Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5122/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı X8nın, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi (oğlu) X4 X1 iştirakları ilə İddiaçı X8nın Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28585 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2014-cü ildə qeyri-rəsmi münasibətdə olduğu iddiaçı X5 70000 ABŞ dolları məbləğini borc pul şəklində istəmişdir. xx.xx.2014-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında 63524 ABŞ dolları pul məbləğinin verilməsini və sözügedən borcun cavabdeh tərəfindən nə zaman qaytaracağını qeyd etdiyi müqavilə xarakterli qəbz imzalanmışdır. xx.xx.202014-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh iddiaçı X5 63524 ABŞ dolları məbləğində borc aldığını bildirmiş, həmin məbləği 2013-cü ilin sonunadək qaytarmağı öhdəsinə götürmüşdür. Sözügedən borc pul məbləğinin cavabdeh tərəfindən qaytarılması ilə əlaqədar iddiaçı İnna Paxomova Cavabdeh qarşı pul tələbinə dair iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-539/2018 nömrəli və xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh 63524 ABŞ dolları borc pul məbləğinin alınıb iddiaçı X6 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6454/2018 nömrəli və xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh apellyasiya şikayəti, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-7212/18 nömrəli və xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti də təmin edilməmişdir. İddiaçı tərəfindən icra orqanın hərəkətsizliyindən müvafiq orqanlara edilmiş çoxsaylı şikayət və müraciətlərə baxmayaraq Yasamal Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş qətnaməsi bu günə kimi icra edilməmişdir. Uzun müddət ərzində cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş öhdəliyin icra edilməməsi iddiaçını xeyli əlverişsiz vəziyyətə salmışdır. Buna görə də, cavabdeh borcunu vaxtında ödəməməklə iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 439.3-ci maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında lakin ildə azı beş faiz miqdarında hesablanır. 2014-cü ildən 2023-cü ilə kimi Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi illik azı 5% götürüldükdə bu faiz nisbəti ümumillikdə 9 il üçün 45% təşkil edir. Bu o deməkdir ki, hazırda cavabdehin əlavə ödəməli borc məbləği 28585 ABŞ dolları təşkil edir. Cavabdeh nümayəndəsi (oğlu) X7 iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh ağır xroniki xəstəlik ilə əlaqədar birinci qrup əlildir. 2015-ci ildə Cavabdeh iki insult keçirmiş və bundan sonra fəaliyyətsiz olmuşdur, icra məmuru tərəfindən onun adına heç bir əmlak aşkarlanmamışdır. Bununla əlaqədar məhkəmə qərarının icrası onun təqaüdünə yönəldirmişdir. 2019-cu ilin may ayından könüllü olaraq aldığı pensiyasından hər ay 70 manat Yasamal rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Bundan sonra Cavabdeh pensiyasından 50%, həm də birinci qrup əlilliyi ilə bağlı sosial təminatından hər ay müvafiq məbləğdə pul İnna Paxomovanın hesabına köçürülür. Beləliklə, borclu Cavabdeh qərarın icrasından yayınmır və hissə-hissə ilə İnna Paxomovaya borcu ödəyir. 2014-cü ildə tərtib edilmiş qəbzdə Cavabdeh İnna Paxomovaya 63524 ABŞ dolları məbləğində borc ödəməyi öhdəsinə götürmüşdür. Həmin dövrdə bir dolların qiyməti 0,78 qəpik idi. Hazırda bir ABŞ dollarının qiyməti 1,70 manat təşkil edir. Beləliklə, Cavabdeh İnna Paxomovaya ödədiyi məbləğ iki dəfədən çox artmışdır. Bundan əlavə, iddiaçı İnna Paxomova iddia ərizəsində qeyd edib ki, qərarın yerinə yetirilməməsi səbəbindən cavabdeh onu xeyli əlverişsiz vəziyyətə salmışdır. Buna görə də, cavabdeh borcunu vaxtında ödəməməklə iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Lakin, bu əldən çıxmış fayda əslində nədən ibarətdir iddiaçı İnna Paxomova tərəfindən göstərilməmişdir. Cavabdeh birinci qrup əlil olaraq icra vərəqəsi üzrə İnna Paxomovanın xeyrinə böyük miqdarda borc ödəyir. Bu borc onun yeganə gəlir mənbəyindən - pensiya və əlillik üzrə sosial müavinatından tutulur. Buna görə də ondan 28 585.00 manat məbləğində əlavə məbləğin alınması mümkün deyil. Məhkəmə iclasında iddiaçı X8, onu nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (oğlu) X7 etirazın məzmununa uyğun izahat verərək, eyni zamanda iddia müddəti ötdüyündən iddianın rədd edilməsini xahiş etdi (iddia müddətinin tədbiqi barədə ərizə tədim etdi). Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Yasamal Rayon Məhkəməsinin 2(004)-539/2018 nömrəli iş üzrə qəbul etdiyi qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 63524 ABŞ dolları borc pul məbləğinin alınıb iddiaçı X6 verilməsi qət edilmişdir. Belə ki, Cavabdeh iddiaçı X5 63524 ABŞ dolları borc almış və 2013-cü ilin sonunadək qaytarmağı öhdəsinə götürsə də, borcu qaytarmamışdır. Həmin qətnamədə tərəflərin aralarındakı münasibətlər yazılı borc müqaiviləsindən irlə gələn münasibətlər kimi qiymətləndirilmişdir. İddiaçının mövqeyinə görə uzun müddət ərzində həmin məbləğ ödənilmədiyindən iddiaçı xeyli əlverişsiz vəziyyətə düşmüşdür və həmin məbləgin ödənilməsi gecikdiyinə görə Azərbaycan Respublikasının Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən vəsaitin məbləğindən faizlər ödəməlidir. Hazırda iddiaçı cavabdehdən 28585 ABŞ dolları məbləğində faizin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Belə ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hünuqunun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Göründüyü kimi, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaçı əsas borcun tutulması barədə iddia verən zaman hazırki tələbi də irəli sürə bilərdi. Lakin, həmin münasibətlərdən artıq 10 ilə yaxın vaxt keçib. Qeyd edildiyi kimi, cavabdeh iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-5122/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5122/2023
10.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver