Məhkəmə qərarları › İş №e-2(008)-5070/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5070/2025

29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5070/2025 29.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "**********70005 nömrəli abunə kodu üzrə yazılmış 312,13 manat (Yeni Azərbaycan Manatı ilə 0,0624 manat) pulun silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "**********70005 nömrəli abunə kodu üzrə yazılmış 312,13 manat (Yeni Azərbaycan Manatı ilə 0,0624 manat) pulun silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 7 nömrəli evin 5 nömrəli mənzili xx.xx.2025-ci ildən alqı-satqı olunmaqla onun mülkiyyətindədir. Elektrik enerjisi Əhmədova Sahan X. qızının adında olduğundan o, öz adına alqısatqı etmək istəmiş, lakin elektrik enerjisinə görə ödənilməmiş 312,13 manat borcun olduğu məlum olmuşdur. Həmin borc 2002-ci ildən əvvəlki dövrə aid olmuşdur. "xxxx" ASC onun müraciətinə cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 7 nömrəli evin 5 nömrəli mənzilə aid **********70005 nömrəli abunə kodu üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqinin təhlili zamanı 2002-ci ilədək mənzildə istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 312,13 manat borcun olduğu və bu borcun ödənişləri tələb olunmayan borclar qrafasında yer aldığı müəyyən edilmişdir. Həmin dövrdə qeyd olunan mənzil onun istifadəsində olmamışdır. Ona görə borcun ondan tələb edilməsi əsassızdır. Mübahisələndirilən 312,13 manat (Yeni Azərbaycan Manatı ilə 0,0624 manat) borc məbləği 2002-ci ilədək olan dövrdə yaranmış borc məbləğidir ki, cavabdeh "xxxx" ASC-nin tələb müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci və 551.2.1-ci maddələrinə əsasən keçmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edildi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 7 nömrəli evin 5 nömrəli mənzili xx.xx.2025-ci ildən iddiaçının mülkiyyətindədir. Həmin mənzilə aid **********70005 nömrəli abonent kodu "Əhmədova Sahan X" adlı şəxsə məxsusdur. Göstərilən abonent kodu üzrə elektrik enerjisinə görə 2002-ci ilədək istehlak edilmiş və dəyəri ödənilməmiş 312,13 manat borc mövcuddur. İddiaçının müraciətinə "xxxx" ASC-nin cavab məktubunda həmin borcun ödənişləri tələb olunmayan borclar qrafasında yer aldığı bildirilmişdir. İşdə olan "Abunə haqqında" məlumatdan görünür ki, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 7 nömrəli evin 5 nömrəli mənzili üzrə "Əhmədova Sahan X" adlı şəxsə məxsus **********70005 nömrəli abonent kodu üzrə 312,13 manat borc mövcuddur. İşdə olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 13-13/2-2/18-Ə-7141- 5/2025 nömrəli "Müraciətin araşdırılmasına dair" cavab məktubundan görünür ki, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 7 nömrəli evin 5 nömrəli mənzilinə aid **********70005 nömrəli abunə kodu üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqinin təhlili zamanı 2002-ci ilədək mənzildə istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 312,13 manat borcun olduğu və bu borcun ödənişləri tələb olunmayan borclar qrafasında yer aldığı müəyyən edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi ev 7 mənzil 5 (Yeni qaydalarla: AZ1119 Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi giriş 63 M2 m1) tam xüsusi mülkiyyət əsasında İddiaçı məxsusdur. İddiaçı ona məxsus mənzilin abonent koduna yazılmış borcun silinməsi tələbini həmin borcun qanunsuz hesablanması ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsinə görə öhdəliyin xitam olunması ilə əsaslandırmışdır. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2-ci maddəsində deyilir ki, aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. qida məhsulları satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Həmin Qərarda deyilir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Həmçinin, göstərilən Qərarda deyilir ki, həmin Məcəllənin 550-ci maddəsinə uyğun olaraq, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, bu maddə ilə müddətin keçməsinə görə tələb etmək hüququna xitam verilməsi imperativ qaydada müəyyən edilməmişdir, yəni müvafiq müddət keçdikdə öhdəlik avtomatik olaraq öz-özlüyündə xitam olmur, onun icrasını tələb etmək hüququna müəyyən şərtlərlə xitam verilir. Eyni zamanda, Məcəllənin 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə, müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir ki, bu hüququ realizə edib-etməmək də onun öz ixtiyarına buraxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilmiş hüquqi mövqeyinə uyğun olaraq məhkəmə bu qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş müddətlərin keçməsi öhdəliyin avtomatik xitamına və iddiaçının abonent koduna yazılmış borcun silinməsinə səbəb ola bilməz. Ona görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.5ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Beləliklə, hazırkı iddia tələbi təmin edilməsə də, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə məhkəmə xərcləri ona aid edilməməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "**********70005 nömrəli abunə kodu üzrə yazılmış 312,13 manat (Yeni Azərbaycan Manatı ilə 0,0624 manat) pulun silinməsi" barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X2.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar