Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-676/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti cəlb edilməklə “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti cəlb edilməklə “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 3, 10 saylı mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 saylı binasının 2-ci mərtəbəsində Cavabdeh mülkiyyətinə 35.5 kv.m və onun 20% hissəsi olan 7.1 kv.m, əlavə edilməklə 42.6 kv.m olan mənzillə təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınmışdır. Nizamnaməsinə əsasən, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyam) aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-744/2022 saylı 04 noyabr 2022-ci il tarixli Lisenziyaya əsasən, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini” aparmaq icazəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müddətsiz verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 161 saylı Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülkiyyət münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sonradan bu Sərəncam əsasında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsinin Yer quruluşu Planı tərtib edilmiş və təsdiq edilmişdir. Həmçinin, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşiq Alı va Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəyinə əsasən, vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, biolojı zədələnmələr müşahidə olunması təsdiq edilmişdir. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmış, pilləkən va balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcudluğu halı, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtüklərinin yararsız vəziyyətdə olması göstərilmişdir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin oda davamlılığı yetərli deyildir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yuxarıda göstərilən sərəncama əsasən, ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi işləmləri başladığından, artıq mülkiyyətçilərlə razılaşdırılıb müqavilə imzalamaqla onların oradan köçürülməsi prosesinə start verilmişdir. Lakin, hazırkı iddianın mahiyyəti olan məsələ, həmin sakinlərdən biri olan və iş üzrə Cavabdeh şirkətin irəli sürdüyü təkliflə razı olmadığı üçün məhkəmə müstəvisində qaldırılmışdır. Belə ki, iş üzrə cavabdeh ünvan 2 ünvanının mülkiyyətçisidir. Onun mülkiyyətində olan əmlak xx.xx.2009-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 35.5 kv.m təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il tarixli 7 dekabr tarixli 506 İli QD nömrəli Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №-li Fərmanının 2.3.-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu sərəncamı nəzərə alaraq, cavabdehin mülkiyyətində olan əmlakın kv.m. uyğun olaraq onun 20% əlavəsi verilməklə təklif olunmuş, cavabdeh ofisin fəaliyyət göstərdiyi yerə rəsmi olaraq 28 avqust 2023-cü il tarixdə 44/2023 saylı məktubla dəvət edilmiş və o məktubu rəsmi olaraq qəbul etmişdir. Cavabdeh tərəfindən qeyri-qanuni yolla tikilmiş özbaşına tikiliyə də (mülkiyyətinə artırma) yeni tikiləcək binadan verilməsi planlaşdırılan mənzilin sahəsinə artırmaya daxil olan bütün kvadrat metr sahənin əlavə edilməsi təkid edilsə də, şirkətimiz tərəfindən bu təkid rədd edilmiş və buna görə də mülkiyyətçi ilə razılaşma əldə oluna bilməmişdir. Hazırda da, cavabdeh həmin mülkiyyətdən çıxmaq istəmir və onun istəyi nəzərə alındığı təqdirdə çıxacağına israrlıdır. Tərəflər arasında razılaşma olmadığından, hesab edir ki, bu məsələ məhkəmə müstəvisində həll olunmalı və qanunvericiliyin tələbləri hansı istiqamətdə tövsif edilirsə, o qaydada məhkəmə qərarı çıxarılmalıdır. İddiaçı sakinləri onlara məxsus olduğu əmlaka uyğun olaraq əmlakla yeni tikiləcək binada təmin etməli və bina tikilənədək onlara müvafiq kirayə haqları ödəməlidir və iddiaçı da bütün digər sakinlərlə artıq razılıq əldə edib, müqavilə imzalayıb və onların hər birinin mənzillərinə müvafiq olaraq aylıq kirayə haqqı ödəməyə başlayıb. İddiaçı tərəfindən sərəncamda müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərəncamına uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. Söküləcək bina qəzalı vəziyyətdədir və oradan köçürüləcək bütün sakinlər vaxtında köçürülməlidir ki, vaxtında da binanın inşasına başlanılmalı və müəyyən edilmiş vaxt ərzində şirkət sakinləri yeni tikiləcək bina ilə təmin etməlidir. Lakin, cavabdehin bu cür qanunsuz hərəkətləri və əsassız varlanmaq istəyi, digər sakinlərin hüquqularına xələl gətirir, sərəncamın icrasını gecikdirir və binanın sakinlərinin yaşayışla təmin olunmaq aqibətini sual altına qoyur. Onlar üçün də qəbuledilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və sayğısız, pozucu yanaşması respublikası rəhbərliyinə və yerli icra hakimiyyəti strukturlarına qarşı olan təxribatçı, qanunazidd əməlləri ümumi ictimai mənafeyinə xələl gətirir. Onlar hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmədən istəyi odur ki, cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, onun və onunla birgə yaşayan şəxslərin həmin mənzildən çıxarılması və onun əvəzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 saylı binasının 2-ci mərtəbəsində Cavabdeh mülkiyyətinə 35.5 kv.m və onun 20% hissəsi olan 7.1 kv.m, əlavə edilməklə 42.6 kv.m olan mənzillə təmin olunması və həmçinin iddiaçı tərəfindən ona aylıq olaraq müəyyən miqdarda kirayə haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 3, mənzil 10 mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 saylı binasının 2-ci mərtəbəsində Cavabdeh mülkiyyətinə 4 saylı 54 kv.m olan mənzilin verilməsi və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunana günədək aylıq kirayə haqqı 400 manat iləı təmin olunması öhdəliyin iddiaçı "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə qanunvericiliyin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mümükn hesab edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iddiaçının ümumiyyətlə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmamasını bildirmişdir. Bundan başqa məhkəmənin diqqətinə çatdıraraq qeyd etmişdir ki, mülki iş matriallarına ələvə edilmiş Azərdövlət Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun 15187 nömrəli Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə rəy formal xarakter daşıyır. Belə ki, həmin rəy verilən zaman rəy verən orqan ümumiyyətlə cavabdehə məxsus olan mənzilə baxış keçirməmişdir və həmin orqanın binaların yarasızlığı ilə bağlı rəy vermək hüququnun mövcud olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Əlavə olaraq bildirmişdir ki, iddiaçı cavabdehin mənzilini 54 kv.m mənzillə əvəzləşdirilməsini məhkəmədən xahiş etsədə, hazırda cavabdehin istifadəsindəki olan mənzilin faktiki ölçüləri 100 kv.m-ə yaxındır. Belə olan halda həmin mənzilin əvəzində cavabdehə verilməsi nəzərdə tutulan mənzil ədaləti hesab edilə bilməzdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. bilmədiyindən iddia tələbinin rədd edilməsin Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində istifadədə olan 0.027562 ha torpaq sahəsində yerləşən 14 a nömrəli, 2 mərtəbəli binada 35.5 kv.m ümumi, 26.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat İdarəsinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdən qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 10858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompeksinin tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. - EL-744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini "xxxx" MMC-yə həyata keçirməyə icazə vermişdir. - EL-744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Lisenziyanın əlavəsinin surətindən görünür ki, "xxxx" MMC-yə bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısına xüsusi torpaq işləri, ankerlərin torpağa bərkidilməsi, enmə quyularının və kessonların qurulması, Beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması, ağac konstruksiyaların quraşdırılması, fasad işləri, svay işləri, mühəndis-kommunikasiya və şəbəkələrinin qurulma işləri, hidrotexnik işləri, sualtı texniki işlər, dambaların tikintisi, limanların tikintisi, pirslərin tikintisi, sahilbərkitmə işləri, su anbarları, xüsusi qurğuların tikintisi və quraşdırılması, rezervuarlar və qazholderlər, elektrik ötürücü xəttlər, sənaye və mülki obyektlərin tikintisi: aşırımı 24 metrədək, aşırımı 24 metr və daha çox, hündürlüyü 65 metrədək, hündürlüyü 65 metr və daha çox, tutumu 5000 nəfərədək, tutumu 5000 nəfər və daha çox işlər daxil edilmişdir. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X6 Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun 15187 nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə rəydən görünür ki, Muxtar Fətəliyev küçəsində yerləşən 45 saylı yaşayış binası 1959-cu ildə inşa olunmuşdur. 2 mərtəbəli, 2 girişli, 12 mənzilli, zirzəmisizdir. Planda düzbucaqlı formadadır, uzunluğu 37,0 metr, eni 9,0 metrdir. Mərtəbə hündürlüyü 3,2 metr, kürsü hündürlüyü 1,0 metrdir. Binanın yükdaşıyan divarları mişarlanmış əhəngdaşından 40 sm qalınlığında yerinə yetirilmişdir. Örtüklər ağac tirlərdən quraşdırılmışdır. Pilləkən konstruksiyası metal kosourlar üzərində yığma dəmir-beton pillələrdən yerinə yetirilmişdir. Balkonlar dəmir-betondan quraşdırılmışdır. Dam çardaq tiplidir, ağac elementlərdən quraşdırılmış və şiferlə örtülmüşdür. Fasadlar suvaqsızdır. Vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olunduğu, ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yarandığı, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyayalar mövcudluğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qaldığı, dam örtükləri yararsız vəziyyətdəolduğu, şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yarandığı, atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunduğu, sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edildiyi, tikililər əsasən balkonların üstündə yerləşdiyindən binalar əlavə yüklənmələr olduğu, yaşayış binalarının balkon və dəhlizlərin əksər sahələri müxtəlif təyinatlı otaqlara uyğunlaşdırıldığı, bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli olmadığı, mühəndis-kommunikasiya təminatı sistemi (elektrik xətləri, su və kanalizasiya xətləri) fərdi qaydada quraşdırılmadığı, texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilmədiyi, xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Yaşayış binalarının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadığı, binaların istismar keyfiyyəti aşağı səviyyədə olması, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərməsi, tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s. ) tikintisi primitiv şəkildə aparıldığını, tikililər əsaslandırılmamış şəkildə inşa edildiyi, divar və örtük elementləri müxtəlfcinsli materiallardan yerinə yetirildiyi, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilmədiyi müəyyən edilmişdir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törətməsi, yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu göstərilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatı Mənzil Kommunal Təsərüffatı Birliyinin 147 saylı Mənzil Kamunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 735 nömrəli arayışından görünür ki, Memarlıq Şəhərciyi 2021 MMCnin sorğusuna əsasən bildirilir ki, Muxtar Fətəliyev 45-Aşıq Alı küçəsi ev 14 A-dır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastrı və Yerquruluşu Layihə-X2 X5 və Geodeziya Şöbəsinin xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən , çoxmənzilli yaşayış komleksinin tikintisi məqəsədi ilə "xxxx" MMC-yə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı təqdim edilmişdir. MŞ İnşaat MMC-nin 44/2023 nömrəli, 28.082023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, X4 ərazidə qəzalı vəziyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar "xxxx" MMC-nin Hüseyn Ərəblinski küçəsi 12 ünvanında yerləşən ofisinə dəvət edilmişdir. Mülki iş matriallarına cavabdeh X4 tərəfindən təqdim edilən Yeni dövr Qiymətləndirmə Mərkəzinin YDQM 099-130/2023 nömrəli, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, ünvan 3 ünvanında yerləşən faktiki olaraq 85.1 kv.m sahədən ibarət 3 otaqlı 10 nömrəli mənzilin qiymətləndirilməsi tarixinə olan orta bazar dəyəri: 158.000 manat təşkil etməsi və ünvan 3 ünvanında yerləşən yaşayış binası hal-hazırda qəzalı vəziyyətdə deyil və yaşayış üçün tam yararlı olması göstərilmişdir - ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin 1-ci bəndinə əsasən azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir; Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); Həmin Məcəllənin 152.1-ci ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir; 4.2 və 4.2.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və-ya 85-ci maddəsinin müddəaları tətbiq edilir; 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti, bu Qərarın 1 -ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər. Məhkəmə iddia tələbinə hüququi qiymət verərək ilk növbədə qeyd edir ki, iddiaçının nümayəndəsinin və vəkilinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, iddiaçı cavabdehə onun sənəd üzrə 35.5 kv metr təşkil edən 10 saylı mənzilinin sökülərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 saylı binasının 2-ci mərtəbəsində 54 kv.m olan mənzil verməklə, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 400 manat kirayə haqqı ödənilməklə, cavabdehin 10 saylı mənzilindən çıxarılmasını tələb etməklə cavabdehi mülkiyyətdən məhrum etmir, bu reallıqda cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasıdır. İddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki mənzilin sahəsindən də artıq sahəsi olan mənzil vermək niyyətindədir. Cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A saylı evin, 10 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosialiqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Məhkəmə onu da qeyd etməyi zərurui hesab edir ki, cavabdeh onun mülkiyyətində olan evin faktiki sahəsinin 85.1 kv.m olmasını və dəyərinin 185.000 manat müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin mülkiyyətində olan evin sahəsinin sənədlər ilə 35.5 kv.m olduğu müəyyən edilmişdir, işin hallarından görünür ki, cavabdeh mülkiyyətində olan mənzilə 50 kv.m əlavələr etmişdir, lakin bu sözügedən artıram barədə qanunla nəzərdə tutulan qaydada icazə almamış, gələcəkdə bu əlavələrin sənədləşdirilə bilməsinə əsas ola biləcək halları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 35.5 kv.m mənzilə münasibətdə iddiaçının əvəzləşdirilməsi üçün təklif edilmiş 54 kv.m mənzil ədalət hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində cavabdehin mülkiyyətində olan mənzilə dair mülkiyyət hüququna xitam verilməsini tələb etsədə, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35.50 kv.m. mənzilə dair mülkiyyət hüquqular iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək B1 saylı binanın 2-ci mərtəbəsində 54 kv.m mənzillə (54 kv.m) əvəz edilməli, ünvan 1 ünvanında yerləşən 35.50 kv.m. mənzil Cavabdeh və onunla birgə yaşayan ailə üzvüləri tərəfindən boşaldılmalı, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35.50 kv.m. mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 400 (dört yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35.50 kv.m. mənzilə dair mülkiyyət hüquqular iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək B1 saylı binasının 3-cü mərtəbəsində yelışən ümumi sahəsi 54 kv.m olan 8 saylı mənzillə əvəz edilsin. ünvan 1 ünvanında yerləşən 35.50 kv.m. mənzil Cavabdeh və onunla birgə yaşayan ailə üzvüləri tərəfindən boşaldılsın. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35.50 kv.m. mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 400 (dört yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-676/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-676/2024
01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver