Məhkəmə qərarları › İş №e-2(009)-1002/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1002/2023

27.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1002/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “pul” tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “pul” tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 468 manat əsas və 702 manat cərimə; Cavabdeh3 495 manat əsas və 555 manat cərimə; Cavabdeh8 Məmmədhüesyn oğlundan 1710 manat əsas və 2565 manat cərimə; Cavabdeh4 1558 manat əsas və 2337 manat cərimə; Cavabdeh9 451 manat əsas və 676.50 manat cərimə; X1 561 manat əsas və 841.50 manat cərimə; Cavabdeh5 561 manat əsas və 841.50 manat cərimə; Cavabdeh6 357 manat əsas və 535.50 manat cərimə; Cavabdeh2 405 manat əsas və 607.50 manat cərimə; Cavabdeh11 451 manat əsas və 676.50 manat cərimə; Cavabdeh7 583 manat əsas və 874.50 manat cərimə borcunun, eləcə də 210 manat vəkil xərcinin və 147 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlər iddiaçının inşa etdiyi ünvan 1 ünvanında yerləşən yaşayış binasında bağlanmış müvafiq müqavilələr əsasında mənzillər əldə etmişlər (müqavilələr əlavə olunur). İddiaçı (MTK) üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli 1 saylı protokolundan Çıxarışa əsasən, ünvan 1 ünvanında MTK-ya məxsus yaşayış və qeyri-yaşayış sahələrinin daxil olduğu yaşayış kompleksinin saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədi ilə aylıq kommunal xərclərinin hər 1 kv.m düşən dəyəri 0,40 manat qərara alınmışdır (əlavə olunur). İddiaçı ilə cavabdehlər: Cavabdeh4; Cavabdeh9; Cavabdeh6 ilə kommunal xidmətlərin göstərilməsinə dair müvafiq müqavilələr bağlanmış və həmin müqavilələrin 2.1-ci bəndi ilə ödəniləcək kommunal xidmətlərin dəyəri hər 1 kv.m üçün 0.40 manat müəyyən edilmişdir (müqavilələr əlavə olunur).İddiaçı digər cavabdehlərə: Cavabdeh1; Cavabdeh3; Cavabdeh8 Məmmədhüesyn oğlu; Cavabdeh7; X2; Cavabdeh5; Cavabdeh2; Cavabdeh11 müvafiq bildirişlər göndərməklə kommunal xidmətlərin göstərilməsinə dair müqavilə bağlamağı təklif etsə də, həmin cavabdehlər bundan imtina etmişlər. Buna baxmayaraq, müqavilə bağlamağı imtina edən həmin cavabdehlər ayrı-ayrı vaxtlarda kommunal xidmətlərdən istifadəyə görə MTK-ya qismən ödəniş etməklə iradə ifadələrini etmişlər. İddiaçı tərəfindən kommunal xidmətlərin göstərilməsinə baxmayaraq cavabdelər tərəfindən kommunal xərclər tam ödənilməmiş və müvafiq maliyyə arayışlarına (əlavə olunur) əsasən cavabdehlərin borcları aşağıdakı kimi təşkil edir: cavabdeh 1: Cavabdeh1 - 468 manat; cavabdeh 2: Cavabdeh3 - 370 manat; cavabdeh 3: Cavabdeh8 Məmmədhüesyn oğlu -1710 manat; cavabdeh 4: Cavabdeh4 - 1558 manat; cavabdeh 5: Cavabdeh9 - 451 manat; cavabdeh 6: X2 - 561 manat; cavabdeh 7: Cavabdeh5 - 561 manat; cavabdeh 8: Cavabdeh6 - 357 manat; cavabdeh 9: Cavabdeh2 - 405 manat; cavabdeh 10: Cavabdeh11 - 451 manat; cavabdeh 11: Cavabdeh7 - 583 manat. İddiaçı tərəfindən cavabdehlərə kommunal borcların ödənilməsi tələbi üə bağlı bildiriş göndərilmiş (əlavə olunur), lakin təəsüflər olsun ki, bundan sonra da borcların ödənilməsi təmin edilməmişdir. Kommunal xidmətlərə görə yığılan əsas borcdan əlavə Azərbaycan Respublikası İXM 393-1.4. maddəsinə əsasən ödənilməli olan ödənişlərin məbləğinin yüz əlli faizinədək məbləğdə müvafiq cərimələr də cavabdehlərdən tutularaq iddiaçmm xeyrinə ödənilməlidir. Bundan əlavə, iddiaçı məhkəmədə mülki hüquqların müdafiə edilməsi və pozulmuş hüququnu bərpa etmək üçün vəkilin göstərdiyi yardıma görə 210 (iki yüz on) manat xərc çəkmişdir (əlavə olunur) və hesab edirik ki, qeyd edilən xərcin və eləcədə ödənilmiş 147 manat dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada tutulmalıdır. xx.xx.2023-cü il tarixdə İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək Cavabdeh8 Məmmədhüesyn oğlu və Cavabdeh6 ilə aralarındakı mübahisə məhkəmədən kənar həll olunduğu üçün onlara aid hissədə iddiadan imtina etmişdir. Səbail rayon Məhkəməsinin e-2(009)-1002/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərardadı ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh8 və Cavabdeh6 qarşı “pul” tutulması tələbinə dair hissəsində iş üzrə icraata xitam verilsin. Cavabdeh2 iddia ərizəsinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 evral tarixli 86 nömrəli qərarına əsasən qeyd edilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması qərara alınmışdır. Bu qərara əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən qəzalı vəziyyətdə yerləşən bina sökülərək onun yerində Mənzil Tikinti Koopertivi (MTK) tərəfindən çoxmənzilli yaşayış binası inşa edilmiş və 2019-cu ildə istismara verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 5-ci bölməsi Mənzil- Tikinti Koperativlərinin təşkili və fəaliyyətini tənzimləyir. Belə ki, həmin məcəllənin 109.1-ci bəndinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən isə Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən MTK binanın tikintisini həyata keçirdikdən sonra binada olan yaşayış və qeyri-yaşayış sahələrini yalnız müəyyən dövr ərzində idarə edilməsini həyata keçirilməli, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edərək onun dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirlər görülməli idi. Binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ xeyli müddət əvvəl mənzil-tikinti kooperativinin üzvlərinə keçməsinə baxmayaraq MTK mənzil qanuvericiliyinin tələblərini kobud şəkildə pozaraq özünü ləğv etməmiş və MMC-yə çevrilməmişdir. Hətta barəsində, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimənin tətbiq edilmə riski belə MTK-nı mənzil qanunvericiliyinin tələblərinə riayət etməsinə məcbur edə bilməmişdir. Bunun isə bir izahı var ki, o da MTK-nm maddi marağıdır. Belə ki, yaşayış binasında 208 mənzil və 8 qeyri yaşayış sahəsi mövcuddur ki, həmin sahələrdən yığılan, MTK-nın “kommunal pulu” adlandırdığı, mənzil qanunvericiliyində isə yaşayış sahəsinə görə haqq (çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq) adlanan yığımlardan MTK-ya xeyli miqdarda pul vəsaiti daxil olur. Bu pul vəsaiti sakinlərdən köçürmə yolu ilə deyil nağd şəkildə yığıldığından həmin məbləğin düzgün uçotu aparılmır, yığılmış vəsaitin təyinatı üzrə istifadə edilməsi barədə sakinlərə hər hansı məlumat verilmir. Bu isə onu düşünməyə əsas verir ki, bu vəsaitlər təyinatı üzrə istifadə edilmir. İddiaçı iddia ərizəsində iddianın predmeti olaraq kommunal xidmətlərə görə yaranmış əsas borc və cərimənin tutulması tələbini qeyd edildiyindən hesab edir ki, MTKya kommunal xidmətlərə görə haqla yaşayış sahəsinə görə haqqın arasında olan fərqi izah etmək zərurəti vardır. Mənzil məcəlləsinin 136.4-cü maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Mənzil mülkiyyətçilərinə bu xidmətlər mənzil mülkiyyətçisi ilə müvafiq təhcizatçılar arasında bağlanmış müvafiq müqavilələr əsasında həmin təhcizatçılar tərəfindən göstərilir və həmin xidmətlərin ödənilməsində hər hansı bir problem yoxdur. Yaşayış sahəsinə görə haqq isə çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqdır. Mənzil Məcəlləsinin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. İddiaçının verdiyi iddia ərizəsində istinad edilən MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli 1 saylı protokolu ilə müəyyən edilən (əgər belə bir protokol varsa) 0.40 manat məbləğində haqq müəyyən əsaslara söykənməlidir. Bunun üçün binanın saxlanılması üçün zəruri olan ümumi məbləğ əsalandırılmış şəkildə hesablanmalı və binada olan yaşayış və qeyri yaşayış sahələrinin həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib şəkildə, həqiqətən zəruri olan həcmdə müəyyən edilməlidir. MTK-nm yaşadığı və sakinlərə yaşatdığı reallıqda isə bu haqqların məbləği heç nə ilə əsaslandırılmır və bu məbləğin binanın ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmətlərə sərf edilməsi hər hansı bir formada təsbit edilmir. Yığılmış bu haqqın müqabilində isə MTK sahə mülkiyyətçilərinə faktiki olaraq heç bir xidmət göstərmir, binanın cari və əsaslı təmiri üzrə hər hansı fəaliyyət həyata keçirmir və binaya sadəcə gəlir mənbəyi kimi yanaşır. Mənzil Məcəlləsinin 142.13-cü maddəsinə əsasən idarəedici təşkilat hər il cari ilin birinci rübü ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinə ötən il üzrə binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi haqqında hesabat təqdim etməli olduğu halda MTK sakinlərin çoxsaylı şifahi və yazılı müraciətlərinə baxmayaraq həmin hesabatları mənzil mülkiyyətçilərinə təqdim etməkdən müxtəlif bəhanələrlə yayınır. Ən vacib və həlledici məqam isə mənzil mülkiyyətçilərinin böyük bir hissəsi ilə MTK arasında binanın ümumi əmlakının saxlanması üzrə xərclərin ödənilməsi ilə bağlı müvafiq xidmət müqaviləsinin olmamasıdır. İddiaçı iddia ərizəsində müqavilənin bağlanmamasının səbəbi olaraq mülkiyyətçilərin imtinasını göstərsə də bu həqiqəti əks etdirmir. MTK müvafiq müqavilənin imzalanması ilə bağlı hər hansı təklif etməmiş, bununla bağlı hər hansı bildiriş təqdim etməmişdir. Mənzil Məcəlləsinin 136.3-cü maddəsinin tələblərinə görə yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Mənzil Məcəlləsinin 140.2-ci maddəsinə əsasən çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir. Mənzil qanunvericiliyinin bu normasından göründüyü kimi, əvvəlki mülkiyyətçi ilə bağlanmış müqavilələrə əsasən yalnız binanın əsaslı təmiri ilə bağlı xərclərin ödənilməsi öhdəliyi yeni mülkiyyətçiyə keçir. Bu ödənişin də yeni mülkiyyətçidən tələb edilməsi binanın əsaslı təmirini təsdiq edən müvafiq sənədlərin əsasında edilə bilər. Bütün digər hallarda idarəedici təşkilatla yeni mülkiyyətçi arasında müvafiq müqavilələr bağlanılmalıdır ki, bu da MTK tərəfindən təmin edilməmişdir. Cavabdehlərin ayrı-ayrı vaxtlarda MTK-ya ödənişlər etməsi isə mülkiyyətçinin üzərinə müqavilə ilə qoyulmalı olan öhdəliyin qoyulmasına əsas vermir, bu fakt onlar tərəfindən hər-hansı bir öhdəliyin tanınması anlamına gələ bilməz və bu ödənişlər mülkiyyətçilər üçün hər-hansı hüquq və vəzifələr yaratmır. Qeyd edilənlərdən əsasən İddiaçı MTK-nin iddia tələbi əsassızdır, MTKnm qeyd edilən məbləği sakinlərdən tələb etməsinin aşağıdakı səbəblərə görə nə hüquqi nə də mənəvi əsası yoxdur: onunla MTK arasında binanın ümumi əmlakının saxlanması üzrə xərclərin ödənilməsi ilə bağlı müvafiq xidmət müqaviləsi bağlanmamışdır. Mənzil qanunvericiliyin tələblərinə əsasən MTK çoxdan ləğv edilməli idi. MTK-nın hazırki fəaliyyəti qanunsuz və əsassızdır. İddiaçının istinad etdiyi MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli 1 saylı protokolu əgər varsa belə orada müəyyən edilən haqq hərhənsı bir formada əsaslandırılmamışdır. MTK yığılan vəsaitdən çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə faktiki olaraq heç bir iş görmür. Sahə mülkiyyətçiləri bu illər ərzində MTK-dan hesabat ala bilməmişdir. İddia ərizəsində qeyd edilmiş cərimənin tutulması tələbinə gəldikdə isə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanının 5.39-1-ci bəndinə əsasən həmin Məcəllənin 393-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxırlar. Bu tələb MTKnm mənzil mülkiyyətçilərinə qarşı olan iddia ərizəsinin predmeti ola bilməz. MTK-nın çoxmənzilli yaşayış binasının idarə edilməsi ilə bağlı lazımi bacarıq, keyfiyyət və təcrübəyə malik olmaması, eləcə də MTK-nın binanın problemlərinə biganəliyi, sakinlərin iradlarına laqeyid yanaşılması, sakinlərlə kobud rəftar edilməsi, fəaliyyətinin şəffaflığının olmaması və bu kimi digər neqativ hallar bir mülkiyyətçi olaraq onların hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdehlər arasında müvafiq olaraq müqavilələr imzalanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı tərəfindən ünvan 2 ünvanında inşa edilən yaşayış binalarından mənzillər alınmışdır. MTK-nın qərarı ilə kommunal xərclərə görə (əmlakın saxlanması və idarə edilməsi ilə bağlı) 1 kv.m üçün dəyəri 40 qəpik müəyyən edilmişdir. Cavabdehlərdən Cavabdeh4, Cavabdeh9 və Cavabdeh6 ilə müqavilələr imzalanmışdır. Digər cavabdehlər müqaviləni imzalamaqdan imtina etmişlər. Buna baxmayaraq müəyyən tarixlərdə kommunal xərclərin ödənişlərini həyata keçirmişlər. Bununla bağlı maliyyə arayışı tərtib edilib, orada hansı tarixlərdə ödənişlərin edilməsi öz əksini tapmışdır. Hesab edir ki, cavabdehlər kommunal xərclərə görə yığılmış borcu ödəməlidilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, düzdür, 16 ay ödəniş etmişdir, sadəcə sonradan bunun doğru olmadığını anlamışdır. Heç bir müqavilə bağlamamış, hətta müqavilə bağlanması ona təklif edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada digər cavabdehlərə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 12 mart 2021-ci il tarixli X3 ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 3-5 ünvanında yerləşən binanın 181 nömrəli mənzili, yeni qaydalarla ünvan 4 ünvanında yerləşən mənzili almışdır. İş materiallarında olan 24 iyul 2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 3-5 ünvanında yerləşən binanın 15-ci mərtəbədə, 67.7 kv., 1 otaqlı 185 nömrəli mənzili almışdır. İş materiallarında olan 15 noyabr 2017-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 3-5 ünvanında yerləşən binanın “B” girişi, 10-cu mərtəbədə, 117.1 kv., 3 otaqlı 146 nömrəli mənzili almışdır. İş materiallarında olan 18 may 2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 3-5 ünvanında yerləşən binanın 13-cü mərtəbədə, 110.5 kv., 3 otaqlı 169 nömrəli mənzili almışdır. İş materiallarında olan 01 oktyabr 2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqavilənin 2.1-ci bəndinə əsasən ona göstərilmiş kommunal xidmətlərin müqabilində hər kvadrat üçün 0.40 AZN olmaqla 44 manat xidmət haqqı ödəyir. İş materiallarında olan 07 sentyabr 2017-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh5 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 3-5 ünvanında yerləşən binanın “A” girişi, 14-cü mərtəbədə, 3 otaqlı 67 nömrəli mənzili almışdır. İş materiallarında olan 06 dekabr 2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh7 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 3-5 ünvanında yerləşən binanın 13-cü mərtəbədə, 138.8 kv., 3 otaqlı 66 nömrəli mənzili almışdır. İş materiallarında olan 13 mart 2018-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh9 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 3-5 ünvanında yerləşən binanın “B” girişi, 5-ci mərtəbədə, 110.5 kv., 3 otaqlı 113 nömrəli mənzili almışdır. İş materiallarında olan 01 oktyabr 2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh9 arasında bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqavilənin 2.1-ci bəndinə əsasən ona göstərilmiş kommunal xidmətlərin müqabilində hər kvadrat üçün 0.40 AZN olmaqla 44 manat xidmət haqqı ödəyir. İş materiallarında olan 07 sentyabr 2017-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh10 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 3-5 ünvanında yerləşən binanın “A” girişi, 13-cü mərtəbədə, 3 otaqlı 61 nömrəli mənzili almışdır. İş materiallarında olan 07 sentyabr 2020-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh11 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 3-5 ünvanında yerləşən binanın 14-cü mərtəbədə, 110.5 kv., 3 otaqlı 176 nömrəli mənzili almışdır. Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). Mənzil Məcəlləsinin 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə görə “Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil- tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1 -ci maddəsinə görə, “Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul edilmiş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Həmin Məcəllənin 124-cü maddəsinə görə “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır”. Həmin Məcəllənin 125.2-ci və 125.2.4-cü maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aid olan məsələdir. Həmin Məcəllənin 144.1 -ci maddəsinə əsasən, “Çoxmənzilli bina həmin binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə binanın ümumi əmlakının saxlanması üzrə xidmətlərin göstərilməsi və (və ya) təmiri üzrə işlərin yerinə yetirilməsi haqqında müqavilələri (bu Məcəllənin 141-1.1ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) binanın sahə mülkiyyətçiləri onların ümumi yığıncağının qərarı əsasında bağlayırlar”. Həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz, elektrik, su və s.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Qeyd edilən mallar “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Bu səlahiyyət Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 saylı Fərmanı ilə təsdiq olunan Tarif Şurası haqqında Əsasnamədə öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin Siyahısı" təsdiq olunmuşdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti təbii inhisar subyektidir. Həmin Qanunun 11.1.4-cü maddəsində isə Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətləri (tarifləri) dəyişdirən subyektlərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1, 38.2, 140.1-ci maddələri). Azərbaycan Respublikası Mənzil Məcələlsinin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi İddiaçı MTK mənzil mülkiyyətçilərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyətinə malik deyil. Həmin səlahiyyət mənzil mülkiyyətçilərinin müstəsna səlahiyyətidir və bu səbəbdən mütləq ödənişlərin və haqların miqdarı yalnız onların (mənzil mülkiyyətçilərinin) ümumi yığıncağının qərarı ilə qəbul edilə və dəyişdirilə bilər. Yuxarıda qeyd olunduğu kimi Mənzil Məcəlləsinin tələblərinə əsasən çoxmənzilli yaşayış binasında yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək məhz onların səlahiyyətlərinə aid olan məsələdir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə nəticə olaraq qeyd edir ki, iddiaçının subyektiv hüquqa malik olan şəxs kimi hazırkı iddia tələbini irəli sürməsi ilə bağlı hüquq ixtiyara malik deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar