Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6515/2023 27.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs YeloBank ASC olmaqla “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs YeloBank ASC “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onunla Nikoyl Bank ASC (indiki adı: Yelo Bank ASC) arasında bağlanmış 17 iyul 2008-ci il tarixli, RBB134(G) saylı kredit müqaviləsindən irəli gələn 16553 manat faizin və gecikdirilmiş vaxt üçün illik 17538 manat əldən çıxmış faydanının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, 2008-ci il tarixdə Nikoyl Bank ASC ilə kredit müqaviləsi bağlayıb 30000 (otuz min) manat borca pul götürüb Cavabdeh vermişdir. Kredit öhdəliyi yerinə yetirilmədiyi üçün bankın müraciəti əsasında Abşeron Rayon Məhkəməsinin 12 may 2010-cu il tarixli qətnaməsi ilə bankla aralarında bağlanılmış 17 iyul 2008-ci il tarixli, RBB134(G) saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və banka olan 28890 manat əsas, 16553 manat faiz və 3800 manat dəbbə pulu borcunun tutulması qət edildi. Qeyd etdiyi kimi bankdan pulu götürüb cavabdehə verdiyi üçün pul tələbi ilə bağlı cavabdehə qarşı Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022ci il tarixli, 2(012)-365/2022 saylı qətnaməsi iddia tələbi təmin edilmişdir. Həmin qətnaməyə əsasən cavabdehdən 30000 (otuz min) manat məbləğində pul tutularaq ona ödənilinəsi qət edildi. Qətnamə üzrə tutulan bu məbləğ bankdan götürüb cavabdehə verdiyi borcun əsas hissəsi idi. Cavabdeh məhkəməyə izahatında bankdan götürdüyü borcun tam şəkildə ona verdiyini etiraf etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)- 908/2022 saylı qətnaməsi ilə Yelo Bank ASC-nin (əvvəlki adı Nikoyl Bank ASC) ona qarşı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 17538 manat əldən çıxmış fayda və 142 manat dövlət rüsumunun ondan tutulması qət edilmişdir. Cavabdeh bankdan götürüb ona verdiyi kredit məbləğində bəhərləndiyi üçün əsas borca hesablanmış 16553 manat faizi və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 17538 manat əldən çıxmış faydanı da ödəməlidir. Lakin o bundan yayınır. Belə olan halda pulun cavabdehdən məcburi alınması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tam əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs YeloBank ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəblər barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs YeloBank ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 30.000 mana məbləğində pul tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-908/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 17538 (on yeddi min beş yüz otuz səkkiz) manat əldən çıxmış fayda və 142.61 manat dövlət rüsumu alınıb “Yelo Bank” SC-yə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onуn icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmə ilk öncə iddia tələbinin 17 iyul 2008-ci il tarixli, RBB134(G) saylı kredit müqaviləsindən irəli gələn 16553 manat faiz borcunun cavabdeh X1 onun xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı nə qədərdə kredit müqaviləsi üzrə əldə etmiş olduğu əsas məbləği cavabdehə vermiş olsada və cavabdeh bu hissəni qəbul etsədə həmin kredit müqaviləsi üzrə borcalan hazırki mülki iş üzrə iddiaçıdır. Belə olan halda sözügedən kredit müqaviləsi üzrə əsas məbləğə hesablanmış faiz borcun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinin hüquqi əsas olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin “gecikdirilmiş vaxt üçün illik 17538 manat əldən çıxmış faydanının Cavabdeh tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-365/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən də görünür ki, iddiaçı kredit müqaviləsi bağlanan tarixdə yəni xx.xx.2008-ci il tarixdə əldə etmiş olduğu 30000 manat pulu cavabdehə vermişdir. Belə ki, bu hal Abşeron Rayon Məhkəməsinin icraatında olmuş işdə cavabeh Cavabdeh izahatı ilə də sübut edilmişdir. Lakin sözügedən məhkəmə icraatında habelə, hazırki mülki iş üzrə icraatda da cavabdehin iddiaçıdan almış olduğu 30000 manat pulu nə vaxtadək iddiaçıya qaytarılmalı olduğu dəqiq vaxt müəyyən edilməmişdir. İddiaçı hazırda 30000 manat pulun son qaytarılma tarixi kimi onunla bank arasında bağlanmış 17 iyul 2008-ci il tarixli kredit müqaviləsinin son tarixi (xx.xx.2014-cü il tarixdən) olmasını bildirsə də, habelə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-908/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsində 5 faiz məbləğin xx.xx.2014-cü il tarxdən xx.xx.2022-ci il tarixədək hesablanmış olduğu görülsə də, məhkəmə bir daha qeyd edir ki, sözügedən qətnamə ilə tutulan məbləğ məhz iddiaçı ilə bank arasında olan kredit münasibətlərindən irəli gəlir, hazır ki mülki iş üzrə iddiaçının cavabdehə qaytarılmalı olduğu borcun son tarixi müəyyən edilməmişdir. O cümlədən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb edə biləcəyi pul yalnız onlar arasında olan öhdəliklərdən irəli gələ bilər, iddiaçının cavabdehdən xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzər Cəlilabad Rayon Məhkəməsinin 2(073)-908/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə banka ödənilməli olan əsas məbləğ hesablanmış 5 faizin tələb edilməsi qanunvericiliyin tələblərinə zidd olduğundan iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-6515/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6515/2023
27.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver