Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6170/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 660 A (yeni qayda ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rauf Kazımovski, küçəsi, giriş 14) ünvanında yerləşən bağ sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 660 A, (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rauf Kazımovski, küçəsi, giriş 14) ünvanında yerləşən bağ sahəsi mülkiyyət hüququ əsasında iddiaçının atası Oqtay Cəbrayılova məxsus olmuş, sonradan atası həmin bağ sahəsini notariat ofisində təsdiq olunmuş müqaviləyə əsasən iddiaçıya bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən sözügedən bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Bağ sahəsinə dair bağışlanma müqaviləsi notariat ofisində rəsmiləşdirilən gün atası bildirmişdir ki, həmin bağda yay fəslində 1 və ya 2 ay müvəqqəti yaşamaq üçün Cavabdeh icazə vermiş və sonuncu bir ay ərzində, yəni iyul ayının axırlarınadək bağ sahəsindən çıxacaq. Lakin, 1 aylıq müddətin bitməsinə baxmayaraq cavabdeh qərəzli şəkildə iddiaçıya məxsus bağ sahəsindən çıxmaq istəmir. Valideynləri bir neçə dəfə cavabdehin bağ sahəsindən çıxarılmasına çalışsalar da, səyləri heç bir nəticə verməmişdir. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı polis bölməsinə müraciət olunmuş, lakin mübahisənin mülki xarakter olduğunu və məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmumuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Bundan başqa qeyd etmişdir ki, tərəflərin heç bir qohumluq əlaqələri yoxdur. Cavabdeh iddiaçının atasının tanışı olduğu üçün bağ sahəsində müvəqqəti yaşamağa icazə vermişdir. Cavabdehin müəyyən əşyaları iddiaçıya məxsus bağda qaldığından, həmin əşyaları da məhkəmə qətnaməsi əsasında çıxarılmasını tələb edəcəklər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 6 nömrəli notariat ofisi tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-675 nömrəsi ilə qeydə alınmış 21 iyun 2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinin surətindən görünür ki, X1 Bakı şəhəri, Sabunçu rayonu, Bigəh qəsəbəsi, 660A ünvanında yerləşən, ümumi sahəsi 106.80 kv.m olan bağ sahəsini İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 28 iyun 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən müəyyən edilir ki, İddiaçı məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 660A (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rauf Kazımovski küçəsi, giriş 14) ümumi sahəsi 106.80 kv.metr olan yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası MM-nin 152.1, 152.2, 152.3, 152.4 və 152.5-ci maddələrinə əsasən «Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur», «Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır», «İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər», «Sərəncam hüququ – əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır», «Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın». Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən «Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər». Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 660A (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rauf Kazımovski küçəsi, giriş 14) ümumi sahəsi 106.80 kv.metr olan bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ ilə rəsmiləşdirildiyinə görə üzərində mülkiyyət hüququnu tam həcmdə (sahiblik, istifadə və sərəncam hüquqları) əldə etmişdir. Cavabdehin həmin bağ sahəsinə hər hansı bir hüququ yaranmadan və mülkiyyətçinin razılığı olmadan yaşaması iddiaçının qanunvericilikdə təsbit olunmuş hüquqlarını və qanuni mənafelərini pozmuşdur. İddiaçı cavabdehdən bağ sahəsini tərk etməyi tələb etsə də, hal-hazıradək cavabdeh mübahisəli bağ sahəsində yaşamaqdadır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 660A (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rauf Kazımovski küçəsi, giriş 14) ümumi sahəsi 106.80 kv.metr olan bağ sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin olunmalı, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 660A (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rauf Kazımovski küçəsi, giriş 14) ümumi sahəsi 106.80 kv.metr olan bağ sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəfin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəfin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onun aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 660A (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rauf Kazımovski küçəsi, giriş 14) ümumi sahəsi 106.80 kv.metr olan bağ sahəsindən çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-6170/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6170/2024
24.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver