Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1010/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehlərin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Şıxov-11” hərbi şəhərciyinin ərazisində qanunsuz və özbaşına olaraq inşa edilmiş 60 kv.metr tikilinin sökülməsi və zəbt edilmiş torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən AR Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin balansında olan “Şıxov 11 saylı” hərbi şəhərciyi ərazisində yerləşən 60 kv.metrsahəni özbaşına olaraq zəbt edərək, bu sahədə heç bir icazə olmadan iki mərtəbəli yaşayış binası inşa edilmişdir. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilərək onlardan hərbi şəhərciyin ərazisində özbaşına olaraq inşa etdikləri yaşayış sahəsinin sökülməsi və hərbi şəhərciyin ərazisindən zəbt olunmuş 60 kv.metr sahənin boşaldılması tələb edilsə də, onlar bu tələblərə əhəmiyyət verməmişlər. Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə həmin tikililərin sökülməsi üçün müraciət olunmuş və İcra hakimiyyətinin cavab məktubunda sözügedən ünvanda yerləşən evlərin bir neçə il əvvəl tikildiyi qeyd olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi-vəkili iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.3.-cü maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir Məhkəmə qeyd edir ki, qanunvericilik normalarının tələbinə görə daşınmaz əmlakla bağlı hər hansı hüququn tanınmasını tələb etmək üçün, həmçinin mülkiyyətdə və ya qanuni istifadədə olan əmlakla bağlı kənar-qanunazidd hesab edilən müdaxilənin qarşısının alınmasını tələb etmək üçün ilk növbədə həmin əmlaka maddi hüquq normalarının tələblərinə müvafiq, müqavilə əsasına və ya qanuni əsasa söykənən hüquq yaranmalıdır. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 18 sentyabr 2023cü il tarixli rəyində qeyd edilmişdir ki, “Şıxov 11” saylı hərbi şəhərciyin Planında döngə nöqtələri arasındakı məsafə və koordinatlar qeyd olunmadığından baxış zamanı təqdim edilmiş iki mərtəbə səviyyəsində (1-ci mərtəbə eyvan və mətbəx, 2-ci mərtəbə anbar) tikilinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Müdafiə Nazirlyi Hərbi Dəniz Qüvvələrinin balansında olan “Şıxov 11” saylı hərbi şəhərciyinin ərazisi daxilində yerləşibyerləşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Hazırkı işdən isə görünür ki, iddiaçının mübahisələndirdiyi sökülməsini iddia etdiyi tikilinin yerləşdiyi əraziyə aidiyyətini təsdiq edən hər hansı sübut yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki, məhkəmə xərcinə aid edilən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat məsrəfdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1010/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1010/2023
25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver