Məhkəmə qərarları › İş №e-2(008)-8166/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-8166/2024

16.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-8166/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, ərizəçilər İddiaçı1 Əlizqər oğlu və İddiaçı2 hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçilər İddiaçı1 Əlizqər oğlu və İddiaçı2 Nuriyev ata adının Əliəskər olması faktının müəyyən edilməsi, İddiaçı1 Əlizqər oğluna və İddiaçı2 məxsus bütün hüquq müəyyənedici sənədlərdə ata qrafasında “Alizqer”, “Ələsqər”, “Əlizir”, “Əliskər” və “Əliəskər” kimi göstərilmiş şəxsin X1 ilə eyni şəxs olması faktının tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 306.2-cı maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2.1-ci və 307.2.5-ci maddələrinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hazırki iş üzrə isə təqdim edimiş ərizədə maraqlı şəxs qeyd edilməmişdir. MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırda ərizəçilər ata adının Əliəskər olması faktının və bütün hüquq müəyyənedici sənədlərdə ata qrafasında “Alizqer”, “Ələsqər”, “Əlizir”, “Əliskər” və “Əliəskər” kimi göstərilmiş şəxsin X1 ilə eyni şəxs olması faktının müəyyən edilməsini istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarlarının 2-ci bəndinə əsasən Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Lakin, ərizəçilər tərəfindən təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə maraqlı şəxs göstərilməmiş eləcə də, hansı məqsədlə müraciət etməsi və yaxud hansı lazımi sənədin alınmasının mümkünsüzlüyünü təqdiq edən heç bir sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Beləliklə hesab edirəm ki, iddia ərizəsi MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar