Məhkəmə qərarları › İş №e-2(009)-1019/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1019/2023

20.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1019/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinə qarşı “ödənilmiş təhsil haqqının geri qaytarılması”tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-2022-ci tədris illəri üzrə məcburi köçkün olmasına baxmayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin hesablama, illik təhsil haqqı olaraq hər il üçün 1500 (bir min beş yüz) manat olmaqla ümumilikdə 6000 (altı min) manat məbləğində ödədiyi təhsil haqqı məbləğinin ona geri qaytarılmasının cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı 2018/2019-cu tədris ili zamanı DİM-in keçirdiyi ali təhsil müəssisələrinə qəbul imtahanında uğurlu nəticə toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində, Fizika və Texnologiya fakültəsinin Fizika müəllimliyi ixtisası üzrə ödənişli əsaslarla təhsil almaq hüququ qazanmışdır. Dövlət Attestasiya Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə ona Fizika müəllimliyi ixtisası üzrə xx.xx.2023-cü il tarixli 2328/22 qeydiyyat nömrəli C № 150903 saylı Bakalavr Diplomu verilmişdir. 2018/2019-cu tədris ili dövründən məzun olduğu zamana qədər Azərbaycan Dövlət Pedaqoji Universitetin hesabına illik təhsil haqqı olaraq hər il üçün 1500 (bir min beş yüz) manat olmaqla ümumilikdə 6000 (altı min manat) manat məbləğində təhsil haqqı ödəmişdir. Hətta son təhsil yarım ili üçün çəkdiyi maddi sıxıntılara görə maliyyə vəsaiti buna yetmədiyindən tələbə krediti belə götürmüşdür. O, 31 avqust 2001-ci il tarixdə Xaçmaz rayonunda məcburi köçkün ailəsində anadan olmuşdur. Qubadlı rayonu Başarat kədində pasport qeydiyyatındadır və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-342/2022 nömrəli 10 fevral 2022-ci il tarixli qərarı ilə doğulduğu andan “məcburi köçkün” statusu təsdiq edilmiş və onu təsdiq edən xx.xx.2022-ci il tarixli məcburi köçkün vəsiqəsi ona verilmişdir. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali məktəbdə oxuduğu zaman təhsil haqqı ödəməkdən azad olunmağı barədə imtiyaza sahib olmasına baxmayaraq, inzibati orqanların məsuliyyətsizliyi nəticəsində məcburi köçkün vəsiqəsini çox gec ala bildiyi üçün Ali məktəbə təhsil haqqını tamamilə ödəmək məcburiyyətində qalmışdır. 1991-1993-cü illərdən sonra status verilmiş hər məcburi köçkün kimi o da doğulduğu andan bu statusu əldə etmiş lakin, imtiyazlardan faydalana bilməmişdir. Nəticədə onun əsas və bölünməz hüquqlarından olan konstitusyon hüquqları pozulmuş və ona dövlət qayğısından kənarda tutularaq maddi ziyan dəymişdir. Onun pulsuz təhsil haqqı ala biləcək hüququ varsa kənarda tutularaq maddi ziyan dəymişdir. Onun pulsuz təhsil haqqı ala biləcək hüququ varsa bu hüququndan istifadə edə bilməmiş və təhsil ala bilməyi üçün maddi külfətə qatlanmaq məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirir ki, onun təhsil haqqı Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşı kimi təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Və onun tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin hesabına ödənilmiş 6000 (altı min manat) manat məbləğində təhsil haqqı ona geri qaytarılmalıdır. Yuxarıda qeyd edilən məsələ ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya ilə müraciət etmişlər və nəticədə cavabdeh xx.xx.2023-cü il tarixli 07- 10/126 saylı cavab məktubu ilə qeyd etmişdir ki, ödədiyi təhsil haqqının geri qaytarılması imkan xaricindədir və heç bir hüquqi əsası yoxdur. Odur ki, 6000 min manat məbləğin ona məxsus qoşma hissədə əlavə edilmiş ödəniş tapşırığı (hesab rekvizitləri) üzrə hesabına köçürülməsinə və bunu sübuta yetirən qaimələrin ona göndərilməsini cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına zərurət yaranmışdır. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2022-ci il tarixli 302 nömrəli “Azərbaycan Dövlət Pedaqoji Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərarı ilə universitet Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevrilmişdir. Hal-hazırda təhsil müəssisəsi özü öz gəliri ilə formalaşdığından onun tərəfindən ödənilmiş pulların geri qaytarılması da məhz cavabdehin öhdəliyidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndəsi X9 iddianın əsassız olduğunu bildirərək məhkəməyə etirazının təqdim edərək qeyd etdi ki, ADPU-dan məzun olduqdan sonra 05 oktyabr 2022ci il tarixdə Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı “məcburi köçkün” statusu verilmişdir. İddiaçı ərizəsində məcburi köçkün statusunun ona vaxtında verilməməsini dilə gətirir.” Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı ilə tənzimlənir. Ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Pedaqoji Universitet olaraq hər tədris ilində qəbul olunmuş məcburu köçkün statusu olan tələbələrin siyahısını Elm və Təhsil Nazirliyinə təqdim etməklə onların dövlət büdcəsinin vəsaiti hesabına təhsil almaları təmin olunmuşdur. İddiaçıya -hansı təşkilat zərər vurubsa (Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) cavabdeh olmalıdır. Bu səbəbdən iddia ərizəsinə etiraz edir, təhsil haqqı olaraq ödənilmiş vəsatin qaytarılmasına hüquqi əsas olmadığını bildirir və iddia ərizəsinin dövlətə yönləndirilməsini bildirirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, işdə olan sənədləri və sübutları tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə İddiaçı arasında bağlanmış xx.xx.2018ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbənin fizika müəllimliyi ixtisası üzrə ödənişi əsaslarla ali təhsilli mütəxəssis kimi hazırlanmasını, tələbə isə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Dövlət Pedaqoji Universitetindən baş mühasib tərəfindən təsdiq edilən və təqdim edilmiş arayışdan görünür ki, İddiaçı tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinə 2018-2022-ci illər üçün ümumilikdə 6000 manat təhsil haqqı ödənilmişdir. - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bakalavr diplomunun surətindən görünür ki, 14 iyul 2022-ci il tarixli qərarı ilə İddiaçı Fiziki müəllimliyi bakalavr ali peşə ixtisas dərəcəsi verilmişdir. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Qubadlı rayonu, Başarat kəndində qeydiyyatdadır. - xx.xx.2023-cü il tarixli, 07-10/126 nömrəli Azərbaycan Dövlət Pedaqoju Universiteti tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə əlaqədar ona ünvanlanmış cavab məktubdan görünür ki, o, ADPU-nun Fiziki fakultəsinin “Fizika müəllimliyi” ixtisasına 2018/2019-cu tədris ilində ödənişli əsaslarla qəbul olunub, 2021/2022-ci tədris ilində həmin fakultənin “Fizika müəlliyi” ixtisası üzrə bitirmişdir. Təhsil aldığı müddət ərzində ADPU-ya “məcburi köçkün” statusu haqqında sənəd təqdim etməmşdir. Məzun olduqdan sonra 05 oktyabr 2022-ci il tarixdə Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən ona “məcburi köçkün” statusu verilmişdir. Təhsil aldığı müddət ərzində təhsil haqqı olaraq ödədiyi vəsaitin qaytarılması imkan xaricindədir və buna hüquqi əsas yoxdur. Təqdim etdiyi məhkəmə qərarı ADPU üçün hər hansı öhdəlik yaratmır. - xx.xx.2001-ci il tarixli təhsil tələbə krediti götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsindən görünür ki, «Kapital ASC» ilə İddiaçı arasında təhsil tələbə krediti götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi bağlanmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7465/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərarından görünür ki, iddia təmin edilərək, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-342/2022 nömrəli 10 fevral 2022-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərar dəyişdirilmədən saxlanılmışdır. - AA seriyalı 476649 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən vəsiqə məcburi köçkün vəsiqəsi Qubadlı rayonundan olan İddiaçı verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı X8 xx.xx.2018-ci il tarixli məktubuna əsasən ADPU-nun Fizika fakültəsinə Fizika müəllimliyi” ixtisasına 2018/2019cu tədris ilində ödənişli əsaslarla qəbul olunmuş, 2021/2022-ci tədris ilində ADPU-nun Fizika fakültəsini - fizika müəllimliyi” ixtisası üzrə bitirmişdir. İddiaçı 2018/2022-ci illər üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetin hesabına illik təhsil haqqı olaraq hər il üçün 1500 (bir min beş yüz) manat olmaqla ümumilikdə 6000 (altı min manat) manat məbləğində təhsil haqqı ödəmişdir. Həmçinin işin materiallarından görünür ki, 2019-cu ildə iddiaçının anası X2 ərizə ilə müraciət edərək, 2001-ci il 31 avqust təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Qaşqınların və X7 üzrə Dövlət Komitəsi 2019-cu il 29 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş, bundan sonra iddiaçının anası xx.xx.2001-ci il təvəllüdlü qızı İddiaçı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-661/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-612/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-661/2019 saylı,xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-618/2020 saylı, 03 mart 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli, 2-1(105)-612/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2-1(105)- 339/2020 saylı qərardadı ilə X2 əsl İddiaçı ilə əvəz edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 661/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1332/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-247/2021 saylı, 19 aprel 2021ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1332/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati mübahisə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7465/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-342/2022 nömrəli 10 fevral 2022-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə məhkəmə belə qənaətə gəmişdir ki, cavabdeh Komitənin imtinasının əsası kimi istinad etdiyi “Qaydalar”ın qeyd olunan 4.1.6-cı bəndi 16 noyabr 2020-ci il tarixində cavabdeh Komitənin qərarı ilə əlavə edilmiş və 1 dekabr 2020-ci il tarixində reyestrə daxil edilmişdir. Göründüyü kimi, iddiaçı (xx.xx.2001-ci il təvəllüdlü) məcburi köçkün statusunu almaq üçün qanunvericiliklə müəyyən edilən 16 yaş həddinə çatdığı anda, “Qaydalar”ın qeyd olunan bəndi qüvvədə olmamışdır. Sonradan (2020-ci ildə) qəbul edilən həmin norma isə iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Konstitusiyanın bərabərlik hüququna təminat verən 25-ci maddəsinin tələbləri baxımından imtina əsassız olmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, məhkəmənin qərarı icra edilmiş və Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Qubadlı rayonundan olan İddiaçı məcburi köçkün vəsiqəsi verilmişdir. Beləliklə də, İddiaçı hazırda məcburi köçkün statusuna malik olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı məcburi köçkün vəsiqəsini aldıqdan sonra ADPU-ya 2023-cü ilin fevral ayında pretenziya məktubu ilə müraciət edərək təhsil haqqı olaraq ödədiyi vəsaitin qaytarılmasını tələb etmiş, cavabdeh imtina məktubunda iddiaçının təhsil aldığı müddət ərzində ADPU-ya “məcburi köçkün” statusu haqqında sənəd təqdim etməməsini, məzun olduqdan sonra 05 oktyabr 2022-ci il tarixdə Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən ona “məcburi köçkün” statusu verilməsinə istinad edərək 3 fərqli əsas göstərmişdir: onun təhsil aldığı müddət ərzində təhsil haqqı olaraq ödədiyi vəsaitin qaytarılması imkan xaricindədir, buna hüquqi əsas yoxur və təqdim edilmiş məhkəmə qərarı ADPU üçün hər hansı öhdəlik yaratmır. Məhkəmə, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş və hüquqi qiymət verilmiş bəzi məqamlara istinad etməklə qeyd edir ki, iddiaçı təhsil aldığı müddətdə inzibati orqan tərəfindən ona məcburi köçkün statusu verilməməsi ilə bağlı məhkəmə çəkişmələri davam edirdi və bu çəkişmələr o, məzun olduqdan sonra başa çatmışdır ki, məhkəmənin qanuni qüvvəsini almış qərarı icraya yönəldikdən və o, məcburi köçkün statusu və vəsiqəsi əldə etdikdən sonra cavabdehə müraciət edərək təhsil müddəti ərzində təhsil haqqı ödəməli olmamasını bildirməklə ödədiyi haqların geri qaytarılmasını tələb etmişdir. İddiaçı bu tələbində haqlı olduğu halda, cavabdehin bundan imtina etməsi qanuna uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: “ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011- ci il tarixli 1722 nömrəli Sərəncamı ilə 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 32.3.1-ci maddəsinə əsasən qanunvercilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisələrinə qəbul olmaq təhsil alanların hüquqlarından biridir. Məhkəmə, cavabdeh tərəfin iddiaçıya-hansı təşkilat zərər vurubsa (Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) cavabdeh olmalı olmasına dair dəlili ilə bağlı qeyd edir ki, sözügedən Komitənin məcburi köçkün vəsiqəsini qanunla müəyyən edilmiş vaxt ərzində verməməsi işin mübahisəsiz halı olsa da, işin materiallarından görünür ki, Komitə bu hərəkətinin qanuni əsaslarını məhkəmə qaydasında iddiaya etiraz formasında mübahisələndirmişdir. Başqa sözlə, Komitə hüquq müstəvisində imtinasının əsaslarının qanuni olmasını sübut etməyə çalışmışır. Buna görə də, nəticə etibarilə Komitənin üzərinə iddiaçıya məcburi köçkün statusu və vəsiqəsi verilməsi vəzifəsi qoyulsa da, bu hal onun tərəfindən iddiaçıya zərər vurulması kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı ADPU-nun Fiziki fakultəsinin “Fizika müəllimliyi” ixtisasına 2018/2019-cu tədris ilində ödənişli əsaslarla qəbul olunmaqla, 2021/2022-ci tədris ilində həmin fakultənin “Fizika müəlliyi” ixtisası üzrə bitirməsinə və təhsil aldığı müddət ərzində ADPU-ya “məcburi köçkün” statusu haqqında sənəd təqdim etməməsinə baxmayaraq, məzun olduqdan sonra ona məhkəmə qərarı əsasında Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli qərara əsasən “məcburi köçkün” statusu verilsə də, eləcə də bu məhkəmə qərarları ADPU üçün hər hansı öhdəlik yaratmasa da, onun məzmununda göstərilən hallar, başqa sözlə iddiaçının “məcburi köçkün” statusu əldə etməklə müəyyən güzəştlərə də malik olması nəzərə alınmaqla təhsil aldığı müddət ərzində haqq ödəməli olmadığı halda ödədiyi vəsait cavabdeh ADPU tərəfindən qaytarılmalı idi. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh faktiki olaraq əsassız ödənilmiş təhsil haqlarını geri qaytarmaqdan imtina etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Qeyd olunanlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetindən İddiaçı xeyrinə illik təhsil haqqı olaraq hər il üçün 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat məbləğində pul tutularaq iddiaçıya geri qaytarılmalı, hesablanmış 80 (səksən) manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetindən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetindən İddiaçı xeyrinə illik təhsil haqqı olaraq hər il üçün 1500 (bir min beş yüz ) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat məbləğində pul tutularaq iddiaçıya geri qaytarılsın. 80 (səksən) manat məbləğində hesablanmış dövlət rüsumu cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetindən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar