Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6588/2025 05.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Seyfəddin oğlunun sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyaların çıxarılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı əşyaların çıxarılması tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, ona məxsus ünvan 1 ünvanındakı evdən cavabdeh Məmmədova (Kazımova) Türanə İlqar qızına məxsus əşyaların (2 ədəd dolab, 1 güzgülü dolab, 1 mətbəx divanı, 1 ədəd televizor, 1 ədəd paltaryuyan, 1 stol-8 stul, yataq otağı mebeli, uşaq otağı mebeli, 2 ədəd divar saatı, 2 ədəd çılçıraq) cavabdehin hesabına çıxarılması, vəkil xidmət haqqı olaraq ödədiyi 300 manat pulun və 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvandakı ev ona məxsusdur. Həmin evi 2013-cü ildə əldə etmişdir və həmin vaxtdan da ailəsi ilə birlikdə həmin ünvana passport qeydiyyatına düşərək yaşamışdər. Bildirir ki, onun həmin ünvana dair “hesabat cədvəli”, Ramana Bələdiyyəsində vergi uçotuna alınmağı barədə şəhadətnaməsi və kommunal sayğacları var. Həmin sənədlərin hamısı onun adınadır. Bildirir ki,cavabdeh Məmmədova (Kazımova) Türanə İlqar qızı ilə oğlu X2 ilə rəsmi qaydada xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı Asan Xidmət X4 tərəfindən 27 saylı akt qeydi ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Oğlu və cavabdeh evləndikdən sonra ayrı evdə yaşamaq istədilər. Lakin bəzi cehiz əşyalarını onun Bakı şəh., Sabunçu ray., Ramana qəs., Bünyatzadə küçəsi,ev 30/1 ünvana gətirərək həmin ünvandakı evinin 2 otağına yerləşdirdi. Daha sonra bir neçə dəfə qaldıqları evi dəyişmişlər. Lakin həmin vaxtlarda cavabdehin əşyaları onun evində qalmışdır. Həmin zamanlarda oğlu ilə cavabdeh arasında narazılıq yaranmaması üçün cavabdehin əşyalarının evdə qalmasına etiraz etməmişdir. Cavabdehlə oğlu bir müddət mehriban yaşadılar. Lakin aralarında narazılıqların artması ilə cavabdeh olan keçmiş gəlini Suraxanı rayon Məhkəməsinə müraciət edərək oğlu X2 ilə aralarındakı nikahın pozulması, birgə nikahdan doğulan uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3942/2024 saylı qətnaməsi ilə oğlu ilə cavabdeh olan gəlini arasındakı nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və uşaqların saxlanılması üçün aliment təyin olunmuşdur. Artıq 12 ildir həmin evdə yaşayırlar, həmin evdə qeydiyyatdadılar, həmin evin vergi ödənişlərini və kommunal ödənişlərini edir. Cavabdeh isə onun mülkiyyətində öz əşyaları ilə zəbt edərək öz evindən rahat istifadə etməyə imkan vermir. İddiaya etiraz: Cavabdeh etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyəti deyil, iddiaçın adına mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir. Hazırki hüquqi statusu özbaşına tikilidir və o, cehiz əşyalarını apararaq həmin fərdi yaşayış evinə köçüb yaşamışdır. Köçüb yaşamağın da fərdi yaşayış evində keçmiş yoldaşı və digər şəxslərin razılığı ilə köçmüşdür və cehiz əşyalarını yerləşdirmişdir. Burda qanunsuz olaraq zəbt etmədən və iddiaçıya məxsus mülkiyyətdən söbət gedə bilməz. Onun hüquqları da varkı, köçüb yaşasın. Hesab edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Yuxarıda qeydedilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə qızı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin materialları İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş fiziki və hüquqi şəxsə məxsus daşınmaz əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, ünvan 1 ünvanında yerləşən tikintinin sahibi İddiaçıdur. -Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-3942/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X1 qarşı nikahın pozulması, uşaq və aliment tələbi üzrə iddia təmin edilmiş, tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların anaları Cavabdeh yanında saxlanılmaları və hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. -Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 198 nömrəli arayışdan görünür ki, İddiaçı Ramana Bələdiyyəsində 2008-ci il vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. -Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-18-8/2-175/2025 saylı məktubundan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmənin mövqeyi İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə iddianın maddi hüquqi əsaslarının müəyyən edilməsi və işin müəyyən edilmiş faktiki halları ilə qanuni əsasın dispozisiya şərtləri arasında uyğunluğun yoxlanılmasından ibarətdir. Əgər qanuni əsas tapılmırsa və ya müəyyən edilmiş qanuni əsas ilə işin müəyyən edilmiş faktiki halları arasında uyğunluğu aşkar edilməzsə, iddia tələbi rədd edilməlidir. Qanuni əsas ilə işin faktiki halları arasında uyğunluq müəyyən edildiyi halda isə iddia tələbi təmin edilməlidir. İddianın qanuni əsasının müəyyən edilməsi üçün aşağıdakı sualların cavabı aydınlaşdırılmalıdır. Kim, kimdən, nəyi, hansı əsasla tələb edir. Məhkəmə iş materiallarını və cavabdehin etirazını vəhdətdə qiymətləndirərək hesab edir ki, mübahisənin maddi hüquqi əsasını vindikasiya (MM-nin 157.2) və neqator (MM-nin 157.4) iddialar təşkil etmir. Belə ki, həmin iddialar hüquq haqqında mübahisələr hesab edilməklə, bu kateqoriya işlərdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını - mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu səbəbdən vindikasiya və ya neqator iddiasını irəli sürən şəxs MM-in 157.2-ci və 157.4-cü maddələrinə əsasən ilk növbədə özünün mülkiyyətçi olduğunu sübut yetirməyə borcludur və göründüyü kimi, hüquq haqqında mübahisələrdə tələb edilən əşya üzərində tərəflərin hüquq sahibi olub-olmaması önəm kəsb edir və iddianın həllinə təsir göstərir. lakin hazırki iş üzrə iddiaçı özünün əmlakın mülkiyyətçisi olduğunu sübuta yetirə bilməmişdir. Ona görə də iddianın qanuni əsasını vindikasiya və neqator iddia təşkil edə bilməz. Məhkəmə hesab edir ki, qaldırılan iddia sahibliyin özbaşınalıqdan müdafiəsinə dair mübahisə olmaqla, iddiaya sahibliyin müdafiəsinə dair müddəalar əsasında qiymət verilməklə, hüquqi dəyərləndirilmə aparılmalıdır. Məhkəmə sahiblik və sahibliyin qorunması institutu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübə formalaşdıran xx.xx.2025-ci il tarixli, 2(102)-1870/2025 qərarında göstərdiyi hüquqi mövqeyə əsasən sahiblik (possessio) hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır Yuxarıda qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahibliyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Əks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələr. Odur ki, belə iddialara baxılarkən əşya üzərindəki mübahisəli subyektiv hüquqlar (mənfəətlər) araşdırılmadan və onlara hüquqi qiymət verilmədən özbaşınalığa məruz qalmış sahibin tələbi əsasında öncəki faktiki vəziyyət (status-kvo) sürətli şəkildə bərpa edilir. Bununla da özbaşınalığın, yəni üçüncü şəxslərin başqasının sahibliyinə qanunsuz müdaxilə etməsinin qarşısı alınır və cəmiyyətdəki sosial nizam təmin olunur. Sahiblik iddialarının təyinatı özbaşınalığın qarşısını almaq olduğu üçün belə tələblərə baxılarkən hüquq haqqında mübahisəli halların, o cümlədən əşyaya sahiblik hüququ verən əsasların sübut edilməsinə, yaxud cavabdehin əşyaya daha üstün bir hüquqa malik olması barədə etirazların dinlənilməsinə və bu dəlillərin araşdırılmasına gərək yoxdur. Çünki, əşya üzərindəki mülki hüquqlar sahiblik iddiasının predmeti xaricində qalmaqla mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Yəni, sahiblik iddiasını həll etmiş məhkəmə aktı mübahisənin obyekti üzərində tərəflərdən hansınınsa hüququnu tanımış və ya təkzib etmiş olmur. Bu qərar yalnız özbaşınalıqla pozulmuş sahiblik vəziyyətini bərpa edir, onu ilkin vəziyyətə qaytarır. Odur ki, məhkəmə yuxarıda qeyd olunan vahid məhkəmə təcrübəsinə əsasən hesab edir ki, iddianın qanuni əsasını MM-nin 165.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Bu norma isə sahibliyin pozulması halında özbaşınalıqdan müdafiəni təmin edir. Göstərilən normalarla hər növ əşya üzərindəki sahibliyə, hər kəs tərəfindən edilən müdaxilə aradan qaldırılır. Yəni, sahibliyin müdafiəsi çərçivəsində özbaşınalıqdan qorunma iddiaları həm daşınar əşyalar, həm rəsmi və ya dövlət reyestrində qeydiyyatdan keçmiş daşınar və daşınmaz əşyalar, həm də reyestrdə qeydə alınmamış daşınmaz əşyalar baxımından keçərlidir. Bu qayda MM-in 166.3-cü maddəsində aşağıdakı məzmunda ifadə edilmişdir: “Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər” Özbaşınalıq edən tərəfin əşya üzərində hüququnun olması və ya təqsirin dərəcəsi iddianın həlli üçün əhəmiyyət kəsb etmir. Hətta əşyanın mülkiyyətçisi müdaxiləni ehtiyyatsızlıqdan etsə belə, yuxarıda göstərilən məqsədlər naminə özbaşınalığa məruz qalan tərəf müdafiə olunur. Odur ki, yekun olaraq məhkəmə hesab edir ki, iddianın qanuni əsasını MM-nin 165.1ci maddəsi təşkil edir və iddianın təmin edilməsi üçün işin müəyyən edilmiş faktiki hallarının həmin qanuni əsasın dispozisiya şərtləri ilə uyğunluğu yoxlanılmalıdır və uyğunluq aşkar edilərsə, iddia təmin edilməli, əks təqdirdə iddia tələbi rədd edilməlidir. MM-nin 165.1-ci maddəsinin dispozisiya şərtlərinə aşağıdakılar aiddir: 1) İddiaçı mövcud sahib olmalıdır. Mövcud sahib dedikdə isə sahibliyini itirməsə də, əşyadan istifadəsinə maneçilik törədilən şəxs nəzərdə tutlur. 2) İddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməlidir. Özbaşınalıq əməli, sahibin iradəsi xaricində, qanunvericiliyə zidd şəkildə,insan tərəfindən edilən bir davranışdır. Başqa sözlə, sahiblikdən məhrum olmaq və ya sahibliyin pozulması sahibin iradəsi daxilində, qanuna uyğun şəkildə, yaxud bir təbiət hadisəsi və ya heyvanın gücü nəticəsinə baş verdikdə özbaşınalıqdan söhbət gedə bilməz. 3) Cavabdehin təcavüzü qanunsuz olmalıdır. Əgər cavabdehin əşya üzərindəki sahibliyi qazanması və ya ona müdaxiləsi keçərli bir hüquqi əsasa söykənmirsə, özbaşınalıq onun tərəfindən edilmişdirsə, qanunsuz sayılır. 4) Sahiblik iddiasının təmin edilməsini istisna edən hallar olmamalıdır. Bu şərt MM-in 164.2-ci və 165.1-ci maddələrinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydaları özündə ehtiva edir. Belə ki, sahibliyinin pozulmasına istinad edən iddiaçının özü cavabdehə münasibətdə qüsurlu sahibdirsə (məsələn, iddiaçı həmin əşyanı daha əvvəl cavabdehdən özbaşına şəkildə qəsb etmişsə və bu hərəkətin törədilməsindən bir il müddət keçməyibsə) və ya iddiaçıya qarşı pozuntunun üzərindən bir ildən artıq müddət ötmüşsə, sahibiyin müdafiəsinə dair iddianın təmin edilməsi istisna olunur Məhkəmə birinci dispozisiya şərti ilə bağlı qeyd edir ki, birinci şərt ödənilir. Belə ki, iddiaçı əşyanın faktiki sahibi olmaqla, qeyd olunan daşınmaz əmlak üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurmuşdur və əmlakı özünün təsir dairəsində saxlayır. Odur ki, həmin bu şərt ödənildiyindən digər şərtə keçilməlidir. İkinci dispozisiya şərt qismində iddiaçıya qarşı qadağan edilmiş özbaşınalığın törədilməsi çıxış edir. Özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Belə ki, cavabdehin davranışı o halda qadağan edilmiş özbaşınalıq hesab edilir ki, sırf cavabdehin davranışı qanunsuz olsun. Hazırki iddia tələbi üzrə cavabdeh əşyaları iddiaçın sahibliyində olan daşınmaz əmlakda yerləşdirilmişdir ki, həmin bu xüsusatlar cavabdeh tərəfindən də etirazda etiraf edilmişdir. Odur ki, məhkəmə həmin etirafı qanunauyğun hesab etməklə, iddianı həmin hissədə mübahisələndirmir və cavabdehin əşyalarının iddiaçının sahibliyində olan daşınmaz əmlakda yerləşdirilməsi faktını qəbul edir və qeyd edir ki, həmin əşyaların iddiaçının əmlakında yerləşdirilməsi onun istifadə hüquqlarını pozaraq, sahibliyi həyata keçirməsini çətinləşdirir. Üçüncü dispozisiya şərti qismində isə cavabdehin təcavüzünün qanunsuz olması çıxış edir. Məhkəmə qeyd edir ki, həmin bu dispozisiya şərti də ödənilir. İşin mübahisəsiz halıdır ki, cavabdeh qeyd olunan əmlaklarını iddiaçının daşınmaz əmlakına yerləşdirilmişdir. Məhkəmə araşdırılması zamanı həmin bu yerləşdirmənin qanuni əsası aşkar edilməmişdir. Belə ki, cavabdeh Məmmədova (Kazımova) Türanə İlqar qızı ilə iddiaçının oğlu X2 ilə rəsmi qaydada xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı Asan Xidmət X4 tərəfindən 27 saylı akt qeydi ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3942/2024 saylı qətnaməsi ilə oğlu ilə cavabdeh olan gəlini arasındakı nikah pozulmuşdur. Məhkəmə Konstitusiya Məhkəməsini yuxarıda qeyd olunan qərarına əsasən hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququnun olub olmamasının müəyyən edilməsi üçün qanuni əsas qismində Mənzil Məcəlləsinin 30.4-cu maddəsinə istinad edilməlidir. Həmin maddəyə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, tərəflər arasında bağlanmış nikah 2009-cu ildən sonra bağlandığına görə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi üzrə cavabdehin yaşayış sahəsindən istifadə hüququ yoxdur və onun həmin əşyaları iddiaçın sahibliyində olan əmlaka yerləşdirməsinin hüquqi əsası aşkar edilməmişdir. Odur ki, bu dispozisiya şərti də ödənildiyindən digər şərtə keçilməlidir və sonuncu şərt də ödənilərsə, iddia təmin edilməlidir. Sonuncu dispozisiya şərti qismində isə iddianın təmin edilməsini istisna edən halların olmaması çıxış edir. Həmin bu istinad edən hallar MM-in 165.1-ci və 165.2-ci maddələrində özünü göstərir. Həmin maddələrə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi, iddiaçı o halda possessor tələbi qaldıra bilər ki, onun sahibliyi cavabdehə münasibətdə qanunsuz olmasın və bir ildən qısa müddətə davam etmiş olsun. İddia o halda istisna edilir ki, qeyd olunan iki şərtin hər biri mövcud olsun, yəni iddiaçı həm cavabdehə münasibətdə qanunsuz sahib olsun, həm də bir ildən qısa müddətdə davam etmiş olsun. Hazırki iş üzrə iddiaçının sahibliyi cavabdehə münasibətdə qanuni olmaqla yanaşı, onun sahibliyi bir ildən artıq müddətdir ki, mövcud olmağı aşkar edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki halları iddianın qanuni əsasının (MM-nin 165.1) dispozisiya şərtlərinə uyğun gəldiyindən iddia tələbi təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin qərarı) Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 300 manat vəkil üçün ödənilmiş xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvandakı evdən cavabdeh Məmmədova (Kazımova) Türanə İlqar qızına məxsus əşyalar (2 ədəd dolab, 1 güzgülü dolab, 1 mətbəx divanı, 1 ədəd televizor, 1 ədəd paltaryuyan, 1 stol-8 stul, yataq otağı mebeli, uşaq otağı mebeli, 2 ədəd divar saatı, 2 ədəd çılçıraq) cavabdehin hesabına çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 300 manat vəkil üçün ödənilmiş xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.
X7