsi Cavabdeh1 qanunsuz hərəkəti nəticəsində baş vermişdir. Lakin onun mənəvi ziyanın əvəzi olaraq tələb etdiyi 1055 manat yüksək həddə olmaqla işin hallarına uyğun deyil. Ona görə də, məhkəmə, həmin hissədə iddianın qismən təmin edilərək, Cavabdeh1 300 manat maddi zərərin tutulmasını işin hallarına və cavabdehin maddi vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən 125 manat Bakı şəhər 6 saylı vəkil bürosunun hesabına, xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən, 135 manat dövlət rüsumu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh2 (əvəzindən X3) ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə Abşeron rayon 2 saylı notariat ofisində bağlanmış 3M-1780 reyestr nömrəsi ilə təsdiq edilmiş torpağın icarə hüquqlarının alqısatqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqaviləyə əsasən ödənilmiş 10.000 manat, müqavilədənkənar qaydada ödənilmiş 800 manat, 300 manat mənəvi zərərin əvəzi, 125 manat vəkil xidmət haqqı və 123 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11.348 manat (on bir min üç yüz qırx səkkiz) manat məbləğində pul Cavabdeh1 alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 (əvəzindən X3) ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə Abşeron rayon 2 saylı notariat ofisində bağlanmış 3M-1780 reyestr nömrəsi ilə təsdiq edilmiş torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin müqaviləyə əsasən ödənilmiş 10.000 manat, müqavilədənkənar qaydada ödənilmiş 800 manat, 300 manat mənəvi zərərin əvəzi, 125 manat vəkil xidmət haqqı və 123 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11.348 manat (on bir min üç yüz qırx səkkiz) manat məbləğində pul Cavabdeh1 alınaraq, İddiaçı verilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-5044/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5044/2025
28.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver