Məhkəmə qərarları › İş №e-2(008)-5672/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5672/2021

07.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5672/2021 07.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı mebellərin qaytarılması, maddi və mənəvi ziyanın tutulması və sair iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ofisdə olan ofisini fəaliyyəti üçün alınmış olan bütün mebel avadanlıqlarının yarısının qaytarılması, bu mümkün olmadıqda isə əşyaların dəyəri kimi iddiaçıya düşən hissə kimi ödədiyi 3000 manat maddi zərərin, əldən çıxmış fayda kimi 3000 manat və mənəvi ziyana görə 3000 manat məbləğində pulun, bir ədəd antik güldanın, noutbuk kompüterin, xeyli sayda kitabların və dəftərxana ləvazimatlarının, bir ədəd idman ayaqqabının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin bərabər "xxxx" MMC-ni 04.06.2019-cu il tarixdə təsis etmişdilər. ünvan 1 ünvanı kimi göstərilmişdir, eyni zamanda «Caspian Plaza»-da ofis icarəyə götürmüş, ofis üçün hər ikisi 3000, cəmi 6000 manat vəsait ayırmış, lazımi avadanlıqları almışlar. Arada yaranmış narazalıqların nəticəsində ayrılmaq qərarına gəlmişdilər. Lakin, cavabdeh iddiaçını ofisə buraxmır, onun əşyalarından faktiki olaraq məhrum edir. Eyni zamanda, ofisdə bir ədəd antik güldanı, noutbuk kompüteri, xeyli sayda kitabları və dəftərxana ləvazimatları, bir idman ayaqqabısı da qalıb. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdilər ki, hazırda şirkətin fəaliyyəti dayandırılb və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X2 iş üzrə izahat verərək qeyd etdi ki, iddiaçı və cavabdeh birgə şirkət yaratmış, hər biri müəyyən vəsait sərf etmiş, müəyyən vaxt işləyib dividendlər əldə etmişdilər. Hazırki iddianı qəbul etmir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı və Cavabdeh bərabər paylarla təsisçiliyi ilə 04.06.2019-cu il tarixdə "xxxx" MMC yaradılmışdır (qeydiyyat nömrəsi **********), qanuni təmsilçi İddiaçıdır. Hazırda həmin hüquqi şəxs ləğv edilməmiş, sadəcə kommersiya fəaliyyəti müvəqqəti dayandırılmışdır. Təsisçilər tərəfindən müəyyən vəsaitlər xərclənmiş, hər iki tərəf bunu təsdiq edir. Hazırda təsisçilər, yəni iddiaçı və cavabdeh arasında narazılıqlar yaranmış və iddiaçı ofisdə olan ofisin fəaliyyəti üçün alınmış olan bütün mebel avadanlıqlarının yarısının qaytarılmasını, bu mümkün olmadıqda isə əşyaların dəyəri kimi iddiaçıya düşən hissə kimi ödədiyi 3000 manat maddi zərərin, əldən çıxmış fayda kimi 3000 manat və mənəvi ziyana görə 3000 manat məbləğində pulun, bir ədəd antik güldanın, noutbuk kompüterin, xeyli sayda kitabların və dəftərxana ləvazimatlarının, bir ədəd idman ayaqqabının ona qaytarılmasını istəyir. Mahiyyət etibarı ilə hazırki mübahisə təsisçilər arasında hüquqi şəxsin fəaliyyəti üçün əldə edilmiş əmlakın bölünməsindən ibarətdir. Tələbinin təsdiqi kimi iddiaçı məhkəməyə votsap və elektron yazışmaları təqdim etmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-maddəsin əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 52.1-maddəsin əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-maddəsin əsasən Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. İddiaçının tələb etdiyi əmlak MMC-nin fəaliyyətinin həyata keçirilməsi üçün ofisə yerləşdirdiyi əmlaklardır. Hazırda yaranan problem iddiaçı ilə digər təsisçi arasında yaranmış şəxsi bir problemdir və qanunvericiliyin tələbinə görə hüquqi şəxs, hazırda "xxxx" MMC, onun təsisçisi Cavabdeh öhdəlikləri üçün məsuliyyət daşımır, çünki həmin əmlaklar Cavabdeh üçün deyil, MMC üçün alınmışdır. Məhkəmə hesab edir ki, əmlakların təsisçilər arasında bölünməsi hüquqi şəxsin ləğv edilməsi prosesində baş verməlidir, hazırki MMC isə qeyd edildiyi kimi ləğv edilməmişdir. Belə ki, Mülki Məcəllənin: 59.1-maddəsin əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2.1-ci maddəsin əsasən hüquqi şəxsin ləğvi digər hallarla yanaşı onun təsisçilərinin və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə edilə bilər. Hüquqi şəxsin ləğvi qaydası həmin Məcəllənin 61-ci maddəsinədə əks olunmuşdur. 61.10-cu maddədə qeyd edilmişdir ki, əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçir. Qeyd edildiyi kimi, qanunvericiliyin tələbinə görə hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Mövcud olan MMC-nin hər hansı bir öhdəliyi ortaya çıxdığı halda, hazırda tələb olunan əmlak bu öhdəliklərin təminatı kimi çıxış edəcək. Hüquqi şəxsin bütün öhdəlikləri isə ləğv etmə prosesində aşkar oluna bilən haldır. Odur ki, məhkəmə hesab edir ki, hazırda iddiaçı ləğv edilməmiş şirkət üçün aldığı əmlakı geri tələb edə bilməz. İddiaçı eyni zamanda şəxsi əşyalarının da ona qaytarılmasını istəyir, lakin buna dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar