Məhkəmə qərarları › İş №e-2(008)-594/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-594/2025

30.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-594/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı hüquqi varisi X1 Cavabdeh qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi döngə 1, 22 saylı evdə yerləşən cehiz əşyalarının (yataq otağı üçün 1 ədəd çarpayı, 1 ədəd paltar şkafı, 1 ədəd termo, qonaq otağı üçün 1 ədəd stol-stullar, 1 ədəd divan, 1 ədəd şkaf (servant), 1 ədəd xalça, 1 ədəd paltaryuyan, 1 yemək (nahar) dəsti, 2 ədəd ləpə qabı, 2 ədəd ağ meyvə qabı, 2 bakal dəsti (şəffaf və yaşıl), 1 şirə stəkan dəsti, 1 ədəd güldan, 1 ədəd qazan, 1 ədəd çaynik və yorğan-döşək) onun tərəfindən evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş gəlinidir. 2010-cu ildə oğlu ilə evlənmiş, bu nikahdan 2 övladları olmuşdur. Bir müddət normal yaşasalar da, sonradan münasibətləri korlanmış, ailə kimi birlikdə yaşamaları mümkün olmamışdır. Hətta 2017-ci ildə cavabdeh və anası onu döymüş, tərəfindən hüquq mühafizə orqanlarına şikayət olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli qərarı ilə cavabdeh AR İXM-nin 157-cimaddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhz bu hadisədən sonra onsuz da pis olan münasibətlər daha da pisləşmiş və cavabdeh uşaqları ilə birlikdə evdən çıxıb getmişdir. Həmin vaxtdan da Quba rayonunun Xucbala kəndində, anasının yanında yaşamaqdadır. O vaxtdan da onunla oğlu arasında olan nikah münasibətlərinə faktiki xitam verilmiş, həmin vaxtdan ayrılmışlar. Oğlu hər ay uşaqları üçün aliment ödəyir. Cavabdehin ona məxsus evdə aşağıdakı cehiz əşyaları qalmışdır: yataq otağı üçün 1 ədəd çarpayı, 1 ədəd paltar şkafı, 1 ədəd termo, qonaq otağı üçün 1 ədəd stol-stullar, 1 ədəd divan, 1 ədəd şkaf (servant), 1 ədəd xalça, 1 ədəd paltaryuyan, 1 yemək (nahar) dəsti, 2 ədəd ləpə qabı, 2 ədəd ağ meyvə qabı, 2 bakal dəsti (şəffaf və yaşıl), 1 şirə stəkan dəsti, 1 ədəd güldan, 1 ədəd qazan, 1 ədəd çaynik və yorğan-döşək. İllərdir cavabdehdən gəlib evdən cehiz əşyalarını çıxarıb aparmasını xahiş etsə də, o, gəlib aparmır və deyir ki, “çölə çıxarıb od vurub yandırın.” Yuxarıda göstərilən ünvanda yerləşən ona məxsus evində cavabdehin əşyalarının qalması onun evindən istədiyi şəkildə istifadə etməsinə mane olur. Evinə dair adına hələlik çıxarış ala bilməsə də, yəni hüquqları hələlik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, həmin evə olan hüquqları “qanuni gözləntiyə” malik hüquqdur. İddiaçı xx.xx.2024-cü il tarixdə öldüyündən, məhkəmə iddiaçını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən hüquqi varisi – oğlu X2 ilə əvəz etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01041 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. - xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüşdür. - İV-CЛ seriyalı 372395 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1984-cü il tarixdə doğulmuşdur, atası X3, anası İddiaçıdır. - AZ-İİ seriyalı 463575 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçının hüquqi varisi X2 Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi döngə 1, 22 saylı evin onun mülkiyyətində olmasına, bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi döngə 1, 22 saylı ev xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından və evə mülkiyyət hüququ olmadığından, onun Cavabdeh məxsus cehiz əşyaların evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı hüquqi varisi X1 Cavabdeh qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı hüquqi varisi X1 Cavabdeh qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar