Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-682/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İlk iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2, X1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdeh Bağırzadə Səbı̇ nə Mı̇ r Fazı̇ l qızına qarşı evdən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdeh Bağırzadə Səbı̇ nə Mı̇ r Fazı̇ l qızına qarşı evdən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu Rayonu, Nardaran qəsəbəsi, 720 nömrəli bağ evindən çıxarılması və əldən çıxmış fayda şəkilində vurulmuş maddi zərərə görə 36000 manat kompensasiya və 198 manat dövlət rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 720 nömrəli bağ evi İddiaçı mülkiyyətindədir. Cavabdeh övladı ilə birlikdə 2013-cü ildə müvəqqəti məskunlaşmışdır, lakin sonradan evi tərk etməkdən boyun qaçırır və qanunsuz olaraq iddiaçının mülkiyyətində olan bağ evində yaşayır, həmin evə qanunsuz sahiblik edir, iddiaçını öz daşınmaz əmlakından istifadə etməsinə, ona sahiblik etməsinə maneə yaradır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə evinin boşaldılıb təhvil verilməsi barədə rəsmi bildiriş göndərilmişdir. Lakin Cavabdeh həmin rəsmi bildirişə heç bir cavab verməmişdir və hazırki vaxtadək həmin evdə yaşayır. Cavabdehin iddiaçının daşınmaz əmlakına qanunsuz sahiblik etməsi iddiaçıya həmin əmlakı kirayə verərək ayda 1000 manat pul qazanmaq imkanından da məhrum etmişdir. Beləliklə, əldən çıxmış fayda şəkilində son üç il ərzində cavabdeh iddiaçıya ayda 1000 manat olmaqla 36 ay=36 000 manat ziyan vurmuşdur. Daha sonra Bağırzadə Səbı̇ nə Mı̇ r Fazı̇ l qızının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 150 000 ABŞ dolları məbləğində əsas məbləğ, həmin məbləğə hesablanmış Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faiz məbləğində 86.250 ABŞ dolları məbləğində pul vəsaitinin, cəmi olaraq 236 250 ABŞ dolları məbləğində (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 692 manat məbləğində pul vəsaitinin, hüquqi xidmətə görə vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, 2013-cü ilin iyul ayında hazırki iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Bağ evi 720 ünvanında yerləşən faktiki olaraq 0.45 hektar torpaq sahəsində 150 000 ABŞ dolları məbləğini X4 və X2 yanında tanışı cavabdeh İddiaçı özünə nağd formada təqdim edərək sözügedən torpaq sahəsini almışdır. Həmin şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş edir. Həmin bağ sahəsinin 0.25 hektarına çıxarış olmasına baxmayaraq, İddiaçı ona əlavə 0.20 hektar bağ sahəsinin ona məxsus olduğunu bildirib cəmi 0.45 hektar torpaq sahəsini satmışdır. Bunun qarşılığında İddiaçıya söz vermişdir ki, qalan 0.20 hektar torpaq sahəsinin də çıxarışını alacaqdır. Bu səbəbdən 0.25 hektar torpaq sahəsinin çıxarışının əslini Cavabdeh təqdim etməmişdir. İddiaçı özü rəsmiləşmə prosedurunu bilərəkdən uzatmışdır. Hətta hazırda cavabdeh sözgedən bağ sahəsini başqa şəxslərə satmaq niyyətindədir. Cavabdeh sözügedən torpaq sahəsini etibarnamə ilə öz adına keçirə bilmədiyi üçün cavabdeh İddiaçı xx.xx.2013-cü il tarixində X2 adına Bakı şəhəri, Nardaran qəsəbəsi bağ evi 720 ünvanında yerləşən və mülkiyyətində olan 0.25 hektar torpaq sahəsinin forma 1 arayışını və s. almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, ipotekaya (girov) qoymağı, pulunu almağı buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri yerinə yetirməyə dair 3 illik müddətinə etibarnamə vermişdir. Həmin ildən, 2013-cü ildən hazırki vaxtadək cavabdeh İddiaçıya müxtəlif vədlər verərək onu aldadır. 2024-cü ilin may ayından etibarən cavabdeh İddiaçı sözügedən bağ sahəsinin üzərində yerləşən evdən iddiaçının çıxarılmasını tələb etməyə başlamış, hətta məsələ ilə bağlı dəfələrlə ona hədə-qorxu gəlmiş, iddiaçının evdən çıxmayacağı təqdirdə evi yandıracağını bildirmişdir. Həmçinin cavabdeh bağ evindəki bağbanın üzərinə hücum edərək ondan evin açarlarını tələb etmiş, özbaşına evin qaz, su və elektrik xətlərini də kəsmişdir. Hazırda da cavabdehin iddiaçıya olan qanunsuz hərəkətləri davam etməkdədir (məsələ ilə bağlı iddiaçı tərəfindən aidiyyəti orqanlara məktub ünvanlanmışdır). Göründüyü kimi cavabdeh borcunu ödəyəcəyinə dair iddiaçıya müxtəlif vədlər verərək onu aldadır, öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Hazırki iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı tərəfindən 150 000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehə 2013-cü ilin iyul ayında nağd formada verilmişdir. Həmin məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərə alınmaqla hesablanmış faiz məbləği illik 7500 ABŞ dolları təşkil edir. Sözügedən vəsaitin verilməsindən 11 il 5 aydan artıq vaxt keçmişdir. Həmin dövrlər ərzində ödənilməli olan faiz məbləği 86.250 ABŞ dolları təşkil edir ( 7500 x 11 il 6 ay = 86.250). Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh və vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, İddiaçıı Hacı adlı yaxın dostu vasitəsilə tanımışdır. Hacı adlı şəxs Şirinbəyovla dost olmuş, Hacının yanında Cavabdeh Şirinbəyova 15000 ABŞ dolları verib bağı almışdır. Alqı-satqı müqaviləsini rəsmiləşdirməmələrinin səbəbi Hacı ilə Elşadın dost olması olmuşdur. Sonradan aralarında nəsə baş verdikdən sonra arada anlaşılmazlıq yaranmışdır. O, ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında videokofransa qoşulmaqla iştirak edən iddiaçının vəkili Vəkil1 ilk iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, bildirmişdir ki, Şirinbəyov bağın mülkiyyətçisidir, dostu Hacının xahişi ilə müvəqqəti olaraq Cavabdeh bağda yaşamağa icazə vermişdir. Lakin, sonradan onu oradan çıxara bilməmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 720 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. -xx.xx.2024-cü il tarixli Cavabdeh Mirfazil qızına ünvanlanmış bildirişin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 720 nömrəli bağ evinin qısa müddətdə boşaldılaraq ona təhvil verilməsini, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq evin boşaldılması və dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyi barədə Cavabdeh Mirfazil qızına xəbərdarlıq etmişdir. -xx.xx.2024-cü il tarixli müstəqil audit hesabatından görünür ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 720 nömrəli bağ evinin 3 illik kirayə haqqı 36000 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli bağ evin mülkiyyətçisi İddiaçıdur, Cavabdeh Mirfazil qızı 2013-cü ildən həmin bağ sahəsində yaşamış, lakin onun həmin evə istifadə hüququ olmamışdır. İlk iddia üzrə cavabdeh ona əsaslanır ki, bağ artıq onundur, çünki o, şifahi olaraq Şirinbəyovla 13 il əvvəl razılaşıb, ona 150000 ABŞ dolları pul verib bağ üçün. Arada vasitəçi Cavabdeh yaxın dostu olan Hacı adlı şəxs olub. İşin mübahisəli halı Cavabdeh sözügedən bağ evində yaşamağa hər hansısa hüququnun olub olmamasını müəyyənləşdirməkdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh Mirfazil qızının mübahisəli mənzilə hər hansı bir hüququ yoxdur və həmin mənzilin mülkiyyətçisi olan ilk iddia üzrə iddiaçının xüsusi mülkiyyət hüququnun yaranmasına kobud şəkildə maneçilik yaratdığından ilk iddia üzrə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də, İddiaçı mənzil üzərində mövcud olan və yaranacaq hüquqlarının həyata keçirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 720 saylı bağ evi Cavabdeh Mirfazil qızının qanunsuz sahibliyindən geri alınmalı və Cavabdeh Mirfazil qızı həmin həmin mənzildən çıxarılmalıdır. Məhkəmə ilk iddia tələbinin əldən çıxmış fayda şəkilində vurulmuş maddi zərərə görə 36000 (otuz altı min) manat kompensasiya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh Mirfazil qızından kirayə haqqı 3 il müddətinə deyil, İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 720 nömrəli bağ evinin boşaldılmasını tələb etdiyi xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 9000 manat məbləğində tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, məhkəməyə təqdim olunmuş elanlardan da görünür ki, həmin ərazidə yerləşən oxşar evlərin aylıq kirayə haqqı təxminən aylıq 1000 manat civarındadır. Buna görə də ilk iddiaçı öz mülkiyyətində olan evi 9 ay kirayə versəydi 9000 manat əldə etmək mkanına malik idi ki, həmin hüquqlarını cavabdehə görə həyata keçirə bilməmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh iddiasına münasibət bildirərək onu qeyd edə bilər ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Yəni, hər kəsə məlumdur ki, daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanarkən tərəflər bununla bağlı notarial qaydada alqısatqı müqaviləsi bağlamalıdırlar. Cavabdeh 150000 ABŞ dolları məbləğində pulu sadəcə etibar etdiyinə görə İddiaçı verməsini məhkəmə inandırıcı hesab etmir. Çünki, o, özü də etiraf edir ki, Şirinbəyovu yalnız Hacı adlı şəxsə görə tanıyıb. Adı çəkilən həmin Hacı adlı şəxs isə iş üzrə cavabdeh qismində qoyulmayıb və məhkəməyə tərəflərlə həmin şəxs arasında hansı razılaşmaların olduğu məlum deyil. Üstəlik, qarşlıqlı iddia üzrə iddiaçı 13 il ərzində verdiyi 150000 ABŞ dolları pulu heç vaxt Şirinbəyovdan tələb etməyib, məhz Şirinbəyovun iddiasından sonra, sankı bunu ümumiyyətlə unutmuş kimi birdən belə bir iddia qaldırması çox qəribə görünür. Çünki, kifayət qədər böyük bir məbləğdə pulu kiməsə verib, alqı-satqı müqaviləsinin bağlandığını düşünmək və arxayın oturub başqa heç bir addım atmamaq bir qədər inandırıcı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul verilməsini təsdiq edən tutarlı sübut gətirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddianın dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də qarşılıqlı iddia təmin olunmamalıdır. Məhkəmə ilk iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, ilk iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni ilk iddia tələbi qismən təmin olduğu halda həmin iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 198 manat dövlət rüsumunun əvəzi Cavabdeh Mirfazil qızından İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə qarşılıqlı iddia tələbi rədd edildiyindən, qarşılıqlı iddia ərizəsinə görə verilmiş 692 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehin özünə aid edilməlidir. Belə ki Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin olunsun. Cavabdeh Bağırzadə Səbı̇ nə Mı̇ r Fazı̇ l qızı iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 720 nömrəli bağ evindən çıxarılsın. Cavabdeh Bağırzadə Səbı̇ nə Mı̇ r Fazı̇ l qızından 9000 (doqquz min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İlk iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-682/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-682/2025
14.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver