Məhkəmə qərarları › İş №e-2(008)-789/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-789/2025

30.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-789/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.500 (iyirmi min beş yüz) manat, yəni bura daxildir həm maddi və mənəvi ziyan, əlavə olaraq hal-hazırda hüquqlarının müdafiəsi üçün vəkillə bağladığı müqaviləyə ödədiyi 330 (üç yüz otuz) manat, müstəqil ekspertə ödənilən kassa mədaxil orderinin qəbzində qeyd olunan 250 (iki yüz əlli) manat və dövlət rüsumu kimi ödənilən 221 (iki yüz iyirmi bir) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 12:30 radələrində idarə etdiyi Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Binəqədi-Novxanı yolunda üzü Novxanı istiqamətində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxan Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Həmin hadisədə toqquşma nəticəsində o, ağır xəsarətlər almışdır. Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil tamamilə yararsız vəziyyətə düşdüyündən hadisə yerinə gələn TTYS-nin biriqadası çox ehtiyatla onu avtomobildən çıxararaq xəstəxanaya aparmışlar. O, xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Təcili X4 gətirilən zaman xx.xx.2024-cü tarixdən birbaşa reanimasiya şöbəsinə müştərək travma, döş qəfəsinin küt travması, döş qəfəsinin sol yarısında əziyi, hematomaları, qarının küt travması, qarının sol yarısının əziyi, hematomaları, boyun nahiyəsinin əziyi ilə yerləşdirilib və iki gün sonra müalicə alaraq palataya köçürülmüşdür. X7 özü valideynlərinin təkidi ilə xx.xx.2024-cü il tarixdə onu həmin xəstəxanadan ev şəraitində müalicəsini davam etmək şərti ilə tam sağalmadan evə buraxmışdır. Ev şəraitində uzun zaman müalicə aparılmış və aparılan müalicəyə görə dərman vasitələrinin alınmasına yetərincə məbləğlər xərclənmişdir. Hal-hazırkı zamana kimi də o, müalicələr alır və bədən orqanlarında ağrılar var və yenə də müayinələrə ehtiyacı vardır. O, ev şəraitində müalicəsini davam etdirərək yetərincə dərman vasitələri alaraq müalicələr aparmışdır. Həmin alınan bütün dərmanlar həkimin yazdığı rəsmi reseptləri ilə də təsdiq olunur. Bütün bu müalicə ödənişləri və bütün xərcləri onun tərəfindən çox çətinliklə ödənilərərək qarşılanmışdır və hələ də onun bədən ağrıları bərk olduğundan yenə də müayinəyə ehtiyacı var. Onun idarə etdiyi Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili tam yararsız hala düşərək lazımsız dəmir parçası olmuşdur. Avtomobil demək olar ki, tamamilə istifadəyə yararsızdır. Avtomobilin tam yararsız hala düşməsi müstəqil ekspert rəyi ilə də tam təsdiqini tapır. Belə ki, baxış zamanı məlum oldu ki, avtomobilə zərbə ön hissədən dəymişdir. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri (manatla) -12.580 (on iki min beş yüz səksən) manat müəyyən edilmişdir. Onun idarə etdiyi Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərə uğradığı anadək real dəyəri 15.000 (on beş min) manat məbləğini təşkil edir. Göründüyü kimi burada da 2.500 (iki min beş yüz) manat dəyərində aşkar surətdə zərərə o düşmüşdür. Belə ki, Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda tam qəzalı vəziyyətdə yararsız haldadır. Yararsız hala düşdüyü xx.xx.2024-cü il tarixdən Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili əlavə evakuator xidməti ödənilərək cərimə meydançasına aparılıb və hal-hazırkı tarixə kimi də həmin cərimə meydançasında olduğu müddətin ödəniş məbləğləri də yığılaraq ödənilməmiş qalmışdır. Bütün bu maddi ziyanlar əks istiqamətli hərəkət zolağına çıxan Cavabdeh idəarə etdiyi Mersedes Benz markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi avtomobilə gəlib toqquşması nəticəsində yaranmışdır. Bu hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində düzün olmayan araşdırmalar aparıldığından xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Abşeron Rayon Polis İdarəsində Cavabdeh ailəsi onu və yaxınlarını dəymiş bütün ziyanların maddi qarşılığını elə polis idarəsində ödəyəcəklərinə əminliklə onları inandırmışlar. Hətta təhqiqatçı belə onların adından onu və yaxınlarını əmin etmişdir ki, dəymiş bütün maddi ziyanların qarşılığını Cavabdeh ailəsi ona verəcəkdir və şəxsən özü də dəymiş ziyanla müəyyən olunmuş bütün məbləği onlara təqdim edəcəkdir. Lakin açıq-aşkar göründüyü kimi Abşeron Rayon Polis İdarəsində nə Cavabdeh və nə onun yaxınları tərəfdən onlara heç bir məbləğ ödənilməmiş bütün bu oyunlar yalandan onları sakitləşdirmək məqsədi ilə olmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 20.500 (iyirmi min beş yüz) manat, yəni bura daxildir: avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri – 12.580 manat; Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərə uğradığı anadək real dəyəri 15.000 manat maddi ziyan, göründüyü kimi burada da 2420 manat dəyərində aşkar surətdə iddiaçının zərərə düşdüyü məbləğ, 40 manat evakuator xidməti, hal-hazırkı tarixə kimi cərimə meydançasında olduğu müddətin ödəniş məbləğləri də yığılaraq ödənilməyən 153 manat, 100 manat həkimə ödənilən məbləğ, 8 manat olmaqla gündəlik işə gediş və gəliş üçün taksiyə sentyabr ayının son həftəsindən indiki zamana qədər ödənilən 960 manat, ümumilikdə 16.253 manat maddi ziyanın və 4247 manat iddiaçının keçirdiyi mənəvi iztirablara, bədənində yaranmış dözülməz ağrılara, səhhətində baş vermiş xəsarətlərlə bağlı fəaliyyət qabiliyyətini itirməsinə görə işə gedə bilmədiyi və ağır müalicələrdə olduğu, bununla əlaqədar mənəvi ziyanın, əlavə olaraq hal-hazırda hüquqlarının müdafiəsi üçün vəkillə bağladığı müqaviləyə ödədiyi 330 manat, müstəqil ekspertə ödənilən kassa mədaxil orderinin qəbzində qeyd olunan 250 manat və dövlət rüsumu kimi ödənilən 221 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərərə görə ona 5000 manat məbləğində pul ödənilmişdir. Hazırda 10000 manat versə, yenə barışıq ola bilər, amma cavabdeh razı deyildir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil İddiaçı izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh izahatında bildirmişdir ki, ziyanın vurulmasında təqsiri olduğunu etiraf edir, 2-3 ay bundan qabaq sığorta şirkətindən aldıqları 5000 manatı da nəzərə alaraq iddiaçıya 6000 manat ödənilməsini təklif etsə də, iddiaçı onunla razılaşmamış, ondan 10000 manat pul istəmişdir. Hadisə baş verəndən sonra isə maşını təmir elətdirmək üçün iddiaçıdan istəsə də, iddiaçı razılaşmayaraq servisdə təmir olunmasını istəmiş, servisdə isə təmir həmişə baha qiymətə başa gəlir. Təmir xərci ilə razılaşmır, şişirdilmiş rəqəm olduğunu bildirir, digər xərclərin sübutu varsa onları qəbul edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən sahibkar X2 hesabına Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin qiymətləndirilməsi üçün 250 manat məbləğində pul vəsaiti ödənilmişdir. - müstəqil sığorta eksperti X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunacaq vəsait (ustaların xidmət haqqı da daxil olmaqla) cəmi 12.580 manat təşkil edir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh taksi fəaliyyəti ilə məşğul olur, hazırda VÖEN statusu fəaliyyətini müvəqqəti dayandırmış kimidir. - Abşeron Rayon Məhkəməsinin 3(012)-2450/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və nəqliyyat vasitəsini idarə etmək hüququ 1(bir) il müddətinə məhdudlaşdırılmışdır. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 221 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Ruslan Əsgərov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən İddiaçı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, «materiala əlavə olunmuş müstəqil ekspertin rəyinə əsasən Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobildə görüləcək təmir işlərinin xərci 12.500 manat təşkil edir. Məhkəmə-tibbi ekspertizasının 2063 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü İddiaçı bədənində aşkar edilmiş xəsarətlər boyun nahiyəsindən başlayaraq döş qəfəsinin ön səthinin sol yarısını keçən hematoma, qarın, sağ diz oynağı, sağ baldır nahiyələrinin qançırları, sol dirsək oynağı, sol said, sol qalça qanadı nahiyələrinin sıyrıqları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Bununla aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində sürücü Cavabdeh yol vərəqəsi əsasında idarə etdiyi Mercedes markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi- Novxanı yolu ilə hərəkətdə olan zaman 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb qarşı əks yolda hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir». - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Şimal vəkil bürosunun hesabına 330 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmişdir. - İddiaçı tərəfindən "xxxx" SŞ ASC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ona məxsus Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" SŞ ASC-də icbari sığortalanmış avtonəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi nəticəsində 12.580 manat məbləğində maddi zərər vurmuşdur. Məbləğlə razıdır və ona ödəniləcək sığorta məbləğinin bank hesabına köçürülməsini xahiş etmişdir. - müstəqil sığorta eksperti X6 tərəfindən tərtib edilmiş qəzaya uğramış avtomobilin real bazar dəyəri və qalıq hissəsinin qiymətləndirilməsinə dair aktdan görünür ki, Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zərərə uğradığı anadək real dəyəri 15.000 manat təşkil edir. Tərəfindən nəqliyyat vasitəsinin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə nəqliyyat vasitəsinin qalıq hissəsinin dəyəri 3000 manat məbləğində müəyyən olunmuşdur. Zərərçəkmiş şəxsin nəqliyyat vasitəsinin real dəyəri 12.000 manat təşkil edir. - ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə almışdır. Diaqnoz: müştərək travma, döş qəfəsinin küt travması, döş qəfəsinin sol yarısının əziyi, hematomaları, qarının küt travması, qarının sol yarısının əziyi, hematomaları, boyun nahiyəsinin əziyi. - dayanacaq haqqı qəbzindən görünür ki, Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayanacaqda saxlanması haqqı xx.xx.2025-ci il tarixə 238 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin evakuatorla aparılmasına görə 40 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Səfərbəy adlı şəxsin kart hesabına 100 manat məbləğində pul köçürülmüşdür. (ambulator kitabçadan çıxarışda müalicə həkimi Səfərbəy Vəliyev qeyd edilmişdir). - taksi xidmətlərinə dair çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2025-ci il tarixlərdə İTV İctimai Televiziyaya və s. getmək üçün 445.53 manat məbləğində pul vəsaiti xərcləmişdir. - Azərbaycan Respublikası DİN BDYPİ-nin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, yol hərəkətindən kənarlaşdırılmış nəqliyyat vasitələri Azərbaycan Respublikası DİN BDYPİ-nin nəzdində fəaliyyət göstərən müvəqqəti avtomobil dayanacaqlarına təxliyyəsi və dayanacaqlarda mühafizə olunaraq saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 aprel 1999-cu il tarixli 60 nömrəli nümunəvi Əsasnaməsinə əsasən həyata keçirilir. Məktubda qeyd olunan Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə təxliyyə avtomobili vasitəsi ilə yol hərəkətindən kənarlaşdırılaraq BDYPİ Siqnal İLİ İdarəsinin nəzdində fəaliyyət göstərən 15 saylı müvəqqəti avtomobil dayanacağına yerləşdirilmiş və mühafizə olunaraq saxlanılmaqdadır. Nəqliyyat vasitələrinin mülkiyyətçi tərəfindən dayanacaqdan götürülməsi (müvafiq sənədlər əsasında) Azərbaycan Respublikası Tarif Şurasının 05 aprel 2016-cı il tarixli 03 saylı qərarına əsasən həyata keçirilə bilər. Chevrolet Aveo markalı ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi ilə əlaqədar müvəqqəti avtomobil dayanacağına təxliyyə avtomobili vasitəsi ilə təxliyyə olunduğuna görə evakuasiya xidməti haqqı nəqliyyat vasitəsi dayanacaqdan götürülən zaman 156 evakuasiya xidmətinə ödənilməlidir. - Sumqayıt Tibb Mərkəzi phş Təcili Tibbi Yardım Xəstəxanası tərəfindən verilmiş 265 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 16:30-da xəstəxananın reanimasiya şöbəsinə stasionar müalicəyə daxil olub. Diaqnoz: müştərək travma: döş qəfəsinin küt travması, döş qəfəsinin sol yarısının əziyi, hematomaları. Qarının ön səthinin əziyi, boyun nahiyəsinin əziyi. Xəstə xx.xx.2024-cü il tarixdə saat 10:00-da cərrahiyyə şöbəsindən kafi vəziyyətdə ambulator müalicəyə yazılıb. - "xxxx" MMC tərəfindən verilmiş 15 nömrəli xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Chevrolet Aveo” minik markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində onun təmiri üçün (materiallar və usta haqqı nəzərə alınmaqla) tələb olunan vəsait 12.360 manat təşkil edir. “Chevrolet Aveo” minik markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobildə heç bir təmir işi görülməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 12:30da “X8 518 CDİ” yük markalı **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Binəqədi-Novxanı yolunda manevr qaydasını pozaraq hərəkətdə olan İddiaçı idarə etdiyi “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə İddiaçı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək sağlamlığına yüngül zərər vurmasına səbəb olmuş və maddi ziyan dəymişdir. Qeyd olunan inzibati xəta hadisəsi nəticəsində Abşeron Rayon Məhkəməsinin 3(012)-2450/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və nəqliyyat vasitəsini idarə etmək hüququ 1(bir) il müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə qeyd edir ki, tərəflərin idarə etdikləri müvafiq olaraq “X8 518 CDİ” yük markalı **-HE-*** və “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində avtomobilə və sağlamlığına zərər yetirildiyi, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İşin mübahisəli halı dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğı maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12.580 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmənin qərardadı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabatda “Chevrolet Aveo” markalı **-UY-*** avtomobilin təmirbərpa xərcinin 12.360 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, avtomobilin təmir-bərpası üçün iddiaçıya ödənilmiş 5000 manat sığorta haqqı 12.360 manatdan çıxılmalı və cavabdehdən 7360 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, avtomobilə dair real zərərin tutulması hissəsində iddia tələbini əsaslı hesab edir. Belə ki, qəzaya uğramış avtomobilin real bazar dəyəri və qalıq hissəsinin qiymətləndirilməsinə dair aktdan görünür ki, “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qalıq hissəsinin dəyəri 3000 manat məbləğində müəyyən olunmuşdur. Lakin iddiaçı avtomobilə görə real zərər kimi 2420 manat tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən (Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) iddia tələbindən kənara çıxmayaraq, cavabdehdən real zərər kimi 2420 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 40 manat evakuator xidməti haqqının və həkimə 100 manat pulun ödənilməsi təqdim olunmuş sübutlarla təsdiqini tapdığından, həmin hissələrdə də iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin evakuatorla aparılmasına görə 40 manat məbləğində pul ödənilmiş, həmçinin, xx.xx.2024-cü il tarixdə müalicə həkimi Səfərbəy Vəliyevin kart hesabına 100 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə, “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cərimə meydançasında olduğu müddət üçün pul vəsaitinin tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir. Belə ki, dayanacaq haqqı qəbzinə əsasən “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayanacaqda saxlanması haqqı xx.xx.2025-ci il tarixə 238 manat təşkil edir. Lakin iddiaçı dayanacaq haqqı kimi 153 manat tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxmayaraq, cavabdehdən dayanacaq haqqı kimi 153 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Məhkəmə, iddiaçının işə və s. gedib-gəlməsi üçün taksi xidmətindən istifadəyə görə ödədiyi pulun tutulması hissəsində iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində səhhətində yaranmış problemlərlə əlaqədar ictimai nəqliyatdan deyil, taksi xidmətindən istifadə etmişdir. Lakin iş materiallarında olan taksi xidmətlərinə dair çıxarışlardan görünür ki, iddiaçı xx.xx.2024xx.xx.2025-ci il tarixlərdə 445.53 manat məbləğində pul vəsaiti xərcləmişdir (təkrar qəbzlər hesablanmamışdır). Ona görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır, taksi xidmətlərinə görə ödənilmiş 445.53 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, mənəvi zərərin tutulması hissəsində iddianı qismən əsaslı hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehin törətmiş olduğu yolnəqliyyat hadisəsi nəticəsində iddiaçı boyun nahiyəsindən başlayaraq döş qəfəsinin ön səthinin sol yarısını keçən hematoma, qarın, sağ diz oynağı, sağ baldır nahiyələrinin qançırları, sol dirsək oynağı, sol said, sol qalça qanadı nahiyələrinin sıyrıqları kimi xəsarətlər alaraq, onun sağlamlığına yüngül zərər vurulmuşdur. Nəticədə iddiaçının bir müddət əmək qabiliyyətindən məhrum olması, stasionar və ambulator müalicələr alması, fəal ictimai həyat tərzindən məhrum olması, cavabdehin törətmiş olduğu hadisədən sonra ona qarşı diqqətsiz davranması, onunla maraqlanmaması, maddi yardım göstərməməsi iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuş, bu hallar onun şüurunda müəyyən mənfi psixi reaksiya əmələ gətirmiş və fiziki əzab çəkməsinə gətirib çıxarmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, zərərvuran şəxsin eyni əmələ görə inzibati məsuliyyətə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə, iddiaçının keçirmiş olduğu mənəvi və fiziki iztirabların xarakterini və dərəcəsini, cavabdehin təqsirli olmasını, onun əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, 500 manat məbləğində mənəvi zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 250 manat pulun tutulması hissəsində də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən iddiaçı tərəfindən sahibkar X2 hesabına “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin qiymətləndirilməsi üçün 250 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 7360 manat, avtomobilə görə real zərər üçün 2420 manat, evakuator xidmətinə görə ödənilmiş 40 manat, həkimə ödənilmiş 100 manat, dayanacaq haqqına görə 153 manat, taksi xidmətinə görə ödənilmiş 445.53 manat, mənəvi zərərə görə 500 manat, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 250 manat olmaqla, cəmi 11.268,53 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 123.80 manat dövlət rüsumu və 179.19 manat hüquqi xidmət haqqı tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 68.75 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalı, həmçinin, mütəxəssis rəyinin verilməsi üçün 200 manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 7360 manat, avtomobilə görə real zərər üçün 2420 manat, evakuator xidmətinə görə ödənilmiş 40 manat, həkimə ödənilmiş 100 manat, dayanacaq haqqına görə 153 manat, taksi xidmətinə görə ödənilmiş 445.53 manat, mənəvi zərərə görə 500 manat, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 250 manat olmaqla, cəmi 11.268,53 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 123.80 manat dövlət rüsumu və 179.19 manat hüquqi xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Artıq ödənilmiş 68.75 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Mütəxəssis rəyinin dəyəri olan 200 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutulsun və VÖEN **********, hesablaşma hesabı AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov filialı m/h AZ37NABZ**********0000001944, kod 200093, VÖEN **********, SWİFT AİİBAZ2X "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar