Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-76/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "zəbt olunmuş torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "zəbt olunmuş torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki 4711 və 4712 saylı bağ sahələrindən istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilməklə həmin maneələrin yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi, Cavabdeh tərəfindən 4712 saylı bağ sahəsinin zəbt olunmuş hissəsində inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülərək həmin hissənin boşaldılması və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, pozulmuş hüquqların bərpası üçün ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki 0.1198 ha-dan ibarət 4711 saylı və 0.118352 ha-dan ibarət 4712 saylı bağ sahələri iddiaçının xüsusi mülkiyyətindədir. Onun mülkiyyət hüquqları dövlət reyestrində qeyd olunaraq adına müvafiq çıxarışlar verilmişdir. İddiaçı mülkiyyətində olan bağ sahəsindən istifadə etmək istəsə də, cavabdeh və onun yaxınları buna imkan verməyərək ora daxil olmağına daim maneələr yaradırlar. Cavabdehin qanunsuz hərəkətləri səbəbindən iddiaçı qanunla qorunan hüquqlarından məhrum edilmişdir. İddiaçı dəfələrlə cavabdehə qanunsuz hərəkətlərinə son qoyaraq yaratdıqları maneələri aradan qaldırmasını tələb etsə də, bunların heç bir nəticəsi olmamışdır. Bundan əlavə cavabdeh iddiaçının mülkiyyətindəki 4712 saylı bağ sahəsinin təxminən 0.01 ha.-dan ibarət olan hissəsini zəbt edərək iddiaçıya məxsus sahədə tikililər də inşa etmişdir. Cavabdeh yaratdığı maneələri könüllü olaraq aradan qaldırmadığına, iddiaçının mülkiyyətində olan əmlakından istifadə etməyinə imkan vermədiyinə görə yaradılan maneələr məhkəmə qaydasında aradan qaldırılmalı, zəbt olunmuş sahə və orada inşa edilmiş tikililər cavabdehin vəsaiti hesabına sökülərək boşaldılmalı, pozulmuş mülkiyyət hüquqlarının bərpası təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə еdərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 bildirmişdir ki, sözügedən torpaq sahəsi 2010-cu ildən cavabdehin istifadəsindədir. Onun həmin torpağa dair hüququları rəsmiləşdirilməyib. Həmçinin bildirir ki, İddiaçı torpağı aldığı şəxs heç İddiaçı tanımır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********00 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4712 saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 768493 nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 47112 saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı X3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,118352 ha olan torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verməyi, alıcı İddiaçı isə satıcı X1 tam hissəni (0,118352 ha) ondan 24000 manat 00 qəpik qiymətinə almağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2022ci il tarixli ərizəsi ilə əlaqədar sənəddə qeyd olunan koordinatlar ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, sənəd üzrə sahənin bir hissəsi qonşunun istifadəsində qalır. Bu səbəbdən plan və ölçünün tərtib edilməsi mümkün deyil. - xx.xx.2024-cü il tarixli 10/3019 nömrəli ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir:
1. Faktiki vəziyyətə uyğun koordinatları əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur.
2. Bağ sahələrinin faktiki istifadəsi, sərhədləri və koordinatları plan ölçüyə əsasən müəyyən edildi. 4712 saylı bağ sahəsinin plan ölçüyə əsasən 0.0085 ha hissəsi cənub bağ qonşusu tərəfindən hasara alınaraq tikililər olan ərazisi ilə üst-üstə düşür. Faktiki vəziyyətə uyğun koordinatları əks etdirən izahlı sxem əlavə olundu.
3. Vahid elektron kadastr baza məlumatlarına əsasən 4711 və 4712 saylı bağ sahələrinin sənəd üzrə koordinatları faktiki vəziyyətə uyğun deyil. Faktiki vəziyyətə uyğun koordinatları əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur.
4. Tikintialtı sahəsi 26.7 kv.m olan köməkçi tikili mövcuddur. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki 0.1198 ha-dan ibarət 4711 saylı və 0.118352 ha-dan ibarət 4712 saylı bağ sahələri iddiaçının xüsusi mülkiyyətindədir. 4712 saylı bağ sahəsinin plan ölçüsündən görünür ki, həmin bağ sahəsinin 0.0085 ha hissəsi cənub bağ qonşusu Cavabdeh tərəfindən hasara alınmışdır. Həmçinin müəyyən olunur ki, cavabdehin torpağa dair heç bir hüququmüəyyənedici sənədi yoxdur. Toplanmış materiallar, ekspertiza rəyi və məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunan hallar birlikdə səciyyələndirilərək məhkəmə aşağıdakı qanunvericilik normalarına istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Rеspublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. İş üzrə təqdim edilmiş sənədlərdən və ekspertin rəyindən görünür ki, cavabdeh tərəfindən texniki pasporta uyğun olmayan şəkildə dəyişiklik edilmişdir. Cavabdeh açıqaşkar şəkildə plan sxemə uyğun olmayaraq 4712 saylı bağ sahəsinin 0.0085 ha hissəsini hasara almışdır. Göstərilənlər İddiaçı mülkiyyət hüquqlarını pozduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının bağ evlərinə yaradılan maneələr qanunsuz hesab edilərək cavabdeh və digər şəxslərə qadağan edilməli, qanunsuz inşa edilmiş tikililər cavabdehin hesabına sökülməlidir. Cavabdehin iddiaçı ilə Səlimova Lütfiyyə arasında bağlanmış alqısatqı müqaviləsinə dair məhkəmədə gətirdiyi dəlilləri isə məhkəmə əsassız hesab edir. Həmin müqavilə müqavavilənin tərəfləri arasında mübahisələndirilməyib və hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixlil ********** nömrəli mədaxil qəbzi ilə 100 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş ekspertizalarının xərcləri, yəni 150 manat məbləğində vəsait cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki 4711 və 4712 saylı bağ sahələrindən istifadəyə yaradılan maneələr cavabdehə və digər şəxslərə qadağan edilsin. 4712 saylı bağ sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililər cavabdehin hesabına sökülsün və həmin hissə boşaldılaraq, əvvəlki vəziyyətinə gətirilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Cavabdeh 150 manat еkspеrt xərci tutularaq, Dövlət Xəzinədarlığı Agеntliyi, KOD 210005, VÖЕN **********, müxbir hеsab AZ 41 NABZ******************** SWİFT Bik CTRЕAZ 22, Məhkəmə Еkspеrtiza Mərkəzi, VÖЕN **********, AZ34CTRЕ******************** hеsabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Adilə Paşayeva.