Məhkəmə qərarları › İş №e-2(008)-5104/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5104/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5104/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "xx.xx.2022-ci ildə "xxxx" ASC ilə bağlanmış 1271***- *******01L nömrəli kredit müqaviləsinə əsasən götürülmüş 50000 manat məbləğində kreditin nikah dövründə birgə ailə ehtiyacları üçün sərf edildiyi nəzərə alınaraq, həmin kredit üzrə nikahın pozulduğu xx.xx.2023-cü il tarixindən sonra iddiaçı tərəfindən ödənilmiş 33273 manat məbləğində borcun 1/2 hissəsinin, yəni 16636 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin hüquqi yardım göstərilməsinə dair vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 300 manat və dövlət rüsumu qismində ödənilmiş 141 manat məbləğin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "xx.xx.2022-ci ildə "xxxx" ASC ilə bağlanmış 1271***-*******01L nömrəli kredit müqaviləsinə əsasən götürülmüş 50000 manat məbləğində kreditin nikah dövründə birgə ailə ehtiyacları üçün sərf edildiyi nəzərə alınaraq, həmin kredit üzrə nikahın pozulduğu xx.xx.2023-cü il tarixindən sonra iddiaçı tərəfindən ödənilmiş 33273 manat məbləğində borcun 1/2 hissəsinin, yəni 16636 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin hüquqi yardım göstərilməsinə dair vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 300 manat və dövlət rüsumu qismində ödənilmiş 141 manat məbləğin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2021-ci ildə cavabdehlə nikaha daxil olmuş, xx.xx.2023-cü ildə nikahları rəsmi olaraq pozulmuşdur. Nikah dövründə xx.xx.2022-ci ildə onun adına "xxxx" ASC-də 1271***-*******01L nömrəli kredit müqaviləsi üzrə illik 30% dərəcə ilə 300000 manat məbləğində kredit xətti açılmış, onun 50000 manat hissəsi kreditləşdirilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli 1FİZAM195686001 nömrəli zaminlik müqaviləsi ilə zamin qismində çıxış etmişdir. Göstərilən kredit vəsaiti birgə nikah münasibətləri dövründə onların ailə təsərrüfatının idarə olunmasına yönəldilmişdir. Belə ki, nikah dövründə ünvan 1 ünvanında yerləşən "White cat" adlı kofe mağazası icarəyə götürülmüş, həmin məkanın təmirinə 98200 manat, avadanlıqların alınmasına isə 109700 manat xərclənmişdir. Bütün bu xərclər kredit vəsaiti hesabına həyata keçirilmiş və bu, ailə gəlirlərini artırmaq məqsədi daşımışdır. Nikahın xx.xx.2023-cü ildə pozulmasından sonra həmin kredit üzrə 33273 manat borc məbləği onun tərəfindən ödənilmişdir. Göstərilən kredit vəsaiti birbaşa olaraq nikah münasibətləri dövründə xx.xx.2022-ci ildə götürülmüş, ailə təsərrüfatının idarə olunması məqsədilə istifadə edilmişdir. Kredit hesabına birgə yaşayış və gəlir əldə etmə məqsədilə kofe biznesi qurulmuş, icarə, təmir və avadanlıq xərcləri bu vəsaitdən qarşılanmışdır. Ailə Məcəlləsinin tələblərinə əsasən, nikah dövründə əldə edilmiş və birgə ehtiyaclar üçün istifadə olunmuş kreditlər üzrə öhdəliklər ər və arvadın birgə öhdəliyi sayılır. Bundan əlavə, Cavabdeh kredit müqaviləsi üzrə zamin qismində çıxış etməsi, onun kreditin götürülməsi və ailə təsərrüfatı məqsədilə xərclənməsi barədə məlumatlı olduğunu və bu öhdəlikdə iştirakını açıq şəkildə göstərir. Bu baxımdan, kredit üzrə öhdəlik həm hüquqi məzmununa, həm də faktiki istifadəsinə görə birgə öhdəlik kimi qiymətləndirilməli və cavabdeh tərəfindən müvafiq payla qarşılanmalıdır. Nikah dövründə birgə ailə təsərrüfatının idarə edilməsi məqsədilə götürülmüş kredit üzrə tərəflərin bərabər məsuliyyət daşıdığı şəraitdə, nikahın pozulmasından sonra onun tərəfindən ödənilmiş borcun yarısının cavabdehdən tutularaq ona qaytarılması qanuna və ədalət prinsiplərinə tam uyğundur. Cavabdeh xx.xx.2025-ci ildə məhkəməyə vəsatət verərək bildirmişdir ki, o, Abşeron Rayon Məhkəməsində İddiaçı qarşı sonuncunun "xxxx" ASC-yə olan borcunun tərəfindən ödənilməsi ilə bağlı reqres qaydasında pul tələbinə dair iddia qaldırmışdır. Həmin e-2(012)-1589/2025 nömrəli iş 6 aydan artıqdır ki Abşeron Rayon Məhkəməsində baxılır və iş məhkəmə baxışı mərhələsindədir. Həmin iş üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia verə biləcəyi müddəti ötürdüyünə görə hazırkı iddianı qaldırmışdır. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsaslanaraq, hazırkı işin Abşeron Rayon Məhkəməsinin icraatına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı cavabdehin nümayəndəsi Vəkil2 həmin vəsatətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi vəkil Nümayəndə isə vəsatətin təmin olunmasına etiraz etmədiyini və vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə aşağıdakı hallara görə bu qənaətə gəldi ki, vəsatət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Cavabdeh Baxşiyeva (hazırda Quluzadə) Səidə Azər qızına qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 16727 manat məbləğində borc məbləğinin, 350 manat məbləğində vəkil xidmətləri xərcinin, 142 manat məbləğində məhkəmə rüsumunun və xx.xx.2024- cü il tarixindən qətnamə çıxarılacaq tarixə qədər ümumi borc məbləğinə 30 % illik faiz məbləğinin hesablanaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci ildə "xxxx" ASC-dən 300000 manat məbləğində illik 30 % dərəcə ilə kredit limiti açdırmışdır. İddiaçının dostu X4 avtomobilini həmin kredit üzrə ipotekaya qoymuşdur. Eyni zamanda, iddiaçı və X4 həmin kredit xətti üzrə zamin olmuşlar. İddiaçı həmin kreditin 50000 manatını kreditləşdirmiş, lakin ödənişləri vaxtında yerinə yetirmədiyi üçün borcun ödənilməsi üçün X1 və iddiaçıya icra sənədləri göndərilmişdir. İddiaçı borcundan 16727 manat məbləğində vəsait zamin olaraq iddiaçının hesabından silinmişdir. Zaminlik müqaviləsinin 2.3-cü bəndinə görə, zamin borclunun kreditor qarşısında olan öhdəliyini tam və ya qismən icra etdikdə, kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini icra etdiyi həcmə müvafiq olaraq keçir. Həmin müqavilənin 2.5-ci bəndinə görə, zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödəniməsini tələb edə bilər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli arayışında göstərilmişdir ki, həmin iddiaya dair e-2(012)-1589/2025 nömrəli mülki iş xx.xx.2025-ci ildə Abşeron Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin baxış iclası xx.xx.2025-ci il tarixə saat 11.50-yə təyin edilmiş, sözügedən iş üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdır. "Elektron məhkəmə" informasiya sistemindən götürülmüş məlumatdan görünür ki, e-2(012)-1589/2025 nömrəli mülki iş hal-hazıradək Abşeron Rayon Məhkəməsinin icraatındadır və iş üzrə yekun məhkəmə aktı çıxarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsində deyilir ki, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biribiri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 44.2.6-cı maddəsində deyilir ki, bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İşdən göründüyü kimi, hazırkı iş və Abşeron Rayon Məhkəməsinin icraatında olan iş biri-biri ilə əlaqəlidir, hər iki işdə tərəf qismində eyni şəxslər iştirak edir və İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən yaranmış öhdəliklərin icrası ilə bağlı pul tələb olunur. Ona görə də məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün göstərilən işlərə birgə baxılmalı və bu məqsədlə hazırkı iş əlaqəli olduğu e-2(012)-1589/2025 nömrəli işi ilkin olaraq icraata qəbul etmiş Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: Cavabdeh vəsatəti təmin edilsin. Hazırkı e-2(008)-5104/2025 nömrəli iş e-2(012)-1589/2025 nömrəli işlə birgə baxılması məqsədilə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar