Məhkəmə qərarları › İş №e-2(008)-521/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-521/2023

28.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-521/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 13.100 manat məbləğində maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildə Şıxov çimərliyindən evinə “Honda CR-V” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qayıdarkən, Salyan şossesindən Dairəvi küçəyə dönərkən, əsas yolla birləşən köməkçi yolun çıxışında Cavabdeh2 tərəfindən etibarnaməsiz idarə olunan “Volkswagen Passat” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin gün Bakı Dairəvi küçəsində təmir işləri ilə əlaqədar tıxac yaranmışdır. Daha sonra hadisə şahidlərinin verdiyi ifadələrə görə, Cavabdeh2 arxa-arxaya hərəkət etməklə, köməkçi yoldan Salyan şossesinə qayıtmaq istəmiş, lakin köməkçi yolun təktərəfli istiqamətdə olması, habelə onun istifadə etdiyi avtomobillə Cavabdeh2 sürdüyü avtomobil arasında başqa bir avtomobil olması səbəbilə, aradakı avtomobil qəfil sola çəkildikdə, o, təqsirkar Cavabdeh2 gördükdə onun sürdüyü avtomobil ona çox yaxın olmuş və o, əyləcə bassa da, avtomobili **-XJ-*** nişanlı avtomobilə dəymişdir. Nəticədə, avtomobilinin qabaq hissəsi tamam yararsız hala düşmüş, təhlükəsizlik yastıqları açılsa da, sağ qabırğasında çat meydana gəlmişdir. Cavabdeh2 qardaşına aid olan və Cavabdeh2 etibarnaməsiz idarə etdiyi avtomobildə mülki məsuliyyətin icbari sığortası mövcud deyildi. Həmin avtomobil Cavabdeh2 qardaşı Cavabdeh1 mülkiyyətindədir. Qısacası, Cavabdeh2 həmin avtomobili bir tərəfdən etibarnaməsiz idarə etmiş, digər tərəfdən də həmin avtomobilin üçüncü şəxslərə vura biləcəyi zərərlərə qarşı icbari sığortası aparılmamışdır. Halbuki, avtomobilin sığortasını həyata keçirmə öhdəliyi Cavabdeh1 olmuşdur. Hadisə ilə bağlı təhqiqat başlanılmış, işə Yol-Nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Elşən Məmmədov baxmışdır. İşin ekspertizaya göndərilməsi nəticəsində, ekspertiza Cavabdeh2 törədilmiş hadisədə təqsirli bildiyi üçün, xx.xx.2021-ci ildə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı tərtib edilərək təsdiq edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Daha sonra cinayət işi əlavə araşdırma aparılması üçün Yol-Nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinə qaytarılmışdır. Bununla belə, ekspert rəyində də göstərilmişdir ki, yüksək sürətli yolda avtomobili yolun hərəkət hissəsində arxa-arxaya idarə etmək qəza şəraiti yaratdıqda təqsirli davranış sayılır və məhz meydana gələn qəzada Cavabdeh2 təqsirli olduğundan cinayət işi ona qarşı qaldırılmışdır. Lakin işin istintaqı davam edərkən, təqsirləndirilən şəxs “8 Noyabr– Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qanuna və amnistiya aktına əsasən onun barəsində cinayət işinə xitam verilmişdir. İstintaqı aparan müstəntiq Elşən Məmmədov ona izah etmişdir ki, məruz qaldığı ziyanı mülki qaydada rayon məhkəmələrində qaldıra bilər. Yapon avtomobillərin satışı və təmiri üzrə ixtisaslaşan “Honda-servis”dən aldığı müayinə aktına görə, avtomobilinə dəymiş zərərin məbləği 13.000 manatdan çox hesablanmışdır. Zərər hesablanarkən, avtomobil salonunda olan və açılan hər hava yastığı, sensorlu kəmərlərin xərci bu qiymətə daxil edilməmişdir. Hadisədən də görünür ki, ona zərər vuran avtomobilin mülkiyyətçisi X2r və o, avtomobilinin idarə olunması üçün öz qardaşına etibarnamə verməmişdir. Üstəlik, öz avtomobilinin icbari sığortanı da etdirməmiş və icbari sığortası olmayan avtomobili etibarnaməsiz öz qardaşına vermişdir. Başqa sözlə o, üçüncü şəxslərə öz avtomobili ilə vurula biləcək zərərin qarşısını almaq üçün heç bir tədbir almamışdı. Bu səbəbdən, Cavabdeh2 ona təqsirli olaraq vurduğu zərərə görə şəxsən və öz əmlakı ilə məsuliyyət daşıyır. Cavabdehlərdən Cavabdeh2lə daha əvvəl görüşüb ona güzəşt olaraq avtomobilin qeyri-original ehtiyat hissələrinin pulunun ödəməsi ilə zərərin qarşılamasını tələb etmişdir. Lakin sonuncu sadəcə 2500 manat verə biləcəyini, ondan daha yüksək məbləğdə zərərin kompensasiyasını istəməyinin əsassız olduğunu qeyd etmişdir. Məsələn o, avtomobilinin kapotunu niyə təmir etməyib dəyişdiyinə və çin istehsalı deyil, türk istehsalı olan kapotu qoydurduğunu qəbul etməmiş, etiraz etmişdir. Habelə, Cavabdeh2, avtomobili rəngləməyin çox bahalı olduğuna etiraz etmişdir, məsələn kapotun boyasının 200 manat olduğunu qəbul etməmiş, halbuki kapot hissəsinin boyanması daha çətindir və daha çox boya sərf olunur. Başqa sözlə, cavabdehin bütün bu qeydləri onun başdan xoş niyyətli olmadığını, məsuliyyətdən yayınmaq istədiyini sübut edir. Qabırğası zədələndiyi üçün rentgen müayinəsinə ödədiyi xərc 50 manat təşkil etmiş, ATU terapevtik klinikasında etdirmişdir. 18 manata ağrıkesici krem, 20 manata da korset almışdır. Bu da toplamda 88 manat maddi zərər meydana gətirmişdir. Habelə gecələr yatanda əziyyət çəkmiş, çünki həmişə sağ tərəfində yatdığı halda, uzun müddət sağ tərəfində yatması mümkün olmamışdır. Qəzadan sonra avtomobilində ciddi nasazlıqlar yaranmış və onların tamamilə düzəltdirə bilməmişdir. Məsələn hava yastıqlarının qabaq sol sensoru dəyişdirilməlidir, onun ədədi 80 manatdır, üstəlik sifarişlə gətirilir, onu hələ də dəyişdirə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlər iddiaya münasibət bildirən zaman onlara qarşı qaldırılmış tələbləri qəbul etməmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, fakta görə xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin başlanılmasına səbəb və əsas xx.xx.2021-ci il tarixdə Bakı- Kənar-Dairəvi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 14-cü kilometrində İddiaçı Bakı istiqamətinə idarə etdiyi “Honda CR-V” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Cavabdeh2 arxa-arxaya idarə etdiyi “Volkswagen Passat” markalı, **- XJ-***dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması olmuşdur. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lakin “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar Cavabdeh2 tətbiq edildiyindən, barəsində aparılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və İddiaçı dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qüsur aktına əsasən, İddiaçı məxsus “Honda CR-V” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və ehtiyat hissələrinə 13039,59 manat xərc tələb olunur. “Elektron-məhkəmə” informasiya sistemindən görünür ki, “Honda CR-V” markalı, **- DV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı, “Volkswagen Passat” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Cavabdeh1 mülkiyyətindədir. İşin mübahisəsiz halı bundan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş və Bakı şəhəri istiqamətində hərəkət edən İddiaçı məxsus “Honda CR-V” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh1 məxsus, Cavabdeh2 etibarnamə olmadan arxa-arxaya idarə etdiyi “Volkswagen Passat” markalı, **- XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və bununla da iddiaçıya məxsus sözügedən avtomobilə maddi ziyan dəymişdir. Hətta hadisə ilə bağlı Cavabdeh2 barəsində cinayət işi açılmış, sonradan isə barəsində amnistiya qərarı tətbiq edildiyindən cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) “Volkswagen Passat” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 tərəfindən törədilsə də, o, avtomobili qanuni əsas (etibarnamə) olmadan idarə etdiyindən, həmin avtomobilin mülkiyyətçisi Cavabdeh1 ilə birlikdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1950 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə işdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2008-ci il buraxılışlı “Honda CR-V” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9.517 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış xx.xx.2023 il tarixli ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 9.517 manat məbləğində qiymətləndirilməklə, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı vurulmuş 9.517 manat maddi ziyanın məbləği sonuncunun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 130 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun 115,17 manat hissəsi cavabdehlərə aid edilməli və onlardan tuularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli ekspert təqdiqatının dəyəri 50 manat təşkil edir və həmin məbləğ də cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 9.517 (doqquz min beş yüz on yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115,17 (bir yüz on beş manat, on yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə çəkilmiş 50 (əlli) manat ekspertiza xərci cavabdehlərə aid edilməklə, onlardan müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar