Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-982/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.000 manat məbləğində pulun tutularaq, ilkin iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 36.051 manat məbləğində pulun tutularaq, ilkin iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı 22.500 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 158 manatın tutularaq, qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh əvvəlcədən 161.000 manat məbləğində ödənişi qəbul etməsinə baxmayaraq, təmir-tikinti işlərinin icrası həmin məbləğə uyğun olaraq başa çatdırılmamışdır. Eyni zamanda, tərəfindən müqavilə üzrə Cavabdeh ödənilmiş 161.000 manat məbləğində pul vəsaitindən 36.051 manat pulun ümumiyyətlə tikintiyə sərf edilmədiyi aşkar olunmuşdur. Qeyd edilən pul vəsaitinin qaytarılması yazılı bildirişlə Cavabdeh tələb edilsə də, məsələnin razılıqla həll edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, hesab edir ki, ondan alınmış və müqavilə öhdəliyi üzrə, yəni təyinatı üzrə sərf edilməyən 36.051 manat pul vəsaiti Cavabdeh xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində tərəflər arasında fərdi yaşayış evinin tikintisi ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, tərəflər arasında razılaşdırılmış məbləğ müqabilində onun tərəfindən işlərin layihə-dizayn və verilmiş göstərişlərə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əlavə işlərin icrası tələb edildiyi halda, bu işlər üçün əlavə ödənişlər edilməli idi. İşlərin başlanğıcında sifarişçi tərəfindən ilkin olaraq 20.000 manat, daha sonra 140.000 manat ödənilmişdir (cəmi 160.000 manat). Lakin işlərin başlanması üçün müvafiq infrastruktur təmin olunmadığından, işıq və su təminatı gecikmiş, bu da tikinti prosesində yubanmalara səbəb olmuşdur. Bütün çətinliklərə baxmayaraq, rəhbərliyi altında tikinti iyul ayında birinci mərtəbənin tamamlanması ilə irəliləmişdir. Lakin iyulun 21-22-si tarixlərində sifarişçi tərəfindən əsassız şəkildə tikinti işləri dayandırılmışdır. Bu vəziyyət həm tikinti prosesinə, həm də tərəflər arasındakı əməkdaşlığa mənfi təsir göstərmişdir. Tikinti prosesinə sifarişçinin sürücüsü Şamil adlı şəxs nəzarət etmiş və tapşırıqlar əsasən onun vasitəsilə çatdırılmışdır. Bu müddət ərzində sifarişçi əlavə olaraq ikinci bir mənzilin tikintisini təklif etmiş və bu iş üçün əvvəlcə 120.000 manat tələb olunmasına baxmayaraq, sonradan sifarişçi ona başqa bir tikinti işi də verəcəyini və bu işi ucuz etməsini bildirmiş və buna görə də 90.000 manata razılaşma əldə edilmişdir. Tikinti işlərinə başlamış və ikinci mənzilin bünövrəsi, habelə divarların bir hissəsi qaldırılmışdır. Lakin yenə də heç bir xəbərdarlıq edilmədən tikinti dayandırılmışdır. Avqust ayında sürücü Şamil vasitəsilə işlərin yenidən başlaması tapşırılmış və o, öz məsuliyyətini dərk edərək işləri davam etdirmişdir. Bu müddətdə cavabdeh sifarişçinin layihədən kənar əlavə işlər, o cümlədən pəncərə ölçülərinin dəyişdirilməsi, zirzəmi tikintisi kimi tapşırıqlarını da icra etmişdir. Razılaşmaya görə, sonda əlavə işlər də nəzərə alınaraq hesablaşma aparılmalı idi. Əlavə işlərin ödənişi müqavilədə nəzərdə tutulmamışdır və həmin işlər üçün podratçıya heç bir əlavə ödəniş edilməmişdir. Görülmüş bütün işlərə baxmayaraq, sifarişçi ikinci mərhələ üzrə ödənişləri gecikdirmişdir. Birinci mərtəbə bitdikdən sonra ikinci hissə ödənişlər edilməli olsa da, eyni zamanda görülmüş əlavə işlərin dəyəri də ödənilməli olsa da, qarşı tərəf onun təqdim etdiyi smetalara əsasız narazılıq bildirmişdir. Nəticədə, onları tikinti prosesindən uzaqlaşdırmışdır. Lakin həmin müddət ərzində çəkilmiş xərclər və ödənilməmiş borclar hələ də qalır. Tikinti işləri zamanı onun tərəfindən aşağıdakı xərclər qarşılanmışdır: 5 kamaz daş və armatur materialına görə, cəmi 7000 manat, zirzəminin tikintisi üçün 3500 manat və ikinci evə görə 12.000 manat. Bundan əlavə, sifarişçi tərəfindən podratçının çəkdiyi xərclərin, o cümlədən 5 kamaz daş materialın və zirzəminin tikintisi üçün sərf edilən vəsaitin ödənilməməsi Mülki Məcəllənin 313-cü maddəsinə ziddir. Həmin maddəyə əsasən, borcun yerinə yetirilməməsi hüquqi məsuliyyət yaradır və sifarişçi ödəməli olduğu borcu yerinə yetirməkdən imtina edə bilməz. Sifarişçi tərəfindən ödənilməmiş borclar və xərclər, podratçının hüquqlarının pozulmasına səbəb olmuş və o, öz hüquqlarını qorumaq məqsədilə qarşılıqlı iddia ərizəsi təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz edərək izahatında bildirdi ki, podrat müqaviləsi hər nə qədər qüsurlu tərtib edilsə də, tərəflər qəbul edir ki, aralarında müqavilə münasibətləri olmuşdur. Həmin müqaviləyə uyğun olaraq, podratçı sifarişçiyə məxsus ərazidə tikinti işləri aparmış və iddia ərizəsində qeyd edilən məbləği qəbul etmişdir. Həmin hissə işin mübahisəsiz halıdır. Sadəcə olaraq, görülmüş iş həmin vəsaitə uyğun olmamışdır. Qarşı tərəf 36.051 manat pulu tikintiyə sərf etməyib, özündə saxlamışdır. Bununla əlaqədar olaraq, qarşı tərəf qarşılıqlı iddia ərizəsi vermişdir ki, guya orada sifarişçinin tələb etdiyi vəsaitə yaxın məbləğdə, yəni 22.000 manatlıq əlavə işlər görmüşdür. Məhkəmə işi qiymətləndirilməyə göndərmiş, qiymətləndirici həmin ərazidəki bütün tikililərə dair qiymətləndirmə hesabatını tərtib etmişdir, yəni hansısa tikili qiymətləndirmə obyektindən kənarda qalmamışdır. İşin mübahisəli tərəfi yalnız qarşılıqlı iddia ilə bağlıdır ki, guya orda əlavə iş görülmüş, qiymətləndirici bununla bağlı qiymətləndirmə aparmadan rəy vermişdir. Halbuki qeyd etdiyi kimi, həmin əraziyə gələn qiymətləndirici oradakı bütün tikililər barəsində rəy vermişdir, fotoşəkillər çəkib rəyə əlavə etmişdir. Qiymətləndirici hansısa tikili barəsində rəy verməsə idi, bunu rəyində qeyd edərdi. Ona görə də, hesab edir ki, qarşılıqlı iddia tamamilə əsassızdır. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddiaya etiraz edərək izahatında bildirdi ki, bütün məhkəmə araşdırılması ilkin iddiaya münasibətdə aparılmış, qarşılıqlı iddiaya münasibətdə heç bir araşdırılma aparılmamış, bu səbəbdən ümumiyyətlə məhkəmənin araşdırılmasını qəbul etmir, onu ədalətsiz hesab edir. Vəkillik fəaliyyətinin tarixində heç vaxt protokol xatirinə dekorativ xarakterli çıxışlar etməmişdir, ona görə də işin mahiyyətinə münasibətdə ətraflı izahat verməyəcək. Artıq hər şey bəllidir, hazırkı iş üzrə izahat və çıxışlarını apellyasiya məhkəməsində əsaslandıracaqdır. Məhkəmənin qərardadında yalnız ilkin iddiaya münasibətdə suallar qoyulmuşdur. Fotolara baxdıqda görünür ki, qiymətləndirici ancaq ilkin iddia ilə bağlı fotolar əlavə etmişdir. İş materiallarında olan 160.000 manatın verilməsi barədə qəbzi qəbul etmir. Həmin qəbzin kimə məxsus olduğu bəlli deyil. Qarşılıqlı iddiaya münasibətdə isə hesab edir ki, ədalətli məhkəmə araşdırılması aparılmayan məhkəmədə ədalətli məhkəmə qərarı çıxarıla bilməz, ədalətli araşdırılmadan imtina olunubsa, ədalətli məhkəmə qərarının çıxarılmasını gözləmək absurddur, ona görə də sadəcə bunu müdafiə etməklə kifayətlənir. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil ilkin iddiaya münasibətdə heç bir fikir bildirməyəcəyini, apellyasiya məhkəməsində danışacağını bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia aşağıdakı əsaslara görə qismən təmin edilməli, qarşılıqlı iddia isə, rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli podrat müqaviləsinə əsasən, podratçı "xxxx" MMC-nin direktoru Cavabdeh sifarişçi İddiaçı məxsus Bakı şəhəri, Mehdiabad qəsəbəsi ünvanında yerləşən mənzilin əvvəlcədən təqdim edilən layihə dizayn əsasında təmir işlərini həyata keçirir. Həmin müqavilənin hesablaşma qaydası adlı 3.2-ci maddəsinə əsasən, sifarişçi podratçıya həvalə etdiyi fərdi yaşayış evinin təmiri üçün 25.000 manat pul ödəməyi öhdəsinə götürür. Sifarişçi yaşayış evinin təmiri üçün ilkin olaraq (avans), 160.000 manat, ikinci mərhələdə 80.000 manat, üçüncü mərhələdə 10.000 manat olaraq ödənişi təmin etməyi öhdəliyinə götürür. Müqavilənin 6.1-ci maddəsinə əsasən, sifarişçi xidmət haqqının ilk ödənişini etdikdən sonra podratçı 90 gün ərzində müqavilədə nəzərdə tutulan işləri yerinə yetirməyi öhdəsinə götürür. - İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış bildirişdə qeyd edilmişdir ki, onunla bağlanılmış xx.xx.2024-cü il tarixli podrat müqaviləsinə əsasən, təmir-tikinti işlərinin icrası edilmiş 161.000 manat məbləğində ödənişə uyğun olaraq başa çatdırmalıdır. Eyni zamanda, ona müqavilə üzrə ödənilmiş 161.000 manat məbləğində pul vəsaitindən 30.000 manat pulun ümumiyyətlə tikintiyə sərf edilmədiyi aşkar olunmuşdur. Qeyd edilən vəsaitin 10 gün müddətində İddiaçı qaytarılması tələb olunmuşdur. Əks təqdirdə, mübahisənin məhkəmə qaydasında həll olunacağı barədə xəbərdarlıq edilmişdir. - İş materiallarında olan əl yazısı ilə yazılmış qəbzdən görünür ki, “Mən Cavabdeh 20.000 X3. Aldıqım pulu öz imzamla Təsdiq edirəm. xx.xx.2024-----20.000 Azn Aldım. xx.xx.2024-----140.000 Azn Aldım. İmza” qeyd edilmişdir. - Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(008)-7920/2024 nömrəli qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/490 saylı rəyindən görünür ki, SMETA – miqdarı 340 m3 torpağın qazılması, 340 m2 bünövrənin katokla bərkidilməsi, 340 m2 çınqıl qatının verilməsi, 17 m3 çınqıl, 260 m2 hazırlıq qatında setka işlərinin aparılması, 260 m2 qoruyucu qatının verilməsi, 258 m3 beton, 31,2 ton armatur, 270 m2 beton işləri, 494 m2 40 sm qalınlığında hörgü işləri, 172 m2 20 sm qalınlığında hörgü işləri, 15750 ədəd mişar daşı, 34 m3 qara qum, 212 kisə sement, 200 p/m riger kalon, razılaşma ilə monolitin qurulması, 260 m2 monolit örtük, razılaşma ilə pilləkən qurulması (material ilə birlikdə), 10 m2 zirzəminin kənarlarına suvağın vurulması kimi tərtib olunmuşdur. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən tikili üzrə görülmüş işlərə sərf edilmiş materialların və işçiliyin həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. - Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(008)-982/2025 nömrəli qərardadı əsasında təqdim edilmiş "xxxx" MMC-nin ƏEM/M 11-273/15 saylı xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş sualın həlli ilə bağlı olaraq, aparılmış hesablamalara və təhlillərə əsasən, Abşeron rayonu, Mehdiabad kəndində 0,4003 ha torpaq sahəsində yarımçıq tikilinin inşasına sərf edilmiş məbləğ (işçilik və material xərci daxil olmaqla) 124.949 (yüz iyirmi dörd min doqquz yüz qırx doqquz) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, sifarişçi İddiaçı ilə podratçı "xxxx" MMC-nin direktoru qismində Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, podratçı sifarişçiyə məxsus Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin əvvəlcədən təqdim edilən layihə dizayn əsasında təmir işlərini həyata keçirməli olmuşdur. Həmin işlərin yerinə yetirilməsinə görə, sifarişçinin podratçıya ümumilikdə 160.000 manat ödəniş etməsi işin mübahisəsiz halıdır. Bu hal həm iş materiallarında olan ödəniş qəbzi ilə təsdiqini tapır, həm də Cavabdeh qarşılıqlı iddia ərizəsində işlərin başlanğıcında sifarişçi tərəfindən ilkin olaraq 20.000 manat, daha sonra 140.000 manat (cəmi 160.000 manat) ödənildiyini etiraf edir. Daha sonra aralarında yaranmış narazlıqlar sifarişçinin podratçını tikinti prosesindən uzaqlaşdırması ilə nəticələnmişdir. Sifarişçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqaviləyə əsasən podratçı Cavabdeh 161.000 manat ödənişi qəbul etməsinə baxmayaraq, təmir-tikinti işlərinin icrasının həmin məbləğə uyğun olaraq başa çatdırmadığını bildirib, ondan 30.000 manat pul tələb etmişdir. Məhkəmənin iş üzrə təyin etdiyi müstəqil qiymətləndiricinin rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad kəndində 0,4003 ha torpaq sahəsində yarımçıq tikilinin inşasına sərf edilmiş məbləğ (işçilik və material xərci daxil olmaqla) 124.949 manat təşkil edir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ilkin iddia üzrə cavabdehdən 36.051 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, müqavilədən kənar işlər gördüyünü (5 kamaz daş və armatur materialına görə, cəmi 7000 manat, zirzəminin tikintisi üçün 3500 manat və ikinci evə görə 12.000 manat), həmin işlərin dəyərini ödənilmədiyini bildirərək, ondan 22.500 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, tələbinin əsaslılığını təsdiq edən sübutlar nə qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş, nə də məhkəmə araşdırması zamanı təqdim edilmişdir. Məhkəmənin qərardadına əsasən, təyin edilmiş müstəqil qiymətləndirici də həmin ərazidə mövcud olan tikililərə baxış keçirdikdən sonra apardığı hesablamalara əsasən, orada yarımçıq tikilinin inşasına sərf edilmiş məbləğin 124.949 manat təşkil etdiyi (hələ ödənilmiş məbləğdən 35.051 manat az) barədə nəticəyə gəlmişdir. Belə olan halda, məhkəmə, bu qənaətə gəlir ki, sifarişçinin müqaviləyə əsasən ödədiyi 160.000 manat puldan tikinti işlərinə 124.949 manat sərf edildiyi nəzərə alınarsa, ilkin iddia qismən - 35.051 manat pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. İlkin iddia üzrə iddiaçı 161.000 manat pulu ilkin iddia üzrə cavabdehə verdiyini bildirsə də, 1000 manat məbləğində pulun verildiyi etiraf olunmur, həmçinin iş materialları ilə təsdiqini tapmır. Ona görə də, sübuta yetirilməməsi əsası ilə ilkin iddia həmin hissədə rədd edilməlidir. Sübuta yetirilməməsi əsası ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası da rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, ilkin iddianın qaldırılması üçün cəmi 200 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə, qanunvericiliyin tələblərini və ilkin iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 200 manat dövlət rüsumunun 195 manat hissəsi ilkin iddia üzrə cavabdehə aid edilməklə, ondan ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddianın rədd edildiyini nəzərə alaraq, hesab edir ki, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli ekspert təqdiqatının dəyəri 100 manat, xx.xx.2025-ci il tarixli mütəxəssis xərci isə 500 manat təşkil edir və həmin məbləğlər də ilkin iddia üzrə cavabdehə aid edilməli, ondan tutularaq, müvafiq olaraq aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və "xxxx" MMC-nin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 35.051 (otuz beş min əlli bir) manat məbləğində pul və 195 (yüz doxsan beş) manat dövlət rüsumunun əvəzi tutularaq, ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. İlkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci ilkin iddia üzrə Cavabdeh aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İş üzrə qiymətləndirmə rəyinin alınması üçün 500 (beş yüz) manat xidmət haqqı ilkin iddia üzrə Cavabdeh aid edilməklə, ondan tutularaq, "xxxx" MMC-nin (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir Hesab: AZ03NABZ013501**********2944, KOD: 805711; SWİFT: İBAZAZ2X) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-982/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-982/2025
17.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver