Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7115/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə 300,27 manat məbləğində ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə məxsus ** LV *** dövlət qeydiyyat nişanlı QAZ 3110-121 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JG *** dövlət qeydiyyat nişanlı Fiat Dukato markalı avtonəqliyyat vasitəsinə 27.06.2018-ci il tarixdə yol nəqliyyatı hadisəsi nəticəsində zərər vurulmuşdur. Sürücü Cavabdeh 27.06.2018-ci il tarixli qərarla təqsirli bilinmişdir. "xxxx"i MMC tərəfindən tərtib olunmuş akta əsasən Fiat Dukato markalı avtonəqliyyat vasitəsinə 5717,72 manat məbləğində ziyan dəymişdir. İddiaçı tərəfindən həmin məbləğ köçürülmüşdür. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 5000 manat sığorta ödənişi iddiaçıya ödənilmişdir. 627,72 manat isə cavabdehdən tutulmalıdır.327 manat onun tərəfindən şirkətə ödənilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, iddiaçı işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbu etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adaları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə cavabdeh arasında 21.01.2020-ci il tarixdə aşağıdakı məzmunda subroqasiya ödənişi barədə qarşılıqlı razılaşma protokolu imzalanmışdır:
1. ** LV *** dövlət qeydiyyat nişanlı QAZ 3110-121 markalı avtonəqliyyat vasitəsi ilə 27.06.2018-ci il tarixindətörədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “İddiaçı”nın C-MİC-1693/17 saylı sığorta şəhadətnaməsi üzrə yaranan subroqasiya hüququ üzrə tələbin məhkəmədən kənar qaydada ödəniləcək məbləği, Subroqasiya prosesinin həyata keçirilməsi üzrə təlimata uyğun olaraq, 6 (altı) ay ərzində 627,72 (altı yüz iyirmi yeddi manat yetmiş iki qəpik) manat məbləğində müəyyən edilir.
2. “Cavabdeh şəxs” vurulmuş ziyanın əvəzi olaraq 627,72 (altı yüz iyirmi yeddi manat yetmiş iki qəpik) manat məbləği bu Razılaşma Protokolunun ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə ödəniş cədvəlinə əsasən 6 (altı) ay müddətində köçürmə yolu və ya ödəniş terminalları vasitəsi ilə “İddiaçıya” ödəyir.
3. “İddiaçı” “Cavabdeh şəxsə” irəli sürdüyü 627,72 (altı yüz iyirmi yeddi manat yetmiş iki qəpik) manat məbləğində tələbinin tam ödənildikdən sonra “Cavabdeh şəxsə” qarşı bu subroqasiya hüququ ilə əlaqədar hər hansı bir maddi və qeyri-maddi tələbinin olmadığını bildirir.
4. “Cavabdeh şəxs” 2 (iki ay) müddətində ödəniş etmədiyi təqdirdə, güzəşt və müddətli ödəniş razılaşması qüvvədən düşmüş sayılır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 300,27 manat məbləğində ziyan və ödənilmiş 30,40 manat dövlət rüsumu tutulsun. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova