Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-539/2025 07.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1024.36 manat vəsaitin və ona hesablanmış 123.78 manat faizlərin, cəmi 1148.14 manat pulun və 31.49 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə müştəri Cavabdeh arasında xx.xx.2022-ci il tarixli birkart umico debet (kredit) və xx.xx.2023-cü il tarixli birbank cashback debet kartlarına dair müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən müştəri tərəfindən aparılan əməliyyatlara cashbacklər hesablanaraq bank tərəfindən müştərinin hesabına köçürülə bilər. Müştəri Umico platforması vasitəsilə məhsul alarkən həmin kartla ödənişlər edərək cashback əldə etmişdir. Lakin daha sonra həmin məhsulun alışından imtina edərək istifadə etdiyi vəsaiti geri qaytarmışdır. Bu zaman həmin əməliyyat üzrə bank tərəfindən hesablanmış cashbacklər də geri qaytarılmalı idi. Lakin texniki nasazlıq səbəbindən cavabdehin hesabına köçürülmüş cashbacklər geri qaytarılmamışdır. Cavabdeh bundan sui-istifadə edərək qeyd olunan əməliyyatı xx.xx.2023-cü il tarixində dəfələrlə edərək (4) faktiki ödəniş etmədiyi və mal almadığı halda 1024.36 manat cashback əldə etmişdir. Bu səbəbdən cavabdehin cashback hesabında mənfi balans yaradılmış, sonradan aparılmış ödənişlərə görə qazanılan məbləğlər həmin mənfi balansdan silinmişdir. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə əsassız varlanmışdır. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Varlanmış şəxsin əldə etdiklərinin məhrum olanın tələbi ilə sonuncuya qaytarılması norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən olan “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən qaynaqlanır. Belə ki, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququnun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən bərpası təmin edilməlidir. Azərbaycan Respublikasının Mərkəzi X3 qərarı ilə xx.xx.2024-cü il tarixindən uçot dərəcəsi 7.25% miqdarında müəyyən edilmişdir. Qeyd olunana əsasən cavabdehdən 1024.36 manat vəsaitlə yanaşı, həmin vəsaitlərə müvafiq olaraq xx.xx.2023-cü il tarixdən banka ödəniləcəyi günə qədər bank uçot dərəcəsi ilə 123.78 manat faizlər də hesablanmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış BBUM4618620A121 nömrəli xx.xx.2022-ci il tarixli Birkart Umico debet (kredit) müqaviləsindən görünür ki, bu Müqaviləyə görə bank müştəriyə Birkart Umico ödəniş kartı verir. Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır, həmin kartdan və (və ya) xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır. Müştəri isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Birbank cashback debet kart müqaviləsindən görünür ki, bank müştəriyə Birbank cashback debet ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır, həmin karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır. Müştəri isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. - hesabdan çıxarışdan görünür ki, Cavabdeh banka 1024.36 manat ziyan vurmuşdur. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən 1024.36 manat məbləğində borcun 10 gün ərzində ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmuş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 31.50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə müştəri Cavabdeh arasında xx.xx.2022-ci il tarixli birkart umico debet (kredit) və xx.xx.2023-cü il tarixli birbank cashback debet kartlarına dair müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən müştəri tərəfindən aparılan əməliyyatlara cashbacklər hesablanaraq bank tərəfindən müştərinin hesabına köçürülə bilər. Müştəri Umico platforması vasitəsilə məhsul alarkən həmin kartla ödənişlər edərək cashback əldə etmişdir. Lakin daha sonra həmin məhsulun alışından imtina edərək istifadə etdiyi vəsaiti geri qaytarmışdır. Bu zaman həmin əməliyyat üzrə bank tərəfindən hesablanmış cashbacklər də geri qaytarılmalı idi. Lakin texniki nasazlıq səbəbindən cavabdehin hesabına köçürülmüş cashbacklər geri qaytarılmamışdır. Cavabdeh həmin nasazlıqdan sui-istifadə edərək qeyd olunan əməliyyatı xx.xx.2023-cü il tarixində dəfələrlə edərək (4) faktiki ödəniş etmədiyi və mal almadığı halda 1024.36 manat cashback əldə etmişdir. Bu səbəbdən cavabdehin cashback hesabında mənfi balans yaradılmış, sonradan aparılmış ödənişlərə görə qazanılan məbləğlər həmin mənfi balansdan silinmişdir. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə əsassız varlanmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu banka olan borcunu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 1024.36 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır. Məhkəmə, faiz borcunun ödənilməsi hissəsində iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən gecikdirilmiş vaxt üçün əsas borc məbləğinə illik beş faiz hesablanmaqla 51.21 (1024.36 x 5%) manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1024.36 manat borc, 51.21 manat faiz borcu olmaqla, cəmi 1075.57 manat məbləğində pul vəsaiti və 30.75 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1024.36 manat borc, 51.21 manat faiz borcu olmaqla, cəmi 1075.57 manat məbləğində pul vəsaiti və 30.75 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-539/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-539/2025
07.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver