Məhkəmə qərarları › İş №e-2(008)-532/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-532/2024

08.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-532/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli Bakı şəhəri Suraxanı rayonu X9 E.Məhərrəmli küçəsi 2-də yerləşən özbaşına tikiliyə köçürülməsi, həmçinin ödənilimiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə qeyri-rəsmi nikaha girməklə ailə qurmuşdur. O, mübahisəli Bakı şəhəri X9 E.Məhərrəmli küçəsi 2-də yerləşən özbaşına tikiliyə gəlin gəlmiş və bütün cehiz əşyaları da həmin evdədir. Həmin evdə onların 07 fevral 2006-cı il təvəllüdlü X2 və 21 mart 2009-cu il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Daha sonra münasibətləri korlanmış və cavabdeh uşaqlara maddi və mənəvi dəstək verməkdən yayınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-3978/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 07 fevral 2006-cı il təvəllüdlü X1 və 21 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 23 may 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində sabit pul şəkilində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Belə ki, cavabdehlə münasibətləri pozulduqdan sonra o, müvəqqəti olaraq anasıgilə köçməli olmuşdur. Lakin bu yaxınlarda evə dönmək istəsə də cavabdeh onu evə buraxmamışdır. Nəticədə o, uşaqlarla çöldə qalmışdır. Nəzərə alınsa ki, uşaqların qarşıdan məktəbi gəlir və onlar Ramanada məktəbə gedirlər, cavabdehin hərəkətləri nəticəsində hansı problemlərlə üzləşəcəkləri məlumdur. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Əlavə olunmuş arayışdan da görünür ki, cavabdeh Məmmədov X4 rayonu 2-ci Bayan kəndində qeydiyyatda olsa da faktiki olaraq, Bakı şəhəri Suraxanı rayonu E.Məhərrəmli küçəsi 2-də yerləşən X5 sözügedən özbaşına tikilidə yaşayır. Evin təmirinə onun tərəfindən atasıgilin köməyi ilə on min manatdan artıq pul xərclənmişdir. Əlavə olaraq, bildirir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Apellyasiya instansiyasının xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində bildirmişdir ki, iddiaçı ilə cavabdeh 18 ildi ailəlidirlər. İddiaçı onun qardaşının oğlu ilə evlidir, lakin rəsmi nikahları olmayıb. Rəhmətlik qardaşının evini onlar tikib, hansı ki Kəmalə gəlin gəlmişdi. Gəlin gələndən sonra Kəmaləni işə düzəltdilər, işləməyə başladı. Evi qardaşı tikmişdi, Kəmalə əsasən təmir işlərini görmüşdü. Evdə Sahil, anası, Kəmalə və iki uşağı yaşayırdılar. Uşaqlardan biri universitet oxuyur, digəri isə orta məktəbdədir. Ev Ramanı qəsəbəsi, Elşən Məhərrəmli küçəsindədir. Ev təxminən 30 il öncə tikilib, 18-19 il öncə isə təmir olunub. Qayınanası Kəmaləyə dedi ki evindən çıxsın, Kəmalə təxminən 2-3 il olar evdən çıxıb getmişdir. Qardaşının evi ilə onun evinin arası təqribən 60 metr olar. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını, şahidin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞB/2-00853 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. - AZ-İ seriyalı 758723 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2006-cı il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İİ seriyalı 274504 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. - 1106 nömrəli xx.xx.2008-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Ramana qəsəbəsi Südçülük sovxozu E.Məhərrəmli küçəsi ev 2 ünvanında yaşayır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3978/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, 07 fevral 2006-cı il təvəllüdlü X1 və 21 mart 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 23 may 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində sabit pul şəkilində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - 296 nömrəli tam orta məktəb tərəfindən verilmiş 254 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 hal-hazırda Sabunçu rayonu 296 nömrəli tam orta məktəbin 9-cu sinfində oxuyur. - 296 nömrəli tam orta məktəb tərəfindən verilmiş 255 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 2022-2023-cü tədris ilində Sabunçu rayonu 296 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmiş və tam orta təhsil haqqında attestat almışdır. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə dövlət sərhəddindən keçmişdir (çıxış etmişdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlıdır və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırkı işdə isə faktiki hallar hansısa analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qaxdığından iddia haqlı sayıla bilməz. Belə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh tərəfindən istifadə olunur. Bunu iddiaçı mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacının yaranmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, o, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı ilə cavabdeh arasında rəsmi nikah olmamışdır. Belə olan halda, ailə qanunvericiliyi əsasında cavabdehlə birlikdə yaşamaq və sonuncudan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa da, həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki iddiaçının bu istəyi ən azından keçmiş ərinin bilavasitə razılığı ilə şərtləndirilir ki, tərəflər arasında rəsmi ər-arvad münasibətləri olmamışdır. Daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evə faktiki sahiblik və oradan istifadə edən cavabdehi belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Bir anlığa təsəvvür edilsə ki, iddiaçı cavabdehlə rəsmi nikah bağlayaraq, mübahisə predmeti olan evə 2005-ci ildə köçüb yaşayarkən həmin tikili cavabdehin adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır, onda tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra hazırkı mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarının tətbiqi nəzərdən keçirilə bilərdi. Bu mənada tərəflər arasında ər-arvad münasibətlərinə xitam verildiyindən, iddiaçı isə artıq uzun müddətdir ki, başqa ünvanda yaşadığından hazırkı evə köçürülmə ilə bağlı iddiaya analogiya baxımından Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi də mümkün olmazdı. Buna baxmayaraq, nə özbaşına tikilinin, nə də onun yerləşdiyi torpaq sahəsinin cavabdehə heç bir aidiyyəti yoxdur. Bu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırkı iş üzrə iddiaçı cavabdehin keçmiş arvadı deyildir və köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə ehtiyacı yoxdur. Çünki iddiaçı köçmək istədiyi evdə artıq bir ildən artıqdır ki, yaşamır. Demək, iddiaçının başqa yaşayış yeri mövcuddur. Ona görə də iddiaçı bu davranışı ilə köçmək istədiyi tikilidə yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün cavabdehin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar