Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6630/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin və əşyalarının mənzildən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin və əşyalarının mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və xx.xx.2019-cu il təvəllüdlü X2 cavabdehə məxsus “Samsung” markalı televizor, “LG” markalı soyuducu, “LG” markalı paltaryuyan, “Midea” markalı qabyuyan, masa və altı ədəd stul, divan və kreslo, qab dolabı, televizor altı, taxt və yataq matrası (döşək), paltar dolabı, güzgülü əşya dolabı əşyaları ilə birlikdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********02-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən, 2 otaq ümumi sahəsi 59.9 kv.m və 2.4 kv.m açıq eyvanı olan 2 saylı mənzil mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən, 2 otaq ümumi sahəsi 59.9 kv.m və 2.4 kv.m açıq eyvanı olan 2 saylı mənzil xx.xx.2007-ci il tarixdən onun mülkiyyətindədir. Buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə RX seriyalı ******* №-li, **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh ilə oğlu X6 xx.xx.2018-ci il tarixində nikaha daxil olmuşlar. Onların birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Bir müddət oğlu ilə ailəsi ona məxsus olan mənzildə yaşamışlar. Hazırda onların münasibəti korlanmış və nikahlarının pozulmasına dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət olunmuş və qısa müddətdə nikahlarının pozulmasına dair qətnamə qəbul ediləcəkdir. Cavabdeh 2025-ci ilin avqust ayından etibarən onun razılığı olmadan mənzilin qapısının açarlarını dəyişmişdir. Nəticədə öz əmlakından istifadə hüququ məhdudlaşdırılmışdır. Mənzilə daxil olmaq istəsə də, cavabdeh açarları təqdim etməkdən imtina edir. 2025-ci ilin avqust ayından mənzilə daxil ola bilmir, mülkiyyətindən istifadəsinə maneələr yaradır. Hazırda ona məxsus mənzildən cavabdeh və nəvəsi X4 istifadə edirlər. Cavabdehin ona məxsus mənzildə “Samsung” markalı televizoru, “LG” markalı soyuducu, “LG” markalı paltaryuyan, “Midea” markalı qabyuyan, masa və altı ədəd stul, divan ve kreslo, qab dolabı, televizor altı, taxt və yataq matrası (döşək), paltar dolabı, güzgülü əşya dolabı vardır. Dəfələrlə cavabdehdən evdən çıxmasını tələb etsə də, cavabdeh mənzildən çıxmır. Cavabdeh iddiaya etiraz təqdim edərək, bildirmişdir ki, 2018-ci il tarixdən etibarən iddiaçının oğlu X6 ilə rəsmi nikahdadır və həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladı vardır. Nikaha daxil oduğu gündən etibarən birlikdə mübahisəli evdə yaşamışlar. Artıq 6 ildir ki, həmin evdə yaşayırlar və oradan ayrılmaq, öz evi bildiyi yerdən atılmaq uşağa psixoloji cəhətdən pis təsir edəcəkdir. Həmçinin övladı bu il 1-ci sinfə gedir. Evdən çıxarılmaları qızının dərsə davamlılığına mənfi təsir göstərəcəkdir. Daha sonra bildirmişdir ki, başqalarının evində sığıntı kimi qalmaq onun həyatı üçün böyük sarsıntı və travmalarla nəticələnəcəkdir. Həmçinin ev işlədiyi yerə yaxın olmaqla yanaşı, övladının mənafeyinə uyğun yaşayış şəraitini və onun gündəlik həyatının sabitliyini təmin edir. Başqa yaşayış yeri yoxdur və hazırda mənzildən çıxarılmaları onları son dərəcə çətin vəziyyətə salacaqdır. Yaşadığı evdən çıxarılacağı təqdirdə kirayə qalmaq məcburiyyətində qalacaq, buna isə maddi imkanı yetərli deyil və aldığı məvacib yalnız gündəlik tələbatını ödəməyə kifayət edir. Uşağa ödənilən alimentin məbləği də çox az olduğu üçün onun tələbatlarını ödəməyə demək olar ki, kifayət etmir. Hazırda valideynləri və yaxın qohumları ilə ünsiyyəti yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini, iddianın rədd olunmasini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirdi ki, cavabdeh kosmetoloq kimi fəaliyyət göstərir. Özünün etirafına görə, qazancı, maddi vəziyyəti kifayət qədər yaxşıdır. Buna baxmayaraq, cavabdeh ona məxsus mənzildən çıxmır, buna görə də, mənzilinə daxil olub, oradan istifadə edə bilmir. Göstərilənərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edib, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş materialları ilə əlaqəli qaydada araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, 120 saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində 2 otaq ümumi sahəsi 59.9 kv.m, yaşayış sahəsi 36.4 kv.m, k/s-23.5 kv.m və 2.4 kv.m açıq eyvan İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir. - Nikah haqqında şəhadətnamədən görünür ki, 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə 367 saylı akt qeydi aparılmaqla X6 ilə X5 arasında rəsmi nikah bağlanmış, nikahdan sonra arvada “Əliyeva ” soyadı verilmişdir - Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşdur. - Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, valideynləri rəsmi qaydada boşandıqları təqdirdə yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X2 yaşı, ana qayğısına daha çox ehtiyacı olması və uşağın üstün mənafeyi nəzərə alınaraq, onun anası - iş üzrə Cavabdeh himayəsində saxlanılması məqsədəuyğun hesab edilir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin “İsmayılbəyli və Partnyorları” vəkil bürosuna ünvanladığı 3-21-3- 30/2-53301/2025 saylı, xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X3 adına Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi 2-ci döngə, 3 saylı fərdi yaşaşış evinin Tik. “A”-da 121,5 kv.m, “B”, Lit. “İ” və 0.0367 ha torpaq sahəsi, Gəncə şəhəri, İsa Məmmədov küçəsində yerləşən 0.0076 ha yaşayış məntəqələrinin torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X1 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli li arayışından görünür ki, İddiaçı qaldırılan məsələnin həllinin daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün xüsusi ittiham qaydasında rayon məhkəməsinə müraciət etmək məqsədəmüvafiq olması izah olunmuşdur. - Fotoşəkillərə əsasən, Cavabdeh kosmetoloq işləyir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı 20 mart 1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzil İddiaçı şəxsi mülkiyyətindədir. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış, iddiaçıya mülkiyyət hüququna dair çıxarış verilmişdir. Mübahisəsizdir ki, Cavabdeh iddiaçının oğlu ilə nikaha daxil olmuş, birgə nikahdan azyaşlı övlad dünyaya gəlmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında ailə münasibətləri faktiki olaraq pozulmuş, nikahın pozulması barədə iş hazırda məhkəmənin icraatındadır və birgə ailə həyatı davam etmir. Cavabdeh iddiaçıya məxsus mənzildə faktiki yaşadığı dövrdə mənzilin giriş qapısının kilidini dəyişdirmiş, nəticədə iddiaçının özünə məxsus əmlakdan istifadə etmək hüququnu məhdudlaşdırmış, onu mənzilə buraxmamışdır. Cavabdeh etirazında bu halı təkzib etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mənzilin kilidini dəyişdirərək mülkiyyətçini öz əmlakına buraxmaması mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə yanaşı, hüquqi baxımdan özbaşınalıq xarakteri daşıyır. Cavabdehin nə mülkiyyət hüququ, nə də mülkiyyətçinin istifadəsini məhdudlaşdırmağa əsas verən hər hansı qanuni səlahiyyəti mövcuddur. Cavabdehin etirazında azyaşlı övladın mənafelərinə istinad etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından və məhkəmə iclasında araşdırılan sübutlardan müəyyən edilmişdir ki, cavabdeh kosmetoloq kimi fəaliyyət göstərir, müntəzəm gəlir əldə edir və maddi vəziyyəti ona alternativ yaşayış yerinin təmin edilməsinə imkan verir. Bu hal fotoşəkillər, izahatlar və digər sübutlarla təsdiqlənmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın üstün mənafeyi nəzərə alınmalıdır. Lakin məhkəmə hesab edir ki, uşağın üstün mənafeyi anlayışı mülkiyyətçinin öz mülkiyyət hüququndan tam məhrum edilməsi hesabına təmin edilə bilməz. Xüsusilə cavabdehin maddi imkanlarının mövcud olduğu, uşağın alternativ yaşayış şəraitində saxlanılmasının mümkünlüyü nəzərə alındıqda, uşağın mənafeyi mübahisəli mənzildə qalmaqla mütləq şəkildə əlaqələndirilə bilməz. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh mənzildə qalmaqla yalnız yaşayışdan istifadə etməklə kifayətlənməmiş, əksinə, mülkiyyətçinin həmin əmlakdan istifadəsinə faktiki maneələr yaratmışdır. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, cavabdehin və onun himayəsində olan azyaşlı uşağın iddiaçıya məxsus mənzildə qalması üçün hüquqi əsaslar mövcud deyildir, onların mənzildən çıxarılması mülkiyyət hüququnun bərpasına yönəlmiş qanuni və zəruri tədbirdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, cavabdeh mənzildə olduğu müddətdə ona məxsus şəxsi istifadə əşyaları və məişət avadanlıqları mənzildə yerləşdirilmişdir. Həmin əşyaların cavabdehin şəxsi mülkiyyətində olması iş materialları və tərəflərin izahatları ilə təsdiqlənir. Məhkəmə hesab edir ki, cavabdehin əşyalarının iddiaçıya məxsus mənzildə saxlanılması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin şəxsi əşyaları onun tərəfindən götürülməli, əşyaların mənzildə saxlanılması üçün hüquqi əsas mövcud olmadığından həmin əşyalar mənzildən çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh və xx.xx.2019-cu il təvəllüdlü X4 cavabdehə məxsus əşyalarla - “Samsung” markalı televizor, “LG” markalı soyuducu, “LG” markalı paltaryuyan, “Midea” markalı qabyuyan, masa və altı ədəd stul, divan və kreslo, qab dolabı, televizor altı, taxt və yataq matrası (döşək), paltar dolabı, güzgülü əşya dolabı əşyaları ilə birlikdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********02-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 59.9 kv.m, y/s-36 kv.m, k/s-2.4 kv.m açıq eyvanı olan 2 otaqlı mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və xx.xx.2019-cu il təvəllüdlü X4 cavabdehə məxsus əşyalarla - “Samsung” markalı televizor, “LG” markalı soyuducu, “LG” markalı paltaryuyan, “Midea” markalı qabyuyan, masa və altı ədəd stul, divan və kreslo, qab dolabı, televizor altı, taxt və yataq matrası (döşək), paltar dolabı, güzgülü əşya dolabı əşyaları ilə birlikdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********02-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 59.9 kv.m, y/s-36 kv.m, k/s-2.4 kv.m açıq eyvanı olan 2 otaqlı mənzildən çıxarılsınlar. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-6630/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6630/2025
08.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver