Məhkəmə qərarları › İş №e-2(008)-5520/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5520/2024

22.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5520/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Babayeva (Məmmədzadə) Lamiyə Yavər qızından və Cavabdeh1 müştərək qaydada ona borclu olduğu 16490,15 manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunu, cəmi 16630,15 (on altı min altı yüz otuz manat on beş qəpik) manat məbləğdən pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Babayeva (Məmmədzadə) Lamiyə Yavər qızı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişinə əsasən borcluya 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi iddiaçı, X3 və cavabdehin anası olan Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Sonradan borclu Babayeva (Məmmədzadə) Lamiyə Yavər qızı kredit üzrə borcunu ödəməmişdir. Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə əsas borcludan və zaminlərdən müştərək qaydada ödənilməyən cəmi 15276.15 manat borcun, 136 manat dövlət rüsumunun pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsinə əsasən iddiaçı tərəfindən müqavilə üzrə əsas borc 13484,78 manat, faiz borcu 1791,37 manat, cəmi 15276,15 manat borcun, 136 manat məbləğində ödənilmiş dövlət rüsumunun, göstərilən məbləğin 7 faizi icra xidmətinə görə 1078 manat ümumilikdə 16490,15 manat ödəniş edilmişdir. Əsas borclu və digər zamin olan borclunun anası tərəfindən heç bir ödəniş edilməmiş və həmin pul iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı cavabdehlərdən onun əvəzinə ödənilmiş pulu tələb etsə də, cavabdehlər indiyə kimi həmin pulu iddiaçıya ödəməmişlər. Həmin pul iddiaçı tərəfindən ödənilmiş, nəticəsində iddiaçı və ailəsi maddi sıxıntı çəkmiş, cavabdehlərin təqsiri üzündən iddiaçı ailənin dolanması üçün müxtəlif şəxslərdən borc pul almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmumuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 03 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. İddiaçıya ödənişlər etmiş, qalan pulu da hissə-hissə ödəyə bilər. 03 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, o, banka olan borcunu ödəyə bilmədiyi üçün, pul iddiaçının təqaüdündən çıxılmışdır. İddiaçı borc ödəyəndən sonra ona kart nömrəsini göndərmişdir. O, da 200, 500, 1.000 manat, cəmi 1.700 manat məbləğində pulu qaytarmışdır. Qalan borcu da bir dəfəyə ödəməyə imkanı yoxdur. Lakin hissə-hissə ödənişlər edə bilər. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6623/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Babayeva (Məmmədzadə) Lamiyə Yavər qızından, İddiaçı və Cavabdeh1 müştərək qaydada 13484,78 manat məbləğində əsas borc və 1791,37 manat məbləğində faiz borcunun, cəmi 15276,15 manat borcun və 136 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin "xxxx" MMC-nə ünvanlandığı məktubun surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6623/2023 nömrəli, 29 noyabr 20236-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı 15276,15 manat məbləğində pul vəsaiti və 136 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair 1634-5 nömrəli, 28 fevral 2024-cü il tarixli məktub göndərilərək borclu İddiaçı tərəfindən borc məbləğinin ödənilməsi tam təmin olunduğundan onun əmək haqqından aparılan tutulmanın dayandırılması xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 03 iyun 2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı "xxxx" ASC-də 09 avqust 2022-ci il tarixində zamin durduğu MK/47175/87/10 nömrəli kredit üzrə 15000 manat məbləğində olan nağd pul krediti tam olaraq ödənilmişdir. Hal-hazırda İddiaçı "xxxx" ASC-də heç bir öhdəliyi yoxdur. İş materiallarında olan "xxxx" QSC-nin 03 iyun 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, BOKT "xxxx" QSC ilə X2 və zamin İddiaçı arasında başlanmış xx.xx.2021-ci il tarixli 3668 manat 126-EMB-0582-21 nömrəli kredit müqaviləsinə əsasən X2 və zamin İddiaçı 03 iyun 2024-cü il tarixdə borcunu tam bağlamış və hal-hazırda bu müqavilə üzrə heç bir borcu qalmamışdır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə cavabdeh X1 аrasında bağlanmış 09 avqust 2022-ci il tarixli kredit sazişinə əsasən Bank cavabdehə 15000 manat məbləğində, 36 ay müddətində, illik 24 faiz dərəcəsi ilə kredir ayrılmasını öhdəsinə götürmüşdür. Cavabdeh zaminlər İddiaçı və Cavabdeh1 ilə birlikdə isə müqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri ödəniş qrafikinə əsasən banka ödəməyi öhdəsinə götürmüşlər. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırkı iddia tələbi cavabdehlərdən müştərək qaydada 16490,15 manat manat pulun alınaraq ona verilməsindən ibarətdir. Beləliklə, İddiaçı "xxxx" ASC ilə cavabdeh X1 arasında bağlanmış 09 avqust 2022-ci il tarixli kredit sazişi ilə nəzərdə tutulan məbləği qaytardığını məhkəmə iclasında sübuta yetirə bildi. Cavabdeh Babayeva (Məmmədzadə) Lamiyə Yavər qızı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyə, yəni borc məbləğini qaytarmağa borcludur. Odur ki, iddiaçı onun tərəfindən verilmiş pulun cavabdeh Babayeva (Məmmədzadə) Lamiyə Yavər qızınadan tutulması tələbində haqlıdır. Cavabdeh1 gəldikdə isə məhkəmə qeyd edir ki, iddia tələbi ona aid olan hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (ММ) 739-cu maddəsinə əsasən «borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsi ilə borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 472-ci maddəsinə əsasən “borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin izahatını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin cavabdeh Babayeva (Məmmədzadə) Lamiyə Yavər qızndan 16490,15 (on altı min dörd yüz doxsan manat on beş qəpik) manat məbləğində pul vəsaiti və 140 (yüz qırx) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması hissəsinin təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. İş materiallarından göründüyü kimi iddia üzrə cavabdehlərdən Cavabdeh1 götürülmüş borc məbləğinə görə zamin olmuşdur. Belə olan halda iddia tələbi qismən yəni cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı olmadığından, tələb həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 140 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Babayeva (Məmmədzadə) Lamiyə Yavər qızndan 16490,15 (on altı min dörd yüz doxsan manat on beş qəpik) manat məbləğində pul vəsaiti və 140 (yüz qırx) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar