Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6098/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “aktın ləğv edilməsi və əsassız borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 18668,74 manat borcun və ödənilmiş 146,2 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, xeyrinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişdən göründüyü kimi, abonent kodu **********20001 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə 18668,74 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 18668,74 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi, cavabdeh tərəfindən vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC Cavabdeh (abonent kodu **********00608) məxsus ünvan 1 ünvanını xx.xx.2000-ci il tarixdən elektrik enerjisi ilə təchiz edir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh barəsində 2019-cu ildə tərtib edilmiş akta əsasən, 264,32 manat məbləğində dəymiş ziyan məbləği hesablanmışdır. Həmçinin həmin aktdan o da görünür ki, 2020-ci ildə tərtib edilmiş akt əsasında 231,98 manat, 2021-ci ildə tərtib edilmiş akt əsasında 183,97 manat, 2022-ci ildə tərtib edilmiş akt əsasında 964,84 manat, 2023-cü ildə tərtib edilmiş akt əsasında 32,89 manat dəymiş ziyan məbləği, habelə 2015-ci ildən xx.xx.2023-cü il tarixədək abonentə 12.395,08 manat məbləğində borc hesablanmışdır. İşdə olan aktlardan aydın olur ki, müxtəlif illərdə tərtib edilmiş həmin aktlar **********20001 nömrəli abonentin elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi səbəbi ilə tərtib edilmişdir. İş materiallarndan görünür ki, abonent Cavabdeh elektrik enerjisindən istifadə ilə əlaqədar 2019-cu ildə 221 manat ödəniş etmişdir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.14-cü bəndinə görə, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, **********20001 nömrəli abonent barəsində 2019-cu ildə tərtib edilmiş akt əsaslıdır və həmin akt əsasında hesablanmış 264,32 manat dəymiş ziyan məbləği Cavabdeh tutulmalıdır. Digər illərdə tərtib edilmiş aktlarla bağlı məhkəmə qeyd edir ki, onların mötəbərliliyinə və əsaslılığna dair kifayət qədər sübut təqdim edilmədiyindən onlar əsasında hesablanmış pul məbləğləri cavabdehdən tələb oluna bilməz. Beləliklə, 2015-ci ildən xx.xx.2023-cü il tarixədək abonentə 12.395,08 manat məbləğində sərfiyyat borcu hesablandığından və məhkəmə yalnız 2019-cu ildə tərtib edilmiş akta əsasən, 264,32 manat dəymiş ziyan məbləğini əsaslı hesab etdiyindən belə hesab edir ki, Cavabdeh 10.981,4 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 146,2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 122,94 manat hissəsi cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh (abonent kodu **********20001 olan) 10.981,4 (on min doqquz yüz səksən bir manat, qırx qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 122,94 (bir yüz iyirmi iki manat, doxsan dörd qəpik) manat hissəsi tutularaq, "xxxx" ASC-nin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-6098/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6098/2023
21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver